BÖYÜK
ÖMÜRDƏN SƏHİFƏLƏR
Bu ətirli
may günlərində Vətən torpağının ən
gözəl güllərindən, çiçəklərindən
onun doğum günü şərəfinə dəmətlər
bağlanır.
O
böyük, müdrik insanla bağlı ürəyimdə nə
qədər xoş duyğular, xatirələr var! Qəlbimə
yazılan, qəlbimdə yaşayan o şirin, unudulmaz xatirələr
məni uzaq-yaxın illərə aparır, düşüncələrə
daldırır.
Yaddan
çıxarmı o anlar, ürəyimdən boy verib boylanan
yamyaşıl, solmaz, saralmaz xatirələr?!
Onu
ilk dəfə gördüyüm, salam verib
görüşdüyüm, səsini eşitdiyim, dediklərini,
danışdıqlarını nəfəs dərmədən
dinlədiyim vaxtdan yarım əsrlik bir vaxt keçir.
1961-ci
ilin yazı. Mən universiteti təzəcə bitirib Azərbaycan
Radiosunun Xarici Ölkələrə Verilişlər İdarəsində
işləyirdim. Bir gün xəbər yayıldı ki,
Dövlət Təhlükəsizlik Komitəsindən nümayəndə
gələcək. Səhər saat on olardı. Biz
televiziyanın kinobaxış zalında
yığışdıq. Cənubi Azərbaycan, fars, türk
redaksiyalarının şöbə müdirləri,
sayılıb-seçilən əməkdaşlar gəlmişdilər.
Qonağı gözləyirdik. Gözümüz qapıda idi.
İntizar çox çəkmədi. Uca boylu, səliqəli
geyinmiş cavan bir kişi baş redaktorumuz Muxtar Hacıyevlə
birlikdə içəri daxil oldu. Muxtar müəllimin təqdimatından
sonra qonaq zaldakıları salamladı, cərgələrə
göz gəzdirib təbəssümlə:
-
Görürəm, - dedi, - aranızda başqa millətdən
olanlar da var, ona görə də icazənizlə rus dilində
danışmaq istəyirəm.
Qabaq
cərgədə oturan təcrübəli işçilər
bir ağızdan:
-
Buyurun, buyurun, - dedilər.
Qonağımız
Dövlət Təhlükəsizlik Komitəsinin idarə rəisi
Heydər Əliyev idi. Məsələ beləydi ki, respublika qəzetlərindən
birində çalışan tanınmış jurnalistin həyat
yoldaşı nümayəndə heyətinin tərkibində
xarici ölkədən vətənə dönərkən
gözlənilmədən təyyarə meydanında izdihama
qarışıb aradan çıxmışdı. Bu
xoşagəlməz hadisə müəyyən dairələrdə
narahatlıq yaratmışdı. H.Əliyev elə buna görə
də xarici ölkələrə verilişlər idarəsinin
əməkdaşları ilə görüşüb,
tövsiyələrini verir, belə hadisələrin radio əməkdaşları
arasında baş verməyəcəyinə əmin
olduğunu bildirirdi.
Söhbət
təxminən saat yarım çəkdi. H.Əliyev verilən
suallara Azərbaycan dilində yerli-yataqlı cavab verdi. Ayrılanda
türk redaksiyasının böyük redaktoru Aydın Vəlixanov
irəli yeriyib H.Əliyevlə köhnə dost kimi çox səmimi
görüşdü. Gözümüzü onlardan çəkmirdik.
Söhbət edə-edə qapıdan çıxdılar.
Aydın müəllim hörmətli qonağı hovuzun
yanınacan ötürdü. Elə bil bu hərəkətilə
deyirdi: "Bir baxın, görün ki, mən kimlərlə
dostluq edirəm" .
Qayıdıb
bizə çatanda ürəkdən gələn səslə
dedi:
-
Gördünüzmü, hər iki dildə necə səlis,
savadlı və inandırıcı danışdı. Elə
bil bizi sehrləmişdi. Neçə illərdir ki, onu
tanıyıram. Əsil şəxsiyyətdir, savadına,
biliyinə, siyasi hazırlığına söz ola bilməz.
Görərsiniz, o hələ çox irəli gedəcək.
Təki olsun, biz də köhnə dostları kimi onunla fəxr
eləyək.
Biz
neçə gün bu görüşün təəssüratından
ayrılmadıq. Hamı öz heyrətini,
heyranlığını bildirirdi.
Aydın
müəllim hər şeydən xəbər tutmağı
xoşlayırdı. Bir gün dəhlizdə sevinclə dedi:
-
Bilirsinizmi, Heydər Əliyevi Dövlət Təhlükəsizlik
Komitəsinin sədr müavini təyin ediblər.
Aradan
xeyli vaxt keçdi. Bu dəfə bütün respublikaya
quşqanadlı xoş xəbər yayıldı: Heydər Əlyev
Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin
sədri təyin olunub. Görünməmiş hadisə idi.
Çünki bu vəzifəyə adətən milli kadr təyin
edilmirdi.
Bu ona böyük inam idi. Hamı yaxşı
bilirdi ki, respublikalardan heç birində yerli adamı təhlükəsizlik
komitəsinin sədri vəzifəsinə yaxın da
buraxmırlar. Heydər Əliyevin bu vəzifəni
tutması adama möcüzə kimi gəlirdi. Hər birimiz buna həm qəlbən sevinir, həm də
qürur hissi keçirirdik.
1969-cu
ilin iyun ayında onun fotosunu "Kommunist" qəzetində
gördüm. Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin plenumu kesirilmiş, Heydər Əlirza oğlu Əliyev
birinci katib seçilmişdi. Bununla da Azərbaycanın
tarixində, taleyində yeni bir səhifə
açılırdı. Böyük uğurlara, gələcək
azman yüksəlişlərə və bunların zirvəsi
sayılan müstəqilliyə qovuşan xalqımız
"daimi, dönməz, əbədi" ideallara imza
atırdı. Ölməz Səməd Vurğunun dahiyanə
misraları yada düşür:
İllər
gəlib keçdi, ömürdən illər,
İllər
görməmişdik bu illər kimi.
Birinci
katibin çevik, inamlı, müdrik siyasəti sayəsində
respublikamız bütün Sovet İttifaqında
sayılmağa, seçilməyə başladı.
Heydər
Əliyevin hər addımı, gərgin fəaliyyəti bir
nümunəyə çevrilirdi.
Yaddaşımdan
bir epizod boylanır. Avqust ayının ikinci yarısı idi. Pambıq
yığımına qızğın hazırlıq
görüldüyü belə bir vaxtda Birinci katib rayonlara səfərə
çıxmışdı. Televiziyanın çəkiliş
qrupu hər yerdə, hər addımda onu izləyirdi. Əməkdaşlar
sidq-ürəkdən çalışırdılar ki, Heydər
Əliyevin hər şeyə diqqət yetirməsi, təsərrüfat
başçıları, mütəxəssislər və sadə
əmək adamları ilə görüşləri, söhbətləri,
səmimi zarafatları gözdən yayınmasın, kadr-kadr
kameraların yaddaşına həkk olunsun.
Səfər
günləri başa çatandan sonra "Günün
ekranı"nın əməkdaşları Bakıya
qayıdıb bütün lentləri Komitə sədrinə
göstərdilər. Təklifləri də bu oldu ki, ən təsirli,
ibrətamiz məqamları zərgər dəqiqliyilə
seçib, yaxşı-yaxşı montaj eləsinlər, sonra
bu əsasda mətn yazsınlar, əhatəli reportaj
hazırlayıb sədrə göstərsinlər.
Komitə
sədri Qurban Yusifzadə materiala baxdıqca uşaq kimi
sevinirdi. Baxış sona çatanda:
-
Sağ olun, ay uşaqlar, - dedi. - Ancaq gərək yoldaş Əliyevin
özünə zəng vurub razılığını alam.
Sədr
dediyi kimi də elədi. Material efirə gedəndən sonra
Birinci katib telefonda təşəkkürünü bildirmiş
və demişdi:
- Hər
şey yerində idi, ölçülü-biçili. Televiziya
təbliğat vasitəsi kimi böyük gücə malikdir. Bir
göz qırpımında adamı qaldıra da bilər, endirə
də bilər. Odur ki, onun imkanlarından ağılla, səmərəli
istifadə etmək lazımdır.
O,
imkanı düşdükcə verilişləri izləyir,
fikirlərini, qeydlərini bildirirdi. Axırda da sözü bu
olurdu:
-
Utanmayın, nə ehtiyacınız varsa, deyin, kömək eləyərik.
Arabir
televiziya çəkilişlərinə də gəlirdi. Yeri
düşəndə əməkdaşlarla
görüşür, verilişlərlə bağlı təəssüratını
bölüşürdü. Televiziya həmişə onun diqqət
mərkəzində idi.
Yaddaşımda
nə qədər hadisələr, epizodlar, məqamlar cərgələnir.
Təzəcə
otağa girmişdim ki, daxili telefonuma zəng gəldi. Komitə
sədrinin müavini Elşad Quliyev idi. Qısaca:
-
Musiqili yumoristik bir proqram hazırlamalısınız, - dedi. -
Özü də bazar günü efirə getməlidir.
Mən
çaşıb qaldım:
- Ay
Elşad müəllim, nə qaçhaqaçdır ki, -
dedim. - Oturaq yaxşı-yaxşı fikirləşək. Heç
olmasa iki verilişin proqramını tərtib edək. Kimlər
yazacaq, kimlər dəvət olunacaq. Yəni müəlliflər,
aktyorlar, müğənnilər kim olacaq. Bunları müəyyən
etmək üçün vaxt lazımdır.
-
Düz deyirsən, vaxt lazımdır. Bizim isə
vaxtımız yoxdur. Gərək dəridən, qabıqdan
çıxaq, ancaq deyiləni eləyək. İndi sədr səni
çağırtdıracaq. Özü hər şeyi deyəcək.
Elə
bil köməkçi onun sözünə bənd imiş. Qapını
aralayıb:
- Sədr
sizi çağırır , - dedi.
Tez
aşağı, birinci mərtəbəyə
düşdüm.
-
Nahid, yəqin ki, Elşad müəllim sənə
çatdırmış olar, - deyə sözə
başladı. - Bazar gününə sizin baş redaksiya bir
yumoristik veriliş hazırlamalıdır. Hamı səhər
süfrəsi arxasında verilişə baxa-baxa xoş əhval-ruhiyyə
keçirməli, ürəklərində bizə də,
veriliş iştirakçılarına da əhsən deməlidir.
-
Qurban müəllim, gərək baş işlədək,
düşünək, daşınaq, - dedim.
Sədr
gülə-gülə:
-
Bunlar hamısı yaxşıdır, - dedi, - ancaq ki,
hamısı da sonranın işidir. İndisə işə
başlamalıyıq. - Məni bir az təriflədi də. -
Sənin bacarığıına, təcrübənə bələdik.
Bundan da çətin tapşırıqlar olub. Onu da bil ki, bu
ideya, təklif Mərkəzi Komitənin birinci katibindən -
yoldaş Əliyevdən gəlib. Dünən məni
yanına çağırtdırmışdı. Yeni
veriliş barədə fikrini deyəndə,
açığı mən də tərəddüd elədim:
"Yoldaş Əliyev, bütün gücümüzlə
çalışırıq ki, verilişlər xalqın
xoşuna gəlsin", - dedim. O isə qayıtdı ki,
çalışırıq yox, gərək elə eləyək
ki, bütün proqramlar baxanların ürəyindən xəbər
versin.
Mən
fikrimi izah etməyə çalışdım:
-
Qurban müəllim, bunun üçün qrup
yaratmalıyıq. Verilişin heç olmasa redaktoru,
rejissoru bəlli olsun. Məndən olsa, xüsusi şöbə
yaradılmalıdır. Təsəvvür
eləyin ki, veriliş hər bazar günü efirə gedəcək.
Gözünü açıb yumunca bir həftə
gəlib çatacaq. Ayda 4 veriliş, hər
veriliş də ən azı 45 dəqiqə olmalıdır.
- Bunlar
hamısı yaxşı, - Qurban müəllim fikrli-fikirli
üzümə baxdı. - Biz indi nədən başlayaq?
Elə
bu anda Elşad Quliyev özü də içəri girdi.
Qurban müəllim:
-
Bunu da yaxşı bilin ki, mən verilişin vaxtını
yoldaş Əliyevə bildirməliyəm, - dedi. - Ona görə
də neyləyirik eləyək, veriliş hazır
olmalıdır. Bir-bir təkliflərinizi verin.
Başa
düşdüm ki, artıq söz-söhbətə ehtiyac
yoxdur. Xəyalımda gələcək verilişin
konturlarını cızmağa çalışdım. Düşündüm,
daşındım. Verilişə cavabdeh, rəhbər kim
olsun? Yaxından tanıdığım qələm sahiblərini
bir-bir gözümün qabağına gətirdim, radionu,
televiziyanı yaxşı bilən, bir az da ərköyün
yazıçı Firudin Ağayevi xatırladım. Amma sədrlə
araları sərin idi. Öz ərizəsi ilə yüksək
vəzifədən kiçik redaktorluğa keçmişdi. Səssiz-səmirsiz
başını aşağı salıb işləyirdi. Bir
az çəkinə-çəkinə:
-
Qurban müəllim, bəlkə də dediyim namizəd o qədər
də ürəyinizdən olmayacaq.
Sədri
də, müavini də maraq götürdü.
-
İndi elə vaxtdır ki, ürəyimcədir, ürəyimcə
deyil söhbətini bir kənara qoymalıyıq. Əsas budur
ki, vədimizi, sözümüzü yerinə yetirək. Mən
də yoldaş Əliyevə deyim ki...
- İnanıram hər şey yaxşı olacaq, - deyə
Elşad Quliyev söhbətə qoşuldu. - İndi imkan verək,
görək Nahidin ürəyində tutduğu adam
kimdir.
Mən
ürəkləndim:
-
Deyirəm, Firudin Ağayev bu verilişə cavabdeh olsun.
Qurban
müəllim güldü:
-
Baş redaktor kimi sən istəyirsən, deməli, biz də
istəyirik. Burada nə var ki? Küsmüşdük, indi
barışarıq, qurtarıb gedər. - Əli düyməyə
uzandı. Katibə görünəndə, - Xahiş edirəm,
tez Firudin Ağayevi çağırın, - dedi.
Az
sonra Qurban Yusifzadə bura
yığışmağımızın səbəbini
yerli-yataqlı izah etdikcə Firudinin rəng-ruhu açılır,
gözləri gülürdü. Qurban müəllim axırda
üzünü mənə tutdu:
-
Soruşmaq istəyirəm, verilişin adı nə olacaq?
Mənim
dodağım qaçdı:
- Siz
dediniz ki, veriliş bazar günü səhər-səhər
gedəcək. Elə deyilmi
-
Başqa nə söz ola bilər ki?
- Bəlkə
elə şöbənin də, verilişin də adını
"Səhər görüşləri" qoyaq?
Üçü
də birdən:
-
Çətin ki, bundan yaxşı ad tapaq, - dedilər. - Elə
proqramın boyuna biçilib bu ad.
Mən
bilirdim ki, məsuliyyət hamıdan çox mənim boynuma
düşür. Ona görə də aparıcıların da
adını dilə gətirmək istədim. Düşündüm
ki, verilişin hörmət qazanmasında, sevilməsində
aparıcıların kim olması əsəs şərtlərdən
biridir. Tanınmış səhnə ustaları Leyla Bədirbəyli
ilə Lütfi Məmmədbəyovun adlarını çəkəndə
sevindildər.
Üç
günün necə keçdiyini bilmədik.
Veriliş
hazır olanda Qurban Yusifzadənin uçmağa qanadı yox
idi.
-
İndi vaxtını yoldaş Əliyevə deyəcəyəm,
- bu sözləri dönə-dönə dilə gətirdi.
Heydər
Əliyev verilişin ilk nömrəsinə baxıb sədrə
təşəkkür etmiş, arzularını bildirmişdi.
Bazar
ertəsi televiziyanın həftə ərzində gedən
başqa verilişləri yada da düşmədi. Hamı
"Səhər görüşləri"ndən
danışırdı. Sədr də, müavin də,
ayrı-ayrı redaksiyaların əməkdaşları da.
"Səhər
görüşləri" respublikada böyük əks-səda
doğurdu, sevildi, populyarlaşdı. Mərkəzi Komitənin
plenumlarının birində Heydər Əliyev verilişi
xüsusi qeyd etdi, haqqında xoş sözlər dedi...
Növbəti
ilin avqustunda, pambıq yığımının ilk günlərində
Heydər Əliyev Saatlı rayonunun tarlalarını gəzərkən
qabaqcıl briqadaların birində ayaq saxlayıb
pambıqçı qızlarla səmimi söhbət elədi.
Ayrılanda soruşdu:
- Ay
qızlar, məndən nə istəyirsiniz, ürəyinizdən
nə keçir? Bəlkə aranızda toya hazırlaşan
var? Utanmayın, deyin. Sizə xarici mebel də verə bilərik.
Qızlar
minnətdarlıq elədilər. Utancaq bir qız istəyini
dilə gətirdi:
-
Heydər müəllim, sağlığınıza hər
şeyimiz var. Ancaq çox istəyirik ki, biz də "Səhər
görüşləri"nə baxaq. Ancaq imkanımız olmur.
Heydər
Əliyev gülümsədi:
- Axı
niyə, kim sizə mane olur?
- Yox, mane
olan yoxdur, - qız dedi. - Sübh tezdən işə
çıxırıq, başqa cür də eləyə bilmərik.
Hər dəqiqənin qiyməti var. Veriliş də
səhər saat 9-da başlayır. Olmazmı
ki, bu verilişi axşam da təkrar eləsinlər? Biz də işdən sonra rahatca oturub baxaq, gülək,
ürəyimizcə dincələk.
Heydər
Əliyev dedi:
- Ay
qızım, burada nə var ki? Bakıya qayıdanda televiziyaya
tapşırıq verərəm. Başqa nə istəyiniz
var?
- Bir
də təzə bir kitab çıxıb. Adı
"İtkin gəlin"dir. Bircə dənəsi gəlib
bizim kəndə. Qızlar növbə ilə oxuyurlar. Mən
iyirmi beşinci adamam. Heç bilmirəm növbəm nə
vaxt çatacaq?
- Sənin
növbən də çatar, - güldü Heydər Əliyev.
- Tapşırıq verərik nəşriyyata, Əlibala
Hacızadənin bu kitabını 100 min də buraxarlar. Bu
görüşdə o da bizimlə olmalıydı. Deyəsən,
bir balaca xəstələnib.
Qızlar
sevindilər. Hörmətli yazıçıya da şəfa
arzuladılar.
Çox
keçmədi ki, qızların arzusu yerinə yetirildi. "Səhər
görüşləri" televiziyanın axşam
proqramına daxil edildi. Bu söhbətdən az sonra
yazıçı Əlibala Hacızadənin bəxti
güldü, "İtkin gəlin" yüz min tirajla yenidən
çap olundu.
1974-cü
il. Göyçay rayonu tarixdə ilk dəfə idi ki,
pambıq yığımı planını sentyabrın 21-də
yerinə yetirirdi. Birinci katib Rüstəm Səfərəliyev
qocaman kommunist idi, uzun illər respublikanın rayonlarında
raykom katibi işləmişdi. Heydər Əliyevin qəbulunda
olanda belə bir xahiş eləmişdi: "Məni ən
geridə qalmış bir rayona göndərin. Əgər
pambıq planını yerinə yetirə bilməsəm, onda
təcili işdən çıxarın, partiya biletimi də əlimdən
alın".
Heydər
Əliyev gülə-gülə onun əlini sıxanda
demişdi: "Yoldaş Səfərəliyev,
sözümüz sözdü ha!"
İndi
budur, Səfərəliyev raport imzalamışdı. Heydər
Əliyev də Komitəyə tapşırıq vermişdi
ki, qələbəni televiziya və radioda geniş
işıqlandıraq. Tapşırığı yüksək
səviyyədə, ləyaqətlə yerinə yetirməliydik.
Vaxt dar idi. Ancaq ürəklərimiz gələcək
verilişin işığına bürünmüşdü.
Ədəbiyyat və incəsənət xadimlərindən
ibarət böyük briqada yaratdıq. Burda kimlər yox idi? Xalq
artisti Əli Zeynalov, əməkdar artistlərdən
Gülağa Məmmədov, Elmira Rəhimova, kinorejissor Arif
Babayev, şairlərdən Fikrət Qoca, İsgəndər
Coşğun, Səyavuş Sərxanlı, bəstəkar Ramiz
Mirişli...
Briqadamız
axşam səyyar televiziya ilə Göyçaya yola
düşdü. Səhəri gün Moskvadan, Mərkəzi
televiziyadan gündüz verilişləri fasilə verəndə
tarlada hazırladığımız "Mavi işıq"
rele xətti ilə Bakıda - televiziyanın studiyasında
lentə yazılmalı, axşam efirə verilməliydi.
Biz
gedib göyçaylıların qələbə sevincinə
qoşulduq. Zəhmətimiz hədər getmədi. Veriliş
uğurlu alındı, böyük əks-səda doğurdu. Heydər
Əliyev də verilişə baxıb telefonda sədrimizə
xoş sözlər demişdi. Bu, yaradıcı kollektiv
üçün böyük sevinc və ən böyük
mükafat idi.
Bundan
ruhlanıb həmin payız Kürdəmir, Sabirabad və
Ağdam raylonlarından da belə bayram ruhlu verilişlər
hazırladıq.
Yadımdadır,
sədrimiz professor Qurban Yusifzadənin xahişi ilə Park
küçəsindəki tikintisi hələ başa
çatmamış yay kinoteatrını bizim Komitəyə
vermişdilər. Professor çox sevinir, fəxrlə tez-tez
bizə deyirdi: "Yoldaş Heydər Əliyev bu
yarımçıq tikilini bizə bircə sözlə
bağışladı. Onu yenidən qurub Televiziya teatrı
üçün bina eləyəcəyik. Yeni il "Mavi
işığ"ını orada hazırlayacağıq. Heydər
Əliyevə söz vermişəm. Gərək
sözümüzün üstündə möhkəm dayanaq.
Ölkənin rəhbəri də baxanda xoşuna gəlsin,
bizə təşəkkür eləsin".
Q.Yusifzadə
necə demişdi, eləcə də oldu. Sədrin telefon zənginə
Heydər Əliyevin "sağ olun, yaxşı veriliş idi"
deməsi onun ən böyük mükafatı idi. Sədrin
uçmağa qanadı yox idi. Biz də onun sevincinə
qoşulmuşduq. Heydər Əliyev Komitə haqqında,
ayrı-ayrı verilişlər haqqında tez-tez fikrini
bildirirdi. Bu da biz yaradıcı kollektivi ruhlandırır, daha
yaxşı işləməyə çağırırdı.
***
Yadımdan
çıxmaz. Yazıçıların növbəti
qurultaylarının birində şair Bəxtiyar Vahabzadə
Heydər Əliyevə müraciət edərək:
-
Yoldaş Əliyev, - dedi, - vacib bir məsələni sizə
çatdırmaq istəyirəm. Özünüz də
yaxşı bilirsiniz ki, böyük Azərbaycan şairi, fəxrimiz
Füzulinin ruhu Bağdadda incidilir, qəbrini başqa yerə
köçürmək istəyirlər. Xahiş edirəm,
onun məzarının Azərbaycana gətirilməsinə
kömək edəsiniz. Bilirəm, bu çətin işdir. Ancaq
siz əl qoysanız...
Birinci
katib əsəbiləşən kimi oldu:
- Bəxtiyar,
sən də bil, qoy hamı da bilsin ki, mən əl
qoymağına qoyuram. Siz mənim ürəyimdən keçənləri
dilə gətirirsiniz. Bu yaxşıdır. Çox
yaxşı. Ancaq bir az geniş düşünmək
lazımdır. Bilirsiniz ki, buna Moskva da, Bağdad da qol
qoymalıdır. Sizin bildiyiniz, bilmədiyiniz çox çətinliklər
var. İndi gəlin görək siz bu məsələ ilə
bağlı nə iş görmüsünüz? Düşünmək,
arzulamaq hələ hər şey deyil. Salona göz gəzdirirəm.
Burada nə qədər tanınmış sənətkarlar
var. Niyə bu günəcən Moskvaya müraciət etməmisiniz?
Süleyman Rüstəm Ali Sovetin sədri, Nəbi Xəzri
Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr
Cəmiyyətinin sədri, siz də Bəxtiyar, həm
universitetin professorusunuz, həm də görkəmli şair. Niyə
bir yerə yığışıb, səsi
çıxıncaya qədər məktublarla Moskvanı silkələmirsiniz?
Oradan bir balaca səs çıxsa, tərpəniş olsa,
özünüz də yaxşı bilirsiniz ki, mən də
sidq-ürəklə sizə qoşularam, işin düzəlməsinə
nə lazımdır, eləyərəm.
Qurultay
iştirakçıları onu ürəkdən
alqışladılar. Heydər Əliyev əlini yuxarı
qaldırdı. Zal aram olanda:
-
Görürsünüzmü, - dedi, - zal da mən deyəni
deyir, sizləri, böyük sənətkarlarımızı
qınayır. Mənim əzizlərim, günü bu gündən
qələm götürün, məktubları bir-birinə
calayın. Səsi çıxıncaya qədər yazın,
yazın...
Heydər
Əliyev sənət adamlarına dərin hörmət bəsləyir,
tanınmış yazıçıları, rəssamları,
aktyorları, kino, teatr xadimlərini adbaad tanıyır,
hörmət bəsləyir, qayğısına qalır, yeri
gələndə onları yada salır, sevindirirdi. Sənət
duyğusu çox güclü idi. Bəlkə də bu, onun
uşaqlıq illərində, ilk gəncliyində
aktyorluğa, rəssamlığa meylindən, memar olmaq istəyilə
Neft və Kimya İnstitutunda (indiki Neft Akademiyası) təhsil
almasından irəli gəlirdi. Birinci katib, SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini, Azərbaycan
Respublikasının Prezidenti olduğu illərdə həmişə
sənətlə nəfəs alırdı, onun pərvazında
idi. Yazıçıların, bəstəkarların, rəssamların,
kinematoqrafçıların qurultaylarında onu Rəyasət
Heyətlərində görməyə öyrənmiş, adət
etmişdik.
1991-ci
il... Novruz bayramı... Təsirli bir epizod xəyalımda
canlanır. Heydər Əliyev Moskva ilə vidalaşıb
Bakıya qayıtmışdı. Yazıçıların
qurultayı keçirilirdi. Biz dəstə-dəstə
vestibüldə gəzişirdik. Kimsə dedi:
-
İndi Heydər Əliyev vəzifədə olsaydı,
qurultayımızı salamlayardı.
Elə
bil o böyük insan bu sözləri eşidirmiş. Birdən
onun bizə sarı gəldiyini gördük. Bir yanında
şair Xəlil Rza, o biri yanında da Rəfiq Zəka. Bizə
yaxınlaşanda əl verib, hər birimizlə doğma insan
kimi görüşdü, hal-əhval tutdu.
Zəng
çalındı. Hamımız içəri keçdik. Heydər Əlyiev
orta sıraların birində yer tutdu. Yenə də şair
Xəlil Rza ilə Rəfiq Zəkanın əhatəsində
idi. Qurultayı Birliyin sədri Anar
aparırdı. Gündəliyi oxuyub, zala üz tutdu
- Kimin
sözü, təklifi var?
Şair
Məmməd Aslan əlini qaldırıb söz aldı:
-
Anar müəllim, - dedi, - biz çox şadıq ki,
yoldaş Əliyev burada, zaldadır, qabaqkı illərdə
olduğu kimi yenə bizimlədir. Biz onu həmişə Rəyasət
Heyətində görmüşük. Gəlin bu gün ənənəni
pozmayaq, Heydər Əliyevi yuxarıya dəvət edək.
Alqış
səsləri divarları titrətdi. Anar təklifi səsə
qoydu. Hamı ürəkdən bu təklifə qoşuldu. Heydər
Əliyev ayağa qalxıb qurultay nümayəndələrinə
minnətdarlığını bildirdi. Sonra da gülə-gülə
dedi:
-
Çox sağ olun, hamınıza təşəkkür edirəm.
Düzdür, mən sizin bundan əvvəlki
qurultaylarınızda iştirak etmişəm. Həmişə
Rəyasət Heyətindən zala baxmışam. İndi isə
icazənizlə zaldan Rəyasət Heyətinə baxmaq istəyirəm.
Səmimi
gülüş gurultulu alqış dalğasına
qovuşdu...
1993-cü
ilin iyun günləri... Respublika qaynar qazana bənzəyirdi. Ölkəni
bürüyən böhran, Qarabağ müharibəsi, vəziyyətin
gündən-günə dözülməz həddə
çatması hamını qorxuya salmışdı...
Belə
bir vaxtda o, milyonların səsinə, harayına səs verib
Bakıya qayıtmışdı. Heydər Əliyev yenə
respublikanın başında idi. Xalq bütün ümidlərini
ona bağlamışdı. Sarsıntılı günlər
içində idik.
Günortaya
yaxın idi. Sədrin köməkçisi gəldi ki, yerinizdən
tərpənməyin, Heydər Əliyev sizinlə
danışacaq. Həyəcanlandım, beynimdən min fikir
keçdi: "Görəsən, nə deyəcək, nə
soruşacaq?" Dünən sədri xarici ölkəyə
müalicəyə yola salmışdıq. İki həftə
onu mən əvəz etməliydim. Bütün məsuliyyət
mənim boynumda idi.
Həyəcanla
gözləyirdim. Hər dəqiqə bir ilə
dönmüşdü. Axır ki, telefon dilləndi. Dəstəyi
götürdüm: "Gözləyin, yoldaş Əliyev
sizinlə danışacaq", - dedilər. Nəhayət ki,
Heydər Əliyevin neçə illər efirdən, ekrandan
eşitdiyim tanış səsi eşidildi. Salamlaşdıq.
İşlərimizi soruşdu. Mən də imkan daxilində
sualları cavablandırdım. Az sonra mətləbə
keçdi, səsinin ahəngi sərtləşdi:
- Niyə
Televiziya mənim kadrlarımı işləməyə qoymur?
Elə
bil məni qəfil ildırım vurdu. Bilmədim nə deyim,
nə cavab verim.
- Hə,
susursan...
-
Bağışlayın, konkret nəyi nəzərdə
tutursunuz?
(ardı var)
Nahid Hacızadə
Ədalət.- 2011.- 6 may.- S. 6.