UNUDULMAYAN
TARİXİN ANIMI
İkinci
Dünya müharibəsində faşizm üzərində qələbədən
66 il keçir. Bəşər tarixində ən dəhşətli
müharibə olan bu müharibədə Qələbənin əldə
olunmasına Azərbaycan xalqı da böyük töhfələr
vermişdir. 640 mindən çox Azərbaycan vətəndaşı
müxtəlif cəbhə bölgələrində Alman
faşizminə qarşı fədakarlıqla vuruşmuş,
onların təxminən yarısı müharibədə həlak
olmuşdur. Qələbənin təmin olunmasında həlledici
rol oynamış sovet ordusunun tank və təyyarələrinin
tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi
yanacaqla hərəkətə gətirilirdi.
İkinci
Dünya müharibəsində Vətənin
azadlığı uğrunda döyüşlərdə 6 mindən
çox həmyerlilərimiz də qəhrəmanlıqla
vuruşmuşdur. Onlardan 2024 nəfəri bu qanlı
döyüşlərdə həlak olmuşdur. Qələbədən
sonra Vətənə qayıtmış həmvətənlərimiz
uzun illər quruculuq işlərində fəal iştirak
etmiş, gənclərimizin vətənpərvərlik tərbiyəsi
ilə məşğul olmuşlar. Bu günlərədək
müharibənin dəhşətlərini yaşayaraq,
ölümün pəncəsindən qurtarmış bu
insanların yalnız 16 nəfəri sağ
qalmışdır. Onların hər biri istər dövlətimiz,
istərsə də ictimaiyyət tərəfindən hər
cür qayğı ilə əhatə olunmuşdur. Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyev hakimiyyətdə
olduğu bütün dövrlərdə müharibə
veteranlarının probleminə böyük diqqət və
qayğı ilə yanaşmışdır. İkinci
Dünya müharibəsində şərəfli
döyüş yolu keçmiş Azərbaycan
övladlarının tarixi şücaətləri, habelə
arxa cəbhədə fədakarlıqla
çalışanların xidmətləri heç vaxt
yaddaşlardan silinməyəcək, gənc nəslə əsl
vətənpərvərlik nümunəsi olacaqdır.
Bütün
bunlar barədə Qələbənin 66-cı
ildönümü münasibətilə mayın 7-də Qaxda
keçirilən ümumrayon tədbirlərində ətraflı
söhbət getdi. Şəhidlər xiyabanına toplaşan tədbir
iştirakçıları - RİH başçısı
Musa Şəkiliyev başda olmaqla idarə, müəssisə
rəhbərləri, YAP rayon təşkilatının fəalları,
müharibə veteranları
və rayon ictimaiyyətinin digər nümayəndələri
əvvəlcə buradakı Böyük Vətən
Müharibəsində həlak olanların xatirə abidəsinin,
həmyerlimiz, Sovet İttifaqı Qəhrəmanı Məmməd
Məmmədovun büstünün, Qarabağda
torpaqlarımızın toxunulmazlığı yolunda şəhid
olanların xatirəsinə ucaldılmış Ana abidəsinin
önünə tər gül-çiçək qoyaraq
hörmət və ehtiramlarını bildirdilər, şəhidlərin
məzarlarını ziyarət etdilər.
Sonra
Sovet İttifaqı Qəhrəmanı M.Məmmədovun abidəsinin
önündə 9 May Qələbə gününə həsr
edilmiş mitinq keçirildi. Tədbiri RİH
başçısı Musa Şəkiliyev açaraq qeyd etdi
ki, 60 dövlətin, 100 milyondan çox insanın cəlb
edildiyi İkinci Dünya müharibəsində tarixi qələbənin
əldə olunmasında Azərbaycanın ön cəbhədə
qəhrəmanlıqla döyüşən oğulları ilə
bərabər arxa cəbhədə də misilsiz əmək
hünərləri göstərmiş, ordunun
ehtiyaclarını ödəmək üçün gecə-gündüz
çalışan həmyerlilərimizin əvəzsiz rolu
olmuşdur. Onu demək kifayətdir ki, müharibə illərində
Sovet İttifaqında hasil olan neftin 70 faizindən çoxunu Azərbaycan
verirdi. Faşizm üzərində qələbənin təmin
edilməsində həlledici rol oynamış tank və təyyarələrinin
tam əksəriyyəti Bakı nefti ilə hərəkətə
gətirilirdi. Musa Şəkiliyev daha sonra həmyerlilərimizin
də qələbənin əldə olunmasında
döyüşlərdə göstərdikləri fədakarlıqlardan,
Sovet İttifaqı Qəhrəmanı Məmməd Məmmədovun
igidliklərindən söz açdı. Qeyd etdi ki,
Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətdə
olduğu illərdə Böyük Vətən Müharibəsində
həlak olanların xatirəsinin əbədiləşdirilməsi,
veteranların sosial-məişət problemlərinin həll
edilməsi üçün bir çox qərar və sərəncamlar
imzalanmışdır. Bu gün Ulu Öndərin bu siyasəti
Respublika Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Hər il Qələbə bayramı ərəfəsində
ölkə başçısının sərəncamı
ilə müharibə iştirakçılarına, onların
ailələrinə birdəfəlik maddi yardım edilməsi
bu qayğının təcəssümüdür. RİH
başçısı giriş sözünü
yekunlaşdıraraq tədbir
iştirakçılarını, veteranları, rayon ictimaiyyətini
Qələbə bayramı münasibətilə təbrik edərək
mitinqi açıq elan etdi.
Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra
Böyük Vətən Müharibəsində qələbənin
66-cı ildönümü münasibətilə məruzə
ilə çıxış edən RİH-in
hüquqşünası Dəyanət Əminov qələbənin
əldə olunmasında Azərbaycan xalqının, onun qəhrəman
oğul və qızlarının, o cümlədən həmyerlilərimizin
fədakarlıqlarına dair faktları mitinq iştirakçılarının
nəzərinə çatdırdı.
Tədbirdə
çıxış edən rayon Müharibə, Silahlı Qüvvələr və
Əmək Veteranları şurasının sədri Qədir
Hafizov, QMƏVŞA İB rayon təşkilatının sədri
Atəş Babayev, hərbi komissarın müavini Akif
Hüseynov, müharibə veteranı Məmməd Rəhimov və
başqaları
Böyük Vətən Müharibəsi veteranlarına,
onların ailələrinə dövlətimiz tərəfindən
göstərilən diqqət və qayğıya görə
Respublika Prezidenti İlham Əliyevə minnətdarlıqlarını
bildirdilər, əmin olduqlarını vurğuladılar ki,
onun rəhbərliyi ilə həyata keçirilən tədbirlər
nəticəsində torpaqlarımız erməni
işğalından təmizlənəcəkdir.
Mitinqdən
sonra Qələbənin 66-cı ildönümü münasibətilə
keçirilən tədbir "1001 dad" restoranında bayram
ziyafətilə davam etdirildi. Ziyafətdə rayon mədəniyyət
evinin kollektivinin, üzvləri zəngin konsert proqramı ilə
çıxış etdilər.
Ziyafətdə
çıxış edərək veteranları bir daha Qələbə
bayramı münasibətilə təbrik edən RİH
başçısı Musa Şəkiliyev onlara RİH tərəfindən
ayrılmış maddi yardımı təqdim etdi. Eyni zamanda
rayonumuzun ağsaqqalı, həmyerlimiz, Meliorasiya və Su Təsərrüfatı
ASC-nin sədri Əhməd Əhmədzadənin təbriklərini
və bayram hədiyyəsini veteranlara çatdırdı. Tədbirdə
çıxış edən veteranlar şurasının sədri
Qədir Hafizov, 5 saylı tam orta məktəbinin direktoru Sevil
Musayeva, 2 saylı tam orta məktəb-liseyinin direktoru Şəkər
Abdullayeva, YAP rayon təşkilatının sədri Nizami Əhmədov
və rayon ağsaqqallar şurasının sədri Hacı Nəzirov
çıxış edərək müharibə
veteranlarını təbrik etdi, onlara xoş arzularını
çatdırdı.
Veteranlar
onlara göstərilən diqqət və qayğıya görə
Respublika Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə
minnətdarlıqlarını bildirdilər.
N.ŞABANOV
Ədalət.- 2011.- 11 may.- S. 6.