Bakı Slavyan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş

 

"Azərbaycanşünaslığın aktual problemləri" ənənəvi II Beynəlxalq elmi konfrans öz işinə başladı

 

Görkəmli dövlət xadimi və dahi şəxsiyyət xalqımızın Ümummilli lideri və Ulu öndər Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 88-ci ildönümü bütün respublikada olduğu kimi yaradıcısı olduğu Bakı Slavyan Universitetində də yüksək səviyyədə qeyd olunur.

Dünən Bakı Slavyan Universiteti və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" II Beynəlxalq Elmi Konfransı öz işinə başladı.

Azərbaycanşünaslıq ideyalarının bir elmi istiqamət kimi öyrənilməsi və mənimsənilməsi, xarici ölkələrin univesitetlərində fəaliyyət göstərən Azərbaycanşünaslıq tədris və mədəniyyət mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, Azərbaycanşünaslığın inkişafı, təbliği və tədqiqi, müxtəlif ölkələrdən olan azərbaycanşünasların, Azərbaycan dilinə və ədəbiyyatına, tarixi və mədəniyyətinə böyük marağı və məhəbbəti olan insanların bir yerə toplanması və Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutmasında bu insanların elmi potensialı və təcrübəsindən geniş istifadə edilməsi, eləcə də həmin ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları ilə əlaqələrin möhkəmləndirilməsinə dəstək məqsədilə təşkil olunmuş ənənvi konfransın bölmə iclasları 2011-ci il mayın 4-dən 7-dək Bakı və Gəncə şəhərlərində keçiriləcəkdir.

Konfrans öz işinə başlamazdan öncə qonaqlar və konfrans iştirakçıları Ulu öndər Heydər Əliyevin Bakı Slavyan Universitetindəki büstü qarşısına əklil qoydular.

Konfransı açıq elan edən BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev konfrans iştirakçılarını və qonaqları salamladı və qonaqlara xoş gəlmisiniz dedi. Artıq ənənəyə çevrilmiş beynəlxalq elmi konfransımıza dünyanın bir neçə ölkəsindən alimlər qatılıb və ümid edirəm ki, bu konfrans təsdiq edildiyi adının böyüklüyünü, qüdrətini, əzəmətini özündə tərənnüm edəcəkdir. Konfransımız böyük şəxsiyyət, unudulmaz prezidentimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilib. Biz bu günü həmişə tələbələrimizlə, müəllimlərimizlə, bütün Azərbaycan ictimaiyyətinin bir qolu kimi böyük məsuliyyətlə, böyük sevgi hissi ilə qeyd edirik. Heydər Əliyev dünya miqyasında çox böyük bir şəxsiyyətdir. Nadir insanlardandır ki, həyatını büsbütün öz doğma xalqının firavanlığına, qurtuluşuna, inkişafına, öz ölkəsinin çiçəklənməsinə həsr etdi və Azərbaycanı böyük bir yolun - dünya inkişaf yolunun qarşısına gətirib çıxara bildi. İndi Azərbaycan bu yolla inamla irəliləyir. Universitetimizin yaranmasının təşəbbüskarı da məhz Heydər Əliyevdir. Əziz dostlar, artıq ikinci ildir ki, biz Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş və Azərbaycanşünaslığın aktual problemlərinin tədqiqi ilə bağlı konfranslarımızı ölkənin müxtəlif regionlarında keçiririk. Keçən il bu tədbir Naxçıvan və Gəncə şəhərlərində Naxçıvan Dövlət Universiteti və Gəncə Dövlət Universiteti ilə birgə keçirilmişdir. Bu il isə konfransı Gəncə Dövlət Universiteti ilə birgə təşkil etmişik. Zənn edirəm ki, ölkəmizə təşrif buyurmuş alim və tədqiqatçılar Bakıdan kənara çıxmaqla, digər regionlarla tanış olmaqla , Azərbaycanı daha yaxşı tanıyacaqlar. Güman edirəm ki, Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş və azərbaycanşünaslığın aktual problemlərinə toxunan bu konfransda alim və mütəxəssislərin elmi məruzə və çıxışları, geniş müzakirələr və fikir mübadiləsi Azərbaycanın gələcəyinə öz töhfəsini verəcəkdir. Mən konfransın əvvəlindən sonuna qədər gedən hazırlıq prosesində və konfransın uğurla nəticələnməsi üçün göstərdiyi mənəvi dəstəyə görə Azərbaycan Respublikasının Təhsil naziri Misir Mərdanova çox böyük təşəkkürümü bildirirəm".

Sonra çıxış edən Təhsil nazirinin müavini Elmar Qasımov konfransın gündəliyinə çıxarılmış mövzuların əhəmiyyətindən danışdı: "Artıq ikinci ildir ki, keçirilən azərbaycanşünaslığın aktual problemlərinə həsr olunan beynəlxalq konfrans sözün əsl mənasında öz miqyasına və əhatə dairəsinə görə fərqlənir. Konfransın Ulu öndərimiz Heydər Əliyevə həsr olunması da təsadüfi deyildir. Çünki ulu öndərimiz ən böyük azərbaycanlı idi və ən böyük azərbaycanlı olaraq Azərbaycan dilinə və ədəbiyyatına, tarixi və mədəniyyətimizə, milli və mənəvi dəyərlərimizə xüsusi diqqətlə yanaşan böyük şəxsiyyət idi".

Tədbirdə Rusiyadan Ural Dövlət Universitetinin professoru A.Nesterov, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitunun professoru S.İ.Çernyavskiy, ABŞ-dan Kolumbiya Universitetinin əməkdaşı A.Erickson, Belarusiyadan Belarus Dövlət İqtisad Universitetinin əməkdaşı E.Hüseynova, Gürcüstandan Axalkalaki Ali Tədris müəssisəsindən Kavrelişvili R., Türkiyədən Yalova Universitetindən Selami Özcan və digər tanınmış alim və mütəxəssislər çıxış edərək bu konfransda iştirak etdiklərindən məmnunluq duyduqları dilə gətirdilər və konfransın işinə uğurlar arzuladılar

Konfransın işi müasir azərbaycanşünaslığın müxtəlif aspektlərini ehtiva edən dil və ədəbiyyat, ictimai-siyasi elmlər və kulturologiya istiqamətləri üzrə aparılır. İşçi dilləri Azərbaycan, rus və ingilis dilləri olan konfransa respublikanın ali məktəblərindən və elmi müəssisələrindən 173, Türkiyə, Amerika Birləşmiş Ştatları, Rusiya, Belarus, Gürcüstan, Litva, Polşa, Qazaxıstan universitetlərindən isə 30 alim və tədqiqatçı qatılmışdır.

Konfrans çərçivəsində BSU-da Azərbaycan filologiyasının inkişafında müstəsna rolu olmuş, həyatını folklor nümunələrinin toplanması və tədqiqinə həsr etmiş görkəmli alim prof. Məmmədhüseyn Təhmasibin iki cildlik "Seçilmiş əsərləri"nin təqdimat mərasimi keçirildi. Bu universitetdə yüksək elmi dəyərə malik olan əsərlərin nəşr olunması və geniş oxucu kütləsinə təqdim olunması artıq bir ənənə halını almışdır. M.Təhmasibin əsərlərinin çap olunması da bu ənənənin layiqli davamıdır.

Oxucuya təqdim edilən bu ikicildliyə görkəmli folklorşünas alim, prof Məmmədhüseyn Təhmasibin dövri mətbuatda çap olunmuş məqalələri, müxtəlif kitablara yazdığı ön sözlər, eləcə də namizədlik və doktorluq dissertasiyaları daxildir.

Alimin bacısı Cəmilə Təhmasib və nəticəsi Fidan Təhmasibin də iştirak etdiyi təqdimat mərasimində çıxış edən və kitabın işıq üzü görməsində birbaşa ideya müəllifi olan BSU-nun rektoru AMEA-nın müxbir üzvü prof. Kamal Abdullayev bu kitabın ərsəyə gəlməsində xidməti olan hər kəsi təbrik etdi: "M.Təhmasib kimi alimlərimizin gənc nəslə tanıdılması Azərbaycan xalqının ədəbiyyatının, mədəniyyətinin, elminin inkişafı baxımından çox vacibdir. İnanıram ki, M.Təhmasibin "Seçilmiş əsərləri"nin çap olunması ədəbiyyatşünaslığımızın qaranlıq məqamlarının işıqlandırılmasında da yardımçıolacaqdır".

Tədbirdə AMEA-nın Ədəbiyyat İnstitunun direktor müavini prof. Məhərrəm Qasımlı, Folklor İnstitunun direktor müavini Oruc Əliyev və digər filoloqlar da çıxış edib öz ürək sözlərini bölüşdülər.

 

 

Əbülfət

 

Ədalət.- 2011.- 5 may.- S. 7.