TURİSTLƏRİ
OVSUNLAYAN QAFQAZ İNCİSİ
(əvvəli ötən
sayımızda)
GÖRÜLƏN İŞLƏR VƏ
PERSPEKTİVLƏR
Rayon
ərazisində 9 turizm obyekti fəaliyyət göstərir. Bu
obyektlər sırasında "İsoil", "Qafqaz",
"Turqut", SMU-2, Olimpiya kompleksi, "Ləzzət"
istirahət guşəsi əsas yeri tutur. Obyektlərin
hamısı müasir tələblərə cavab verir. Qiymətləri
də əlverişlidir.
Adı
çəkilən turizm obyektləri bir gündə 375-400 nəfər
turisti qəbul etmək imkanına malikdir. Obyektlərdə
çalışan xidmət heyətinin hamısı gənclərdir.
Xidmət heyətinin vaxtaşırı təşkil
olunmuş kurslarda ixtisas artırması rayon mədəniyyət
və turizm şöbəsi tərəfindən həyata
keçirilir.
Turizm
ilində otellərin, yeni turizm mərkəzlərinin təşkili
nəzərdə tutulub. Rayonun mərkəzində yerləşən
qədim Qala düzü pilləkənləri öz qədim
üslubunu saxlamaqla təmir olunub, istifadəyə
verilmişdir. Şəhərin mərkəzində yerləşən
Tarix-mədəniyyət qoruğunun və Alban məbədinin
əsaslı təmiri ilə bağlı Mədəniyyət
və Turizm Nazirliyi qarşısında məsələ
qaldırılıb. Son illər rayona gələn turistlərin
sayı artmışdır. 2010-cu ildə bu göstərici
4000 nəfərə çatmışdır. Bu otellərdən
alınan məlumatdır. Xüsusi evlərdə və kəndlərdə
qalanların sayı isə daha çoxdur.
Turistlər
əsasən Yuxarı Çardaxlar kəndində yerləşən
Pəri Qalasına, Car kəndində "Cingözqala", Zaqatala
qalasına, Alban məbədinə, bəzi məscidlərə,
təbiət möcüzəsi olan çinar
ağaclarına, parklara, "Şəlalə"yə daha
çox maraq göstərirlər. Rayonda Dövlət
Qeydiyyatına düşən 108 tarix və mədəniyyət
abidəsi mövcuddur. Artıq Zaqatala Qoruğunun ərazisində
turizm istirahət mərkəzinin yaradılması da gündəmdədir.
Turistlərin
əsas maraqlandığı yerlərdən biri də Tarix
Diyarşünaslıq Muzeyidir. Muzeyin çox zəngin fondu
vardır ki, orada 16 min eksponat qorunur və nümayiş
etdirilir.
İSTİRAHƏT VƏ TURİZM
XƏRİTƏSİ
Mən
artıq Zaqatalanın istirahət və turizm xəritəsi əsasında
müəyyən məlumatları diqqətə
çatdırmaq istəyirəm. Axı bu rayona çoxdan
yolu düşməyənlər, bu rayonu yaxşı
tanımayanlar da var, heç görməyənlər də yəqin
ki, çoxdur.
Heydər parkı
1947-ci
ildə salınmış bu parkın sahəsi 13 hektardır.
Burada 27 ağac növü vardır. Sonradan parkda yenidənqurma
işləri aparılmış və "Heydər
parkı" adlandırılmışdır. Ulu Öndərin
abidəsinin ucaldığı bu gözəl məkan əhalinin
ən sevimli istirahət yeridir.
Zərifə Əliyeva adına
park
2008-ci
ildə salınmış bu parkda akademik Zərifə Əliyevanın
büstü qoyulmuş, müasir səhnə,
işıqlandırma sistemi, fəvvarələr
quraşdırılmışdır.
Dədə Qorqud meydanı
Təbiətin
möcüzəsi hesab edilən 750 yaşlı və gövdəsinin
diametri 7 metr olan çinar ağacı burada yerləşir. El
arasında Qala düzü pilləkənləri buradadır.
Zaqatala tarix-mədəniyyət
qoruğu
Qoruq
1830-cu ildə inşa edilən Zaqatala qalasında yerləşir.
Bu qalada "Potyomkin" zirehli gəmisinin
üsyançıları məhbus kimi saxlanılıb. Qalanın
divarlarının eni 1,5 metrdir. Qalanın 100-dən çox
mazğalı - tüfəng atmaq üçün yeri olub. Qalanın
daxilində 20-dən çox yerli əhəmiyyətli tarixi
abidə var.
Car kəndi
Zaqatala
şəhərinin şimalında, Böyük Qafqaz
dağlarının ətəklərində yerləşir. Kəndin
ərazisindən 2 dağ çayı (Bəkməz və
Zilban) axır. Üç tərəfi dağlardır. Ümumi
sahəsi 1314 ha, əhalisi 3244 nəfərdir. Tarixi abidələrdən
Car məscidi (XVII əsr), XVI əsrə aid olub və
müdafiəsi məqsədləri üçün
tikilmiş, hündürlüyü 10-12 metr olan Cigiz qala
vardır. Ərazidə "Gülüstan" turist
bazası yerləşir.
Qəbzdərə kəndi
Mazıx
kəndinin şimalında, Böyük Qafqaz
dağlarının cənub ətəyində, Katex
çayının sağ sahilində yerləşir. Əhalisi
234 nəfərdir. Burada turizm istirahət mərkəzi
üçün torpaq sahəsi ayrılmış və
tikintisinə başlanılacaqdır. Ərazidə 15 metr
hündürlükdən tökülən respublikanın ən
bol sulu şəlaləsi vardır.
Pərzivan
Yuxarı
Tala və Muxax kəndlərinin arasında Böyük Qafqaz
dağlarının ətəyində yerləşir. Sahəsi
142 ha, əhalisi 110 nəfərdir.
(ardı gələn
sayımızda)
Məzahir ƏHMƏDOĞLU
Ədalət.- 2011.- 12 may.- S. 7.