HEYDƏR ƏLİYEV ABİDƏSİ XALQIN ÜRƏYİNDƏDİR

 

Bütün zamanların fövqündə durmaq, bütün dövrlərin insanı olmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Lakin Tanrı sevgisi böyük olanda O, özünün ən sevimli bəndələrinə məhz belə bir ömrü, belə bir taleyi, həyatı qismət edir. Bu mənada Azərbaycan xalqının böyük oğlu, Ümummilli Liderimiz, Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyev cənabları bütün dövrlərin, bütün zamanların dahi şəxsiyyətidir. Bu gün doğum gününü ümumxalq bayramı kimi özü də heç bir rəsmi deyil, yalnız xalq sevgisi ilə qeyd etdiyimiz Ulu Öndərimiz özünün bütün həyat yolunu, bütün fəaliyyətini məhz Azərbaycana, Azərbaycan dövlətçiliyinə, bütövlükdə xalqımıza həsr etmişdir. Təsadüfi deyil ki, xalqın israrlı tələb və təkidlərindən sonra ikinci dəfə hakimiyyət kürsüsünə qayıdan Ulu Öndərimiz çox qısa bir zaman kəsiyində danılması qeyri-mümkün olan tarixi addımlar atdı. Məhz onun uzaqgörən siyasətinin, müdrik qərarlarının, tarixi sərəncamlarının və çevik siyasətinin nəticəsində Azərbaycan üzləşə biləcəyi bəlalardan xilas oldu. Öz müstəqilliyini əbədi və dönməz etdi.

Bu gün hər kəsə gün kimi aydındır ki, Ümummilli Liderimizin imzaladığı tarixi sənəd, yəni "Əsrin müqaviləsi", eləcə də Azərbaycanın iqtisadi tərəqqisinə təkan verən uğurlu islahatlar bir dövlət olaraq gənc, müstəqil məmləkətimizi ayağa qalxmağa, özünü dünyaya tanıtmağa imkan verdi. Artıq dünyanın böyük dövlətləri Azərbaycan adlı bir gənc və müstəqil respublikanın varlığını qəbul etməklə onun idarəçilik sükanı arxasında dünya şöhrətli bir siyasətçinin dayandığını görüb, onunla hesablaşmağa məcbur oldular. Bu isə həm Azərbaycan dövlətinin, həm də Azərbaycan xalqının özünü təsdiqinin bir forması idi.

Zaman bütün keşməkeşi ilə, sınaqları ilə və bir də öz tarixi şəxsiyyətləri ilə daha çox yadda qalır, daha çox tarixləşir. XX əsr Azərbaycan tarixinin Heydər Əliyev epoxasıdır. Bizim hər birimiz doğum gününü qeyd etdiyimiz Ulu Öndərimizin siyasi kursunun davamlılığı şəraitində yaşayıb işlədikcə bir daha o böyük insanın əbədiyaşarlığına inanır və birmənalı olaraq etiraf edirik ki, nə qədər Azərbaycan var, nə qədər Azərbaycan xalqı var, o qədər də Ulu Öndərimiz olub, olacaqdır.

 

 

AZAD İBRAHİMOV

 

Ədalət.- 2011.- 5 may.- S. 4.