TRT-AVAZ-ın "HƏYAT HEKAYƏLƏRİ"

 

Türk dünyası dedikdə insanın ağlına çox böyük bir mövhum gəlir. Tarixinə, adət-ənənəsinə bağlı bir millət kimi Türk xalqı çox böyük sınaqlardan keçmiş və bu günə kimi öz nüfuzunu qoruyub saxlaya bilmişdi. Tarixin istənilən dövründə bu birliyi pozmaq istəyən kənar qüvvələr olub sözsüz bu gün də olacaqdır. Tarixə nəzər yetirsək görərik ki, müəyyən qədər buna nail olublar. Səfəvi-Osmanlı müharibələrini buna misal gətirmək olar. Lakin biz bu tarixi sınaqdan da alnı açıq cıxmışıq.

Bu gün hər bir türk xalqının çiynində çox böyük bir yük var - bu birliyi qorumaq. Bunun üçün istər türk dövlətlərini təmsil edən vəzifəli şəxslər, istər türk diasporaları, istərsə də fərdi vətəndaşlar vahid mövqedən çıxış etməli, antitürk qüvvələrinə qarşı mübarizə aparmalıdır.

Bu yolda prezident İlham Əliyev çox böyük tədbirlər görür. 2006-cı ildə Ankarada keçirilən türkdilli dövlətlərinin X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında bildirmişdi ki, biz öz mövqeyimizi bildirməliyik bu yolda erməni lobbisinin bizə hazırladığı riyakar siyasəti ifşa etməli hər zaman haqqımızı tələb etməliyik.

2009-cu ildə ilk dəfə olaraq Naxçıvanda Türkdilli xalqlarının birinci plenar iclası keçirilmişdi. Bu addımın atılması Türkdilli xalqlarının tarixində çox mühüm bir hadisəyə səbəb oldu. Qurum türk xalqlarının eyni mövqedən çıxış etməsi, bir-biri ilə sıx əlaqədə olması, istər siyasi, istərsə də mədəni əlaqələrinin daha da qüvvətlənməsində çox mühüm rol oynadı.

Elə bunun nəticəsidir ki, 2009-cu il martın 21-də Ankaranın Anadolu mərkəzində TRT-Türk kanalı nəzdində ortaq türk xalqlarının ilk telekanalı-"TRT-Avaz" yarandı. Bu kanalın adı ilk dəfə həmin gün Türkiyə prezidenti Abdullah Gülün dilindən səsləndi.

Balkanlardan Orta Asiyaya, Orta Şərqdən Qafqaza qədər 27 dövlət və 13 muxtar respublikada yaşayan təxminən 250 milyon əhaliyə malik coğrafiyanı əhatə edən TRT-Avaz Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan türkcələri ilə proqramlar yayımlanır. Qeyd edək ki, altı dildə yayımlanan yeni kanal 24 saat ərzində bütün türk xalqlarının mənafeyinə xidmət edir. Kanal yayımlandığı hər yerdə tamaşaçısının özündən bir şey tapdığı ortaq kanal olmaq iddiasındadır. Verilişlər hər bir türk xalqının öz ana dilində yayımlanır və Türkiyə türkcəsində alt yazı ilə efirə verilir.

TRT-Avaz vasitəsilə türk xalqları öz mədəni, tarixi bağlılıqlarını daha da aşkara çıxartdı. Sanki türk xalqları arasında təməli möhkəm qurulmuş "Qardaşlıq" körpüsü rolunu oynadı. Körpünün dayağında isə sağlam Türk dövlətləri durdu. Bu körpü vasitəsilə türk xalqları bir-biriləri ilə mədəni, tarixi irslərini daşıdılar.

TRT-Avaz digər Türk dövlətləri ilə birgə layihələr hazırlayır. Hər səhər İctimai televiziyanın TRT-Avazla birgə hazırladığı telekörpü layihəsi tamaşaçılar tərəfindən böyük maraqla izlənilir. Burada Azərbaycanın tarixini, mədəniyyətini əks etdirən görüntülər verilir, söhbətlər edilir.

TRT-Avazda bir-birindən maraqlı proqramlar öz əksini tapır. Bu verilişlərin içərisində Azərbaycan verilişlərinin xüsusi yerini vurğulamaq olar. Hal-hazırda kanalda 2 verilişimiz fəaliyyət göstərir- "Bizim uşaqlar" və "Həyat hekayələri". Hər iki verilişin ərsəyə gəlməsində yaradıcı kollektivin böyük əməyi var. Elə bu səbəbdən də verilişlərimiz istər Azərbaycanda, istərsə də digər Türk dövlətlərində sevə-sevə izlənilir və özünə məxsus yer tutub. Təbii ki, yaradıcı heyətin də əməyi danılmazdır.

Artıq bir ildir TRT-Avaz kanalında yayımlanan "Bizim uşaqlar" verilişi nəinki uşaqların, hətta böyüklərin belə rəğbətini qazana bilmişdir. Verilişin sevilib-seçilməsində balaca Nərminin rolu böyükdür. Proqramda müxtəlif yaş dövrünü əhatə edən uşaqların fərdi bacarıqları, istedadları ön plana çəkilir. Bu proqram vasitəsilə istedadlı uşaqlar bacarıqlarını, əldə etmiş nailiyyətlərini tamaşaçılara çatdırır. Yaradıcı heyət tez-tez bölgələrə səfər edib istedad axtarışında olurlar. Eyni zamanda əsrarəngiz təbiətimizi, tarixi yerlərimizi, mədəniyyətimizi bütün dünyaya göstərir.

Proqramda tez-tez dünya görmüş insanların gənclərə nümunə olacaq həyat və yaradıcılıqlarından da bəhs edilir. Onlar öz tövsiyələri ilə gənclərə işıqlı gələcəyin yollarını öyrədir.

Digər proqram "Həyat hekayələri" adlanır. Təzə işıq üzü görməyinə baxmayaraq bu proqram özünə geniş auditoriya toplaya bilib. Burada müxtəlif insanların -istər tanınmış-istərsə də hər hansı bir insanın həyatda nə acılar görməsi, enişli-çıxışlı yollarına baxmayaraq həyatı iki əlnən tutmaları göstərilir. Həmin insanların həyat yolu bir çoxlarına örnək olmalıdır, çünki necə çətinliklərə baxmayaraq heç də ruhdan düşməyib yenə də yaşamaq uğrunda mübarizə aparıblar. Proqram bir növ insanlara həyat dərsi keçir.

Əməkdar artist Gülüstan Əliyevanın həyatını buna misal gətirmək olar. Gülüstan xanım çox erkən vaxtda həyat yoldaşını Qarabağ müharibəsində itirib. Çox əziyyətlər görməsinə baxmayaraq yenə yaşamaq ruhunu itirməyib, həyatına davam edib. İndi də Gülüstan xanım həmin günləri xatırlayanda danışmaqda çətinlik çəkir. O, bir oğlu ilə xoşbəxt həyat sürür və həyatını ona və yaradıcılığına həsr etməklə məşğuldur.

İkiqat Paraolimpiya çempionumuz İlham Zəkiyevin həyatı da çox çətinliklərlə keçib. Qarabağ müharibəsinin fəsadları ondan da yan keçməyib. O, hər iki gözlərini itirib. Özünün qeyd etdiyinə görə ilk əvvəllər çox çətinliklər olub. Sanki özünü cəmiyyətdən təcrid olunmuş kimi hiss edirdi. Lakin bütün bunlara baxmayaraq o, həyatında bir çox dəyişikliklər etdi. İdmanın cüdo növü ilə məşğul olmağa və bu yolda çox böyük uğurlar qazanmağa başladı. İlk uğur qazandığı zaman onda həyata qarşı böyük ümidlər oldu və beləliklə də uğurlarının sayını artırmağa başladı. Elə bunun nəticəsidir ki, ikiqat Paraolimpiya çempionluğunu qazandı. Hal-hazırda iki uşağı var və xoşbəxt həyat sürür.

"Həyat hekayələrində" tanınmış müğənni Şamo İsayevin həyatı canlandırılıb. Şamo ixtisasca həkim olmasına baxmayaraq çox gözəl səsə malikdir. Gözlənilmədən səhhətində baş verən problem Şamo İsayevin həyatına ciddi təsir elədi. Hər zaman yaradıcılığında, həyatında nikbin əhval-ruhiyyə gördüyümüz Şamo İsayev bir müddət bədbinliyə düçar oldu. Hal-hazırda Şamo İsayev həyatının sanki ikinci baharını yaşamış olur. Səsi və yaradıcılığı ilə həmin illəri bir də yaşayır, yaşadığı hər dəqiqədən, hər saniyədən həzz almağa çalışır.

Azərbaycanın tanınmış ziyalısı, jurnalisti və eyni zamanda millət vəkili Bəxtiyar Sadıqov da səmimi söhbətləri ilə proqrama xüsusi gözəllik verib.

Beləliklə, gördük ki, TRT-Avaz-ın türk xalqlarının həmrəyliyində, inkişafında, onların bir-birinə olan sıx bağlılığında əhəmiyyətli rolu var. Biz də gərək bu imkandan səmərəli istifadə edək. Ataların dediyi kimi "Tək əldən səs çıxmaz". Bu mənada Türk xalqı bir olduqdan sonra heç kəs bizlərə müdaxilə edə bilməz və hər zaman bir-birimizə dayaq olarıq. Biz, TRT-Avazın rəhbərliyinə öz dərin minnətdarlığımızı bildiririk. Arzu edirik ki, kanalın əhatə dairəsi daha da böyüsün və türk xalqlarının səsi həmişə yüksəklərdən gəlsin.

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2011.- 11 may.- S. 5.