Həyatın qaynadığı məkan

 

 (əvvəli ötən sayımızda)

 

TORPAĞIN BARI, BƏRƏKƏTİ

 

Təbii ki, Ağstafa kənd təsərrüfatı rayonudur. Burada təsərrüfatın müxtəlif sahələri ilə uzun illərdi ki, məşğul olurlar. Necə deyərlər, kənd adamları torpaqla yaşayır, torpaqla nəfəs alırlar. Ona görə də rayonun iqtisadiyyatının əsasını da məhz kənd təsərrüfatı təşkil edir. Sevindirici haldır ki, rayonda taxıl istehsalını artırmaq üçün təkcə torpaq mülkiyyətinə aid olan ərazilərdən deyil, eləcə də sahibkarlara məxsus müəyyən pay torpaqlarından da istifadə olunub.

Bunun nəticəsidir ki, yaradılmış rayon komissiyasının qərarı ilə 2541 hektar torpaq sahəsi taxıl əkininə yararlı vəziyyətə gətirilmiş və onun suvarılmasını təmin etmək üçün büdcədən vəsait də ayrılmışdı. Aqrar sahənin bir hissəsi olan komplekslərin, yəni əkinçinin təlabatını ödəyəcək müəssisələrin də işlək vəziyyətdə olması, məhsulun tədarükü, emalı üçün yararlı vəziyyətə gətirilməsi bu gün ağstafalıların əsas işlərindən biridir. Məhz aqrotexserviz xidmətləri şəbəkəsinin yaradılması, bitkiçilik, atçılıq, arıçılıq, qunduzçuluq və heyvandarlıq sahələrinin inkişafı üçün lazım olan bütün tədbirlərin görülməsi digər tərəfdən şərabçılığın, balıqçılığın, toxumçuluğun inkişaf etdirilməsi üçün də zəruri addımların atılması indi günün reallığıdır. Təkcə ötən il rayonda hər hektardan 23 senter taxıl tədarük edilmiş və bu nəticənin cari ildə də artırılacağına böyük əminlik hissi yaranmışdı. Təbii ki, bu göstərilən aqrotexniki qulluqların və torpağa əsil sahibkar kimi yanaşmanın bəhrəsidir.

 

TƏHSİL, SƏHİYYƏ, MƏDƏNİYYƏT

 

Etiraf etmək lazımdır ki, bölgələrdə, xüsusi ilə paytaxtdan nisbətən uzaq olan rayonlarımızda təhsil, səhiyyə, mədəniyyət sahələrinə bəzən kifayət qədər diqqət yetirilmir. Ancaq Ağstafada bu məsələ demək olar ki, rayon rəhbərliyinin, bütövlükdə ağstafalıların ən vacib, ən zəruri hesab etdikləri məsələ kimi hər gün diqqət mərkəzindədi. Elə bunun nəticəsidir ki, təkcə rayonda qəzalı vəziyyətdə olan məktəb binalarının müəyyənləşdirilməsi, səhiyyə və mədəniyyət ocaqlarının qeydə alınması üçün demək olar ki, yekunlaşıb. Artıq rayonda 4 saylı körpələr evinin tikintisinin Heydər Əliyev Fondu tərəfindən davam etdirilməsi, eləcə də Düzqışlaq və Tatlı kəndlərində yeni məktəb binalarının tikintisinə başlamaq üçün layihələr hazırlanıbdır. Eyni zamanda, şəhərin 1, 2 və 3 saylı məktəblərində, eləcə də Qaçaq Kərəm adına orta məktəbdə, rayon mərkəzi xəstaxanasının uşaq və doğum şöbəsində təmir, həmçinin istilik sistemlərinin qaydaya salınması işləri bütünlüklə təmin olunmuşdur. Əvvəlki illərdə olduğu kimi rayon və şəhər mədəniyyət evlərinin, dövlət rəsm qalereyasının cari təmir işləri aparılmış, uşaq musiqi məktəbində iki əlavə sinif otağının və konsert zalının tikintisinə də başlanılmışdır.

Rayonda Heydər Əliyev Muzey-Mərkəzinin işi daha da gücləndirilmişdi. Məhz bunun sayəsində Mərkəzdə xeyli sayda kütləvi tədbirlər keçirilmiş, respublika əhəmiyyətli tədbirlərin də məhz burada reallaşmasına şərait yaradılmışdı. Ötən il təhsil sahəsində Ağstafa məktəblilərinin müəyyən uğurlar əldə etməsi də təhsilə, dövlət qayğısının konkret nümunəsidir.

Bəli, bu gün Ağstafa sözün həqiqi mənasında günün tələbləri səviyyəsində yaşayır və böyük dünyaya inteqrasiya edir. Təsadüfi deyil ki, bu rayonun uğurları təkcə onun öz sakinlərini deyil, bütövlükdə Azərbaycanı sevən hər kəsi sevindirir. Azərbaycan prezidenti İlham Əliyev cənablarının dediyi kimi: "Biz Azərbaycanın inkişaf etmiş dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanmaq qüdrətində olan bir dövlətə çevrilmək istiqamətində iş aparırıq və inanırıq ki, bu istəyimizə də çatacağıq".

Həqiqətən də bölgələrimizi, xüsusi ilə Ağstafanı gəzib buradakı uğurları müşahidə etdikcə prezidentimizin fikirlərinin həyatda təsdiqini sürətlə tapdığının bir daha şahidi oluruq. Deməli, istək, arzu və torpağa sevgi, xalqa xidmət, ürəyə, düşüncəyə hakim kəsiləndə məqsədə də çatmaq asan olurmuş.

İndi Azərbaycanın çiçəklənməsində, tərəqqisində yeri olan Ağstafa rayonunun da uğurları və davamlı olan inkişafı bizə bir daha əminliklə böyük qələbələrdən danışmağa, xoşbəxt günləri göz önünə gətirməyə imkan yaradır. Düşünürük ki, məhz regionlarımızın, o cümlədən də Ağstafanın daha böyük uğurları hələ qarşıdadı. Bu bölgənin insanları daha yaxşı yaşamağa, daha böyük uğurlara imza atmağa həm qadirdi, həm də layiq.

 

 

Ceyhun RÜSTƏMOV

 

Ədalət.- 2011.- 6 may.- S. 7.