ZAMANA QALİB GƏLƏN
SÖZÜN SAHİBİ
Həmişə
təzə yazını yazmağa başlayanda həyəcanlanıram,
ürək narahatlıqla sinəmdə
çırpınır. İndi də belədir. Heç
bilmirəm nədən, hardan başlayım.
...Yadımdadır,
dünyanın gözəl çağlarıydı, kəndimizdə
bir kitab mağazası vardı, uşaqlıqdan o mağazaya
gedib təzə kitablarla maraqlanır, evdən mənə
verilən pula nə qədər kitab düşürdüsə,
alırdım. Bir dəfə yaşıl rəngli bir şeir
kitabı diqqətimi çəkdi, kitabı alıb evə gətirdim.
Cəmi on bir yaşım vardı. Rəhmətlik anam
kitabı görüb əlimdən aldı, bir xeyli vərəqləyəndən
sonra dedi ki, ay bala, axı bu şeirlər sənin
yaşına uyğun deyil, sənin bunları başa
düşməyin hələ tezdir. Bu kitab Sabir Rüstəmxanlının
"Qan yaddaşı" kitabıydı.
On
bir yaşlı uşağı yaşından xeyli irəli
atan o şeirlər ana südü kimi dadlıydı!.. O
şeirlərdə qəribə bir maqnit qüvvəsi
vardı; gecə yatanda da sehrindən, cazibəsindən qurtula
bilmirdim.
Aradan cəmi ikicə il keçdi.
Azərbaycanın başının üstünü qara buludlar aldı, Topxananın harayı bütün milləti yerindən oynatdı.
O vaxt mən də yaşımın çox azlığına
baxmayaraq kənd adamlarına qoşulub şəhərə- Azadlıq
meydanına gəldim.
Və... "Qan yaddaşı"nı yazan şairi tribunada gördüm!
Vəssalam! Daha ayağım meydanlardan
çəkilmədi. Günlərlə meydanda yatmaqdan ciyərlərim möhkəm soyuqlamışdı...
İndi anlayıram ki, məni o meydana aparan hansı sirli qüvvəymiş. O vaxt artıq "Ruhumuz sərhədsiz olduğu üçün", "Vətən",
"Qan yaddaşı",
"Bu yurd mənə
tanış gəlir"
şeirlərini əzbər
bilirdim. Allah bilir,
meydanda ayaqlarım sızıldayanda, soyuq canıma işləyəndə
o şeirləri dodaqucu
nə qədər pıçıldamışdım. Mənim içimə doyulmaz Vətən sevdasını
məhz o şeirlər
səpmişdi.
Bu Vətən deyilən dünyam
sirlidi,
Bir paytaxtı sevinc,
bir paytaxtı qəm.
Bu Vətən torpağı nə
qəribədir,
Hələ sərhəddini tapa
bilmirəm.
Arzu da beləcə sərhədsiz
olur,
Ümman da beləcə,
göy də beləcə.
Ruhumuz sərhədsiz olduğu
üçün
Payımız gəlibdi göydən
beləcə...
Sonra
Sabir bəyin "Ömür kitabı" nəşr olundu. Bir
dəfə yazmışdım ki, "Qan yaddaşı və
"Ömür kitabı" millətimizin mənəviyyat
qalasının qoşa qapılarıdır. "Ömür
kitabı" bütöv bir universitetin görə bilmədiyi
işi gördü; milləti bir bayraq altında, bir məfkurə
ətrafında birləşdirdi. Bu kitab gəlin köçən
qızların cehiz kitabına çevrildi.
Sabir
bəyin yaradıcılığının daimi energetik mərkəzi
Bütöv Vətən ideyasıdır. O, bu gün də həmin
müqəddəs ideyanın peşindədir. Onun ömrü
yollarda keçir. Özü bu haqda belə deyir:
"Ömrün
hər hansı bir dönəmini, ayını-ilini
bulaqüstü, çayqırağı istirahət kimi ləngitmək,
zamanın gur axınından ayırıb dondurmaq
mümkün olsaydı! Bir nəfəs dərmək,
götür-qoy fürsəti! Təəssüf, ən əziz
gün də, təkrarsız görüş də sona
varmağa məhkumdur. Bəlkə mənzil yox, mənzilə
qədərki yoldur hər şeyin mənası. Ona görə
ömrü gərək yollara tapşırasan. Yüz
günün donuq dörddivar həyatındansa bir günün
yol ömrü şirindir." ("Babadağ ziyarəti"
povestindən)
"Ömür
kitabı" da, "Babadağ ziyarəti" də, "Xətai
yurdu" və digər kitabları, saysız-hesabsız
qanadlı şeirləri də məhz Yolun məhsuludur. Bu
yazını yazmazdan öncə "Babadağ ziyarəti"
sənədli povestini oxudum, elə bil yaz
yağışında sümüyüməcən
islandım, sanki o sıldırımlardan, başdan papaq salan
yoxuşlardan Sabir bəylə birgə keçib getdim- təşviş
və həyəcan içində, amma Yolun sonuna çatmaq
inadıyla...
Sabir
bəylə yol yoldaşı olmamışam. Amma ötən
ilin bir gözəl yay günündə dostumuz Samir Əsədli
mənə zəng vurub deyəndə ki, sabah tezdən
Yardımlıya yola düşürük, hər il olduğu
kimi, bu il də Babək qalasına yürüş edəcəyik,
Sabir bəy məsləhət bildi ki, sizə də deyim,
açığı, çox sevindim. Artıq
düşünməyə dəyməzdi, belə bir məqam
hələm-hələm ələ düşmür. Cəmi
bir gün çəkən bu unudulmaz səfər haqda yol
qeydlərimi elə o vaxt yazıb çap etdirmişəm. Amma
bir məqamı o yazıda qeyd etməmişdim.
Babək
qalasına yürüşdən sonra Sabir bəy səfalı
bir yerdə Bakıdan gələn qonaqlara gözəl ziyafət
verdi. Üzbəüz oturmuşduq, onu müşahidə
edirdim. Özünəməxsus təmkini, tutduğu məqama,
titullarına və ictimai statusuna baxmayaraq sadəliyi,
özüylə sadə insanlar arasında süni məsafə
yaratmaması, əksinə, şux, incə zarafatlarıyla
onları özünə daha da yaxınlaşdırması
onun təpədən-dırnağa el adamı olduğu haqda qənaətimi
bir daha möhkəmləndirdi.
Hələ
gənclik illərində yazdığı şeirlərindən
birində belə deyirdi:
Gəzək Kür boyunda, Mildə, Muğanda,
Bir süfrə başında kəsək
duz-çörək.
Xalq ilə əbədi
bağlı olanda
Kiçik köksümüzdə
dağ olur ürək!
Məhz
buna görə xalq onu sevir. O, xalqın dar günündə də,
yaxşı günündə də həmişə onunla
çiyin-çiyinə dayanıb, xalqın ruhunu öz
içində yaşadıb.
Nə
isə, başqa bir məqama toxunacaqdım. Həmin ziyafət
hələ davam edirkən, bizim yolumuz uzaq olduğu
üçün qalxmalı olduq. Yanaşı oturduğum
gözəl yazar, alim dostumuz İbrahim Quliyev dedi ki, Rasimgil(R.Qaraca)
də çıxırlar, elə onların
maşınıyla qayıdarıq. Rasim Qaraca Bakıdan cənublu
şair qardaşımız Sayman Aruzun "Mersedes"iylə
gəlmişdi. İndi həmin maşınla da
qayıdasıydıq. Sevindim ki, uzaq yolu rahat maşında gedəcəyik.
Sabir bəy Rasimə dedi ki, sən qal, səhər mənimlə
qayıdarsan. Bax, o məqamda etiraf edim ki, qalmaq istəyi mənim
də ürəyimdən keçdi. Amma ev yiyəsi deməmiş
necə qala bilərdim?
Bu
qalmaq istəyi həm şairi yaxından müşahidə
etmək, şəhərdən, siyasətdən uzaq, belə
deyək, qalstuksuz gününün təəssüratlarını
yaşamaq, həm də təbiətlə baş-başa
qalmaq niyyətindən doğmuşdu.
İş
belə gətirdi ki, Rasim Sabir bəylə qaldı, biz isə
-İbrahim Quliyev, Sayman Aruz və mən-geri, şəhərə
qayıtdıq.
Sabir
bəyə baxıb düzlənən, ondan nümunə
götürən bütöv bir yazar nəsli müvazinətini
əyilməyə qoymayıb, adını, süfrəsini
daim Sabir bəy kimi təmiz saxlamağa
çalışıb. O, çoxları üçün
nümunə, məktəb olub. Zəmanəmizin
düşüncə parametrlərində maarifçilik
missiyası öz aktuallığını itirmədiyindən
Sabir Rüstəmxanlı həm də öz böyük
adaşının Yolunu davam etdirir. Sabir Rüstəmxanlı
məktəbinin məzunları bu gün
türkçülüyün bayrağını
qoruyanlardır
Zaman
Sözün rəngini soldurmağa, ətrini aparmağa qadir
deyil. Zamana ancaq Sözlə qalib gəlmək olar. Şair sözü
zamanın bir parçasına çevrilir
və o sözün sahibini də yaşadır. Sabir Rüstəmxanlı
Sözü ölümsüzdür.
Sabir Rüstəmxanlı poeiziyası
zaman qədər əbədidir.
Bu mənada ona xoşbəxt insan demək olar.
KƏNAN HACI
Ədalət.- 2011.- 28 may.- S.
17.