"VƏTƏNİ TANI"

 

Məktəblərdə seçim turuna start verilib

 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə keçirilən "VƏTƏNİ TANI" Ümumrespublika Kampaniyası davam edir. Kampaniya çərçivəsində növbəti seçim turu dünən Yasamal rayonu 175 saylı orta məktəbdə keçirildi.

Tədbiri giriş sözü ilə açan, ARGTMŞ-ın Baş Katibi və eyni zamanda Kampaniyanın rəhbəri Orxan Ərəbov bildirdi ki, kampaniyanın məqsədi ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü haqqındakı aydın və qəti qərarına cəmiyyətin aktiv təbəqəsi olan gənclər tərəfindən mövcud güclü dəstəyin aydın şəkildə nümayişinin təşkili, bir daha dünya ictimaiyyətinə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun çatdırılması, Azərbaycanın suverenliyinə qarşı müxtəlif daxili etnik amillərdən istifadə olunmasının mümkünsüzlüyünün bəyanı, ölkəmizi təşkil edən inzibati-ərazi vahidlərinin gənclərə dərindən öyrədilməsinə yardımçı olmaqdır.

Çıxış edən Bakı şəhər təhsil idarəsinin rəsmisi Fəttah Quliyev bildirdi ki, ölkə gənclərinin təhsil səviyyəsinin yüksəldilməsində, milli-mənəvi dəyərlərimiz, Azərbaycanın ərazi bütövlüyünün tanıdılması istiqamətində bu çox uğurlu bir layihədir.

Yasamal rayon Gənclər və İdman idarəsinin rəis müavini Ramil Cəbrayılov qeyd elədi ki, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi çox vacib amildir. Odur ki, bu layihənin təşkilatçıları çox doğru olan bir addım atıblar.

175 saylı orta məktəbin direktoru Qələndər Qələndərov isə söylədi ki, tədbir ölkəmizin tanıdılması baxımından çox əhəmiyyətlidir. Q.Qələndərov onu da təklif etdi ki, bu xəritəni hər bir kəs öyrənməlidir.

Qeyd edək ki, Bakı şəhəri Yasamal rayonu üzrə keçirilən seçim turunda rayon üzrə 300 gənc iştirak edib. Bunlardan müvafiq olaraq 150 nəfəri keçməcələrdən (puzzle) ibarət olan Azərbaycan xəritəsini, 150-i isə kampaniyanın rəsmi saytı olam www.miras.az saytında olan elektron formadakı xəritəni toplayıb. Hər iki tur üzrə keçirilən yarışlarda ən tez Azərbaycan xəritəsini toplayan iki gənc final mərhələsinə vəsiqə qazanıb.

Diqqətinizə çatdıraq ki, "Vətəni tanı" Ümumrespublika Kampaniyasında interraktivlik, innovativlik, gənclər və cəmiyyət üçün yararlılıq əmsalı kimi göstəricilər önə çəkilmişdir. Kampaniya çərçivəsində əhatə olunacaq aktiv iştirakçılarının sayı ölkə üzrə 12.000 (on iki min) gəncdən çox olacaqdır.

Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin "AVA" Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

 

 

İNTİQAM VALEHOĞLU

 

Ədalət.- 2011.- 5 may.- S. 5.