BÖYÜK ÖMÜRDƏN SƏHİFƏLƏR

 

(əvvəli ötən sayımızda)

 

- Dünənki "Günün ekranı"nı deyirəm. Babaxan müəllimin adamları piket keçirirdilər. Siz də çəkib belədən-belə göstərirdiniz. Axı təhsil naziri Lidiya Rəsulova əlindən gələni eləyir, gecə-gündüz çalışır. Mən də bilirəm vəziyyət çətindir. Biz də gecə-gündüz çalışırıq. Hər şey Lidiya Rəsulovanın əlində deyil ki?

Ani olaraq bir əhvalat beynimdən keçdi. "Kommunist" (indiki "Azərbaycan") nəşriyyatında respublikanın rəhbər ideoloji işçilərinin müşavirəsi keçirilirdi. Heydər Əliyev başda olmaqla Büro üzvlərinin hamısı orada idi. Rayonların birinci katiblərindən də Rəyasət Heyətində olan var idi. Müşavirəni Heydər Əliyev açdı. Bir neçə kəlmə demişdi ki, arxadan bir qadın cəld addımlarla irəli gəldi. Çaşqın halda boş yerlərdən birində oturdu. Bu, gülüş doğurdu.

Heydər Əliyev elə o an gülüşü qılınc kimi kəsdi:

- Yoldaşlar, hər birimiz gecikə bilərik. Saat da yatar, lift də işləməz. Nə bilim daha nələr, nələrg Əlbəttə, çalışmaq lazımdır ki, heç yerə gecikməyək. Bizim bu Lidiya Rəsulova birinci dəfədir ki, belə gecikir. Kaş raykom katiblərindən heç olmasa yarısı Lidiya Rəsulova kimi ürəklə işləyəydi.

Alqış qopdu. Bu, Heydər Əliyevə xüsusi ləzzət elədi, bu onun sözlərinin təsdiqi idi.

Heydər Əliyev qayıtdı ki:

- Sizin qurum Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlanır. Yəqin ki, bunun mənasını, məsuliyyətini duyur, hiss edirsiniz?

- Əlbəttə, cənab Heydər Əliyev.

- Bilin ki, siz həmişə dövlətin sözünü deməli, siyasətini yerinə yetirməlisiniz. Bu, sizə aydındır?

- Bəli, bizim əsas vəzifəmiz...

Sözümü yarımçıq kəsdi:

- Yaxşı, söhbəti çox da uzatmayaq. Daha diqqətli, məsuliyyətli olun. Eşidirsiniz, daha diqqətli, məsuliyyətli...

Həyəcanlı, gərgin, ümid dolu günlər... Axşamdan xeyli keçmişdi. Sədrin köməkçisi gəldi ki, dağılışmayın, bu gün Heydər Əliyev Komitənin rəhbər işçilərini qəbul edəcək.

- Saat neçədə? - deyə soruşdum.

- Hər halda saat 12-dən tez olmaycaq, - köməkçi dedi.

Gecə yarı idi. Biz - sədr başda olmaqla, müavinlər, proqram direktorları, "Günün ekranı", "Günün səsi" proqramlarının baş redaktorları və digər qəbula gələnlər vestibüldəki kreslolarda əyləşib intizarla içəriyə dəvət olunmağımızı gözləyirdik...

Vaxt keçdikcə Heydər Əliyevin yanından səfirliklərin, agentliklərin nümayəndələri, xarici jurnalistlər, müxtəlif peşə və sənət sahibləri çıxırdılar. Saat üçə yaxın mətbuat xidmətinin tanış əməkdaşı bizə yaxınlaşdı:

- Darıxmayın, adamlar seyrəlir, indicə sizi də qəbul edəcək.

Yenə xeyli gözləməli olduq. İçəri girəndə o, uzun otaqdakı stolun arxasından qalxıb bizə sarı gəldi. Yorğun, yuxusuz görünürdü.

- Yoldaşlar, özünüz də görürsünüz ki, səhərə az qalıb, - dedi. - Bilin ki, mənim hər günüm belə keçir. İşiniz barədə hərtərəfli informasiyam var. Mən radio, televiziyaya bağlı adamam. Onun gücünü yaxşı bilirəm. Xəbər proqramlarına demək olar ki, hər gün baxıram. Əlbəttə, hər şey mən deyən səviyyədə deyil. İşinizdə yüksək vətəndaşlıq duyğusu, məsuliyyət hissi, siyasi düşüncə yüksək olmalıdır. Sizdən narazılıq da var, tələb, məsuliyyət də öz yerində. Çalışın ki, belə gərgin görüş bir də təkrar olmasın. Dediklərim sizə aydındır?

- Aydındır, - sədr dedi.

 

***

 

Ali Sovetin sədr müavini Afiyəddin Cəlilovla xoş münasibətimiz var idi. O, gündə bir neçə dəfə zəng edir, Heydər Əliyevin tapşırıqlarını mənə yetirirdi. 1993-cü il iyunun 17-də axşamdan xeyli keçmiş, yenə zəng vurdu ki, sabah saat 10-da Heydər Əliyev canlı yayımla xalqa müraciət edəcək. Studiyanı hazırlatdırın. Verilişin başlamasına az qalmış vaxtı elan edin.

Səhəri gün dəhlizə ayaqaltı saldırdım. Canlı yayımlar üçün ayrılan radiostudiyaya əl gəzdirdilər. Stolu, stulu dəyişdirdik. Mən tanınmış diktorlarımızdan üç nəfəri - Roza Tağıyeva, Ofeliya Sənani və Tamilla Məmmədovanı studiyaya çağırdım ki, Heydər Əliyevi qarşılasınlar. Özüm isə Komitənin həyətinə düşdüm. Darvaza açıldı, Ali Sovet sədrinin maşını həyətə daxil oldu. Beynimdən keçirdim: "Gör neçə illərdir ki, bu qapıdan içəri girməyib". Heydər Əliyevin əlini sıxıb, "Xoş gəlmisiniz", dedim.

O, illər boyu Mərkəzi Televiziya üçün hazırlanmış verilişlərin, filmlərin əvvəlində söz deyir, çıxış eləyirdi. Ona görə də böyük studiyanın yolunu yaxşı tanıyırdı. İçəri girəndə başqa istiqamətə gedən ayaqaltını görüb ayaq saxladı:

- Biz hansı tərəfə gedəcəyik?

Mən ayaqaltı döşənmiş səmti göstərdim. Studiyanın qarşısında qızlar bir ata kimi üzündən öpüb, onu təbrik etdilər. Heydər Əliyev çox təsirlənmişdi, gözləri də yaşardı. Təbəssümlə:

- Qızlar, siz mənim üçün darıxdığınız kimi, mən də sizin üçün darıxmışam, - dedi. - İndi Bakıdayam. Bundan sonra tez-tez görüşəcəyik.

Sonra mənə sarı döndü:

- Məni çox həyəcanlandırdınız. Elanı təkrar elətdirin. Nə fərqi, ya beş dəqiqə o yan, ya bu yan.

Heydər Əliyevin səsində yorğunluq, həyəcan açıq-aydın hiss olunurdu. O, ictimai-siyasi hadisələrin gərginliyindən, prezident Elçibəyin gözlənilmədən səssiz-küysüz Bakıdan ayrılmağından, görüləcək tədbirlərdən, xalqa inamından, qarşıda duran vəzifələrdən ətraflı söz açdı.

Biz studiyaya girəndə dəhlizdə heç kəs gözə dəymirdi. Çıxanda isə foye adamla dolu idi. Hamı Heydər Əliyevi yaxından görmək istəyirdi. İzdiham tərpəndi. Əl çaldılar, Heydər Əliyev də əlini yuxarı qaldırıb televiziya və radio işçilərini səmimi salamladı. Qabaq cərgədə dayanmış tanınmış jurnalist Nadejda İsmayılova irəli çıxıb ona əl uzatdı.

- Heydər Əliyeviç, məni xatırlayırsınızmı? - dedi. - Bir vaxt sizdə olmuş, Zərifə xanımdan veriliş hazırlamışdım. Sonra mənə sizin təşəkkürlərinizi çatdırdılar.

Heydər Əliyev gülə-gülə dedi:

- Əlbəttə ki, xatırlayıram. Buradakıların çoxunu tanıyıram.

Hər dəqiqənin qiyməti var idi. Biz sədrin otağına keçdik. Heydər Əliyev pencəyini çıxarıb stulun başına keçirdi.

- Ürəyim yanır, bir stəkan çay gətirsinlər.

Çaydan iki-üç qurtum almışdı ki, qapı açıldı. Gələnlər ANS televiziya kanalının əməkdaşları idi. Müsahibə almaq istəyirdilər. Onlardan gözləməyi xahiş etmək istəyəndə Heydər Əliyev bunu duymuş kimi:

- Qoy qalsınlar, - dedi.

Qalxıb tez pencəyini geyindi. Yorğun olsa da fikrini cəmləyib, yerli-yataqlı müsahibə verdi.

Onlar gedəndən sonra mənə çoxlu suallar, sonra da tapşırıqlar verdi. Ayrılanda da sözü bu oldu:

- Yaxın günlərdə Komitəyə sədr təyin edəcəyik. Hələlik isə bütün yük, məsuliyyət sizin boynunuzdadır. Çalışın işlər qaydasında olsun. Mənim tapşırıqlarımı Afiyəddin Cəlilov sizə çatdıracaq. Özünüz də bilirsiniz ki, bu saat televiziya bizə dayaqdır. Sözümüzü xalqa onun vasitəsilə çatdırırıq.

- Əlbəttə ki, belədir, - dedim. - Biz də var gücümüzlə çalışırıq.

Sözüm Heydər Əliyevin xoşuna gəldi.

Hamı yaxşı bilir ki, 1993-94-cü illər çox çətin, qarışıq, ağrılı-acılı bir vaxt idi. Ölkə məhvərindən çıxmışdı. Qarabağ faciəsi, qaçqınların, köçkünlərin bitib-tükənməyən dərdləri, ölkəni bürüyən hərc-mərclik baş alıb gedir, hərənin ağzından bir avaz gəlirdi. Sadə insanlar, bütövlükdə xalq sakit həyat istəyir, gün-güzəran barədə düşünürdü.

Coşub-daşan hadisələrin cilovu Heydər Əliyevin əlində idi. O, gecə-gündüz hadisələri yığıb-yığışdırmaq, bir məcraya, bir axara salmaq istəyirdi.

Mən radio, televiziya jurnalisti, yazıçı kimi hər gün, hər saat bu hadisələrin dalğasını hiss edir, duyurdum. O zaman televiziyada sədr müavini işləyirdim. Evə tək-tək hallarda 12-dən tez gedirdim.

Təzəcə içəri girmişdim ki, telefonun səsi məni silkələdi. Dəstəyi götürdüm. Proqram direktoru idi:

- Maşınla gəlirəm, tez aşağı düş, işə qayıtmalıyıq, - dedi. - Aləm bir-birinə dəyib.

Necə geyinib aşağı düşməyimi bilmədim. Komitəyə çatıb birbaşa sədrin otağına qalxdım. O, vəziyyəti qısaca bildirdi:

- Hamımız sayıq olmalıyıq. Dövlət çevrilişinə cəhd gözlənilir. İndicə Prezident xalqa müraciət edəcək.

Efir isə hələ boş idi. Beynimdən keçdi ki, bəlkə diktoru efirə çıxaraq, söz desin. Elə bu vaxt İctimai-siyasi redaksiyanın baş redaktoru İsmayıl Ömərov qapımın ağzında göründü. Bilirdim yaxşı xətti var, özü də sürətlə yazır.

- İsmayıl, kağız-qələm götür, - dedim, - dediklərimi elə aydın xətlə, iri hərflərlə yaz ki, diktor oxuya bilsin.

Mətn belə başlayırdı: "Əziz atalar, analar, bacılar, qardaşlar, sizə, sizin qəlbinizə müraciət edirik. Başımızın üstünü qara buludlar alıb. Müstəqilliyimizə qəsd etmək istəyirlər. İndi Azərbaycan həyəcan içindədir. Bütün yollar Bakıda, Prezident sarayının qarşısında birləşir. Bu çətin anlarda biz hamımız Azərbaycan prezidentinin səsinə səs verməli, onunla ürək-ürəyə verməliyik!"

Mətni təcili studiyaya çatdırdılar. İlk cümlələr efirdə səslənəndə gözlərimiz yaşardı, ürəklərimiz isə inam dalğasına büründü.

Artıq meydan yavaş-yavaş dolur, coşub-daşırdı. Bakı ilə yanaşı respublikanın rayonlarından da axın-axın insanlar paytaxta üz tutmuşdular. Şair Cabir Novruz "Yaşa, mənim xalqım!" şeirilə meydanı silkələdi. Sonra həyəcanlı, odlu-alovlu çıxışlar bir-birini əvəz etdi.

Bütün bunları izləyən, qəlbən sevinən prezident Heydər Əliyev öz müdrik çıxışı, müraciəti, həyəcanlı sözləri ilə bir daha ürəkləri silkələdi, coşdurdu.

Həmin hadisədən bir neçə gün sonra unudulmaz müəllimim, xalq şairi Bəxtiyar Vahabzadə televiziyaya gəlmişdi. Söhbət o gecədən düşəndə Bəxtiyar müəllim qürurla:

- Halal olsun bizim xalqa, - dedi. - Bir çağırışla prezidentin səsinə səs verdi, Bakıya üz tutdu, onun sağında, solunda durdu. Həmin gecə mən də Heydər Əliyevin yanına qalxmışdım. Mitinqdən əvvəl səsləndirdiyiniz o çağırış Heydər Əliyevi bərk riqqətləndirmişdi. Dedim ki, Heydər müəllim, görürsünüzmü xalq sizi necə çox istəyir. Bir göz qırpımında insanlar necə güclü selə döndü, axışıb prezident aparatının qabağına gəldi.

Könlünü açmaq üçün Məmməd Rahimin bir misrasını dəyişib dedim:

 

Prometey gücünü torpaqdan aldı,

Siz isə bu xalqın məhəbbətindən.

 

O da cavab verdi ki, Bəxtiyar, Məmməd Rahimə Allah rəhmət eləsin, yaxşı yazıb. Redaktəyə görə sənə də cansağlığı, uzun ömür arzulayıram.

Heydər Əliyev mədəniyyətimizin böyük cəfakeşi, pasibanı idi. Onun yüksəlişi yolunda fədakarlıqla çalışırdı. Görkəmli söz ustalarından Süleyman Rüstəm, Mirzə İbrahimov, Süleyman Rəhimov, Rəsul Rzanın, bəstəkarlardan Qara Qarayevin, Niyazinin Sosialist Əməyi Qəhrəmanı, bəstəkarlardan Fikrət Əmirovun, Rauf Hacıyevin, müğənnilərdən Müslüm Maqomayevin, Zeynəb Xanlarovanın SSRİ xalq artisti kimi yüksək mükafatlara, fəxri adlara layiq görülmələrini hamımız minnətdarlıqla xatırlayırıq.

Yurdumuzun hər bucağında onun izi, ürəklərdə xatirəsi, dildə, ağızda isə sözü-söhbəti yaşayır.

İllər illərə calanır. Tarix isə onun adını, şöhrətini gələcəyə aparır. Müasir Azərbaycan tarixinin yetişdirdiyi nadir insan, dahi şəxsiyyət özü də bir tarix olur, əbədiyyətə qovuşur.

  

  

Nahid HACIZADƏ,

Yazıçı

 

Ədalət.- 2011.- 7 may.- S. 17.