Şəhriyarın
sənət dünyası
Azərbaycan
şeirinin silsilə zirvələrindən biri olan Şəhriyar!
Adı çəkilən kimi gözlərimin
qarşısında qəribə bir mənzərə
canlanır. Unudulmaz Rübabə
Muradovanın yana-yana oxuduğu bir nəğmə məni
öz cazibəsinə alır. Bu,
faktdır ki, mütəxəssislərdən, poeziya həvəskarlarından,
ədəbiyyatçılardan, şairlərdən başqa
çoxumuza Şəhriyarı tanıdan məhz Rübabə
Muradova olub. O, minbir əzabını, dərdini
böyük Şəhriyarın sözlərinə qataraq bizi
odlayırdı:
Heydər baba, yolum səndən kəc
oldu,
Ömür keçdi, gələmmədim,
gec oldu.
Heç bilmirəm gözəllərin
nec oldu?
Bilməz idim döngələr var,
dönüm var,
İtkinlik var, ayrılıq
var, ölüm var.
Ağıla, şüura gəlirdi insan. Son ucu
ölümlü dünyanın gərdişlərini
düşünürdü. Bu, nə tale
idi, biz yaşadıq. Araz illər boyu ayrılıq
çayına dönərək iki qardaşı bir-birinə
həsrət qoyub. Əsl baiskarlar qaldı bir yana, dərdimizi, ahımızı bu dərdli
nəhrin sularına söylədik. Niyə
Arazı keçmək olmayır? Uzun illər
bu sualın cavabını axtardıq. Əslində
cavab bəlli idi. Sadəcə olaraq tapmaq,
yaxud da söyləmək istəmirdik.
Şəhriyar biz nəslin ömrünə
bürünmüş bir dərd idi. Şəhriyar
şeiri hər birimizin dilinin əzbəri idi. Nə qədər sadə, təbii, ürək titrədən,
düşündürücü yazmaq mümkün imiş.
Həqiqətən də Azərbaycan
poeziyasının silsilə zirvələri çoxdur.
Nizami, Füzuli, Xəqani, Nəsimi, Sabir, Səməd
Vurğun, Bəxtiyar Vahabzadə, Məmməd Araz. Bu
sırada özünəməxsus yeri olan Şəhriyar uzun
illər ən kövrək yerimiz, duyğularımızın
sarı simi olub.
Şəhriyar haqqında yazmaq həm asandı, həm
çətin.
Asandı ona görə ki, bu yer, bu göy, bu
torpaq kimi bizə əziz olan bir varlıq haqqında söz deməyə
nə var ki? Hansı yöndən baxsan,
büllurdu, safdı, təmizdi, pakdı, ucadı, örnəkdi.
Poeziya gülüstanından hansı ləçəyi
çəksən təzədi, tərdi,
düşündürücüdü. Çətindi
ona görə ki, axı yarımçıq divarı hörməyə
nə var? Bütün söz
sütunları mərmərə bənzəyən xiridar
haqqında hansı kəlməni, ifadəni tapıb deyəsən
ki, o nəhəng dağın ətəyinə çata
bilsin. Bu mənada Şəhriyar barədə
yazmağın elə çətinlikləri var ki, onu hər
kəs boynuna çəkə bilməz, hər kəs bu xəzinəni
araşdıra bilməz. Nə yaxşı ki, qələm
yoldaşımız, filoloq-alim, zərif ürəkli, həssas
duyumlu Esmira Fuad özündə cəsarət taparaq, ehtiyac
hiss edərək Şəhriyar haqqında nəinki məqalə,
iki dəfə monoqrafiya yazmaq, araşdırma aparmaq niyyətində
olub. Birinci dəfə Məhəmmədhüseyn
Şəhriyarın ədəbi mühiti, həyatı,
yaradıcılığı ilə bağlı 1998-ci ildə
bir monoqrafiya hazırladı. Unudulmaz Şəhriyarın
müasir Azərbaycan poeziyasındakı möhtəşəm
yerini müəyyənləşdirdi. Bu
günlərdə isə müəllifin söz ustadı ilə
bağlı yeni bir kitabı - "Söz sərrafı Şəhriyar"
işıq üzü gördü. Yeni nəşr
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə
çap olunub. Kitabın
Yazıçılar Birliyinin Natəvan klubunda təqdimat mərasimi
də keçirildi. Kitabla bağlı
söylənilən fikirlərdə bir məsələ
tez-tez vurğulanırdı. Esmira Fuad
Şəhriyar haqqında həqiqətən sanballı,
mükəmməl bir kitab ərsəyə gətirə bilib.
Müəllifi
çoxdan tanıyan, yazılarına bələd olan bir adam kimi mən də bəzi məsələləri
söyləmək istərdim. Şəhriyar
kimi qüdrətli bir şairdən kitab yazmaq
üçün istedadlı qələm sahibi olmaq çox
azdır. Gərək sənin sinəndə
həssas bir ürək döyünsün, Şəhriyarın
poeziyasına, şəxsiyyətinə,
yaradıcılığına əbədi bir sevgin olsun.
Bir də içində özünəməxsus
qəm oylağın yoxdursa, sən Şəhriyar kimi şairləri
olduğu kimi anlaya bilməzsən. Çünki
bütün kəşflərin açarı heyrətlə
bağlıdır. Heyrətin söykənəcəyi
bir məqam isə kövrəklikdir. Esmira
Fuad kövrək təbiətli, həssas duyumlu, dərin təfəkkürlü,
məlumatlı, sözlə məharətlə işləməyi
bacaran qələm sahibidir. Bu səbəbdən
də o, seçdiyi mövzunun həm daxilində, həm ətrafında
müxtəlif araşdırmalar aparıb, maraqlı nəticələrə
gəlməyi bacarıb.
Filologiya
elmləri doktoru, professor Teymur Əhmədov kitaba
ünvanladığı ön sözdə yazır:
"Şəhriyarın həyatı və sənət
dünyası monoqrafiyada hərtərəfli, dolğun, elmi
şərhini tapmışdır. Burada şairin
böyüyüb boya-başa çatdığı Təbrizin,
eləcə də Tehran şəhərinin ictimai-siyasi və ədəbi
mühitində onun keçdiyi həyat yolu, bir sənətkar
kimi formalaşması inandırıcı mülahizə və
faktlar əsasında aşkarlanır... Tədqiqatçının
mövzuya son dərəcə məsuliyyət hissi ilə
yanaşması müşahidə olunur". Bax, elə bunun nəticəsidir ki, kitab rəğbətlə
qarşılandı. Onu əlinə alan
hər kəs sonadək oxumaq istəyindən vaz keçmədi.
"Şəhriyarın həyatı və ədəbi
mühiti" bölümündə müəllif
böyük şairin doğulduğu Cənubi Azərbaycanın
Təbriz şəhərindəki ədəbi mühitə
toxunaraq Şəhriyarın uşaqlıq illərindən,
valideynlərindən, məktəbdə təhsil
aldığı ilk illərdən, tələbəliyindən
söz açıb. Şəhriyarın cavanlıq illərindəki
obrazını olduğu kimi yaratmaq üçün yaxın
insanların xatirələrini araşdıraraq sözlə
onun portretini canlandırıb. Təbii
qaynar bulaq kimi çağlayan Şəhriyar
çılğın, dövrünün ziddiyyətlərinə,
siyasi mürəkkəbliyə laqeyd qalmayan, quruluşa, rejimin
ağırlığına kəskin etiraz edən bir gənc
kimi diqqət çəkir. Bəlli olur
ki, şairin ilk mətbu şeiri Təbrizdəki Məhəmmədiyyə
orta məktəbində oxuyarkən "Ədəb"
jurnalında dərc olunub. Maraqlıdır
ki, Şəhriyar həkimlik oxuyurmuş. Universitetin
son kursunu bitirib diplomunu almasına iki-üç ay
qalmış həyatında çox ağır bir hadisə
baş verib. Böyük məhəbbətlə
sevdiyi Pəridən ayrılmağa və universiteti tərk
etməyə məcbur edilib ürəyinə ağır
yaralar vurulan Şəhriyar uzun müddət aldığı
zərbədən özünə gələ bilmir. Bu qara sevda uzun illər Şəhriyarı
ağır durumda saxlayıb. Şairin özünün
müsahibələrində bu hadisə belə
açıqlanıb: "... o zamankı dövlətin məmur
ailələrindən biri sevgilimi zor gücünə əlimdən
aldı, özümü də Nişabura sürgün elətdirdi..."
Bu hadisədən sarsılan gənc Şəhriyar nakam
eşqinə, daşlara toxunmuş ilk məhəbbətinə
müxtəlif əsərlər həsr edib: "Pəri",
"Həzin nalələr", "Qəmli musiqi",
"Odda yanan pərvanə", "İtmiş Yusif",
"İntizar", "İndi niyə?", "Mənim
taleyim", "Eşqin intiqamı", "Əlim ətəyinə"
və s.
Müəllif şairin həyat və
yaradıcılığını müxtəlif dövrlərə
bölərək dürüst şərh və xarakterizə
etmək üçün maraqlı mülahizələrlə
Şəhriyarın poetik dünyasına uğurlu səyahət
edib. Esmira xanım kitabda "Bədii irsinin nəşri
və tədqiqi tarixindən" bölməsində Şəhriyar
yaradıcılığını əhatələyən əsərlərin
dünyada hələ də nəşr olunduğunu tədqiq
və təbliğ edildiyini böyük məhəbbətlə
diqqətə çəkir. XX əsrin
mühüm ədəbi hadisəsi kimi elmi-ədəbi
ictimaiyyət tərəfindən yüksək dəyərləndirilən
"Heydərbabaya salam" əsərinin təsir dairəsi,
rəğbət ünvanı həqiqətən çox
geniş və hüdudsuz olmuşdur.
"Heydərbabaya salam" mənzuməsi həm də
Azərbaycan xalqının həyatı, məişəti, mənəviyyatı,
məziyyətləri haqqında qələmə
alınmış bədii ensiklopediyadır. Bu əsər
dilimizin şirinliyini, lətafətini, cazibəsini təsdiq
etmək baxımından da qiymətlidir. Müəllif
haqlı olaraq belə bir fikir yürüdür: "30 il fars dilində yazıb yaradan şairin bu qədər
uzun fasilədən sonra öz dilinə, el-obasına,
xalqının daxili aləminə qayıdışı,
doğma mənəvi yaddaşa dönümü böyük əks-səda
doğurmuşdur".
Bu əsərin canlandırdığı mənzərələr
sadəcə könül xoşluğu yaratmır. Həm də bizim tariximizdi,
adət-ənənəmizdi, həyatımızdı, dünəndən
sabaha atılan körpülərdi:
Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabı toxurdu,
Hər kəs şalın bir bacadan
soxurdu,
Ah nə gözəl qaydadı
şal sallamaq,
Bəy şalına
bayramlığın bağlamaq.
Şəhriyar vətən aşiqi idi. "Heydərbabaya
salam" mənzuməsi kifayət edər ki, biz şairin
xalqa bağlılığından, milli və vətənpərvərlik
duyğularından saatlarla söz açaq. Müəllif
də məhz "Şəhriyarın humanizmi" bölməsində
şairin yaradıcılığını bu yöndən ətraflı
şəkildə təhlilə çəkərək
yazır: "Ustad Şəhriyar ictimai-siyasi, tarixi şəraitin
yaratdığı bir sıra mürəkkəbliklərə
baxmayaraq öz amalına, daxili Məninə bütün
zamanlarda sadiq qaldı, qəlbinin səsinə qulaq asdı. Böyük Yaradanının və ruhunun,
vicdanının qarşısında hər bir sınağa
hazır oldu". Haqsızlıqla, xəstəliklə,
min bir həsrətlə, itki ilə üzləşdi Şəhriyar.
Həssas ürəyi dərdlər
oylağına çevrildi. Amma müəllifin
də təsdiqlədiyi kimi o, bütün ağır
sınaqlardan ruhunun, vicdanının, əxlaqının sayəsində
qalib çıxdı.
Şəhriyar sözün məna və rənglərini
elə məharətlə işlədirdi ki, ən zərif
hisslər, duyğular olduqca dərin, təsirli, titrək ifadəsini
tapırdı.
Şəhriyar sözün ustad rəssamı
idi. Şəhriyar könül nəğmələrinin
yaradıcısı və bəstəkarı idi. Misralarının ahəngindəki musiqi adamı heyrətə
gətirirdi. Şəhriyar
hamımızın doğması idi. Beşikdə
laylasını dinlədiyimiz ana, öyüdünü
eşitdiyimiz ata kimi. Buna görə də
Şəhriyar yaradıcılığının poetik
qaynaqlarını da müəllif haqlı olaraq məhz bu məlhəm
ünvanlarda axtarmağa çalışıb. Şairin ilhamı təbii idi. Poeziyasının
qüdrəti isə şifahi xalq ədəbiyyatından
qanadlanırdı. Folklora, milli ruha söykənirdi.
Elə bu qüdrətinə görə də qəlbimizin
sarı siminə dönürdü. Kitabda oxuyuruq:
"Heydərbabaya salam"... heca vəzni qəlbində, rəvan,
axıcı bir dildə, ürəyəyatımlı Təbriz
şivəsində yarandığından mənzumə xalq
aşıqlarının sədəfli sazında nəğməyə
dönmüşdü". İllərdir ki, bu
nəğmənin qanadlarına qoşularaq yurd-yuvamıza
boylanırıq. Kim bilir hansı həsrəti çəkərək
xiffət dolu köks ötürürük:
Heydərbaba, gün dalıvı
dağlasın,
Üzün gülsün,
bulaqların ağlasın,
Uşaqların bir dəstə
gül bağlasın,
Yel gələndə ver gətirsin bu
yana,
Bəlkə mənim
yatmış bəxtim oyana.
İndiki dövrdə hər hansı bir kitabı axıracan
oxuyub başa vurmaq səbirdi, kitab haqqında nəsə yazmaq
mənəvi borcdu, hünərdi. Amma Şəhriyar kimi
bir söz tanrısından monoqrafiya hazırlamaq olduqca
çox ağır, həm də çətin zəhmətdi.
Sən hansı sözü, fikri dəqiq
tapıb işlədəsən ki, Şəhriyarın
qızıldan qiymətli misralarının yanında
solğun görünməsin. Nə
xoş ki, Esmira Fuad bu ağır və şərəfli
işin öhdəsindən gəlməyi bacarıb. Doğrudur, Esmira xanıma qədər də Şəhriyar
haqqında yazanlar, tədqiqat aparanlar olub. Hər
kəs öz ürəyinin sözünü deməyə
çalışıb. Şəhriyar elə
bir ümmandır ki, qətrələr onun yanında nədir
ki?! Amma bu bir danılmaz faktdır ki,
dövlət müstəqilliyimizi qazandıqdan sonra Şəhriyar
barəsində ilk dəfə mükəmməl tədqiqatlar
aparan sanballı monoqrafiyalar yazan məhz Esmira Fuaddır.
Qələm dostumuzun Şəhriyar sevgisi,
ehtiramı önündə sadəcə minnətdarıq.
Biz bu kitabda dəlicəsinə sevilən, məhəbbətlə
təqdim edilən əbədiyaşar Şəhriyarın əsl
portretini gördük. Vaxtilə rəhmətlik Nazim
Rizvan müəllifə ünvanladığı bir şeirində
bu solmaz gülüstana məhəbbət bəsləyən
Esmira xanıma belə təşəkkür edirdi:
Şəhriyar bir dağdır Savalan
kimi,
Çevrildim o dağı
dolanan yola.
Ustadın ruhuyla bu gül kitabın,
Sanıram doğmadır, girib
qol-qola.
Flora XƏLİLZADƏ,
yazıçı-publisist
Ədalət.- 2011.- 5 may.- S. 6.