Kağızdan daşa doğru

 

Yazıçı Kamal Abdullanın "Unutmağa kimsə yox" romanı haqqında

 

"Kor - kor, gör - gör, bu gün ədəbi tənqidimiz artıq ədəbiyyata nə hərəkətverici, nə də istiqamətverici təsir göstərə bilir. Sovet dönəmindən fərqli olaraq, ədəbiyyat köhləninin yüyəni həqiqi sahiblərinin - yazıçının və onun təriyinə aldığı oxucunun əlindədir. Bukünkü ədəbi prosesi simvolik olaraq sürünənə bənzətsək, yazıçı, şair bu sürünənin başı, tənqidçi isə onun quyruğudur və bu quyruq bu başın arxasınca sürünməyə məhkumdur. Yəni günümüzün yaradıcılığından tənqid qoxusu gəlsə də, günümüzün ədəbi tənqidindən yaradıcılıq qoxusu gəlmir" - deyib keçək mətləbə, yəni son dövrlər istər ədəbiyatşünasların, istərsə də sıravi oxucuların diqqətini özünün yeni romanlarına cəlb etmiş yazıçı-alim Kamal Abdullanın yenicə çapdan çıxmış "Unutmağa kimsə yox" romanının oxucu düşüncəsindəki görünümünə.

Kamal Abdullanın bədii yaradıcılığının onurğasını təşkil edən SİRR AXTARIŞI əvvəlki iki romanda - "Yarımçıq əlyazma"da və "Sehrbazlar dərəsi"ndə - olduğu kimi, bu romanda da davam edir. Lakin bu romanda axtarış daha da qəlizləşir. "Yarımçıq əlyazma"da sirli yazı şəhərin göbəyində, Əlyazmalar İnstitutunda tapılırsa, "Unutmağa kimsə yox" romanında bu yazı Vəng dağındakı qaranlıq bir mağarada üzə çıxır. Birinci romanda söhbət qədim mətnin bərpasından gedirsə, bu romanda işlər daha da mürəkkəbləşir: yazı, ümumiyyətlə, oxunmur. Onu bərpa etmək yox, oxumaq lazımdır. Yazı tarixinin daşdan kağıza uzanan yolu geri qayıdır; kağızdan daşa doğru. "Yarımçıq əlyazma" mətnin sirri haqqındadırsa, "Unutmağa kimsə yox" sirli mətn haqqındadır və bu iki romanı belə indeksləşdirmək olar: mətndəki sirrin və sirdəki mətnin axtarışı.

Proses isə sadədən mürəkkəbə, reallıqdan möcüzəyə, institutdan mağaraya doğru irəliləyir; bərpası mümkün olan mətndən, oxunması mümkün olmayan mətnə doğru, üstəgəl, indi xəbərdarlıq da olunub; sirri açan - yazını oxuyan ölümə məhkumdur. Necə ki, Misir fironlarının, Səmərqənd fatehi Teymurləngin qəbrinin açılmaması haqqında bu cür xəbərdarlıqlar edilmişdi. Hər iki romanda yazıçı gələcəyin deyil, keçmişin, qədimliyin sirrini axtarır, bu axtarışın isə sonu görünmür; insan övladının ilk cızığı, ilk hərfəbənzəri daşa nəqş etdiyi tarixin əbədi zülmətə qərq olmuş dərinliyinə qədər uzanır. Çünki keçmiş də, gələcəyin özü qədər sirli və naməlumdur.

Nə üçün məhz mağara? Çünki istər yunan mifologiyasında, istərsə də ondan qaynaqlanan Şərq əsatirlərində mağara hansısa yırtıcının daldalanacağı deyil, məhz sirrin gizləndiyi, yaxud gizlədildiyi yer, aləm kimi təsvir olunur. Odisseyin, daha sonra Basatın sirli bədheybət məxluqla qarşılaşdığı, İsa peyğəmbərin çar İrodun qətliamından gizlədildiyi, bütpərəstlik dövründə bir neçə gəncin hökmdarın zülmündən qaçıb sığındığı, Allahdan qeyb olmalarını diləyərək üç yüz il yuxuya getdikləri və bu gün də Quranın "kəf" surəsinin ayələri yazılmış daşların olduğu Əshabi-kəhf, Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrət edərkən təqib olunduğu və hörümçəyin ağzına toxuduğu torla düşməndən gizləndiyi Sevr və s. mağaraları yadımıza salaq. Demək istədiyimiz odur ki, Kamal Abdullanın bu romanda sirrin yuvası kimi mağaranı seçməyi heç də təsadüfi deyildir.

Roman "Unutmağa kimsə yox" adlandırılsa da ana süjetin bətnində məhz xatirələrdən, özü də sevgi xatirələrindən ibarət gizlin bir süjet də vardır ki, oxucu nə qədər unutmağa kimsənin olmadığı iddiası ilə razılaşmaq istəsə də, bu gizlini görməyə bilmir. Övladı da, qadını da sevgiylə həm xoşbəxt, eyni zamanda həm də zay etmək mümkündür. Romandakı sevgi xatirələri adamın yadına Əli Kərimin şeirindəki atanın sevgisini salır: "can deməkdənsə, can verməyi" üstün tutan kişi sevgisini.

Romanda Moskvada qar altında Afaqın yolunu gözləyən və yarım saat gecikən qadının qarasınca gənc alim F.Q.-nın dilindən deyilən "Mən heç Merlin Manronu da bu qədər gözləməzdim" sözlərini biz oxucular özümüz üçün necə izah etməliyik? Kişinin ötəri eqoizmi, yoxsa qadının əbədi əlçatmazlıq iddiası kimi? Çünki yazıçı bu yerdə nə F.Q-nın nə də Afaqın tərəfini saxlayır, o, sevginin tərəfindədir və elə buna görə də F.Q-nı daha on beş dəqiqə qar altında saxlayır, Afaqı isə daha on beş dəqiqə yubadır, lap Salam Sarvanın şeirindəki kimi "sevinc yubanırsa, demək böyükdür".

Və bu sevgi xatirələri romanda mağaradakı yazının sirrini tapmağa cəhd göstərən üç tənha kişiyə - yazını mağarada ilk dəfə görən qoca Bəhrama, sovet sədri ahıl Mübarizə və gənc alim F.Q-ya - məxsusdur: Vəng dağının ətəyində özləri özlərinə çay dəmləyən, süfrə açan, ürək-dirək verən, üzdə gündəlik işlərdən danışsalar da, daxildə özləri özləriylə pıçıldaşan - romanda obrazların daxili və zahiri dialoqların paralelliyi də ustalıqla qələmə alınıb - üç tənha kişiyə. Sirrin açılmasında həmişə olduğu kimi qadın iştirak etmir. Sirr yalnız kişiyə agah ola bilər. Çünki bu ilahi yoldur, çünki Tanrının öz sirrini açdığı Peyğəmbərlərinin arasında da bircə nəfər də qadın olmayıb. Çünki qadına açılan sirr artıq sirr deyil, kütləvi informasiyadır.

Romanda kəndlə bağlı təsvirlər də çox canlıdır. Buradakı kənd bizim ənənəvi romanlarda oxuduğumuz şəhərdə xatırlanan kənd deyil, elə kəndin özündəki kənddir. "Unutmağa kimsə yox" romanından bir oxucu kimi mənim yadımda çox şey qaldı: onların arasında ən balacası kənddə, yatarkən baş barmağını soran çağadır.

 

 

Aqşin Yenisey

 

Ədalət.- 2011.- 7 may.- S. 5.