Talan olunan ərazilər
Talançılıqda ermənilər
artıq iki onilliyi arxada qoymaq üzrədir
Ermənistan
tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin
istər təbii sərvətlərinin talan olunması, istərsə
də maddi mənbələrinin dağıdılması ilə
bağlı məlumatlar artıq çoxdan təsdiqini
tapmış məsələlərdir. Bu mənada təbii sərvətləri
baxımından üstünlük təşkil edən və
işğal altında qalan rayonların talanı görünməmiş
hal almaqdadır. Qeyd edək ki, ermənilərin vəhşicəsinə
talana məruz qoyduqları ərazilərimizlə bağlı
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraflı
məlumatlar verir. Nazirliyin verdiyi məlumatda 19 il əvvəl
erməni hərbi birləşmələri tərəfindən
işğal olunmuş Şuşa şəhərində təbii
sərvətlərin ermənilər tərəfindən
dağıdılmasına dair faktlar açıqlanıb.
Sözügedən
qurumun mətbuat xidmətindən verilən məlumata görə,
ETSN "İşğal olunmuş Azərbaycan ərazilərində
ətraf mühitə və təbii sərvətlərə
dağıdıcı təsiri müəyyənləşdirən
(izləyən) operativ mərkəzi" işğaldan
sonrakı dövrlərdə rayon ərazilərində
müxtəlif vasitələrlə aparılmış
videoçəkilişlərə baxaraq, təbii sərvətlərin
ermənilər tərəfindən dağıdılmasına
dair aşağıdakı faktları
aşkarlamışdır:
a)
Şuşa şəhərində yanacaq kimi Qarabağ meşələrinin
nadir çoxillik ağaclarından istifadə olunub.
b)
Şuşanın Topxana meşəsinin qoruq zonasında,
meşənin lap hündür yerində meşə sahəsi
qırılaraq geniş düzənlik açılıb və
orada inşaat işləri aparılıb.
c)
Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən
1365 m hündürlükdə yerləşən Titon
yaşlı əhəng daşlarından ibarət uzunluğu
114 m olan "Xan Mağarası" amansızlıqla məhv
edilib.
d)
Şuşa şəhərinin yuxarı hissəsində
Dörd yol adlanan yerdən yuxarı Laçın küçəsinin
solunda, Q.Əsgərov küçəsində, 200-ə
yaxın müxtəlif növ iri diametrli çoxillik
ağaclar kəsilib, ondan bir qədər irəlidə yolun
sağında isə ağaclar bütünlüklə
qırılıb.
e)
Zarıslı kəndində bütün ağaclar, o cümlədən
məktəb həyətində olan dekorativ və meyvə
ağacları tamamilə məhv edilib.
Qeyd
edək ki, Şuşa şəhərinin erməni hərbi
birləşmələri tərəfindən
işğalından 19 il keçir. Ərazisinin 20%-ni meşələr
təşkil edən şəhərin ümumi sahəsi 29356
hektardır. Şuşanın ətrafındakı meşə
və dərələrdə müxtəlif müalicə əhəmiyyətli
mineral sular, dərman bitkiləri və çiçəklər
geniş yayılmışdır. Ən iri mineral su
bulaqları Turşsu və Şirlandır.
Şuşa
rayonunda təsdiq edilmiş ehtiyatları 1143 min m3 olan və
işğala qədər istismara cəlb edilən Şuşa
üzlük daşı yatağı, ehtiyatları 397 min m3
olan kərpic-kirəmid istehsalına yararlı Keçəldağ
gil yatağı, istismar ehtiyatları 50 min m3/ gün olan
Şuşa yeraltı şirin su yatağı, müalicəvi
əhəmiyyətə malik 60 min m3/gün və 25 min
m3/gün olan Şirlan və Turşsu mineral su yataqları var.
1988-ci
ildə Şuşa və Əsgəran ərazisində nadir təbiət
komplekslərini qorumaq üçün təşkil edilən
Daşaltı Dövlət Təbiət Yasaqlığı
450 hektar ərazini əhatə edirdi. 1992-ci ildən
işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv
edilib.
Xatırladaq
ki, bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin məlumatında Kəlbəcər rayonunun təbii
sərvətlərinin 18 il müddətində talana məruz
qaldığı bildirilirdi. Həmin məlumatda xüsusilə
Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli
ehtiyatların ermənilərin talanına məruz
qaldığı göstərilmirdi. Yəni 112,5 ton olan və
istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan
çox olan Ağduzdağ və Tutxun qızıl yataqları;
sənaye
əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3
Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200
tondan çox olan Qamışlı və Ağqaya civə
yataqları; ehtiyatları 10941 min m3 olan və mişar
daşı istehsalına yararlı Kilsəli tuf yatağı;
ehtiyatları
1312 min m3 olan və kərpic istehsalına yararlı Keşdək
gil yatağı;
ehtiyatları
4473 min m3 olan və yüngül beton doldurucusu kimi istifadə
olunan Keçəldağ perlit yatağı; ümumi
ehtiyatları 2,2 mln. m3 olan 2 üzlük daşı
yatağı, ehtiyatları 2540 min m3 olan Çəpli qum-çınqıl
qarışığı yatağı;
gözəl
dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton),
nefroid (ehtiyatları 801 ton) yatağı; ehtiyatları 2337 ton
olan 1 obsidian (dəvə gözü) yatağı,
ehtiyatları 1067 min m3 olan 1 listvenit yatağı qalıb.
Həmçinin
də Kəlbəcərə dünya şöhrəti
qazandırmış Yuxarı İstisu, Aşağı
İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi
çox böyük müalicə-balneoloji təsirə malik
mineral su yataqları da (ümumi istismar ehtiyatları 3093
m3/gün) işğal ərazisində yerləşir.
Murovdağ,
Şahdağ, Vardenis, Mıxtökən, Qarabağ silsiləsinin
və Qarabağ yaylasının bir hissəsinin əhatəsində
yerləşən Kəlbəcər şəhərinin ən
yüksək zirvələri Gamış dağı (3724 m) və
Dəlidağdır (3616 m). Ərazidə Yura, Təbaşir,
Paleogen, Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə
və vulkanik süxurları yayılıb.
Ən
böyük çayı Tərtər (yuxarı axını)
və onun qolları Lev çayı, Tutqunçay və
başqalarıdır.
Hazırda
işğal altında olan Sərsəng su anbarı da
1976-cı ildə Tərtər çayı üzərində
inşa edilib. Onun ümumi su tutumu 560 milyon m3, bəndinin
hündürlüyü 125 metrdir. Tərtər
çayının yığıldığı bu nəhəng
su anbarının sağ və sol sahilindən çıxan
magistral kanallar vasitəsilə Tərtər, Bərdə,
Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının
ümumilikdə 79000 hektar əkin sahəsi suvarılırdı.
Sərsəng su anbarı işğal altında olandan bəri
ermənilər illik su sərfinin 85-90 faizini qəsdən, su
lazım olmayan vaxtlarda, xüsusilə qış aylarında
buraxırlar. Lazım olan vaxtlarda isə illik su
normasının 10-15 faizini buraxırlar ki, bu da suyun səviyyəsinin
aşağı düşməsinə və suvarmanın
qeyri-mümkünlüyünə səbəb olur. Əkin sahələrinə
xeyli ziyan dəyir, yaşıllıqlar susuzluqdan quruyaraq məhv
olur, ciddi ekoloji gərginlik yaranır. Qəza vəziyyətində
olan su anbarından aşağıda yaşayan 400 min nəfər
əhali isə daim təhlükə altındadır.
Kəlbəcər
rayonunun Ala göllər, Zalxa gölü və s. kimi saf sulu
gölləri var. Əsasən çimli dağ-çəmən
və qonur dağ-meşə torpaqlarına malikdir.
Bildirilir
ki, 1988-ci ildə aparılmış son meşə quruluşu
işlərinə əsasən Kəlbəcər meşə
təsərrüfatının ərazisi 32774 hektar təşkil
edirdi. Bundan əlavə rayonda 8676 hektara yaxın kolxoz və
sovxoz meşələri, qiymətli balıq növləri olan
çayların ətrafında yerləşmiş 13471 hektar
qoruq meşələri, 15531 hektar ətraf mühitin
mühafizəsi əhəmiyyətli meşələr, 274
hektar yaşıllıqlar, 80 hektar meşə-park zonası
var idi.
Meşələrdə
bitən ağac və kolların bir neçəsi Azərbaycan
Respublikasının "Qırmızı kitab"ına
daxil edilib. Kəlbəcər rayonunda dəniz səviyyəsindən
1500-2100 metr hündürlükdə bitən
Ayıfındığı və ya ağacvarı
fındıq bunlardan biridir. Bəzi
Ayıfındığı ağacının
hündürlüyü 25 metrə, diametri 48-120 santimetrə
çatırdı. Bu ağacın oduncağı qiymətli
mebel materialı kimi ermənilər tərəfindən
qırılaraq Ermənistana aparılır.
Xatırladar
ki, Kəlbəcər rayonu ərazisində 4 mindən
artıq müxtəlif növ bitkilərdən 200-ə qədəri
dərman bitkiləridir. Rayonun mərkəzi və şimal
hissəsində enliyarpaqlı meşələr (palıd,
fıstıq, vələs), meşə-çöl bitkiləri,
yüksək və qismən orta dağlıqda alp və subalp
çəmənlikləri geniş yer tutur. Dağ
keçisi, qonur ayı, çöl donuzu, daşlıq dələsi,
ular, qartal və digər növ heyvanlar bu yerlər
üçün xarakterik fauna növləridir.
Nəzərə
alsaq ki, Ermənistanın təcavüzdə
saxladığı digər ərazilər də zənginliyi
baxımından heç də Şuşa, Laçın, Kəlbəcərdən
geridə qalmır, onda hər il Azərbaycana dəyən
ziyanın səviyyəsi ölçüyə gəlməz.
Bu vandallığın qarşısının nə vaxt
alınacağı isə hələ ki, məlum deyil.
Gültəkin
Ədalət.- 2011.- 11 may.- S. 4.