SABİR RÜSTƏMXANLI-65
(II məqalə)
"VƏTƏN, VƏTƏN, VƏTƏN!
DİL, DİL, DİL!
MİLLƏT, MİLLƏT,
MİLLƏT!"
Böyük
ədibimiz Cəlil Məmmədquluzadə 1917-ci ildə,
"Molla Nəsrəddin" jurnalında çap etdirdiyi
"Azərbaycan" məqaləsində yazmışdı
ki: "Ax unudulmuş vətən, ax yazıq vətən!
Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər
bir-birinə qarışdı, millətlər yuxudan oyanıb
gözlərini açdılar və pərakəndə
düşmüş qardaşlarını tapıb,
dağılmış evlərini bina etməyə üz
qoydular.
Bəs
sən haradasan, ay biçarə vətən?!
Dünya
və aləm dəyişildi, mənalar özgə təbir əxz
elədi, yəni bizim dilcə söyləsək, o şeylər
ki, əsl mənalarını itirmişdi, qayıdıb əslini
tapdı, inna lillahi və inna ileyhi raciun; amma buna hamı qail
oldu ki, vətən, vətən, vətən, dil, dil, dil, millət,
millət, millət!.. Dəxi bu dairələrdən kənar
bəni-noi-bəşər üçün nicat yolu
yoxdur".
Böyük
ədibimizin az qala yüz il əvvəl söylədiyi bu
sözlərin mənası heç vaxt öz dəyərini
itirməyib və bu üç söz böyük Azərbaycanımızın
hər bir övladının qanında, canında, ruhunda
yaşamışdır. M.Ə.Rəsulzadənin ölərkən
son dəfə dediyi sözlərdən biri Vətənimizin
adı-Azərbaycan olmadımı? Almaz
Yıldırımın, Əhməd Cavadın, onlarla vətənpərvər
şairlərimizin andı, devizi olmadımı Vətən, vətən,
vətən, dil, dil, dil, millət, millət, millət..
Sabir
Rüstəmxanlının poeziyasında da bu üç
söz başlıca poetik isimlərdir.
Bu Vətən deyilən
dünyam sirlidi,
Bir paytaxtı sevinc,
bir paytaxtı qəm.
Bu Vətən torpağı
çox qəribədi,
Hələ sərhəddini
tapa bilmirəm.
Dünyanın köksündən
bir ümman axır,
Yayılır qolları, dəyişir
adı.
Yolları Şərurda
dayanan xalqın
Qəlbinin paytaxtı
Kərbəladadı.
Poeziyada
Vətən anlayışını tarixlə müasirliyin vəhdəti
kimi düşünüb S.Rüstəmxanlı. Onun Vətənlə
bağlı duyğuları qolları, şaxələri,
budaqlarıyla tarixə uzanır, əsrlərdən əsrlərə
yol alır. Vətənin tarixinə, dünənə,
keçmişə iki yanlış yanaşma tərzi olub: bir
var ifrat dərəcədə "mənim yurdum", "qəhrəmanlar
diyarı", "şairlər vətəni", "dahilər
məskəni", "Babəklər, Koroğlular ölkəsi"
deyib quru vəcd və bəlağətlə
"heyranlığını" ifadə edəsən. Bu
"heyranlıqda" Vətən sazda alışan
"İrəvan çuxuru"ndan, Ələsgərin və
Əmrahın sazından, "Dərbənddə Pərvanə
adlanan qızın çağlayan gözündən", Gəncə
qapısından, Cavad xanın şəhid olduğu gündən,
Şəhriyar sözündən, "Şumerdən adlayan on
min il yaşlı ölümsüz bir dilin söz
qatlarından" və Arazdan keçmir. İkinci yanaşma
tərzi isə Vətəni, Vətənin tarixini
saxtalaşdırmaqdan, onun dilini, mədəniyyətini ərəbə,
farsa uzatmaqdan doğan yadlıqdan, biganəlikdən
başlayır. Bu yadlıqda, biganəlikdə Vətən sənin
deyil. Sabir Rüstəmxanlı isə Vətəni Qan
Yaddaşı, Bölünməyən Torpaq, Sönməyən
Ruh, Qopuz Səsi-Şaman Duası, Dədə Qorqud Yurdu,
Dünyanın beş qitəsinin beşində də izi olan
müqəddəs bir varlıq kimi dərk edir.
Məni bir ocağa, kəndə, rayona,
Bir dağ arasına,
dərə dibinə,
Balaca vadiyə,
balaca yola,
Balaca dünyaya bağlama
əsla!
Odur
ki, Dağlıq Altayda oxunan şaman duası ona Tanrı nəfəsitək
yaxındı, anasının səsini xatırladır. Bu səs
"qədim bir sevginin fəryadı kimi" ruhuna
yaxındı. Bu səsdə "gündoğan eşqinin,
yürüş eşqinin sədası gəlir".
Ümumiyyətlə, S.Rüstəmxanlının
poeziyasında cəngavərlik ritmi ilə həzin layla səsi
bir-birindən ayrılmazdır.
Nisgili sonsuz dəniz,
Gileyi dalğa-dalğa,
Mahnı ilə ölməyi
Tarix öyrədib xalqa.
Qəmli "Qaragilə"
mahnısı
vardı,
Sözü ilmə-ilmə,
vurğusu
dən-dən.
Bürünüb anamın
cavan səsinə,
Göyərib anamın
cavan qəlbindən,
Ondan çoc-çox əvvəl
doğma Təbrizin
Qanı selə dönmüş
səngərlərindən.
"Qaragilə"
adlı bu şeiri oxuyanda nədənsə heç vaxt
üzünü görmədiyim Təbrizin obrazı gözlərim
qarşısında canlanır. Qanlı köynəklərini
bayrağa döndərən fədailərin son nəfəsini
eşidirəm.
Aç qapını, Qaragilə.
Qoy görüm
qardaşın çiçək
üzünü!
Anamın kədərli
cavan qəlbindən,
Təbrizin qan dolu
səngərlərindən
Ayırma məni,
Qaragilə, ayırma!
Sabirin
şeirlərini oxuyanda mən həm də Azərbaycan dilinin
böyüklüyünü, bölünməzliyini, həm
çiçək kimi zərifliyini, həm də
qılınc kimi kəsərliyini hiss edirəm. Böyük
şairimiz Əli Kərimin "Üçüncü
atlı" poemasında Lermontovun dediyi sözləri
xatırlayıram: "Bu gözəl dilini yaratmış
güman, İlahi damağı çağ olan zaman". Sabir
isə deyir ki:
Torpağım ikiyə
bölünən zaman
Bu dil bölünməyən
torpağım oldu.
Sabirin
şeirlərində ana dilimizin ordular sarsıdan gücü,
tikanlı məftilləri, Araz sərhəddini qıran kəlmələri,
Füzuli eşqindən divanəliyi dönə-dönə təsbit
və təsdiq olunur. Ancaq bunlar deklarasiya deyil, bunlar Sabirin
öz şeirlərində də poetik realizəsini tapır.
Dilimizin sonsuz sayda emosional-ekspressiv çalarlarını Sabir
bəyin şeirlərində axtarın. Həkim gəldi-
qış günündə bir ağ çiçək! Nə
gözəl bənzətmədir. Dünya gözümdən
düşüb. Bir damla göz yaşıtək. Burada həm
bənzətmə, həm də metafora var. Parlaq metaforaya yenə
bir misal:
Bu balaca dünyada
Ayaqlarım yol əkir...
Yollar da gecə-gündüz
Sənin yanına çəkir.
Sabir
Rüstəmxanlının şeirlərində bədii ifad
vasitələrinin zənginliyi də diqqətdən
yayınmır. Onun "Təbrizlə görüş"
şeirində bədii xitab nitqin başlıca
funksiyasını üzərinə götürür. Bu
xitablarda sanki Təbrizin tarixi oxunur:
Çörəyi bol, qisməti az
Təbrizim!
Göz yaşına öyrəncəli
Təbrizim!
Azadlığın ilk səngəri
Təbrizim!
Tarixlərin şah əsəri Təbrizim!
Bu dünyanı yola salan Təbrizim! Güllə dəymiş söz bayrağım Təbrizim! Zaman gedir, ayağa dur, Təbrizim! Bəzən bu xitablar sırf elegik bir dona bürünür.
Amma bu elegiya sızıltıya
çevrilmir. Kədərlə, göz yaşı ilə optimizm bir-birinə yoldaş olur.
Qırx il öz kəfənini
boğazında daşıdın,
Sinəni səngər etdin,
səngərlərdə
yaşadın,
Sən mənə deyildin,
qanıbir qardaş idin!
Masası ocaq daşı,
yol daşı, Xəlil Rza!
Nəsiminin, Cavidin
yoldaşı Xəlil Rza!
Düşmən gözümü
oyur Kəlbəcərdə,
Laçında,
Vətən alov içində,
Vətən yol ayrıcında,
Millətin kişi sözü
qələminin ucunda
Sözü də eli kimi
köksü qan,
Xəlil Rza!
Sağ ikən şəhid olan
qəhrəman Xəlil Rza!
Çox
şeirlərində "mən kəndli oğluyam" deyən
Sabir təbiəti də dilləndirə bilir. Bu misralara diqqət
yetirin:
Bu yağış qəribə
yağışdı,
Allah,
İşləyir adamın
ürəyinəcən.
Təbiət ağlayır
adamdan betər,
Heç belə qırmızı
göz yaşı olmaz.
Bir çılpaq ağacdı
ortada qalan
Canlıdı,-
Canlıdan baş daşı olmaz!
Çiynimə bir yarpaq
qonur astaca-
Bəlkə də
ömrümün
xəritəsiydi.
Sənin dodağından qopan
ahlardı
Kədər buludutək məni
bürümüş!
Füzuliyanə
deyilib. İmkanım olsaydı, Sabirin sevgi şeirlərindən,
bu şeirlərin hər birinin özəlliklərindən
söz açardım. Deyərdim ki, indi ucuz sevgilərin
meydan suladığı bir çağda Sabirin bir vaxtlar məhəbbətdən
alışıb-yanan misralarını oxuyun.
Səni gözləyirəm,
səni, tək səni,
Ağaclar çiçəyi
gözləyən kimi.
Məhbus azadlığın
ilk səhərini,
Dünya gələcəyi
gözləyən kimi.
Sabirin Vətən, Millət deyə haray çəkən şeirlərində
isə bədii nitqin çaları öz ahənginə görə seçilir. Poetik təhkiyə kinayə, qəzəb, etiraz, ittiham donuna bürünür. Yenə də
bədii xitablar, bədii suallar bu poetik təhkiyədə
başlıca ifadə
vasitəsi kimi diqqəti cəlb edir.
Salam, Gəncə qapısı,
qürbətdəki qardaşım!
Salam, duzum, çörəyim,
poladlaşan göz yaşım!
Sabirin poeziyasında
nifrət çalarlarına
rast gəlmədim. Şair
kiməsə nifrət
edə bilməz! Mən belə düşünürəm.
Ancaq qəzəb, çılğın
həyəcan tonu yetərincədir. Ona həsr
etdiyim bir yazıda demişdim ki, poeziyanın bir missiyası da yaralara toxunmaq,
bu yaraların kökünü, qaysağını
işığa çıxarmaqdır.
Bu işıqda "qələmiylə, yazısıyla
xalqa ləkə yaxanlar, bir tarixçi
diplomuyçun tariximizi
yıxanlar", Vətən
çörəyini yeyib
onun bir yıxılı daşını
qaldırmağa qeyrəti
çatmayanlar,
"kökümüzü farsa çəkən, işimizi
tərsə çəkən
nökər ruhlu haramzadələr" necə
miskin görünürlər.
Bu misralara diqqət edin: "Bu şəhərdə
nə qədər
"Zavağzalnı" olarmış? "Perevalnı" olarmış?
"Onuncu Paralelnı",
"Otuzuncu Bazarnı"...Niyə ucuz görmüşük bu küçə bazarını?
İndi paytaxtımızın küçələrindən
keçəndə yad
dildə alışıb-yanan
reklamları görəndə
Sabirin çox-çox
əvvəllər yazdığı
həmin şeiri xatırlayıram.
S.Rüstəmxanlının şeirləri barədə
çox danışmaq
olar. Amma mən sözümü
kəsə eləyib sonda onun "Söz" şeirini yada salıram. Sabir deyir ki:
Söz ki ucuzlaşıb
dəyərdən düşür
Elə bil bir igid yəhərdən
düşür.
Belində kəmər yox, başında papaq, Bugünkü şeir
meydanında çubuq
atlarıyla ora-bura çaparaq gedən, nəticədə təmiz
suyu bulandıranlar çoxdu. Yenə də əvvəlki
illərdə olduğu
kimi mədhiyyəçilik
baş alıb gedir. Kütləviləşmə,
bir-birinin dimdiyindən
söz qoparıb onu min dəfə təqlid edənlərin sayı-hesabı yox.. "Qloballaşma" adı ilə milli şeirimizin ərazisində xarici markalı "izm"ləri
becərdənlər də
az deyil.
Belə də Füzuli qovrulur öz məzarında Sabir də hallanır söz bazarında. Belədə:
Qaldırıb ayaqdan
iyrənci sözü,
Qapılar dolaşan
dilənçi sözü
Sürtük dodaqları
dağlamalıyam,
Hər söz məzarına
ağlamalıyam!..
Tarixin günahı,
vaxtın suçudu,
Sözün xəstəliyi yoluxucudu.
Yurdun azadlığı
sözdən başlanır,
Ürəkdən başlanır,
gözdən başlanır.
Vaqif YUSİFLİ
Ədalət.- 2011.- 7 may.- S. 19.