TURİSTLƏRİ
OVSUNLAYAN QAFQAZ İNCİSİ
Regionların inkişafı yeni
istiqamətlərə işıq salır
Sosial-iqtisadi
inkişafın ölkənin ən ucqar bölgələrini
də əhatə etməsi, insanların rifah halının
yüksəlməsi digər istiqamətlərə də
işıq salmışdır. Dövlət Proqramlarında
qarşıya qoyulan vəzifələr, artıq hansısa
köhnə bir binanın cari təmiri və ya hansısa bir
yola qara örtük salınması kimi bəsit məsələləri
gündəmə gətirmir. Ölkəboyu nəhəng
işlər aparılır. Bu tərəqqi, bu yüksəliş
Azərbaycan Respublikasının adi vətəndaşından
tutmuş, onun rəhbərinə kimi sevinc və qürur bəxş
edir. Ölkə prezidenti İlham Əliyev regionlara səfərləri
zamanı ictimaiyyət nümayəndələri ilə
görüşlərində ən sadə adamlarla bu sevinci
bölüşür, Azərbaycan Respublikasının gələcəyinin
daha gözəl olacağına inandığını
bildirir.
2011-ci ilin "Turizm
ili" elan edilməsi adi məsələ deyildir. Cənab Prezident
ölkədə qeyri-istehsal
sahələrinin də
inkişaf etdirilərək
xalqın rifahına yönəldilməsini düşünür
və potensialları yüksək səviyyədə
dəyərləndirir. 2011-ci ilin "Turizm
ili" elan olunması təbii ki, hər yerdə
olduğu kimi Zaqatala rayonunda da sevinclə qarşılanmış və
uyğun qurumlar üçün daha geniş perspektivlər açmışdır.
Əslində
Zaqatala, elə bütövlükdə ölkənin
şimal-qərb bölgəsi daxili və beynəlxalq turizmin
inkişafı üçün münasib yerlərdir. Biz əgər
indi konkret olaraq Zaqatala rayonu haqqında söhbət
açırıqsa, mövzunu əhatəli şəkildə
şərh etməliyik. Ən azından Zaqatala kəndli-şəhərli
həm təbiət gözəllikləri, həm də
sosial-mədəni inkişafı ilə turistləri daim cəlb
edən məkandır.
Keçən
il də, bu ilin əvvəllərində də Zaqatala rayonunun
sosial-iqtisadi inkişafı haqqında geniş məqalələr
yazarkən, onun digər gözəllikləri, məhz turizmlə
bağlı üstünlükləri barədə
yazacağıma bir növ anons olaraq işarə etmişdim.
GÖZƏLİN GÖZƏLLƏRƏ
OXŞADILMASI
Zaqatalanın
tarixi abidələri və təbiət gözəllikləri
ilə yanaşı, onun şəhər mədəniyyəti,
qonaq (turist) qəbul edib xidmət göstərmək ənənəsi
həmişə diqqət çəkib, onun bu özəlliklərini
uzaqlara daşıyıb. Çoxları bu şəhəri mədəni
səviyyəsi və ya mən bilmədiyim hansısa səbəblərə
görə Tiflisə, Parisə bənzədir. Təbii
kiçik işartılar mümkündür. Elə "Bala
Tiflis", "Kiçik Paris" deyimləri də bu
yanaşmalardan qaynaqlanıb. Əsl oxşarlığa qalsa isə,
Zaqatala Rusiya Federasiyasının cənub incisi Soçiyə
daha çox bənzəyir. Hər ikisinin iqlimi
yarımsubtropikdir. Soçini Soçi çayı iki hissəyə
ayırır, Zaqatalanı Tala çayı. Hər iki şəhərdə
hardan baxsan oxşar dağlar görünür. Küçələrindəki
çinar, çökə, qovaq ağacları, şəhər
kənarlarındakı evlərin qarşısındakı meyvəli
bağlar da bir-birini tamamlayır. Soçidə Rıtsa tərəfə
"Qafqaz aulu"na gedərkən Zaqatalanın Car kəndindəki
"Ləzzət"i xatırlamamaq mümkün deyil. Zaqatalanın
Heydər Əliyev parkı quruluş və bitki tərkibiylə
Soçinin "Park Rivyera"sından geri qalmır. Məşhur
"Daqomıs" istirahət zonasının yolu
bugünkü Zaqatala-Balakən yolunu xatırladır. Bizim
Zaqatalamızda təkcə dəniz yoxdur
Mən
bütün bunları sevimli oxucuların diqqətinə
çatdırmaqla Zaqatalanı Soçi kimi məşhur
kurort şəhəriylə baş-başa qoymaq iddiasında
deyiləm. Mümkünsüzdür. Sadəcə bəzi məqamlar
baxımından oxşarlıq var deyə yazıda belə bir
ricət yarandı.
ZAQATALA - TURİZM SƏLTƏNƏTİ
Beləliklə,
mövzumuzun əsas istiqamətinə keçid edirəm. Rayon
rəhbərliyi bütün digər məsələlərlə
yanaşı, turizmin inkişafına da xüsusi əhəmiyyət
verir. Zaqatala Rayon İcra Hakimiyyətinin
başçısı Mübariz Əhmədzadə söhbətimiz
zamanı deyir:
-
Zaqatala onsuz da qonaq-qaralı yerdir. Burada turizm üçün
də hər cürə şərait və bu şəraiti
daha da genişləndirmək perspektivləri var. Məsələyə
çox ciddi yanaşırıq. Çünki turizm
qeyri-istehsal sahələrindən biri kimi yaxşı gəlir
gətirə bilir. Təbii ki, bütün infrastrukturlar, xidmət
mədəniyyəti və digər amillər yüksək səviyyədə
qurulduqda. Regionda turizmin inkişafı rayonumuz,
camaatımız üçün əlavə gəlir mənbəyidir.
Bu səbəbdən də bütün imkanlardan maksimum istifadə
etməyə çalışırıq. Zənnimcə, elə
bu ilin turizm mövsümü Zaqatalanın bir çox digər
potensiallarını da üzə çıxaracaq
Rayonda
hələ fevral ayından daxili və xarici turistlərin qəbulu
və onlara yüksək səviyyəli xidmət göstərilməsinə
ciddi hazırlıq işləri görülüb. Otellər,
istirahət mərkəzləri, motellər , restoran və
kafelər, rabitə, səhiyyə, digər xidmət
strukturları məlumatlandırılıb. Rayon mədəniyyət
və turizm şöbəsi, bədən tərbiyəsi və
gənclər təşkilatı, internet klubları Dövlət
qoruğu və başqa təşkilatlar üçün
xususi iş planları hazırlanıb. Bütün bunlar barədə
mənə Zaqatala Rayon İcra Hakimiyyətinin şöbə
müdiri Nizami Abdullayev sistematik məlumatlar verir. İşini
sevən, doğma rayonun şərəfini uca tutan məmurdur.
Mənə xüsusi hörmət və rəğbətlə
yanaşmasının səbəbini isə heç vaxt
açıq bildirmir. Yəqin belə məsləhətdir.
(ardı gələn
sayımızda)
Məzahir ƏHMƏDOĞLU
Ədalət.- 2011.- 11 may.- S. 7.