Fəxriyyə Xələfova: "Gənclər elə düşünürlər ki, model olmaq çox asan işdir"

 

Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın Milli.Az xəbər portalına müsahibəsi:

 

- Fəxriyyə xanım, artıq xeyli vaxtdır ətir istehsalı ilə məşğulsunuz. Sizin bu fəaliyyətinizi ətir biznesi saymaq olarmı?

- Əlbəttə. Təbii ki, kütləvi olduğuna görə, tamamilə bir biznes layihəsi sayılır. Deyərdim ki, ətriyyat biznesi çox əlverişli və çətin bir biznesdir. Birinci ona görə ki, alıcı ətri öz həvəsi və istəyi ilə almalıdır. Eyni zamanda onun üçün elə bir məhsul hazırlamalısan ki, nəinki qoxunun özü - şüşənin rahatlığı, onun rəngi, təqdimatı, qablaşma bütün standartlara cavab verməlidir. Məhsul həmçinin rəqabətə dayanıqlı olmalıdır.

- Ətir biznesindən qazanc götürmüsünüzmü?

- Hələ ki, yolun başlanğıcındayam. Müvəffəqiyyətlər qabaqdadır. Modada olduğu kimi, bu işi də birinci mən başladım. Ona görə də yol göstərənim yoxdur. Özüm öyrənə-öyrənə, icad edirəm. Ancaq onu deyə bilərəm ki, layihənin sonunda uduzmayacağam. Bilirəm ki, zərərə düşməyəcəyəm və qoyduğum vəsaiti qaytaracağam. Qazanca gəldikdə isə, birinci ətirdən qazanc gözləmirəm. Qarşıma elə məqsəd qoymuşdum ki, elə ancaq vəsaitimi qaytarım və həmin vəsaiti sonradan başqa ətirlərin istehsalına yönəldim.

- Bəs kişi ətirləri istehsal etmək fikriniz var?

- "Nuray"ı bitirdikdən sonra kişi ətirləri yaradacağam. Düşünürəm ki, kişi ətirlərindən sonra artıq istədiyim məbləği qazancı əldə etməyə başlayacağam. Kişilər üçün ətirlər artıq son mərhələdədir. Digər bir tərəfdən, burada çeşid məsələsinin də xüsusi önəmi var. Məsələn, məndə hələlik bir çeşid ətir var. Bir rəfdə 5 çeşid məhsul olduqda, rahat ola bilərəm ki, birinin satışı o birisini kompensasiya edəcək. "Nuray" ətirlərinin satışından çox razıyam. Xanımlarımız üçün daha bahalı limit istehsal olacaqdır. Gənc qız və oğlanlar üçün tamamilə ayrı bir ətirlər istehsal etmək fikrindəyəm. Bax, bu 5 çeşidə gəlib çatanda tam rahat olacam ki, artıq qazanc əldə edirəm. Adına gəldikdə isə hələ qərar verməmişəm. Üç ad var - avtomobilimin nomrəsi 579, "Magnum", "Elbrus" zirvəsi qoymaq istədim, amma heç biri tutulmadı. Hazırda axtarışdayam.

- Biznesiniz üçün bazar əldə etmisinizmi?

- Bazar Azərbaycan və paytaxt Bakıdır. Ölkə xaricinə hələlik çıxmamışıq. "Nuray" ətri 1 ildir satışdadır. Ancaq mənim ətrimin indiyə qədər neçə ölkənin birinci şəxslərinin xanımlarına hədiyyə aparıblar. Bu özü elə keyfiyyət göstəricisidir. Bizim keyfiyyət sertifikatlarımız çoxdur. İlk öncə özəlliyi odur ki, mənim icad etdiyim ətirdir. Bu ətir gün boyunca - səhərdən axşama qədər bir xanımı müşayiət etsə, xanıma müsbət enerji verəcək. Qoxunun özü çox gözəldir və buna görə də xanımda çox gözəl əhval-ruhiyyə yaradacaq və ətrafla gözəl dialoq qurmaq imkanı verəcək. Mən bu ətiri elə yaratdım ki, insanlar tərəfindən anlaşıla biləcək qoxu olsun. Elə ətirlər var ki, insanda baş ağrısı yaratmır. İndi istəyirəm ki, ətiri qonşu dövlətlərin - Gürcüstan, İran, Türkiyə kimi ölkələrin bazarlarına çıxarım.

- Fəxriyyə xanım, son bir ildir ki, nümayiş olunan kolleksiyalarınızda yenilik nəzərə çarpmır, eynilik müşahidə olunur. Müşahidələrim məni yanıltmır?

- Bilmirəm nəyə gözünüz sataşıb. Axı subyektiv fikirləri niyə şərh etməliyəm ki?! Mən özüm də bəzən müsahibə verəndə deyirəm ki, ola bilsin ki, bu fikrim subyektivdir. Amma siz çox əminliklə deyirsiniz və yanılırsınız. Telekanallarda yeni kolleksiyalar nümayiş etdirdik. Baxış bucağınız yanlışdır. Siz mütəxəssis deyilsiniz, ancaq rəngləri görürsünüz. Və deyirsiniz ki, ay, bu yenə çəhrayı rəngdir! Amma belə deyil, bu rəng yarımçəhrayı da ola bilər.

- Azərbaycanda modellər podiumda pul qazana bilirmi?

- Bizdə bir-iki agentlik var ki, onlar mütəmadi işləyirlər. Onların nümayişləri, sərgiləri olur. Onlar aylıq qazanclarını çıxara bilirlər. Burada əsas məsələ peşəkarlıqdır. Sabah biri çıxıb deyə bilər ki, Fəxriyyə xanım, mən modeləm. Amma mən ondan soruşanda ki, boyun necədir, deyir 175 sm. Deyirəm ki, bu boy model sayılmır, orta boydur. Model olmaq üçün 185 sm boy lazımdır. Hazırda 5-10 nəfər belə model var. Onlar peşəkardır həmişə tapırlar. Amma deyə bilmərəm ki, onların sayı çoxdur. Model üçün peşəkarlıq lazımdır.

- Peşəkar modellərimizin sayı qədər olar?

- Model üçün kriteriyalarım var. Boy məhdudiyyəti qoyuram. Hazırda 10 qız, 6-7 oğlan model var ki, mütəmadi olaraq onlarla işləyirəm. Qeyri-peşəkarla işləmirəm. Gənclər elə düşünürlər ki, model olmaq çox asan işdir. Düşünürlər ki, ona təhsil, intellekt lazım deyil. Amma belə deyil. Modelə intellekt gərəkdir. Mən podiuma çıxmıram, amma model mənim informasiya daşıyıcımdır. Podiuma çıxan model işlərimi mənim adımdan çox peşəkarlıqla təqdim etməlidir. Modellər beynəlxalq sərgilərə çıxıb stendləri tanıdırlar, hər şey onlardan asılıdır. Müdir çıxmır ki, camaatın qarşısına. Yəni biznesin inkişafı, əlaqələr modeldən asılıdır. Çox çətin peşədir. Model daim öz üzərində işləməlidir. Onlar formasını saxlamasından, dil bilməsinə, xarakterinə, dözümlülüyünə qədər bütün keyfiyyətləri özündə cəmləşdirməlidir.

- Modellərimizin qazancı özlərinə kifayət edirmi?

- Xarici modellərlə bizim modellərin qonorarları müqayisə olunmazdır. Bizim modellərin aylıq qazancı elə orta statistik maaşa bərabərdir. Lakin yenə bu işdir, qazanc mənbəyidir. Gürcüstanda da vəziyyət bizimkindən o qədər fərqlənmir. Əksinə, onlar bir çox sahələrdə bizdən zəifdir.

 

 

Ədalət.- 2011.- 12 may.- S. 8.