TURİSTLƏRİ
OVSUNLAYAN QAFQAZ İNCİSİ
(əvvəli ötən
sayımızda)
Pipan və Silov dərələri
Yuxarı
Tala kəndinin şimal-şərqində, Böyük Qafqaz
dağlarının cənub ətəklərində yerləşir.
70 ha sahəni əhatə edir. Tarixi abidələrdən Alban
kilsəsi (IV-V əsrlər) vardır. Burada turizm istirahət
mərkəzinin tikintisi üçün torpaq sahəsi
ayrılmışdır.
Yuxarı Çardaqlar
Yuxarı
Çardaqlar kəndinin ərazisi 1293 ha, əhalisi 2141 nəfərdir.
Rayon mərkəzindən 14 kilometr məsafədə yerləşir.
Kənddə XIII əsrə aid bürc, Alban kilsə qalıqları,
XIX əsrdə tikilmiş məscid vardır. Burada III-IV əsrlərə
aid olan, el arasında "Qız qalası" mağarası
adlanan "Pəri qala" yerləşir.
Xidmət müəssisələri
Rayonda
üçulduzlu, 80 nəfər qəbul edə bilən
İS otel mehmanxanası, 4 mərtəbəli 100 nəfərlik
restoranı, Avropa tipli mətbəxi olan "Zaqatala"
mehmanxanası, futbol meydançası, idman qurğuları və
saunası olan beş otaqlı karvan istirahət guşəsi,
10 otaqlı "SMU-2" moteli, 10 otaqlı "Turqut"
moteli, "Ləzzət" istirahət zonası,
atçılıq, faytonla gəzinti, ekoturizm, balıq ovu təşkili
olunan "Farel" istirahət zonası və yeni tikilmiş
"Qafqaz otel"i əhaliyə mədəni xidmət
göstərir. Bundan başqa Zaqatala Olimpiya İdman Kompleksi və
Gənclər İdman İdarəsinin nəzdindəki
UGİM-in güləş və trenajor zalları fəaliyyət
göstərir.
ZAQATALA QALASI
Bu
qala nəinki Zaqatala rayonunun, uzun illər boyu bütün
bölgənin simvoluna çevrilmişdir. Əlverişli hərbi,
strateji mövqeyə malik olan Zaqatala hələ qədim
zamanlarda xarici qəsbkarların diqqətini cəlb
etmişdir. Car-Balakən qəzası Rusiya tərkibinə
daxil olduqdan sonra (1804) onun hərbi strateji əhəmiyyətini
nəzərə alan çar hökuməti Zaqatala şəhərinin
günbatan hissəsində qala tikdirmək qərarına gəlmişdir.
Qala 1804-1830-cu illər ərzində tikilmişdir.
Zaqatala
qalası Zaqafqaziyada olan rus qoşunlarının komandanı
Paskeviçin əmri ilə tikilmişdir. Qala yerli əhalinin
üsyanlarının yatırılmasında dayaq mərkəzi
rolunu oynamışdır.
Üçbucaq
şəklində olan qalanın iki tərəfi şərq və
qərbdən sıldırımdır. Şimal tərəfdən
yer səviyyəsindədir. Mühafizə məqsədi ilə
hasarın çöl tərəfindən eni 10 metr, dərinliyi
5 metr olan xəndək qazılmışdır. Qala
divarlarının hündürlüyü bəzi yerlərdə
3-5 metrdir, divarın eni 2 metrdir. Qala divarlarının
uzunluğu 3000 metrdir, qalanın 3 böyük qapısı
vardır.
XIX əsr
tikilisi olmasına baxmayaraq, burada orta əsr qalalarında
olduğu kimi, mühasirədən çıxmaq
üçün yeraltı yol çəkilmişdir.
Yeraltı yollar qalanın altı ilə iki istiqamətə
uzanır.
Qalanın
sahəsi 11,5 hektardır. Ərazisində 15-ə yaxın
tikili vardır. Bunlardan Zaqatala qarnizon rəisinin evi, xəzinə
binası, qaupvaxt- hərbi həbsxana, lazaret -hərbi xəstəxana,
hamam, müqəddəs Troitsa kilsəsi, zabitlər
üçün ikimərtəbəli filigel, kazarmalar, su kəhrizi,
müşahidə bürcü, üç top bürcü.
Şamil
hərəkatı dövründə (1834-1959) qala rus ordusunun
düşərgəsi və başlıca hərbi məntəqəsi
idi. Çar hökuməti qaladan 1863-cü ildə baş verən
Zaqatala üsyanının yatırılmasında istifadə
etmişdir. Şeyx Şamil hərəkatı
yatırıldıqdan sonra qala öz əhəmiyyətini bir
müddət itirmişdir.
Lakin
çar II Nikolay 1905-1907-ci il inqilabından sonra
"Potyomkin" gəmisində üsyan edən 400
inqilabçı motrosu qalaya sürgün etmişdir.
Sovet
hakimiyyətinin ilk illərində qalada Zaqatala Qəza
İnqilab Komitəsi yerləşib. Sonralar çətin tərbiyə
olunan yeniyetmələr üçün təcridxana, şəhər
mərkəzi xəstəxanası, 1967-ci ildə Zaqatala
Diyarşünaslıq Muzeyi, Mebel Fabriki, 1 nömrəli Şəhər
İnternat məktəbi, Gənc Texniklər stansiyası fəaliyyət
göstərirdi.
Müstəqillik
elan olunduqdan sonra Daxili qoşunların "N" saylı hərbi
hissəsi qalada yerləşirdi. Burada kinofilmlər çəkilib,
"Yenilməz batalyon" və "Cavadxan".
(ardı gələn
sayımızda)
Məzahir ƏHMƏDOĞLU
Ədalət.- 2011.- 13 may.- S. 7.