ONLAR
ÜÇÜN SABAH AÇILMADI...
Dünyanın digər nəhəng ölkələri
ilə müqayisədə çox da böyük olmayan Avstriya çox uzun dövrlər Avropanın ictimai-siyasi,
həm də ədəbi-bədii və mədəni həyatında
çox önəmli rol
oynayıb. Hətta elə zamanlar olub ki, öz
iradəsini bütün qitəyə hökm edə bilib. İmperiya dövrünü
də yaşayıb. Vyananınsa yalnız bir
ölkənin paytaxtı deyil,
bütövlükdə Avropanın mədəniyyət və
incəsənət mərkəzi olduğunu
söyləsək yəqin ki, səhv etmərik.
Elə bu səbəbdən də son yüzilliklər boyu
dünyanın bir sıra istedad
sahibləri, sənətkarları, dahiləri bu
şəhəri ziyarət etməyə, burada
yaşamağa, yazıb-yaratmağa can atmışlar.
XIX əsrin sonları, XX əsrin əvvəlləri
dünya bədii nəsrinin demək olar ki, yeni mərhələsi
başlamışdı. Ənənəvi bədii janrlar,
yazı üslubu yerini yenilərinə vermişdi. Əslində
bütövlükdə XIX əsri Avropa
romançılığının ən parlaq dövrü
adlandırmaq mümkündü. Məhz bu dövrlərdə
nəsrin bioqrafiq etüd və roman formasında nümunələri
yaranmağa başladı. Və belə demək
mümkünsə, sürətlə populyarlaşdı. Məncə
o dövr üçün bu janrın ən möhtəşəm
siması Stefan Sveyq idi. O, Stefan Sveyq ki, öz intellekti,
ağlı və fəlsəfəsi ilə bu dünyaya
sığa bilməmişdi.
O əsərlərinin
birində o, bu sətirləri yazmışdı: "...Birdən
nəzərləri qarşıdakı masanın üstünə
qoyulmuş mavi güldana sataşdı. İllərdən bəri
ilk dəfə ad günündə boş idi.
Yazıçı diksindi: çünki qəfildən
"qapı" sövq-təbii olaraq açıldı və
axirət dünyasının soyuq nəfəsi onun
otağına doldu. Ölüm və ölməz məhəbbətin
təsirini duydu: qəlbinin dərinliklərindən nəsə
bir duyğu baş qaldırdı və uzaqdan eşidilən
musiqi haqqında düşünürmüş kimi məhv
olmuş həyatı, cansız və coşqun bir həyatı
xatırlamağa başladı".
Bəlkə
də yazıçı yaşadığı həyatın
bütövlükdə mənasını özündə
ehtiva edən həmin o mavi güldanın boşluğunu dərk
edəndə heç olmayacaq qədər
sarsılmışdı. Bəlkə də elə həmin
güldanın beləcə gülsüz, çiçəksiz
qalması bu dünyanın nə qədər boş
olduğunu bir daha ona sübut etmişdi. Bu isə dəhşət
idi. Əlbəttə, bəlkələr istənilən qədər
olur həmişə. Məncə gerçək olanı
yalnız bu idi ki, qəribə istedad sahibi Sveyq nə vaxtsa bu
dünyanın ona aid olmadığını duymalıydı.
Duymasaydı, nəhayətdə həyatı
üçün belə qərar verə bilməyəcəkdi...
Stefan
Sveyq 1881-ci il 28 noyabrda Vyanada çox zəngin bir yəhudi ailəsində
anadan oldu. Xarici ticarətlə məşğul olan atası -
Moris Sveyq həm də toxuculuq manifakturasının sahibi idi.
Stefan ailədə ikinci övlad idi. Valideynləri, əsasən
də anaları İda Sveyq (qızlıq soyadı Brettauer)
uşaqlarının tərbiyəsinə, oxumasına diqqət
edirdilər. Bütün imkanlı uşaqlar kimi Stefan da 6
yaşından məktəbə getməyə başladı.
Və bu təxminən 1900-cu ilədək çəkdi.
BAŞINI BAŞLARA QOŞAN GƏNC...
Şəxsi
həyatını müzakirəyə
çıxarmağı xoşlamayan Sveyq sonralar qələmə
aldığı memuarda - "Dünənki dünya"da da
öz uşaqlıq illərindən və şəcərəsindən
çox xəsisliklə söz açıb. Həmin əsəri
oxuyarkən oxucu asanca anlayır ki, söz valideynlərinə,
evinə, gimnaziya illərinə, universitet həyatına
çatarkən müəllif öz duyğularına sərbəstlik
vermək istəməyib. Orta təhsilini mükkəmməl
şəkildə başa vurandan sonra Stefan Vyana universitetin fəlsəfə
və ədəbiyyat tarixi ixtisası üzrə təhsilini
davam etdirdi. Ədəbiyyata, yaradıcılığa
inanılmaz həvəsi elə tələbəlik illərindən
onu yazmağa sövq etdi. 1901-ci ildə ilk
poeziya toplusunu - "Gümüş tellər"i
çap etdirdi.
Qeyd
edim ki, ədəbiyyat haqqında mülahizələri,
orijinal yazı üslubu, şeirləri elə ilk dövrlərdən
başlayaraq bir çoxlarının diqqətini çəkməyə
başladı. Dərin düşüncə qabiliyyəti,
istedadı, parlaq ideyaları onun erkən yaşlarından
dövrünün tanınmış adamları, ziyalıları,
sənətkarları ilə tanış olmasına, ünsiyyət
qurmasına səbəb oldu. Gənc yaşlarında Sveyq
artıq tanınmış rəssam E.M.Lilienlə, Emil
Verxarnla, Rayner Mariya Rılkeylə, Oqüst Rodenlə və
bir sıra digər sənətkarlarla səmimi münasibətlər
yaratmışdı. Qeyd edim ki, Stefan Sveyqin Avstriyanın
böyük şairi Rayner Mariya Rilkeylə dostluğu gənc
yazarın çapdan çıxmış ilk kitabını
ona göndərməsi ilə başlamışdı.
Çünki Rilke də cavab olaraq o vaxt Sveyqə öz
kitabını hədiyyə etmişdi. Yeri gəlmişkən,
bir çox tanışlıqlar, dostluqlar da Stefan Sveyqin səyahətləri
zamanı (London, Paris, bir il sonra İtaliya, İspaniya, daha
sonra Hindistan, Hind-Çin, ABŞ, Kanada, Kuba, Panama,
İsveçrə, İspaniya, keçmiş SSRİ...)
yaranmışdı. R.Rollanla, O.Rodenlə, T.Mannla, Z.Freydlə,
M.Qorkiylə, F.Mazarelliylə, S.Daliylə... dostluq əlaqələri
olmuşdu.
Stefan
Sveyqi məhsuldar yazıçı adlandırmaq
mümkündü. Hansı həyat şəraitinə
düşməsindən, hara səyahət etməsindən
asılı olmayaraq o, qələmini boş
qoymamışdı. Onun ilk hekayələr kitabı 1911-ci ildə
nəşr olundu. Qəhrəmanları əsasən
uşaqlardan ibarət olan bu hekayələr çox keçmədi
ki, ədəbi ictimaiyyətin diqqətini cəlb etdi. Bunun
ardınca onun digər əsərləri də işıq
üzü gördü. Bundan başqa, onun bir sıra
tarixi-bioqrafik oçerkləri də çoxlarının
marağına səbəb oldu. Yazıçının
yüksək peşəkarlıqla yazdığı bədii əsərləri
- "Amok", "Şahmat novellaları" "Həyəcanlı
duyğular" kitablarından sonra Stefan Sveyq özünün
də təsəvvürünə gəlməyəcək
şəkildə şöhrətləndi. Belə demək
mümkünsə, artıq hər yerdə insanlar Avropa nəsrinə
yeni nəfəs, yeni üslub gətirmiş bu
yazıçının əsərlərinin oxucusuna
çevrilmişdi. Kiçik həcmli hekayələrindən
tutmuş böyük romanlarınadək bütün əsərlərində
mövcud olan dramatizm, qeyri-adi süjet, psixoloji təsvirlər
hər kəsi daim həyəcanda saxlayır, düşündürür.
Bütün bunlar adamda elə təsəvvür yaradır ki,
sanki müəllif bütün bu hadisələrin real
iştirakçısı olub.
BÖYÜK SVEYQ
Tarixi
mövzulara da tez-tez müraciət edən Stefan Sveyqin
maraqlı tarixi əsərlərindən - "Mariya
Stuyart"dan.... başqa avtobioqrafiq romanları da -
"Balzak", "Jozef Fuşe", "Erazm
Rotterdamlının zəfəri və faciəsi",
"Magellanın şücaəti"... oxucular tərəfindən
maraqla qarşılandı. Çünki müəllif bu
mövzulara da quru, xronoloji cəhətdən deyil, daha
çox öz fantaziyalarına xas şəkildə
yanaşırdı. O, bəhs etdiyi tarixi dövrün şəraitini
və faktlarını çox geniş və dolğun təsvir
etməyi ustalıqla bacarırdı. Mən deyərdim ki, onun
qələmə aldığı "Əbədiyyətə
səfər", "Bir gecənin dahisi", "Dönməz
an", "Eldoradonun kəşfi", "Okeanın o
tayından eşidilən ilk söz" və c. əsərləri
bu janrın təkrarsız nümunələridir.
Birinci
Dünya Müharibəsi ərəfəsində isə Stefan
Sveyq İsveçrədə yaşamağa başladı.
1918-ci ildən sonra Zalsburq yaxınlığında yerləşən
bir evə köçdü və həyatını orada davam
etdirdi. Yaradıcılığına ara verməyən
yazıçı burada bir sıra əsərləri ilə
yanaşı, bu gün də aktuallığını itirməyən
qiymətli esselərini
yazdı. Araşdırmaçıların qeydlərindən
belə məlum olur ki, məhz həmin dövrlərdə
Stefan Sveyq ailə qurmaq fikrinə düşdü. Əslində
hər şey bir təsadüfü qarşılaşmadan
başladı. Musiqi gecələrinin birində Friderika fon
Vinternitslə tanış oldular. Friderika onda ərdə olsa
da ilk tanışlıqdaca Stefan Sveyqə qarşı qəlbində
özünün də baş aça bilmədiyi nələrsə
hiss etmişdi. Qadın da yazıçıda qeyri-adi
duyğular oyatmışdı. Bu tanışlıq çox
çəkmədi ki, onların arasında vazkeçilməz
sevgiyə çevrildi. Və qadın tərəddüdlə
də olsa ərindən boşandı və onlar evləndilər.
Ətrafdakılar bu nigahın xoşbəxtliyinə inanmasalar
da cütlük uzun illər onun Zalsburqdakı evində
xoşbəxtcəsinə yaşadılar.
1926-1928-ci
illər Stefan Sveyqin şöhrətinin ən pik dövrləri
idi. Hətta qapalı dünya hesab olunan Sovet İttifaqında
da o məhşur idi. Keçmiş SSRİ-də Sveyqin 10
cilddən ibarət əsərləri çap olundu. Və
çox keçmədi ki, sovet yazıçıları onu
Moskvaya dəvət etdilər. Həmin il Rusiyanın nəhəng
yazıçılarından biri Lev Tolstoyun 100 illik yubileyi
keçirilirdi. Sovet rejimini, sosializm ideologiyasını birmənalı
şəkildə qəbul etmədiyinə baxmayaraq Sveyq
Rusiyaya gəldi. Bir sıra görüşlərdə
iştirak etdi. Proletariatın böyük
yazıçısı hesab edilən Maksim Qorki həmin
dövrlərdə Stefan Sveyq haqqında çox yüksək
fikirlər söyləmişdi. Yenidən geri qayıdan
yazıçı bir neçə ildən sonra anladı ki, yəhudi
olduğu üçün onun Almaniyada, Avstriyada, ümumiyyətlə
Avropanın əksər ölkələrində
yaşaması mümkün deyil. Çünki artıq
Almaniya və bəzi dövlətlərdə başqa siyasi
ab-hava vardı.
Amma
onlar üçün həyat yeni sürprizlər
hazırlamışdı. Stefan Sveyq əlli yaş ərəfəsində
güclü depressiv kriz keçirməyə başladı. O
özünü soyuq, qaranlıq boşluqda hiss edirdi.
Yazıçını bürüyən ümidsizlik, tərkdünyalıq
bütövlükdə onun həyatı üçün təhlükəli
bir vəziyyət yaratmışdı. O vaxt yaxın dostu
Viktor Flyaşerə yazırdı: "Mən əslində
heç nədən - uğursuzluqdan, unudulmaqdan, iflas olmaqdan,
hətta ölümdən də qorxmuram. Amma xəstələnəcəyimdən,
qocalmaqdan və kimdənsə asılı qalmaqdan
qorxuram". Məhz onda Friderika həyatının səhvini
buraxdı.
Həmin
dövrlərdə başı özünün
yazılarına, önündəki problemlərə
qarışan xanım Vinternits Sveyqin yazılarının
üzünü köçürmək üçün evə
26 yaşında bir gənc makinaçı qız - Polşa yəhudisi
olan Şarlotta Altmannı gətirdi. Friderika
özü-özlüyündə bunu
"çıxış yolu" kimi görürdü. Elə
bilirdi ki, əri yaradıcılığa daha çox
qapılarsa, onu üzüb əldən salan fikirlərdən
uzaqlaşar. Və ağlına da gəlmirdi ki, zahirən
gözəl olmayan Şarlotta nə vaxtsa qadın kimi onun rəqibinə
çevrilə bilər. Amma bayaq qeyd etdiyim kimi, həyat
xoş, yaxud xoş olmayan sürprizlərlə doludur. Friderika
hər şeyi anlayanda artıq gec idi. 1938 -ci ildə (bəzən
bu 1937-ci il də göstərilir) Sveyq arvadının ona
kömək etmək üçün gətirdiyi Şarlotta
Altmannla evləndi. Düzdür, Stefan Friderika ilə
boşansa da əlaqələrini tam kəsmədi.
Yazıçı onu həyatının sonunadək
unutmadı. Hətta belə demək mümkünsə ən
son məktubunu də məhz ona yazmışdı.
MÜHACİRƏT VƏ SON
Adolf
Hitlerin başçılıq etdiyi partiya artıq hakim
mövqeyində idi. Hətta nasistlər bir sıra müəlliflər
kimi məhz onun da bir sıra kitablarını
yandırdılar. Həyatı isə hər an təhlükə
ilə üzləşə bilərdi. Məhz bu üzdən
də o zamankı situasiyaya görə nisbətən təhlükəsiz
sayılan Böyük Britaniyaya gəldi və üstündən
üç il keçməmiş, 1938-ci ildə anası
öldü. Artıq o zaman Sveyqin təxminən yarım əsrlik
həyat təcrübəsi olsa da bu itgi onu sarsıtdı.
Hadisədən iki il sonra o, Britaniya vətəndaşlığını
aldı. Lakin yazıçı buradakı həyatından da
narazı idi. Çünki Sveyq Londonda da özünü təhlükəsiz
hiss etmirdi. Ümumiyyətlə, həmin dövrlər Stefan
Sveyq üçün çox sıxıntılı
keçmişdi. Psixoloji cəhətdən yorulmuş
yazıçı Portuqaliyaya səyahətə
çıxdı. Özü də ikinci həyat rəfiqəsi
Lotta (Şarlotta) Altmanla.
Bu səyahətdən
qayıdandan sonra Stefan Sveyq Avropadan getməyə qərar verdi. Okeanın o
tayına. İndi o harada, nə qədər insanın əhatəsində
olmasına baxmayaraq özünü nəhayətsiz dərəcədə
tənha hiss edirdi. Yalnız arvadı Şarlottanın
yanında nisbətən rahatlıq tapırdı. Mühitini
dəyişmək üçün həyat yoldaşıyla
birlikdə 1940-cı ildə Latın Amerikasına yola
düşdü. Bir müddət orada qaldıqdan sonra o, Birləşmiş
Ştatlara gəldi. Amma yazıçı heç yerdə
özünə yer tapa bilmirdi. Elə bu səbəbdən də Sveyq yaşamaq
üçün yenidən Latın Amerikasına - Braziliyaya
qayıtdı. Rio-de-Janeyro yaxınlığında,
dağların qoynunda yerləşən kiçik bir şəhərə
- Petropolisə köçdülər.
Hər
şey zahirən yaxşı görünürdü.
Kitabları çap edilmiş, dünya şöhrətinə
sahib olmuş, istedadlı yazıçı, dərin
ağıla malik filosof, maddi cəhətdən heç vaxt
korluq çəkməyən bir adam, özü də
arvadıyla gözəl, ekzotik mənzərəli bir yerdə
daha nə istəyə bilərdi ki? Ona yalnız fürsətdən
istifadə edib həyatının dadını
çıxarmaq qalırdı. Amma heç vaxt hər şey
göründüyü kimi olmurmuş. Yazıçı qəlbən
bu dünyaya sığmırdı. Ətrafında baş verən
ədalətsizlikləri sinirə bilmirdi. Hamının qibtə
ilə baxdığı nə varsa onun duyğularını,
içindəki təlatümü, burulğanları sakitləşdirmək
gücündə deyildi. O, özünə yer tapa bilmirdi.
Stefan Sveyqin bəlkədə əbədi dünyanı daha
tez görmək üçün gözləməyə taqəti
qalmamışdı. Kim bilir?..
1942-ci
il fevral ayının 22-i idi. Sveyq sevdiyi qadınla birlikdə
bu dünyadan köçmək qərarına gəldi. Hər
ikisi çox böyük dozada yuxu dərmanı qəbul edərək
yatdılar və bir daha sabaha gözlərini
açmadılar. Sveyq ölümündən bir neçə
saat qabaq heç vaxt unuda bilmədiyi
keçmiş rəfiqəsinə - Friderikaya
yazdığı məktubu belə bitirmişdi: "Mən hər
şeydən çox yorulmuşam..." Əslində bu
intihar ümidsizliyin nəticəsi deyildi. Buradakı hər
şey Sveyqi usandırdığı üçün baş
götürüb getmişdi...
BABƏK YUSİFOĞLU
Ədalət.- 2011.- 11 may.- S. 5.