Akif Aşırlı: "Yüksək çinli məmurlardan biri göstəriş vermişdi ki, biz həbs olunaq"

 

   "Çap mətbuatının yeni medianın qarşısında duruş gətirməsi böyük qəhrəmanlıq tələb edir"

 

   Noyabrın 1-i "Şərq" qəzetinin 15 yaşı tamam olur. Qəzetin baş redaktoru Akif Aşırlı Modern.az saytına müsahibəsində "Şərq"in ötən tarixindən danışıb.

  

   - "Şərq" qəzeti necə oldu yarandı, "Şərq" adının ideya müəllifi kim olub?

   - 1991-ci ilin sentyabr ayı idi, Azərbaycanda müstəqil mətbuatın yeni-yeni formalaşdığı zamanda mətbuat orqanlarında ilk fəaliyyətimə başladım. İlk çalışdığım qəzetdə - "7 gün"də bir müddət çalışıb, müstəqil qəzetçiliyin prinsiplərini öyrənməyə başladım. Həmin dövrə qədər Azərbaycanda bir partiyalı sovet mətbuatı var idi. Müstəqil söz demək, fikir yürütməkdən daha çox ideoloji mətbuat olan sovet mətbuatında qəzet biznes strukturu kimi görünmürdü. Ölkədə gedən gərgin ictimai-siyasi proseslər dönəmində qaynar, yaradıcı gənclik formalaşırdı. "7 gün" qəzetində bu gənclərin sayı çox idi. Belə düşündük ki, bizim ayrılıb müstəqil qəzet buraxmaq imkanlarımız var. Bilirsiniz, gəncliyin təbiəti elədir ki, hər zaman nəsə onu qane etmir. Fərqli fikrə, dünyagörüşünə sahib olur. Mən və hazırda qəzetdə çalışan Yusif Nəzərli, APA-da çalışan Kəmalə Quliyeva, "Futbol +" qəzetinin baş redaktoru Mahir Rüstəmov, "Azadlıq" radiosunun bir müddət Bakı bürosunun rəhbəri olmuş Natiq Zeynalov "7 gün" qəzetindən ayrıldıq və yeni qəzet çıxarmağa qərar verdik.

   O dönəmdə Qərb axını var idi, hamı Qərb mətbuatının prinsiplərini əldə etməyə çalışırdı. Bizim də gəncliyimizin dəlisov dövrü idi. Fikirləşdik ki, Şərq ölkəsi olduğumuz üçün elə qəzetin adını "Şərq" qoyaq. Bir məqamı diqqətinizə çatdırım ki, "Şərq"in tarixi 1996-cı il noyabrın 1-dən başlasa da, biz 1994-cü ilin mart-aprel aylarında qəzetin 6 sayını çap etmişik. Çox kəskin senzura şəraiti, təcrübəsizliyimiz imkan vermədi ki, qəzetin nəşrini davam etdirək. Nəhayət, 1996-cı ildə yeni yaradıcı heyətlə qayıtdıq. Qəzet ilk dəfə 4 səhifə olmaqla həftədə 1 dəfə nəşr olunurdu, tədricən həftədə 2 dəfəyə keçdik, sonra səhifələrimizin sayını artırdıq və 1997-1999-cu illərdə qəzet inkişafının pik nöqtəsinə çatdı. Hətta qəzetin tirajı 30 mini keçmişdi. "Yeni Müsavat" qəzetinin tirajı ilə yanaşı gedirdi. 2001-ci ildən isə qəzet gündəlik nəşr olunmağa başladı. Bu günə kimi "Şərq" öz varlığını saxlayır. 

   - Hər bir qəzetin fəaliyyətində pik, orta və aşağı nöqtəsi olur. "Şərq"qəzeti də qeyd etdiyiniz kimi bir zamanlar ən pik nöqtəsində olub. "Şərq" yenidən o səviyyəyə çata bilərmi?

   - Bilirsiniz, qəzetin pik nöqtəsindən aşağı düşməsi obyektiv səbəblərlə bağlıdır, müəyyən subyektiv, özümüzdən asılı olan səbəblər də var. Yadınıza gəlirsə, nəinki "Şərq" qəzeti, ümumiyyətlə mətbuat latın qrafikasına keçid prosesində xeyli sayda oxucu itirdi. Bu oxucunu biz yenidən qazana bilmədik, bu obyektiv bir səbəb idi. Digər tərəfdən, getdikcə dəyişən həyata baxışımız, siyasi baxımdan dünyagörüşümüzdəki dəyişikliklər, cəmiyyətdə baş verən hadisələrə daha başqa aspektdən yanaşmağımız da ola bilsin pik nötədən enməyimizə səbəb olub. Belə hesab etdik ki, artıq peşəkarlaşma zamanıdır. Məsələn, 1996, 1997, 1998-ci illərdə nəşr olunan nömrələrə baxanda görürük ki, daha çox dəqiqləşməmiş informasiyalara, cəmiyyətdə sensasiya doğuracaq yazılara meyl edirdik. O, informasiyaların müəyyən qədər əsası var idisə, böyük əksəriyyətinin əsası yox idi və biz cəmiyyəti aldada bilməzdik. Artıq yaşımız o yaş, cəmiyyətə baxışımız o baxış deyildi. Bütün bu proseslərin hamısı qəzetin tirajına təsir etdi.  

   İkinci bir amil isə qəzetlərin veb-səhifələrinin fəaliyyətə başlaması və yeni medianın yaranmasıdır. Biz bunu obyektiv qiymətləndirməliyik, artıq yeni media öz gücünü dünyada göstərməkdədir. Çap mətbuatının yeni medianın qarşısında duruş gətirməsi böyük cəsarət, qəhrəmanlıq tələb edir. Artıq informasiyaların ömrü saniyələrlə ölçülür. "Şərq" qəzeti də uzun müddət informativ qəzet kimi qəbul olunub, indi biz bu çap mətbuatının mövcudluğunu qorumaq, onun inkişafını təmin etmək üçün başqa istiqamətlərdə yaradıcılıq nümunələri ortaya qoymalıyıq. Məsələn, analitik yazılara, şərhlərə daha çox yer veririk və yer verməliyik. Bir şeyi də deyim ki, biz həmişə informasiya istehsal etdik, amma oxucu yetişdirmədik.

   - Yəqin razılaşarsınız ki, bu məsələdə, yəni oxucu yetişdirməməkdə mətbuatın günahı böyükdür...

   - Əlbəttə, mətbuatın günahı çoxdur. Bilirsiniz, auditoriya toplamışdıq, amma onu qoruya, kifayət qədər oxucu yetişdirə bilmədik. Başqa obyektiv səbəblər də oldu ki, qəzetin ümumi işinə təsir etdi, ancaq yenə də "Şərq"i qoruyub saxlaya bildik. Eyni zamanda bir şeyi də deyim ki, bizim sadiq oxucularımız da var. Daim bizim qəzeti alırlar, informasiyaların dəqiqliyini, xəbərlərin, analizlərin tərəfsiz və qərərsiz olmağını "Şərq"dən izləyirlər. Amma çox təəssüf ki, indi qəzetlərin maddi imkanları, reklam gəlirləri o qədər geniş deyil ki, biz daha təcrübəli kadrları qəzetə cəlb edək. Hansıki "Şərq"in özünün təcrübəli kadrları var, amma biz onların yaradıcılıq potensialından 40%-dək istifadə edə bilirik. Çünki geniş kollektiv saxlamaq imkanları çox məhduddur. Öz həyatını jurnalistikada görmək istəyən insanları jurnalistikada saxlamaq çox çətindir.

   - Qeyd etdiniz ki, yeni media qəzetin tirajına təsir etdi. Maraqlıdır, ənənəvi mətbuat artıq tarixdir, yoxsa hələ özü tarix yazır...

   - Mən hesab edirəm ki, klassik mətbuatımız tarix yazır. Təbii ki, biz çətin mübarizə şəraitindəyik. Klassik medianı nəinki inkişaf etdirmək, onu saxlamağın özü müşkül məsələyə çevrilib. Çünki artıq internet insanların həyat tərzinə çevrilib. Səhər evində kompüterini açıb bütün informasiyaları izləyən insan maraqlı deyil ki, əlavə pul verib qəzet alsın. Digər tərəfdən, əgər oxucu qəzetə pul verirsə, onun qarşılığında informasiya almalıdır. Lazımi analitik yazıları, ölkənin siyasət və mədəniyyət xəbərlərini, bu proseslərin analizini tələb edir. Bunun özü bu savaşda qeyri-bərabər mühit yaradır. Ancaq xalq jurnalistikasının prinsiplərini əsas tutan çap mediası qalmalıdır. Son 100 ilin media tarixinə baxsaq, əvvəlcə radio, sonra televiziya yarandı, indi radio əhəmiyyətini itirib? Xeyr! Ancaq məni düşündürən, maraqlandıran gündəlik qəzetlərin sayının çox olmasıdır. Hesab edirəm ki, 9 milyonluq ölkədə 33 gündəlik qəzet çıxa bilməz.

   - Akif müəlim, bu gün jurnalistikanın əsas problemlərini nədə görürsünüz? Qəzetlərin sayının çox olduğunu söylədiniz, ancaq qəzetlərin yayımında ciddi əngəllərin olduğu deyilir. Bu problem deyilmi?

   - Tam doğru deyirsiniz, çap mətbuatının problemlərindən biri və ən mühümü ondan ibarətdir ki, biz elə bil sadəcə Bakı şəhəri üçün qəzet çıxardırıq. Halbuki, rayonlarda çox güclü oxucu potensialı var və o, oxucu potensialına biz qəzetləri çatdırmalıyıq. Rayonlara icra başçıları təyin olunanda qəzet köşklərini götürməklə işə başlayırlar. Bu məsələni bir neçə dəfə qaldırmışıq. Elə rayon var ki, 40-50 min əhalisi var, amma o rayonun mərkəzində iki köşk yoxdur. Rayonlarda qəzet köşklərinin sayı çox olsa və oranın qəzetlə təminatı yaxşı olsa, qəzetlərin satış imkanları da çoxala bilər. Bu gün internet əyalətlərdə varsa belə, bu, çox zəifdir. Bu baxımdan düz deyirsiniz, əsas qəzeti çap etmək deyil, onu yaymaqdır. Bu barədə bizim çox ciddi problemlərimiz var, aldığım bilgilərə görə, yaxın zamanlarda bu məsələ öz həllini tapacaq. Gəncədə olan zaman şəhərin icra başçısı Elmar Vəliyevə birinci təklifim ondan ibarət oldu ki, qəzet köşklərini nəinki götürsün, onların sayını artırsın.  

   Digər tərəfdən mətbuatın əhatə etdiyi regional xəbərlər də məhduddur. Bunun əsas səbəbi bölgə müxbirlərinin olmamasıdır. Bölgələrdə peşəkar jurnalist tapmağın özü bu gün müşkül məsələdir.

   İkinci tərəfdən, bölgələrdə məmurlar bizim peşəmizə kifayət qədər həssas yanaşmırlar, informasiyanın kənara çıxmasında maraqlı deyillər. Halbuki, bəlkə də o informasiya onlar haqqında daha müsbət rəy yarada bilər. İnformasiya almaq Bakıda olduğu kimi regionlarda da böyük problemdir. Məsələn, biz çox zaman Naxçıvanla bağlı informasiyanı "Azadlıq" radiosunun Naxçıvan bürosundan dəqiqləşdiririk. Təcrübəmizə əsasən deyə bilərəm ki, bölgələrdən xəbərləri bölgənin ayrı-ayrı siyasi partiya təmsilçilərindən alırıq və ya dəqiqləşdiririk.

   - "Şərq"in bölgələrdə müxbiri var?

   - Bizim heç bir bölgədə müxbirimiz yoxdur. Hazırda "Şərq" qəzetinin kollektivi 22 nəfərdən ibarətdir. Əvvəllər həm texniki, həm də yaradıcı heyət 35 nəfərə yaxın idi. Tədricən ixtisarlar oldu, bəzi jurnalistlərin özləri daha yaxşı maaş verən təşkilatlara getdilər. İndiyə qədər "Şərq"də çalışan 85 müxbirdən redaksiyaya yalnız 5-6-sı peşə baxımından hazırlıqlı gəlib. Digər jurnalistlər ilk qələm təcrübələrini burda keçib, buranın ab-havası, aurası onları formalaşdırıb. İndi çalışanların 70-80 faizi də ilk qələm təcrübələrinə burda başlayıblar.

   - Qəzetinizin indiki durumu necədir?

   - Hamı necə, biz də elə. Burada bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycanda ayrı-ayrı dövlət strukturlarının özlərinin mətbuat orqanları var. Səhiyyə Nazirliyinin "Tibb qəzeti"nə ehtiyac varmı? Bu qəzet Azərbaycanda ən yüksək tirajla çıxan qəzetlərdən biridir. Yaxud da Təhsil Nazirliyinin nə ehtiyacı var ki, "Azərbaycan müəllimi" qəzetini saxlayır. Eləcə də digər nazirliklər. Onlar sadəcə fikirləşir ki, "öz informasiyalarımızı öz qəzetimizdə yerləşdirsək, kifayətdir". İndi baxın, təhsilə ən çox yer verən elə bizim müstəqil qəzetlərdir, o cümlədən səhiyyəyə. Səhiyyə Nazirliyi ancaq öz qəzetini abunə etdirir, səhiyyə işçisi də öz maaşından kəsib qəzeti almağa məcburdur. Səhiyyə işçisinə müstəqillik verilmir ki, o istədiyi qəzetə abunə yazılsın. Hazırda "Şərq" qəzetinin abunəçilərinin sayı 700-dən çoxdur. Məşhur siyasət, ədəbiyyat, mədəniyyət xadimlərinin əksəriyyəti "Şərq"ə abunədir. Ancaq dövlət qəzetləri qədər 7000-8000 abunəmiz yoxdur. Çünki bu mümkün deyil, hər bir nazirlik öz işçisinə öz qəzetlərini abunə etdirir.

   - Artıq 15 ildir ki "Şərq" qəzeti dayanmadan çıxır. Bu müddət ərzində əsas çətinlikləriniz nələr olub?

   - Bilirsiniz, "Şərq" qəzeti nəşrə başlayanda Azərbaycanda çoxsaylı qəzetlər var idi. Hər gün yeni bir qəzetin nəşrə başlaması haqqında xəbərlər eşidirdik. Artıq "Şərq" qəzeti müəyyən dərəcədə peşəkar oyunçu olduğu üçün bu gün Azərbaycan mətbuatında var. Deməli, biz zamanın bizə diktə etdiyi şərtlər daxilində oyunumuzu yaxşı qura bilmişik ki, bu gün varıq. Çalışırıq ki, daha çox balanslı informasiya siyasətini qoruyaq. Buna nə dərəcədə nail olub-olmadığımızı deyə bilmərəm. Bizim millət sensasiyanı sevən millətdir. Gün ərzində bir neçə qəzet oxuyuram. "Şərq" qəzeti problemə daha obyektiv yanaşma ortaya qoyur, tərəfləri danışdırır, ancaq başlıqda müxalif yox, balanslı informasiyadan doğan sərlövhə qoyulur deyə, oxucu ona bəzən etinasız yanaşır. Tutaq ki, bir nömrədə "Yeni Müsavat" qəzeti 15 informasiya verib, onun 12 və ya 10-nu "Şərq" qəzetində olur. Sadəcə olaraq onun təqdimatında fərq var deyə, oxucu "Şərq"ə bəzən etinasız yanaşır. Biz çalşmalıyıq ki, normal oxucu yetişdirə bilək, öz maarifçi funksiyamızı uğurla yerinə yetirə bilək. Dövlət də istəyir ki, klassik mətbuat ənənələri yaşasın, çünki müstəqil mətbuatın formalaşmağında və yaşamağında bu və ya digər dərəcədə məsul həm də dövlətdir.

   Jurnalistikanın digər bir problemi isə çox insanların bu peşəyə tanınma predmeti kimi baxmasıdır. Gəlirlər, qələmləri tanınır, cəmiyyətdə tanınırlar, sərbəst mühakimə yürütmək imkanları artır. Və bundan sonra gedib başqa sahələrdə çalışmağı üstün tuturlar. Bilirsiniz, bunun özü çox zərərli bir şeydir. Bunun zərəri yenə də qəzetlərə dəyir. Jurnalisti yetişdirmək asan məsələ deyil, bir jurnalistin formalaşması, tanınması üçün illər lazımdır. Kollektiv buna nə qədər enerji qoyur, əziyyət çəkir. Əgər jurnalistlə işə qəbul olunan zaman müqavilə bağlansa, şərt qoyulsa ki, ən azı beş il burda çalışmalısan, onda belə problemlə qarşılaşmarıq.

   - Sizcə jurnalistlərin jurnalistikaya olan bu günkü münasibəti onların əmək haqlarının azlığı ilə bağlı deyilmi? Əgər jurnalitin əmək haqqı yüksək olsa, başqa iş axtarmazlar...

   - Sizcə hansı baş redaktor istəməz ki, onun jurnalisti yaxşı yaşasın. Bu gün Azərbaycanda jurnalist əməyi ən ucuz əməkdir. Bu təkcə baş redaktorlardan asılı bir məsələ deyil. Mən inanmıram ki, elə bir insafsız baş redaktor olsun və o istəməsin ki, qəzetin gəlirləri jurnalistin əmək haqqına, qonararına təsir etsin. Bu gün Azərbaycanda iqtisadi inkişafın getdiyini görürük. Ancaq bu iqtisadi inkişaf Azərbaycan mətbuatının inkişafı ilə adekvat deyil. Bu problemin kökündə də Azərbaycandakı liberal iqtisadiyyatdakı problemlər, bazardakı rəqabət mühitinin zəifliyi dayanır. İri şirkətlər öz aralarında rəqabət aparsalar, onların qəzetlərə reklam vermək imkanları yaranacaq. Hazırda o rəqabət zəifdir deyə, reklamlar da verilmir. Qəzetin əsas gəliri reklamdan olmalıdır, reklamların yoxluğu, satışda olan problemlər qəzetlərdə maaşın yüksək səviyyədə olmasına mane olur.

   Fəhlə gün ərzində 20-25, jurnalist isə 10 manat alırsa, ondan hansı keyfiyyətli işi gözləmək olar. Bir də bilirsiniz, bizim qəzetlərdə belə bir şey var, baş redaktorlar qəzet meneceri kimi çıxış edir. Baş redaktor qəzetin yaradıcılıq və texniki işlərinə ümumi nəzarət edən bir insandır. Amma bizim baş redaktorlar həm də menecerlik etməyə məcburdurlar. Əslində qəzetin auditoriyasını, satış imkanlarını, cəmiyyətin sosial sifarişlərini müəyyənləşdirən menecerlərə ehtiyac var. Biz qəzet menecerləri yetişdirməliyik. Biz hələ səlahiyyət bölgüsünü redaksiyada apara bilmirik. Bəzən bir müxbir korrektoru əvəz edir, korrektora verilən əmək haqqını jurnalistlər arasında bölürsən və bəzən bu ştatı ləğv etməyə məcbur olursan.

   - Qəzetinizlə bağlı ən yadda qalan hadisələrdən biri Milli Məclisin sabiq sədri Murtuz Ələsgərovu məhkəmə prosesində udmağınız olub. "Şərq" lə bağlı daha hansı yaddaqalan, maraqlı hadisələri bizimlə bölüşə bilərsiniz?

   - Bizim yazımız Murtuz Ələsgərovu qane etməmişdi...Yasamal rayon Məhkəməsində iki ay məhkəmə prosesi getdi. Murtuz müəlim öncə hesab edirdi ki, o sifarişli yazıdır. Ancaq məhkəmə prosesinin gedişində Murtuz müəllimə məlum oldu ki, "Şərq" qəzeti bu yazını sifarişlə yazmayıb. İki ay davam edən çəkişmədən sonra barışdıq. Məhkəmə prosesində vəkillər hakimə təziq göstərirdilər ki, bizi cərimələsin, qəzetin nəşrini dayandırsınlar. Hakim çox ədalətli rus qadın idi, təzyiqləri dəf edirdi. Son nəticədə Murtuz Əsəlgərov bir ağsaqqallıq edərək geri çəkildi. Mən onun bu addımını yüksək qiymətləndirirəm.

   İndi də hansısa qəzetləri məhkəməyə verənlər çox istərdim ki, belə bir ağsaqqal, ziyalı davranışları ortaya qoysunlar. Heç bir qəzeti məhkəməyə verməsinlər . Əgər orda təhqir, şərəf və ləyaqət alçaldılması yoxdusa. Qəzetin fuksiyası həm də tənqid etməkdən ibarətdir, bundan çəkinmək lazım deyil.

   "Şərq" qəzeti çox sayda məhkəmələrdən keçib. Məndə bu məhkəmələrin qərardadları da var.

   Bir dəfə, hazırda aktiv siyasətlə məşğul olmayan siyasətçilərdən biri bizi məhkəməyə vermişdi. Bu siyasətçi həm də müəllim idi. Hakim mənə "Bu siyasətçi sizdən pul istəyir. Gəl, 1 milyon manat çərimə qərarı verim, iş tamamlansın, yoxsa üzücü məhkəmə prosesləri olacaq" dedi. Dedim, mən bunu təhqir etməmişəm, niyə verməliyəm ki?! Məhkəmə presesi birinci instansiyada qurtardı. İkinci instansiya Apellyasiya Məhkəməsi oldu, yenə həmin ssenari təkrarlandı. Mən 1 milyon manat cərimə olunmaqla razılaşmağa məcbur oldum, yoxsa bütün günümüz məhkəmələrdə keçəcəkdi. "Şərq" kğhnə pulla o çəriməni ödədi. Belə hallar çox olub, qəzetimizin əmlakına həbs də qoyulub. İndi bəzən çox çığır-bağır salırlar ki, hansısa bir qəzetin əmlakına həbslər qoyulur.

   Cəmiyyəti sirkələyəcək, müəyyən emosiyalar doğura biləcək çox sayda yazılarımız olub. Bir dəfə də çox yüksək çinli məmurlardan biri göstəriş vermişdi ki, biz həbs olunaq. Mən və müavinim. Bizi əvvəlcə polis idarəsinə, sonra Respublika Prokrorluğuna apardılar, izahat aldılar. Çoxsaylı çək-çevirdən sonra qəzetin fəaliyyətini dayandırmaq haqqında həmin məmur tərəfindən qeyri-qanuni göstəriş verildi. Bir məqamı da qeyd edim ki, bu qəzetin yaşamağında bizə dəstək olan insanlar hər zaman olub. Həmin vaxt Zeynəb Xanlarovaya zəng elədim. Zeynəb Xanlarova parlamendə çox fəal və çox zaman danışdıqlarının real nəticəsi olan bir xanım idi. Köməməkcisi ilə əlaqə saxladım. Çox keçmədi ki, Zeynəb xanımın özü məni aradı. Dedim "bizim qəzeti bağlatmaq istəyirlər. Mən sizdən xahiş edirəm, sizə yazılı müraciət edəcəm bu məsələni parlamentdə səsləndirin". Həmin məsələni Zeynəb xanım parlamentdə səsləndirdi, eyni zamanda biz o müraciərləri çoxaltdıq və parlament müxbirimiz Vəfa Allahverdiyeva deputatlara payladı. Müraciətin nəticəsi oldu. Qəzetin bağlanmaq təhlükəsi aradan qalxdı. Həmin vaxt idi ki, "Şərq" öz pik nöqtəsinə doğru addımlayırdı.

   - Qarşıdan ad gününüz gəlir, 15 yaşınızı necə, hansı fikir və durumla qeyd edəcəksiniz?

   - Öz kollektivimizlə birgə redaksiyamızda qeyd etməyi planlaşdırmışıq. Bir də vaxtilə "Şərq"də çalışmış, indi ayrı-ayrı redaksiyalarda, təşkilatlarda olan "Şərq"çiləri məclisə dəvət etməyi düşünürük. Fikrimizcə, 15 il yuvarlaq rəqəm deyil. Bu yaxın beş il müddətini yaxşı başa vursaq, 20 illiyimizi daha böyük səviyyədə qeyd etmək haqqında fikirləşirik. "Şərq"in bayramı münasibəti ilə Azərbaycanda "Şərq"i sevən insanları təbrik edirəm, onlar həmişə bizə dayaq olublar. Bizə oxucu kimi etibarlarını göstərir, məktublar göndərirlər. İndi də bizim qəzetə çoxsaylı oxucu məktubları gəlir.  

   "Şərq" qəzeti bu 15 ildə 85-ə yaxın jurnalist yetişdirib. Texniki heyətlə birlikdə indiyə qədər 110 nəfərdən çox işcisi olub. İndi o jurnalistlərin çoxu bu peşəni davam etdirir, bir hissəsi ailə qurandan sonra mətbuatdan uzaqlaşıb. Ancaq əlaqələr var, belə günlərdə bizi axtarıb-arayırlar. Vaxtilə "Şərq"də çalışmış, qəzetin inkişafında rolu olan insanların hamısını "Şərq"in ad gününə dəvət edəcəyik, onlar da bizim bir hissəmizdir.  

   "Şərq" qəzeti Azərbaycan mətbuatının çox ağrılı, gərgin məqamlarda duruş gətirməyi bacardı. Bəlkə də siz onu təsəvvür etmirsiniz, senzuranın çətin dönəmində biz qəzet çıxarırdıq. Hansı ki, senzuranın qılıncının qabağı da, dalı da kəsirdi. Fikri necə ifadə etmək üzərində düşünürdük. Hətta bir şəklin necə çap olunmasına razılıq almaq haqqında düşünürdük. Çox yaxşı haldır ki, mətbuatımız artıq bunlardan azaddır. Qəzetçilik çox şərəfli bir peşədir. Və bu peşəni 15 ildə layiqincə təmsil etməyi bacardıq. "Şərq" qəzeti artıq müasir Azərbaycan Mətbuat Tarixinə öz möhürünü vurub. Kimsə bunu etiraf etməyə bilməz. Artıq öz sözümüzü demiş bir qəzetik, inşallah bundan sonra da öz sözümüzü deməyə imkanlarımız var və çalışacağıq ki, hələ uzun illər oxucuların xidmətində ola bilək.

 

 

   Ədalət.-2011.-1 noyabr.- S.5.