HƏYATI
FIRÇADA TƏSDİQİNİ TAPDI
Rais Rəsulzadə: "Rəssamlıqda
nəyi isə izah etməyə vaxt yoxdur, çünki yaranan
əsər bir an içərisində hər şeyi deməlidir"
Müsahibimiz tanınmış rəssam
Rais Rəsulzadədir. Bəli, o Məmməd Əmin Rəsulzadənin
nəvəsidir.
28 may Respublika Günü ərəfəsində
Rais bəylə, Əhmədlidəki yaradıcılıq
emalatxanasında görüşüb, həmsöhbət
olduq, rənglər dünyasına baş vurduq və bir-iki
saatlıq da olsa, çəkdiyi əsərlərinin cazibəsinə
düşərək özümüzü tamam başqa aləmdə
hiss etdik. Nə idi bu aləm? Elə isə gəlin Rais bəylə
olan söhbətə diqqət kəsilək.
Qısa tanışlıq:
Rais Azər oğlu Rəsulzadə
1946-cı il noyabrın 1-də Alma -Ata vilayətində anadan
olmuşdur. Bildiyimiz kimi atası Azər Məmməd Əmin
Rəsulzadənin oğlu olduğu üçün 1937-ci il də
Qazaxıstana sürgün edilmişdir. Elə orada da
Naxçıvandan sürgün edilmiş ailənin
qızı ilə ailə qurmuşdu. Azər bəyin rəssam
olması sürgündə də əlindən tutaraq,
acından ölməyə qoymur. Balaca Rais bütün
bunları görür və elə o vaxtdan rəssam olmağa
qərar verir. Karaqanda şəhər orta məktəbinin 8-ci
sinifində oxuyarkən, eyni zamanda Moskvadakı Ümumittifaq
İncəsənət Universitetinin rəngkarlıq fakültəsinin
qiyabi şöbəsini də 1965-ci ildə orta məktəblə
birgə bitirir. Elə həmin ildə də min bir əzab-əziyyətlə
Bakıya gələrək Ə.Əzimzadə adına rəssamlıq
məktəbinə daxil olur. 1972-ci ildə o vaxtkı
APİ-nin, indiki N.Tusi adına ADPU-nun Bədii Qrafika fakültəsinə
daxil olur və 1977-ci ildə ali məktəbi bitirir. 1978-ci ildən
hal-hazırki dövrə qədər həmin ali məktəbdə
işləyir və rəngkarlıq, rəsm, kompozisiya, rəsm
texnologiyasından dərs deyir. 1994-1995-ci illərdə ilk fərdi
sərgiləri keçirilib. 1975-ci ildən Respublika,
Ümumittifaq və Beynəlxalq sərgilərin
iştirakçısıdır. Əsərləri Dövlət
Şəkil Qalareyasında, Respublika Bədii Fondunda, Moskvada Rəssamlar
Konfederasiyasında saxlanılır, həmçinin Türkiyədə,
Almaniyada, Polşada, ABŞ-da, Rusiyada, İsraildə və
başqa ölkələrdə şəxsi kolleksiyaların bəzəyidir.
Ailəlidir, 1 qız
övladı var.
- Rais bəy, 28 may sizin
üçün nədir?
- 28 may tək
mənim yox, bütün Azərbaycan xalqının ən əziz
bayramıdır. Bu gün tariximizin ən
şanlı səifələrindəndir. 28 may Azərbaycan
xalqının mənəviyyatının tanınması
günüdür.
- Bildiyimiz kimi siz Məmməd Əmin
Rəsulzadənin nəvəsisiniz. Amma siyasəti yox, rəssamlığı
seçmisiniz. Axı rəssamlıqda digər sənətlərdən
fərqli olaraq, görmə, hiss etmə və qavrama əsas
rol oynayır ki, bunu da hər adam yarada
bilmir? Bunun səbəbi nədir və rəssamlığa
həvəs sizdə necə yarandı?
- Bu
uşaqlıqdan gələn bir məqamdı. Eyni
zamanda içdən gələn bir olaydı, həvəsdi,
arzudu. Siz verdiyiniz sualla rəssamlıqdakı
kompozisiya məsələlərinə toxundunuz. Doğrudan da rəssamın əsərində bir
baxışla hər şeyi duymaq olur. Ədəbiyyatda
bir romanı oxumağa, kinoda filmə baxmağa, musiqidə
dinləməyə müəyyən vaxt lazımdır.
Rəssamlıqda isə nəyi isə izah etməyə
vaxt yoxdur və yaranan əsərdə bir an içərisində
hər şeyi demək lazımdır. Qoyulan ideya baxan adam tərəfindən
həmin andaca duyulub, açılmalıdır. Adətən mən elə uşaqlıqdan
danışmağa həvəsli olmamışam. Bəlkə
buna görə də hiss və duyğularımı,
ideyalarımı çatdırmaq üçün bu yolu
seçmişəm. Bir də axı atam Azər də rəssam olub və təbii
ki, bunun da təsiri az olmayıb.
- Rais bəy, rənglər sizin
üçün fikir və duyğularınızı,
düşüncələrinizi çatdırmaq vasitəsidir,
yoxsa həyatı daha dərindən dərk etmək istəyidir?
- Bu, sənətin,
sənətkarın mövqeyindən asılıdır. Bilirsiniz, sənətin əsas mövzusu insan
amilidir, təbiətdir, vətənimizdir, tariximizdir.
Bizim sənət bu fonda yaranır və
inkişaf edir. O ki, qaldı sənətin dərinlikləri, yəni
rənglərin seçimi, bu, peşəkarlıqla
bağlı məsələdir. Amma rəssamlıqda
peşəkar olmaq da hələ hər şey demək deyil.
Peşəkar rəssamın yaratdığı
əsərdə dərin fəlsəfə, dərin duyğu
olmasa, həyatın özü dərk olunmasa, onda bu əsər
alınmayıb. Rənglər bu
baxımdan böyük rol oynayır. Məhz
rənglərin vasitəsi ilə həyatın təzadlarını
çatdırmaq olur. Şair və
yazıçılarda söz, musiqidə səs, bizdə isə
fikri, düşüncəni çatdırmaq
üçün başlıca vasitə rənglərdir.
Rənglərin özü də müxtəlifdir.
Minor və major rənglər var, yəni var isti
və soyuq rənglər və s. Hətta tədqiqatlar
aparıblar və müəyyən ediblər ki, hansı rəng,
hansı musiqi səsinə uyğun gəlir.
- Sizin çəkdiyiniz əsərlərin
əksəriyyətində nədənsə göy, yəni səma
rəngi daha çox üstünlük təşkil edir. Bu, türkçülüyə bir işarədir,
yoxsa başqa məqsədiniz var?
-
Bilirsiniz, bu, zamanla bağlı məsələdir. Mən peşəkar rəssamlığa başlayana
qədər çox məhrumiyyətlər, əzablar
görmüşəm. Şəraitsiz zirzəmilərdə
yaşadığımdan müxətlif xəstəliklər
tapmışam. Qazaxıstandan gələndən
sonra yaşamağa evim yox idi. Qohumların
evində də qalmaq istəmirdim ki, onlara problem yarana bilər.
Baxmayaraq ki, Bakıda babam Məhəmməd Əmin
Rəsulzadənin evi olub, lakin onu atamgil sürgün olunandan
sonra Sovet hökuməti əlimizdən almışdı.
Ona görə də evsizlik, maddi imkansızlıq
mənə çox əzablar yaşadıb. Həmin vaxtlarda mən çəkdiyim əsərlərdə
qara rənglər üstünlük təşkil edirdi. Klassiklərin əsərlərinə baxsanız
orada xaki, isti, otaq rənglərinin üstünlük təşkil
etdiyini görərsiniz. Ancaq havaya, yəni
təbiətə çıxanda isə orada səmanın,
günəşin, təbiətin, buludların rəngi meydana
gəlir. Mən Azərbaycan təbiətini
çox sevirəm. Ona görə də
tez-tez rayonlara gedib, istər qış olsun, istərsə də
yay, fərqi yoxdur, canlı təbiət mənzərələri
çəkirəm. Burada da təbii ki,
mavi, yəni səma rəngi üstünlük təşkil
edir.
- Belə demək olarmı ki, mavi rəng
ruhunuzu oxşayır və sakitləşdirici təsir
bağışlayır?
- Bir
növ belə demək olar. Doğrundan da səma
rəngi adamı sakitləşdirir, duyğulandırır.
Bu baxımdan ona lirik rəng də demək olar.
- Əsərlərinizdə
bir məqam da diqqəti çəkir. Sanki sizin əsərlərinizdə elə
bil konkret bir dəsti-xətt yoxdur və
yaradıcılığınız çoxşaxəlidir.
Bunu necə izah edərdiniz?
- Bunu
çox düzgün tutmusunuz. Mənim
mövqeyim belədir ki, hər bir əsəri ayrı-ayrı
üslubda işləmək lazımdır. Məsələn,
elə işlər var ki, akvarel texnikası ilə, yəni sulu boya ilə, elə işlər var ki, minor,
eləsi də var ki, onlar tamam abstrakt şəkildə işlənməlidir.
Bütün bunlar seçdiyim mövzudan
asılıdır. Amma lap dərindən fikir verəndə
mənim də öz dəsti-xəttimin olduğunu görmək
olar.
- İstər xarici, istərsə
də bizim öz rəssamlarımızda avtoportretlər olur. Sizin işlərin içərisində
isə nədənsə avtoportret görmədim. Bəlkə
də var, amma mənə rast gəlmədi. Yox, əgər
yoxdursa, səbəbini bilmək istərdik...
- Məndə
də avtoportret var, amma hələ onu üzə
çıxartmamışam. Düzdür, rəssamlıqda
bir rəvayət və ya bir ənənə var. Amma mən
ona elə də əhəmiyyət vermirəm. Yəni
deyirlər ki, rəssamlar ömrünün sonuna az qalmış avtoportretlər yaradırlar. Bu janra bir o qədər də meyilli deyiləm.
İnsan ömrü də Allahın əlindədir
və onu nəinki rəssamlar, ümumiyyətlə heç kəs
qabaqcadan deyə bilməz ki, onun ömrünə nə qədər
qalıb.
- Çəkdiyiniz və ya çəkmək
istədiyiniz insanların portretlərində hansı meyarlara əsaslanırsınız.
Yəni bu işdə sizin üçün
şəxsiyyətin dahiliyi, titulu, adı-sanı, yoxsa mənəvi
zənginliyi əsas meyardır?
- Əlbəttə, ilk növbədə insanın mənəvi
zənginliyi mənim üçün çox vacibdir. Bir də ki, rəssamlıqda
bir şablon da var. Yəni tutaq ki, Nizaminin, Füzulinin, Nəsiminin
və s. artıq təsdiq olunmuş bir obrazı var. Onları
başqa formada çəkmək mümkün deyil. Belə
insanların qoyub getdikləri irs,
yaratdıqları əsərlər, tarix və vətən
qarşısında olan xidmətləri onların portretinin
çəkilməsində əsas rol oynayır. Müasirlərimiz
olan insanların portretini işləməyə əsas səbəb
isə qeyd etdiyimiz kimi, onların mənəviyyatının zənginliyi
ola bilər. Pulla, sifarişlə
əsər yaratmaq olmaz. Bu içdən gələn bir
hiss, bir duyğudur.
- Azərbaycanın beynəlxalq aləmdə
tanınan məşhur rəssamları var. Səttar Bəhlulzadənin,
Mikayıl Abdullayevin, Tahir Salahovun, Toğrul Nərimanbəyovun
və s. adlarını çəkmək olar ki, onlar beynəlxalq
miqyasda tanınır və qəbul edilirlər. Belə rəssamlardan
hansını özünüzə ruhən yaxın hiss
edirsiniz?
- Azərbaycanın
doğrudan da istedadlı rəssamları çoxdur. Mənim qəlbimdə hərəsinin öz yeri var.
Mənzərə rəsmlərimdə Səttar Bəhlulzadənin,
tematik tablolarda Tahir Salahovun, rəngkarlıq işlərində
Mikayıl Abdullayevin, Toğrul Nərimanbəyovun, portret
janrında bizim görkəmli rəssamımız Oqtay
Sadıqzadənin və s. yeri var. Axı bunlarsız
mümkün də deyil. Hər bir sənatkar
özündən əvvəlki korifeylərdən nəsə
öyrənməsə, inkişaf eləyə bilməz.
Abstrakt janrda çəkən rəssamlarımız
da olub. Onlardan da əxz etdiyim elementlər
var. Hörmətli heykəltaraşlarımız Fuad Əbdürrəhmanov
və Ömər Eldarovdan da nəsə öyrənmişəm.
Bütün bunların hamısını mən
ruhən özümə yaxın bilirəm.
- Abstrakt janrdan
danışdınız. Amma bu janr təbii ki, hamı tərəfindən
qəbul edilmir. Ümumiyyətlə, abstrakt əsərlər
lazımdırmı və bu, bir növ özünü aldatma
deyil ki?
- Sovet
dövrünün klassik rəssamları cavanlara səslənirdilər
ki, abstrakt janrla özünüzü aldatmayın. Siz sadəcə vaxt itirəcəksiniz, bir müddət
keçəndən sonra həmin əsərə yenidən
qayıtmalı olacaqsınız və s. Bilirsiniz, abstraksiya ilə
məşğul ollmaq üçün gərək çox
güclü realist rəssam olasan. Abstarkisya
ilə məşğul olan rəssamlara məşhur
sürrealist rəssam Salvador Dali deyirdi ki, realist olmayıb,
akademiya bitirməyib abstarksiya ilə məşğul olan rəssamlar
şarlatandır. O qeyd edirdi ki, abstarksiya ilə məşğul
olanlar özü-özünü aldadır. Bu
janr da XIX əsrin axırlarında, XX əsrin əvvəllərində
yaranıb. Əsasını da rusiyalı
rəssam Vasili Kandinski qoyub. O, eyni zamanda Rusiya və
Almaniyada yaşadığından həm Sovet, həm də
Alman rəssamı sayılırdı. Bu insan rəssamlıqdan
qabaq həm hüquqşünas, həm də musiqi təhsili
almışdı. Hüquq sahəsində
təcrübə keçmək üçün onu əyalətə
göndərmişdilər. Getdiyi Ryazan
quberniyasında görür ki, bir rus kəndində
qadınların hamısı güllü paltar geyinir, evləri
güllü aboylarla bəzənib, stollarının
üstünə güllü süfrələr səriblər.
Bir sözlə insan güllərin içərisində
yox olur. Ona görə abstarksiyanı
kainatların gurultulu döyüşü adlandırıb və
onu qəbul edirdi. V.Kandinskinin abstarksiya
janrında bir çox əsərləri var. Xətt, nöqtə,
ləkə haqqında onun yazıları var, bunu da tələbələrə
öyrətmək istəyirdi. Sonralar
bunları nəzəriyyə halına salıb xeyli dərs vəsaiti
çap etdirib. Bu janrla məşğul
olanda da gərək necə gəldi yox, peşəkarcasına
məşğul olasan.
- Rais bəy, bildiyimizə görə,
Ümummilli Liderimiz Heydər Əliyev vaxtı ilə sizinlə
maraqlanıb və görüşləriniz olub. Bu barədə
mümkünsə danışardınız...
-
Düzdür, Heydər Əliyevlə bir neçə
görüşlərimiz olub. O, hələ Naxçıvan
Ali Məclisinin sədri olanda deputat kimi Milli Məclisin
iclasına gəlmişdi. O zaman Şəhidlər
Xiyabanını ziyarət edərkən atam və mənimlə
orada rastlaşdıq və bizimlə çox səmimi
görüşdü, xeyli söhbət etdik. 2000-ci
ildə bir neçə ay idi ki, Bakıda yox idim. Sən demə həmin vaxtlarda Heydər Əliyev mənimlə
maraqlanıb. Bakıya qayıdandan sonra mənə
zəng etdilər ki, bəs haradasan, Heydər Əliyev səni
görmək istəyir. Sonra cümhuriyyət
qurucularına həsr olunmuş respublika sarayındakı tədbirə
mən də dəvət olundum və orada Heydər Əliyevlə
görüşdük. Mənim problemlərimlə,
işimlə maraqlandı. Mən də
özümün və ailəmizin adından göstərdiyi
diqqət və qayğıya görə ona təşəkkürümü
bildirdim. Mən həm də Azərbaycan
Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidentiyəm.
1937-ci ildə repressiyaya məruz qalmış
insanların yaxınlarının həll olunası bir
çox problemləri var. Nəzərinizə
çatdırım ki, mənim təkcə atam yox, anam da
repressiyaya məruz qalıb. Bir sözlə,
prezident səviyyəsində həll olunası bu problemləri
çözmək üçün İlham Əliyevlə
görüşmək istəyirəm.
- Müsahibəyə görə təşəkkür
edirik və sizə böyük yaradıcılıq
uğurları arzulayırıq.
- Mən
də sizə, "Ədalət" qəzetinin bütün
kollektivinə minnətdarlığımı bildirirəm.
Elçin MƏMMƏDLİ
Ədalət.-
2011.- 28 may.- S. 18.