MÜBARİZLİK DƏRSİ

 

Düşmən qoşunu üstə

təkbaşına yürüdü,

Qəhrəmanlıq sözünü qəhr

olmaqdan qorudu.

Namus, qeyrət adını dikəltdi

papaq kimi,

Tapdalanmış təpəni ucaltdı

bir dağ kimi.

O, Vətən kəlməsini şah

kəlməyə çevirdi,

Qorxunu, vahiməni öz

taxtından devirdi

Adının mənasına qıydı

cavan adını,

Ləkədən təmizlədi o,

əsgər vicdanını.

Şəhidlərin ruhunu o,

darlıqdan qurtardı,

Koroğlunu, Nəbini

şüarlıqdan qurtardı!

 

Bu misralar Azərbaycanın istedadlı bir şairi-Musa Ələkbərlinin "Mübarizlik dərsi" poemasının "Proloq" hissəsindəndir.(Poema bütünlükdə "Azərbaycan" jurnalının 2011-ci il birinci sayında dərc edilmişdir). Mən bilərəkdən "Proloq"da poemanın kimə həsr olunduğunu xatırladan misraları sitat gətirmədim. Bu gün Azərbaycanın milli qəhrəmanı, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş Mübariz İbrahimovun adı simvola, rəmzə çevrilmişdir. "Mübariz" adı çəkilən kimi dərhal Milli Qəhrəmanımızın obrazı canlanır gözlərimizdə, qəlbimizdə, qanımızda, ruhumuzda.

"Qəhrəman" sözü farsdan gəlmədir. Mənası igidlik, müstəsna qoçaqlıq, rəşadət, cəsurluq göstərən şəxs deməkdir. Ancaq bu söz bizim dilimizdə o qədər özüllük qazanıb ki, onu başqa bir sözlə əvəz etmək qətiyyən mümkün deyil. Bu sözün məna dairəsi, işlənmə sferası bir qədər də genişlənib və təkcə döyüşdə, müharibədə igidlik göstərmək anlamından da uzağa gedir. Burada mən istiqlal şairimiz Xəlil Rza Ulutürkün aşağıdakı misralarını da xatırlayıram:

 

Fikirlər içində

çırpınır könlüm,

Gedən yer üzünə

bir daha gəlmir.

Həyatdan hamını

qoparır ölüm,

Yalnız dahilərə

toxuna bilmir,

Yalnız igidlərə

toxuna bilmir.

 

Dahilik-Qəhrəmanlıq... Bu sözlər artıq bir-birinə yaxın və doğma sözlərə çevrilirlər. Hər ikisi müstəsna, fövqəladə keyfiyyətləri özündə cəm edir. Ancaq gəlin, mətləbdən uzaqlaşmayaq. Söhbət qeyri-adi bir şücaətdən, igidlikdən, qəhrəmanlıqdan gedir. Burada böyük türk şairi Nihal Atsızın məşhur misralarını da xatırlamaq istəyirəm:

 

Qəhrəmanlıq-içərək

acı ölüm tasından

irəliyə atılmaq və

Sonra dönməməkdir!

 

Musa Ələkbərlinin "Mübarizlik dərsi" poemasını misra-misra oxuyanda da, biz türk xalqları poeziyasında qəhrəmanlıqla bağlı bir çox örnəkləri xatırladıq. Və indi böyük qürur hissilə deyə bilərik ki, Mübariz İbrahimovun adını türkün müstəsna qəhrəmanları sırasında görürük.

Mübarizin qəhrəmanlığı artıq bir çox təfərrüatları ilə bizə məlumdur. Bu qəhrəmanlıq iyirmi ilən artıq torpaqları işğal altında olan bir xalqın içindəki vulkan idi ki, birdən-birə püskürdü. Bu qəhrəmanlıq Azərbaycana qarşı ədalətsiz mövqedə dayanan xain qonşularımıza və onları müdafiə edən dövlətlərə bir işarə, bir dərs idi. MÜBARİZLİK DƏRSİ...

Bədii ədəbiyyat -poeziya bu çağlarda, Mübarizin qəhrəmanlığının misilsiz bir nümunə kimi ortaya çıxdığı çağlarda bu qəhrəmanlığı sözün qüdrətiylə poetik zirvəyə qaldırmalıdır. Daha standart, şablon "qəhrəmanlıq" vəsfləri ilə yox... Bu mənada Musa Ələkbərlinin poeması MÜBARİZLİK DƏRSİnin BƏDİİ DƏRS səviyyəsində görəcəyi işlərdən biridir.

Əsər poetik düşüncələr axarı üzərində qurulub. Həm müəllifin Mübariz İbrahimov və onun igidliyi barədə düşüncələrini ifadə edir, həm də onu bu qəhrəmanlığa sövq edən mənəvi-ruhi vəziyyətlər, psixoloji hallar düşüncə obyektinə çevrilir. Düşmən üstünə tək gedən Mübarizi SƏSLƏR və RUHLAR müşayiət edir. I səs: "Mən qolu kəsilmiş anayam, oğul... Gözümün önündə oyun qurdular, Necə bağışlayaq, oğul, bu şəri, Ağaca sarıyıb qardaşı, əri. Qızımı lüt-üryan soyundurdular". II səs: "Əmi, bir körpəyəm şaxtadan donmuş, Cəsədim üstünə qarğalar qonmuş". III səs: "Mübariz, özünü qayadan atan, Paklıq rəmzi kimi tanrıya çatan Kəlbəcərli qızam, saçım buluddu". IV səs: "Bütöv ailəyik, şəhid olmuşuq, Qanlı səhnələrə şahid olmuşuq". Poemada Mübarizi qəhrəmanlığa səfərbər edən amillər ayrı-ayrı poetik detallar vasitəsilə təqdim olunur. Əlbəttə, hər bir müstəsna qəhrəmanlığın arxasında müəyyən mənəvi iradə, təkanverici amillər durur və Musa Ələkbərli Mübarizin qəti qərarına qədər bütün bu mənəvi-psixoloji durumu oxucuların nəzərinə çatdırır. Beləliklə:

 

Ölməz pəhləvanım

rinqə gedirdi,

Şəhid ruhlarıyla

birgə gedirdi.

Gedirdi yağıdan

qisas almağa,

Gedirdi tarixdə

tarix olmağa!

Komandir özüydü,

əsgər özüydü,

İstehkam özüydü,

səngər özüydü!

 

Poemada Vətən obrazı ilə Mübariz obrazı tənləşir, bütövləşir. "Ay Musa, bu saat səninçün Vətən MÜBARİZ doğulan yerdən başlayır!" deyir şair və Mübarizi yetirən qədim Biləsuvarın Əliabad kəndindən tutmuş böyük Azərbaycana qədər bu müqəddəs kəlməni sözün ən ali zirvəsinə qaldırır.

 

Yurdumda ən müqəddəs

Bucaqdı Biləsuvar.

Düşmənimin gözünə

Bıçaqdı Biləsuvar.

Qoynunda dağ bitirib,

Mübarizlər yetirib.

Pirdi, ziyarətgahdı,

Ocaqdı Biləsuvar!

 

Məslək də Vətəndi,

din də Vətəndi,

Dözürük, dözülməz

gün də Vətəndi.

Arxa da Vətəndi,

ön də Vətəndi,

Yolumuz ha yoxdu dala,

Mübariz!

 

Musa Ələkbərlinin poeması təbii ki, vətənpərvərlik hissilə qələmə alınıb biz bunu əsərin nəinki ümumi pafosunda, hətta hər misrasında hiss edirik. Şair düşmən üstünə tək gedən, ölümünü vecinə almayan, qisas intiqam hissiylə alışıb-yanan Azərbaycan oğlunun qəhrəmanlığını təsvir edərkən ilk növbədə, milli-mənəvi dəyərləri ənənələri xatırlayır. Poeziyamızın XX əsr mənzərəsində qəhrəmanlıq mücəssiməsi kimi Babək, Cavanşir, Koroğlu, Nəbi adları çəkilirdi, bütün ədəbi qəhrəmanlar həmin meyarla qiymətləndirilirdi bu da şüarçılığa, plakatçılığa aparıb çıxarırdı. Amma Mübariz, şairin qeyd etdiyi kimi, "Koroğlunu, Nəbini şüarçılıqdan çıxarır". Yəni demək istəyir ki, qəhrəmanlıq sözünü, anlamını ucuzlaşdırmaq olmaz! Adı çəkilən qəhrəmanların, həmçinin Böyük Vətən müharibəsində igidlik göstərmiş həzi aslanovların, mehdi hüseynzadələrin, gəray əsədovların hər biri Azərbaycan xalqı tarixi üçün müqəddəsdir. Amma başqa mənəvi dəyərlərimiz var. Bu da Allaha, Tanrıya inam türkün qəhrəmanlıq tarixinə ehtiramdır. Seyid nəslindən olan Mübariz İbrahimovun dilində Allah kəlməsi, varlığında Tanrı məhəbbəti, qollarında Həzrəti Əli, İmam Hüseyn şücaəti olmasaydı, ölümə atılardımı? Bu məqamda dahi Məhəmməd Füzulinin "Hədiqətüs-süəda" əsərini xatırlayıram. Əsər məlum Kərbəla müsibətindən söz açır. Şəhidlik bu əsərdə şəhidlik kimi yox, qəhrəmanlıq kimi vəsf olunur.

 

Zillət ilə ləzzəti olmaz

həyatın, dustilər,

Nəğdi-can sərf eyləyib,

dünyadan kam almaq gərək!

İcz ilə dönmək ədudən səhldir,

himmət tutub,

Ya şəhid olmaq gərək,

ya intiqam almaq gərək!

 

Bəli, şəhidlik, özünü bilə-bilə, dərk edə-edə ölümlərin qucağına atmaq, torpağının bölünməzliyini, mənsub olduğun millətin ucalığını, əyilməzliyini sübut etmək üçün canından, qanından keçmək həm qəhrəmanlıqdır. Böyük şairimiz Bəxtiyar Vahabzadə "Şəhidlər" poemasında bu fikri bir daha təsdiq etdi. Musa Ələkbərli bu ənənəni uğurla davam etdirdi, şəhidliyi qəhrəmanlıq kimi vəsf elədi.

Poema təkcə bu nadir müstəsna qəhrəmanlığın vəsfi kimi deyil, həm bu qəhrəmanlığın özünün milyonlarla azərbaycanlının qəlbində sabaha inam oyatmasındadır. İstər-istəməz Xalq şairi Qabilimizin "Ümid sənədir ancaq, Azərbaycan əsgəri!" çağırışını eşidirsən. Səbir kasası dolmuş bir xalq üçün sülh danışıqları bir fayda verməzsə, silaha sarılacağı günün uzaqda olmadığına yaranan İNAM. Bu yolda Mübariz cəsarətli bir addım atdı.

 

Sən ki özün seçdin candan

keçməyi,

Qoymayaq analar

saçını yolsun

Gərək yadırğayaq

biz and içməyi,

Təkcə sənin adın

andımız olsun!

 

vaxtdır üzürəm

fikir gölündə,

Səndən üzülməyi

bacarmaq olmur.

Şair can üzsə

duyğu selində

Sözlə yağılardan

bac almaq olmur.

 

İndi sən Vətənin

qürur yerisən,

Halaldır bu şöhrət,

halal, Mübariz!

Əbədiyyət qədər canlı,

dirisən,

Yağılardan qisas

aldığın qədər

İndi ölməzlikdən kam al,

Mübariz!

 

Gör tükənməzdir

el məhəbbəti,

Dillərdə nidatək

yaşamaqdadır.

İndi bu millətin sözü,

söhbəti,

Mübariz haqdadır,

Vətən haqdadır!

 

Vətən-Mübarizdi,

Mübariz-Vətən,

Oxşarsız igidlik Tanrı qüdrəti.

İndi şeir yazır sənə hər yetən,

Vəsf etmək istəyir

bu məhəbbəti!

 

Əlbəttə, bir kiçik yazıda uğurlu bir poema haqqında təfərrüatı ilə söz açmaq istəməzdik. Musa Ələkbərli bu poemanı yazmaqla poeziyada da MÜBARİZLİK DƏRSİNİN başlandığını əyan elədi. Poeziyanın silahı sözdür. Bəzən bu söz ovxardan düşür, gərəksiz olur, paslaşır. Ona görə də şairlərimiz tez-tez qəhrəmanlıq mövzusuna müraciət etməlidirlər. Torpaqlarımızın alınacağı günə qədər bu söz daha kəsərli, daha ovxarlı olmalıdır. "Mübarizlik dərsi" poeması göstərdi ki, Söz də bir silahdır!

  

  

Vaqif YUSİFLİ

 

Ədalət.- 2011.- 28 may.- S. 19.