Həyatın qaynadığı məkan

 

Ölkə həyatının iqtisadi-siyasi mənzərəsini göz önünə gətirəndə, qarşılaşdığımız məqamlardan ən birincisi Azərbaycanda olan sürətli inkişafdı. Bu sosial-iqtisadi dinamika heç də təsadüfi deyil. Əksinə bu həyat zərurətidi. Çünki bu sosial iqtisadi-inkişafın layihəsini, kursunu, ulu öndərimiz bizim üçün, Azərbaycan xalqı üçün işləyib hazırlamışdı. Və biz də bu gün həmin kursun layiqli davamçısı olan möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın çiçəklənməsinin həm iştirakçısıyıq, həm də şahidi.

İnkişaf edən Azərbaycanın bir bölgəsi də Ağstafa rayonudur. Təbii ki, paytaxtdan məsafə baxımından xeyli uzaqda yerləşsə də bu rayonun özünəməxsus coğrafi və iqtisadi mənzərəsi həmişə diqqəti çəkibdi. Zaman-zaman bu rayonun iqtisadiyyatı, kənd təsərrüfatı, bütövlükdə sosial-iqtisadi durumu həmişə maraq doğurub və onun inkişafı həm izlənilib, həm də öyrənilib, çünki hər bir regionumuzda olduğu kimi, Ağstafada da görməli, öyrənməli və təqdir etməli kifayət qədər nümunələr var.

 

BU GÜNÜN AĞSTAFASI

 

Öncədən onu xatırladaq ki, son illərdə Ağstafaya yolu düşməyən və yalnız elə bu günlərdə rayon mərkəzinə ayaq basan hər kəs buradakı dəyişiklikləri dərhal hiss edə bilər. Çünki istər rayon mərkəzinin, yəni Ağstafa şəhərinin özünün daxilində aparılan təmir-abadlıq, tikinti işləri, istərsə də onun kəndlərində görülən işlər həm keyfiyyətinə, həm də surətinə görə diqqət çəkəndi. Yəni, bu rayonda da küçə və yolların abadlaşdırılması, genişləndirilib, yaşıllaşdırılması, xüsusi ilə şəhərin görkəminə xələl gətirən köhnə, yararsız binaların, obyektlərin sökülüb yerində müasir standartlara cavab verən binaların, müəyyən obyektlərin tikilməsi həm gözəllik baxımından, həm də rayonun ümumi mənzərəsinin görkəmi baxımından çox təqdirəlayiqdir. Təsadüfi deyil ki, 2010-cu ilin dəqiqləşdirilmiş dövlət büdcəsindən mədaxil üzrə Ağstafa rayonuna 13 milyon 735 min manat mərkəzləşdirilmiş xərclərdən ayrılmış vəsait, 10 milyon 510 min manat gəlirlər isə 3 milyon 225 min manat təsdiq edilmişdir. Bu sadəcə quru rəqəmlər deyil. Əksinə bu rəqəmlərin arxasında kifayət qədər görülmüş işlər və bu gün də davam etdirilən quruculuq, abadlıq dayanır. Yəni rayonda görülən hər bir xırda işdən tutmuş ən böyük tədbirə qədər bütün məsələlər bilavasitə rayon rəhbərliyinin nəzarəti və xüsusi qayğısı ilə icra olunur. Məhz bu işlərin nəticəsidir ki, təkcə 2010-cu il ərzində rayonda 558 nəfər işlə təmin olunmuşdur ki, onların 75 faizi daimi iş yeri tapmış insanlardı. Ümumiyyətlə, isə bu gün Ağstafada ümumi məhsul buraxılışının həcmi 69 milyon 447 min manat təşkil edir. Bu da öz növbəsində sənaye, kənd təsərrüfatı və digər sahələr üzrə böyük irəliləyişlərin olmasından xəbər verir.

Regionların inkişaf etdirilməsinə dair Dövlət Proqramına uyğun olaraq, bu gün Ağstafada həyatın necə qaynadığını, ayrı-ayrı sahələr üzrə görmək və şərh etmək çox asandır.

 

YENİDƏN TİKİLİB ABADLAŞAN AĞSTAFA

 

Bu qədim yurdun ötən əsrə, lap elə bu əsrin ilk illərinə səyahət etsək onda qədim binaların yararsız vəziyyətə düşmüş evlərini, sosial tikililərin şəkillərini göz önünə gətirmək olar. Çünki bunlar o qədər də uzaq olmayan keçmişdə bir gerçəklik idi. Bu gün isə həmin o qədim Ağstafanın ömrünü başa vurmuş binalarından, tikililərindən demək olar ki, əsər-əlamət qalmayıb. Təkcə ötən il qəzalı vəziyyətdə olan 3 ədəd yaşayış evinin əvəzində yeni müasir tipli çoxmənzilli bina tikilib istifadəyə verildi. Binanın tikintisinə vəsait ayrıldı. Yəni həmin bina üçün 400 min manat vəsaitin ayrılması ilə 24 mənzilli iki girişli, 4 mərtəbəli binanın və bir ədəd 2 otaqlı fərdi yaşayış binasının layihə-smeta sənədləri hazırlanmış, tikinti işlərinə də başlanmışdır. Rayon mərkəzi ilə yanaşı, kəndlərdə də tikinti-abadlıq işləri sürətlə aparılır. Belə ki, şəhərin Hüseyn Arif küçəsindəki dördmərtəbəli 33 mənzilli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, bununla yanaşı olaraq Dağ Kəsəmən, Köhnə Qışlaq və Xətai kəndlərinin hər birində 1 ədəd, Ağstafa şəhərində 2 ədəd fərdi tipli yaşayış evi tikilmiş, eyni zamanda ötən il ərzində kifayət qədər nəzəri çəkə biləcək təmir işləri yerinə yetirilmişdir. Həmçinin qaz və su xətlərinin təmir edilməsi, dəyişdirilməsi sahəsində də müəyyən uğurlar əldə olunmuşdu. Təsadüfi deyil ki, ötən il ərzində 708 abonent təbii qazla təmin olunmuşdu. Həmçinin abonentlərin elektrik və sayğaclarla təmin olunması istiqamətində də müvafiq tədbirlər görülmüşdü.

Ağstafada yolların təmirinə də xüsusi diqqət yetirilir. Elə bunun nəticəsidir ki, rayonun yol istismar idarəsinin kollektivi öz üzərlərinə düşən işin öhdəsindən gəlməyə çalışır. Yeni salınan yollar, təmir olunan körpülər və bütövlükdə yolla bağlı bütün infrastruktur həmişə diqqət mərkəzində olub, ona görə də yol kənarlarının yaşıllaşdırılmasına da diqqət və qayğı artırılıbdır.

 

(ardı var)

 

 

Ceyhun RÜSTƏMOV

 

Ədalət.- 2011.- 5 may.- S. 7.