"QARABAĞ DÜŞMƏNDƏN AZAD OLANDA..."

 

Simax Şeyda: "İstədim uşaq şeirləri ilə Qarabağ adlı dərdimizi uşaqlar da bilsinlər, işğal olunmuş rayonlarımızı tanısınlar və heç vaxt unutmasınlar"

 

Simax Şeyda adı gələndə ilk yada düşən "Tülkü-tülkü tünbəki" uşaq şeiri olur. Orta və nisbətən yaşlı nəslin nümayəndələri uşaqlıq illərində bu şeiri sevə-sevə oxuyub, dərhal da əzbərləyirdi. Elə həmin vaxtlarda bu kimi maraqlı uşaq şeirləri yazan şairin dağ yəhudisi olduğunu yəqin ki, bu gün də çoxları bilmir.

S.Şeyda həm orta, həm də ali təhsilini Azərbaycan dilində aldığı üçün dilimizin incəliklərinə dərindən bələd olub. Ona görə də yazdıqları böyüklər və balacalar tərəfindən həvəslə oxunur. Onun "Təyyarə", "Mən balaca kosmonavtam", "Meşəli qız", "Yoxdur belə nənədən, “Bir xoruzum var" və s. bu kimi şeirləri balacaların dillər əzbəridir.

Son 15 ili səhhətində yaranan problemlə əlaqədar Almaniyada yaşamağa məcbur olan şair, ən azından ildə bir-iki dəfə vətəni Azərbaycana gəlməsə, yaşaya bilməz. Amma bu dəfə ki, gəlişi Azərbaycan Yazıçılar Birliyinin dəvəti ilədir. Axı uşaqların sevimli şairi Simax Şeydanın 75 yaşı tamam olur. Azərbaycan və İsrail Yazarlar Birliyinin üzvü olan şairin vətənə qısa müddətli gəlişində onunla görüşüb, həmsöhbət olduq. Yaşının bu ahıl çağında da yorulmadan yazıb-yaradan, hətta Qarabağ dərdini belə uşaq şeirlərinin dili ilə yazıb az da olsa, təsəlli tapan Simax müəllimlə olan şirin söhbətimiz inanırıq ki, həm balacalar, həm də böyüklər üçün maraqlı olacaq.

- Simax müəllim, son 15 ildir ki, Almaniyanın Münxen şəhərində yaşayırsınız. Qürbətdə olsanız da, yazdığınız həm uşaq, həm də vətənpərvərlik şeirlərinizin hər bir sətrində vətən həsrəti duyulur, Azərbaycan yanğısı baş qaldırır. Bizim üçün bilmək maraqlıdır ki, uzaq Almaniyadan Azərbaycan necə görünür?

- Bilirsiniz, mən həmişə Azərbaycan eşqi ilə yaşamışam. Axı mən gözümü dünyaya bu torpaqda açmışam, burada boy atıb, bu torpağın havası, suyu və çörəyi ilə böyümüşəm. Ona görə Almaniyada olsam da bir an belə vətinimizi unutmuram. Əksinə, vətəndən aralı keçən hər gün mənim vətən sevgimi bir az da artırır. Azərbaycan sevgisi mənim qəlbimdədir, ölənəcən mənimlə olacaq. Hər dəfə Azərbaycana gəlib-gedəndən sonra elə hey növbəti səfərim barədə fikirləşirəm ki, bu, vaxt baş verəcək? Almaniyadan televiziyalar vasitəsi ilə Azərbaycanda gedən tikinti-quruculuq işlərini, mədəniyyət sahəsindəki yenilikləri, hörmətli Mehriban xanımın rəhbəri olduğu Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam müsabiqəsini digər maraqlı prosesləri izləyirəm. Hətta ara-sıra İctimai Televiziyadan yayımlanan "Qərib axşamlar" verilişinə telefonla qatılıb, ürək sözlərimi deyirəm vətənlə ünsiyyətdə olduğum üçün bir az təsəlli tapıram. Yəni uzaq Almaniyadan Azərbaycan bizim üçün əlçatmaz deyil.

- Biz bilirik ki, Azərbaycan şairlərinin şeirlərini dağ yəhudilərinin dilinə çevirib antologiya halında çap etdirmisiniz və onları hər yerdə təbliğ edirsiniz. Hansı həvəs və gücdür sizi Azərbaycan şeirlərinə, ədəbiyyatına bu qədər bağlayan və hansı Azərbaycan şairlərini özünüzün müəllimi sayırsınız?

- Elçin müəllim, mən Azərbaycan şeirləri ilə dil açmışam. Məni Azərbaycan şeirləri şair eləyib. Azərbaycan poeziyasının təsiri ilə şeir yazmağa başlamışam. Hələ uşaq ikən mən Abdulla Şaiqin, Mirvarid Dilbazinin, Mikayıl Rzaquluzadənin, Mir Mehdi Seyidzadənin şeirlərini çox böyük həvəslə oxuyardım. Bu böyük şəxsiyyətlərin şeirlərinin təsiri ilə mən də uşaq şeirləri yazmağa başladım. Bu gün mənim şair kimi yetişməyimdə bu şəxsiyyətlərin rolu əvəzsizdir və mən onları özümə ustad sayıram. Ona görə də qərara gəldim ki, mənim şair kimi taleyimdə böyük rol oynayan Azərbaycan ədəbiyyatını, şairlərini dağ yəhudiləri də oxusun. Bu məqsədlə Nizami Gəncəvidən, Məhsətidən, Xəqanidən, Fizulidən, Nəsimidən tutmuş müasir Azərbaycan şairlərinə qədər, hamısını tərcümə etməyə başladım. Hərəsindən 3 ya da 4-5 şeir olmaqla birinci kitabda 75 Azərbaycan şairinin şeirlərini tərcümə edib 2006-cı ildə antologiya şəklində çap etdirmişəm. İkinci kitab üçün də 50 şairin şeirlərini tərcümə etmişəm və o da bu yaxınlarda çap olunmalıdır. Bunları mən özümə mənəvi bir borc bilmişəm. Mən Nizamini, Xəqanini, Füzulini, M.Müşviqi, S.Vurğunu, R.Rzanı, M.Dilbazini, A.Şaiqi, M.Arazı, N.Həsənzadəni, B.Vahabzadəni, C.Novruzu, Ə.Kərimi, Ə.Kürçaylını, S.Tahiri və neçə-neçə belə şairləri necə tərcümə etməyə bilərəm? Axı, bu dahilərin şeirləri mənim qanıma, canıma hopub. Ona görə də istəyirəm ki, Azərbaycan şairlərini dünya xalqları da tanısın və Azərbaycanın necə böyük dahiləri olduğunu bilsinlər. Azərbaycan poeziyası axar su kimi dup-durudu və bu poeziya çoxşaxəli, həmçinin çox zəngindir. Müasir Azərbaycan şairlərindən N.Həsənzadəni, M.Arazı, B.Vahabzadəni, S.Tahiri çox böyük həvəslə, sevə-sevə tərcümə etmişəm. Bunların içərisində Məmməd Araz şeirinin fəlsəfəsi, vətənin dağlarına, daşlarına, çöllərinə, meşələrinə, çaylarına, bulaqlarına yazdığı şeirləri məni həmişə özünə çəkib. Dağ yəhudilərinin dilinə çevirdiyim kitabda M.Arazın 3 şeirini - "Göy göl", "Salamat qal" və "A zalım" - şeirlərini tərcümə edib vermişəm. Onu da deyim ki, o birilərindən fərqli olaraq, həmin şeirləri birnəfəsə, fasilə vermədən tərcümə etmişəm. N.Həsənzadənin ürəyə yaxın, insan ruhunu oxşayan şeirlərini, S.Tahirin Təbriz həsrətli şeirlərini tərcümə etdikcə böyük zövq almışam. N.Həsənzadə ilə tanışlığım 1952-ci ildə Azərbaycan Yazıçılar İttifaqının Gəncədəki filialında tanış olmuşuq. Məmməd Arazla tanışlığım isə 1956-cı ildən başlayıb. O vaxt "Ədəbiyyat" qəzetində M.Arazın, (o vaxt imzası Məmməd İbrahim idi) mənim və Tofiq Bayramın şeirləri yan-yana dərc olunmuşdu. O çox böyük şair idi. Allah ona, B.Vahabzadəyə və digər dünyasını dəyişən şairlərimizə rəhmət eləsin.

- Simax müəllim, sizi hamı uşaq şeirlərinin müəllifi kimi tanıyır. Uşaqlar üçün şeir yazmaq isə çox çətindir. Sizin uşaqların iç dünyasına belə bələd olmağınızın kökü haradan qaynaqlanır?

- Mən hələ orta məktəbdə oxuyarkən ədəbiyyata vurğun idim. Ədəbiyyat dərslərində müəllim həmişə dərsi məndən soruşardı. Hələ o zaman Abdulla Şaiqin uşqlar üçün yazdığı şeirlər, nağıllar məni özünə çox çəkirdi. Bundan başqa M.Dilbazinin, M.Rzaquluzadənin, M.Seyidzadənin də uşaqlar üçün yazdıqları şeirləri çox böyük həvəslə əzbərləyib dərsdə danışırdım. Rəşid bəy Əfəndiyevin "Durna" şeirini isə söyləməkdən yorulmurdum.

Elə bu kimi şeirlərin təsiri ilə 13 yaşımda ilk şeirimi yazdım və bəyənildi. Beləliklə bir-birinin ardınca uşaq şeirləri yazmağa başladım. Yazıçılar İttifaqının Gəncədəki filialında hörmətli yazıçı Altay Məmmədov və digərləri məni daha da həvəsləndirirdilər ki, uşaq şeirləri səndə yaxşı alınır. Mənim işıq üzü görmüş 18 kitabımdan 8-i uşaqlar üçündür.

- Bildiyimiz kimi, hər şairin bir şah əsəri olur. Mənə elə gəlir ki, sizin də şah əsəriniz "Tülkü-tülkü tünbəki"dir. Necə oldu ki, hər dövrün uşaqlarının sevdiyi belə bir şeir yarandı?

- Mən heyvanlar aləmi ilə çox maraqlanırdım. Onlara çoxlu şeir həsr etmişəm. Bəzən bu şeirləri tapmaca şəklində yazırdım. Məsələn, hər hansı bir heyvanın əlamətlərini şeirdə təsvir edirdim və soruşurdum ki, tapın görək bu hansı heyvandır və axırda da həmin heyvanın adını yazırdım. Bu da uşaqların düşünmək qabiliyyətinin inkişaf etməsinə kömək edir. Beləliklə də "Tülkü-tülkü tünbəki" şeiri yarandı və çox uğurlu alındı. Bütün uşaqlar o şeiri həvəslə və çox asan öyrənirlər. Sonralar bu adda uşaqlar üçün pyes də yazdım. Bu pyes uzun müddət Kukla Teatrının səhnəsində oynanılıb. "Tülkü-tülkü tünbəki" şeiri ilk dəfə 1961-ci ildə "Təyyarə" adlı kitabımda çap olunub və populyarlıq qazanıb. Həmin kitab tez bir zamanda satılıb qutarmışdı. Kitabda "Təyyarə" şeiri belə idi:

 

Quş boydasan göy üzündə,

Görürəm mən səni gündə,

Buludları yara-yara,

Hey uçursan uzaqlara.

Arzum budur böyüyəndə

Təyyarəçi olum mən də.

 

Uşaqlar üçün belə şeirlərim çoxdur.

- Sizin uşaqlar üçün yazdığınız şeirlər adət etdiyimiz 11 hecalıdan fərqli olaraq 5,7,8 hecalıdır. Bunun səbəbini deyə bilərsinizmi?

- Bilirsiniz, uşaq şeirləri çox sadə və asan dildə olmalıdır. 11 hecalı şeirləri balaca uşaqlar üçün öyrənmək çətindir. Amma 5,7,8 hecalı şeirləri çox asanlıqla oxuyub, əzbərləyə bilirlər. Mənim 11 hecalı şeirlərim də çoxdur. Amma onlar uşaq şeirləri deyil. Uşaq şeirlərim belə asan qavranıldığına görə hörmətli bəstəkarımız Oqtay Zülfüqarov bir çox şeirlərimə uşaq mahnıları bəstələyib. Məsələn, "Təyyarə", "Saat" və s. "Bir xoruzum var" şeirinə isə Zaqataladakı musiqi məktəbinin müəllimi Xalid Qədirov musiqi bəstələyib. O musiqi uzun müddət radioda səslənib və bu gün də ara-sıra efirə verirlər. Həmin mahnı radionun qızıl fondunda saxlanılır. Burada söhbət oyuncaq xoruzdan gedir və belə xoruzu mən ilk övladım olan qızıma almışdım. O da bu hədiyyəyə çox sevinmişdi. Mən də onu beləcə bir şeirə çevirdim.

- Sizin uşaq şeirlərinizdə bir maraqlı məqam da var. Belə ki, siz Qarabağ dərdini uşaq şeirlərinə çox asan yerləşdirə bilirsiniz. Sadə uşaq dili ilə o boyda problemə münasibətinizi ortaya qoyursunuz, yanğınızı bildirirsiniz. Necə alınır bunlar sizdə?

- Bilirsiniz, Elçin müəllim, bütün bu Qarabağ hadisələri, orada yaşanan faciələr, müsibətlər mənim gözümün qarşısında baş verib. Xocalı hadisələrindən, xüsusi ilə körpə uşaqların qar üstündə donmuş cəsədlərini görəndən sonra çox sarsıldım. Erməni cəlladlarına həmişə lənətlər yağdırıram. İnsan olan kəs də bu qədər vəhşilik edərmi? Qarabağa, Şuşaya və digər işğal olunmuş rayonlarımıza şeirlər həsr etmişəm. Amma istədim ki, uşaqlar da bu dərdimizi bilsinlər, işğal olunmuş rayonlarımızı tanısınlar və heç vaxt unutmasınlar. Ona görə də çalışdım ki, elə yazım balacalar da oxuyub, öyrənə bilsinlər və vətənpərvər ruhda böyüsünlər. Qarabağ dərdi heç vaxt məni tərk etməyib. Almaniyada yaşasam da, Qarabağ haqqında çoxlu şeirlər yazmışam. Onlardan "A qardaş" şeiri belədir:

 

Yenə də ürəyim qan ağlayır, qan,

Qurumur gözümün yaşı, a qardaş!

Gözəl Qarabağın, cənnət məkanın,

Qalmır daş üstə daşı, a qardaş!

 

Getməz ürəyimdən Xocalı dərdi,

Neçə növcavanın, qocanın dərdi.

Qovun Qarabağdan qovun namərdi,

Göynəyir qəlbimin başı, a qardaş!

 

Şuşa da bizimdir, Laçın da bizim,

Vardır o yerlərda cığırım, izim.

Tezliklə düşmənin bükülər dizi,

Alar öz payını yaxşı, a qardaş!

 

Mənim bu səpkili şeirlərim, qəzəllərim çoxdur. Uşaqlar üçün də "Xocalıda", "Azad edək" və s. şeirlər yazmışam. Bu şeirlər yazılandan sonra özümdə mənəvi bir rahatlıq tapıram. Axı, mən Şuşada, Laçında, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Ağdamda, Füzulidə, Xankəndində dəfələrlə olmuşam. İndi o yerlərə gedə bilmədiyim üçün ürəyim ağrayır. Ancaq inanıram ki, hörmətli prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə o torpaqlar işğaldan azad olunacaq. Bu barədə qəzəlimin birində deyirəm ki, Qarabağ azad olunsun, Simax Şeyda orada bir qurbanlıq qoç kəssin. Başqa bir şeirimdə isə deyirəm:

 

Əngin üfüqlərdə bir quş olaydım,

Qürbətdən vətənə uçmuş olaydım.

Qarabağ düşməndən azad olanda

O qədər içəydim bihuş olaydım.

      

Mən xalqımıza bunu arzu edirəm ki, Qarabağ azad olunsun, məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıtsınlar və o yerlərdə toy-büsatlar qurulsun.

- Nəhayət, beləcə yaza-yaza Simax Şeyda gəlib çıxdı 75 yaşına. Deyəsən, 75 illik yubileyiniz bir neçə yerdə qeyd olunacaq...

- Bəli, bu doğrudur. Sağ olsun bizim dövlətimiz, onun rəhbərləri, bir çox səlahiyyətli yoldaşları və qədr bilən xalqımızı ki, bu yubileyə şərait yaradıblar. Mən Almaniyada yaşasam da bilirlər ki, Azərbaycan vətəndaşıyam, həmişə ürəyim Azərbaycanla döyünüb. Ömrümün 60 ili burada keçib. İndi AYB-nin sədri hörmətli Anar müəllimlə görüşmüşəm, "Natəvan" klubunda mayın 18-də mənim yubileyim qeyd olunacaq. Ondan əvvəl isə mayın 12-də Qubada belə bir tədbir keçiriləcək, Bakıdakı dağ yəhudilərinin klubunda da mənim yubileyim qeyd olunmalıdır. Elə bu ərəfədə uşaqlar üçün "Qızım qızlar içində" adlı bir kitabım da çap olunacaq. Kitabda uşaqlar üçün "Axtarış" adlı bir pyesim də var. Yəni yubileyə əliboş gəlməmişəm. İnanıram ki, bu kitabım da o birilər kimi, uşaqların xoşuna gələcək. Nə qədər canımda can var, uşaqlar üçün yazıb-yaradacağam. Yubiley tədbirlərini təşkil edənlərin hər birinə dərin minnətdarlığımı bildirirəm.

- Biz də sizin 75 illik yubileyinizi ürəkdən təbrik edirik. Sizə hələ bundan sonra da 100 il yaşamağı və həmişə də uşaqlar üçün yazıb-yaratmağı arzu edirik.

- Mən də sizə, "Ədalət" qəzetinin rəhbərliyinə, bütün kollektivinə təşəkkür edirəm ki, məni yada salıblar, diqqət göstəriblər. Bilirsiniz, bayaq dediyim kimi, ömrümün 60 ilini bu torpaqda yaşamışam. 1936-ci ildə Oğuzda doğulmuşam, Gəncədə boy atmışam, Bakıda yaşayıb-yaratmışam. Bu yerlərdə, mənim çoxlu şair dostlarım, sevdiyim insanlar var. Burada Azərbaycan ədəbiyyatının ruhu var. Mən Azərbaycan ədəbiyyatının vurğunuyam. Nə qədər canımda can var, bu ədəbiyyatı sevəcəyəm, təbliğ edəcəyəm. Mən Azərbaycan ədəbiyyatının, poeziyasının qarşısında baş əyirəm.

- Çox sağ olun.

 

 

Elçin MƏMMƏDLİ

 

Ədalət.- 2011.- 7 may.- S. 10.