"Kənardan
bilinir ki, bu Rey deyil..."
"Aygünə ya da,
başqasına verilən evə onların ehtiyacları yoxdur,
amma bu ehtiyacsızların heç birinin yaxşı mənada
qabiliyyəti, pis mənada qanacağı çatmır ki, o
evi verməsə də, başqa bir şeyi Qarabağ əlilinə
versin..."
Azərbaycanın
istedadlı jurnalisti Rey Kərimoğlunun "Qafqazinfo"ya
müsahibəsi
- On gündən çoxdur ki,
Sizinlə müsahibə almaq istəyirəm, amma
alınmır.
- Bu ərəfədə problemlər
oldu. Mən həmin məsələlərdə kənarda
dura bilməzdim. Vicdan məsələsi idi. İndi
çalışmalarımız davam edir, görək necə
olacaq. Bu səbəbdən müsahibəyə gəlmək
alınmırdı.
- Amma mən nəsə hiss etdim
ki, Siz müsahibə verməkdən qaçırsız.
- Mən müsahibə verməkdən
heç vaxt qaçmamışam. Müsahibə vermək mənim
üçün heç vaxt problem olmayıb.
- Ümumiyyətlə, mən sizi
son vaxtlar öz qabınızda görmürəm.
- Bilirəm. Facebook-da profil şəklimə
də rəy yazmışdın. Bir xatirə yadıma
düşdü. Mən parlamentdə müxbir işləyəndə
Həsən Həsənov foyedə jurnalistlərlə
görüşürdü. Mənə gəlib çatanda
soruşdu ki, üzün niyə tüklüdü? Dedim bilmirəm.
Dedi ki, nəsə hadisə zad baş verib? Dedim ki, xeyr. Sadəcə
hərdən öz azadlığımı özümə
sübut etmək istəyirəm. Düzdür, bəziləri
deyir ki, özünə öz azadlığını
sübut etmək istəyənlər dəlilərdir. Onda mən
yataqxanada qalırdım. Hər səhər üzümü
qırxırdım, paltarımı ütüləyib, səliqəli
formada çıxırdım evdən. Bəzən isə
yuxudan duranda deyirdim ki, şalvarı ütüləməyəcəm,
evdən üzümü qırxmamış çıxacam.
Bunu özümə sübut edirdim ki, mən azad insanam, harada
işləməyimdən asılı olmayaraq. Həmişə
də çalışmışam ki, özüm olum. Harada
özüm olmasam, kənardan bilinir ki, bu Rey deyil...
-
Bizim hər birimizi jurnalistikaya gətirən imzalar var. Mənə
təsir edən bir neçə imza olub. Onlardan biri də
Sizin imzanızdır. Sizi oxumaq istəyirəm, amma buna imkan
vermirsiniz. Niyə?
- Bunu demək yaxşı
çıxamasa da, mən ikinci qrup Qarabağ əliliyəm.
Mən müalicə olunurdum. Müalicə olunanda həkim mənə
dedi ki, yazmaqdan, gərgin iş rejimindən uzaq durmalıyam.
Müsavat qəzeti də gərgin iş rejimi ilə işləyən
qəzet idi. Mən də orada reportyor idim. Bu rayondan o rayona,
gedirdim, köşə yazıları yazırdım və s.
Həkim mənə bu mühitdən biraz
uzaqlaşmağı məsləhət gördü.
- Bir sözlə həkim dedi ki,
yazma
- Demək olar ki, hə. Yəni
ümumiyyətlə, yazma demədi, sadəcə gərginlikdən
uzaqlaşmalı olduğumu dedi. Ona görə də mən
2007-ci ildə "Yeni müsavat"dan ayrıldım.
Doğurdan səhhətimdə çox ciddi problemlər var.
Düzdür, adam yazanda boşalır, bu saat mənim ürəyim
doludu.
- Belə çıxır ki, Siz
yazı pəhrizi saxlayırsınız.
- Təxminən hə. Amma
bütün bunlara baxmayaraq, müsahibələrimdə,
açıqlamalarımda hadisələrə maksimum öz
münasibətimi bildirməyə
çalışmışam.
- Başa düşürəm.
Amma bu ölkədə kifayət qədər açıqlama
verən var. Mən Sizin meydanda niyə
olmadığınızı bilmək istəyirəm. Sizsə
bunu səhhətinizlə bağlayırsız.
- Yazmamağım səhhətimlə
əlaqədar başlayıb. Hazırda isə işimlə
bağlıdır. Mən indi QHT sektorundayam, Beynəlxalq
Avrasiya Mətbuatı Fondundayam. Yaradıcılığa buna
görə qayıda bilmirəm, amma qayıtmaq fikrim var. Təklif
edən dostlarımız çoxdur, yəqin ki, qayıdacam.
Müharibə ilə bağlı xatirələri
yazmağımı istəyənlər çoxdur. Təkid
edirlər ki, yazım. Qeydlərim var, amma yazı kimi
yazmamışam. Elə şeylər var ki, yazılmayıb,
elə şeylər də var ki, mən onları yaza bilmərəm.
Çünki müharibə qurtarmayıb hələ.
Müharibənin elə məqamları olur ki, adam
insanlıqdan çıxır. Bir epiziod deyim. Ağdərənin
Qazançı istiqamətində bir
döyüşümüz olub. Çox ağır
döyüş idi, 7 nəfər şəhid olmuşdu. Həmin
döyüş gecəsi mən gəlib yatağımda səhərə
qədər şok vəziyyətində, qucağımda silah
oturmuşam. Bu, müharibənin vəhşətinin nəticəsidir.
Demirəm ki, mən etmişəm vəhşiliyi, ermənilərin
etdiyini, müharibənin vəhşiliyini görüb şoka
düşmüşdüm. Bir də səhər özümə
gələ bildim. Müharibə dəhşətdi. Orada elə
məqamlar var ki, onu demək olmur.
- Siz
müharibə xatirələrinizi yazacaqsınız.
- Bəli, yazacam. Cəmiyyətdə
baş vernlərlə bağlı da mövqeyimi bildirəcəm.
Amma içimdə reportyorluq azarı da qalıb. 1995-98-ci illərdə
Hacı Zaminin "Azadlıq" qəzetində çox
gözəl reportajları gedirdi. Qəzetlərə
baxıram, bizim yaxşı reportyorlarımız var. Səbuhi
Məmmədli, Sevinc Telmanqızı. Yazırlar,
düzdür, amma bizim uşaqların reportajlarından
ötrü doğurdan darıxıram. Mən "Yeni
Müsavat"da jurnalistə olan münasibəti heç harda
görmədim. Özü də mən çox qəzetdə
işləmişəm.
- Sizin qayıtmaq istəyiniz həm
də, yeni reportyorların yetişməməsi ilə
bağlıdır...
- Mən gənc reportyorları
görürəm. Elə sən özün bir dəfə
demişdin ki, yeni jurnalist yoxdur. Mən isə demişdim ki,
yetişdirmək lazımdır. Yetişdirmək
üçün də əziyyət çəkmək
lazımdır. Hər şey gəlib bağlanır maliyyəyə
və real vəziyyətə. Məsələn, mən Ruslan
Bəşirlinin evindən gedib reportaj yazanda arxamızda Rauf
Arifoğlu var idi, Əflatun Amaşov var idi. Məni onda
tutdular, o vəziyyətdə 15-20 dəqiqə qaldım.
İmkan edib Azər Ayxana, Rauf Arifoğluna zəng etdim. 20 dəqiqədən
sonra bütün ölkəni ayağa qaldırdılar.
İndi o situasiya yoxdur.
- Yəni, jurnalistlər
arxasızdır.
- Təxminən. Həm də ki, mən
ora gedirdim, mənim təminatım var idi. Mənim cibimə
5-10 şirvan qoyulmurdu. Reportaja gedəndə bunun taksisi var,
ekstrimal vəziyyəti var və s. Elə olub ki, mən
informasiyanı almaq üçün 50 dollar pul vermişəm.
Dediyim kimi indi bunlar yoxdu. Onlar üçün situasiya yetişməlidir.
Mən gəncləri görürəm. Fərahim var, Ramin
DEKO var, Əfqan Muxtarlı var. Əfqan düzdü, bir az
dalaşqandı, onun bir dənə problemi odur ki, siyasi
mövqeyini həmişə ortaya çıxarır. O
baxımdan razı deyiləm ki, heç yoxdur, var, sadəcə
üzə çıxa bilmirlər. Biz mətbuat
konfranslarında naziri divara dirəyirdik, ona görə də
nazirlər mətbuat konfranslarına gəlmirdilər. Amma indi
gəlirlər, sual verən yoxdu. Onların yalnız
bir-ikisinin adını korrupsiya ilə bağlamaq olmaz. Amma istənilən
nazirə tənqidi sual vermək olar. Kim verir bu sualı?
Hanı Ləman Əliəşrəfqızı? Hanı Vəfa
Allahverdiyeva? Hanı Qənirə Paşayeva?
- Onun yerini deyə bilərəm.
Milli Məclisdədir.
- Mən onun xətrini çox istəyirəm,
həmkarım olub. Fəaliyyətinə də diqqət
yetirirəm və həmişə deyirəm ki, kaş 10 nəfər
sənin kimi deputatımız olardı.
- Qənirə Paşayeva sübut
etdi ki, jurnalist Milli Məclisdə necə aktiv ola bilər.
- Qənirənin qanında da var,
canında da, ruhunda da. Çox aktiv bir insandır.
Hamımız onu izləyirik.
- Siz bayaqdan Azərbaycanda çox
şeyə nail olan jurnalistlərin adlarını çəkdiniz.
Onların adı çəkiləndə adamda nostalgiya
yaranır. Amma indi jurnalistikamız pərən-pərən
olub.
- Bu saat tək jurnalistikamız pərən-pərən
deyil. O zamanlar media günündə bütün jurnalistlər
bir yerdəd olurdular. İldə bir dəfə də olsa
bütün jurnalistlərin hamısı bir yerdə olurdu. Bir
dəfə Bizim Qulu Məhərrəmli ilə qəzetlərin
vəziyyətindən, mövqeyini dəyişməyindən
danışırdıq. Qulu Məhərrəmli dedi ki, həm
bəzi qəzetlər, həm də bəzi adamlar sualtı
qayıq kimidir. Çöküblər okeanın dibinə,
gözləyirlər ki, təlatüm, böyük dalğa
keçsin. Dedi ki, problem deyil, bu da taktikadır, qoy gözləsinlər.
Amma çox gözləmək də olmaz, dalğalar gəlib
keçəcək, bir vaxt qalxıb görəcəklər
ki, onlar yoxdurlar.
- Yəni, jurnalistlər okeanın
dibinə çöküb.
- Mən burada konkret qəzetləri
nəzərdə tutdum, bir də böyük jurnalistləri.
Bir şeyi də qeyd edim, o gün Qan Turalının
kitabının təqdimatı idi. Vahid Qazi də, Qabil
Abbasoğlu da, Vüsalə xanım da, Aqşin də, Ceyhun
Musaoğlu da orada idi. Biz söhbət etdik. Ad çəkməyəcəm,
son 1-2 ildə mənim, mənim rəhbərlik etdiyim təşkilatın
verdiyi müsahibələr hara, ortalığa çıxan mətn
hara. Mən baxanda çox təəssüflənirəm.
Artıq o həddə gəlib çıxıb ki, çox
biabırçı vəziyyət yaranıb. 10 il əvvəl
o cür müsahibə, o cür reportaj yazan muxbiri məsələn,
"Şərq" qəzetinin, "Yüni Müsavat" qəzetinin,
"Azadlıq" qəzetinin qapısından içəri
buraxmazdılar. Adamın üzünə tüpürərdilər
ki, bu nədi yazmısan? Amma bu yazılar indi meydana
çıxıb və bu yazıları təəssüf ki,
bəzi dostlar pəh-pəhlə qarşılayır. Problem
ondadır ki, bu nəsillə o nəsil arasında
körpü olmadı. Adil Qaçayoğlu bir müddət
"Yeni Müsavat"da ədəbi redaktor kimi işləyirdi,
yazılara baxırdı. O, elə məqamlar deyirdi ki, bir
universitetdə 5 il oxuyardın, amma o məqamlar sənin nəzərinə
çatdırılmazdı. Elə adamların
yazılarını oxuyub qapqara qaralayırdı ki... Bir dəfə
jurnalist başlıq yazmışdı ki, "Mitinqdə
hakimiyyət yenə qan tökdü". Adil müəllim
soruşdu ki, orada ölən var? Müəllif dedi ki, yox. Dedi
bəs niyə yazmısan? Axı bu öldürmək mənasını
verir. Həm üslub, həm forma çox qarışıb,
biabırçı həddə gəlib çıxıb. Məsələn,
mən indi Məmməd Nazimoğlunu görmürəm.
Uçurum əmələ gəldi, meydan boşdur. Həmişə
Hikmət Sabiroğlu, Adil Qaçayoğlu, Aydın Canıyev
Şakir Yaqubov danışardılar. Zamin indi köşə
yazır. Amma mən Azərbaycanda ondan yaxşı reportaj
yazan tanımırdım. Adını çəkdiyim adamlar
da həmçinin.
- Əgər
bizim dediklərimiz yoxdursa, onda hər il müsabiqələr
keçirilir, yazılarına görə hər dəfə
50 nəfərə pul mükafatları verirlər. Bəs
kimdir o mükafatları alanlar?
- Nə qədər pul verirsənsə
ver, pulla istedad yetişmir. Bunlar hamısı cəhdlərdir,
bunlar da olmalıdır. Söhbət bütövlükdə
jurnalistikadan gedir. Məncə layihələrin başqa
forması tapılmalıdır, o pul jurnalistlərə
başqa formada verilməlidir ki, birincisi hədəfə
çatsın, həm də ki, dövlət, cəmiyyət
bundan fayda görsün. Layihə nəzərədə
tutulduğu kimi həyata keçirilmir.
- Siz
danışdıqca düşünürəm ki, bəlkə
heç qayıtmaq lazım deyil. Artıq Sizin 5-10 il bundan əvvəl
qoyub getdiyiniz jurnalistika deyil. Mətbuat mövqeyini çox
itirib. Bəlkə də xatirələrdə qalsa
yaxşıdır?
- Bəlkə də. Amma hər mərhələnin
öz yeri var. Mən bura gələndə Rəsul Mirhəşimlini
gördüm. Biz parlament muxbiri idik. Danışsın,
görün biz parlamentdə nələr edirdik. Onda Tapdıq
Fərhadoğlu Parlament Jurnalistlər Birliyinin sədri idi,
yığışdıq Tapdığı yıxdıq, Eldənizi
qoyduq onun yerinə. O, da oyun oynadı, onun adəti idi. Bizim fəaliyyətimiz
Murtuz Ələsgərovu tərpədirdi yerindən. Qənirə,
Eldəniz, Azər Rəşidoğlu hamısı ordaydı,
bəzilərinin adları yadımdan çıxıb.
- Sonrakı mərhələdə
mən də orada olmuşam. Biz də aktiv idik.
- Hər keçəni geri qaytarmaq
olmur, o dövr idi, keçdi getdi, indi yeni mərhələdir.
Razıyam sizinlə, ola bilər ki, mən qayıdaram, o effekt
olmaz. Bir şey də deyim, biz arxamızda media aləmi ilə
yanaşı, böyük məktəb olan insanlar, Məmməd
Nazimoğlu, Adil Qəmbərli, Surxay Hüseynli, Zöhrab Əmirxanlı
və s. var idi. Onlar pedaqoq idi, onların gəlib oturduğu redaksiyada
jurnalistlərə istiqamət verməyə başqa adam
lazım deyildi. Amma heç maraqlanan varmı ki, Zöhrab
hardadı? Səbuhinin fransalı qadın haqqında
reportajından sonra reportaj olub? Olmayıb. O, da köhnə
komandadan idi. Mən çox narahatam. Vaxt gedir, son vaxtıar məni
çox danlayırlar ki, o xatirələri yazım. Elə
şeylər var ki, yeni gəncliyin onlardan xəbəri yoxdu.
- Maraqlıdır ki, indi Azərbaycanda
Qarabağ döyüşçülərini, Qarabağ
ekspertləri əvəzləyib.
- Burada zaman, reallıq amili də
var. Vaxtilə mən "Yeni Müsavat" qəzetində və
digər qəzetlərdə ekspert kimi çıxış
edirdim. Zəng edirdilər, əlillər hansı problemlərinin
olduğunu soruşurdular. Ekspert deyəndə ki, bu da ölkənin
problemidir. Buna qorxu ilə yanaşmaq lazım deyil. Bu sahənin
eksperti, politoloqu və s. olmalldır. Mən bunda qəbahət
görmürəm. O ki, qaldı bizim ekspertə çevrilməyimizə
biz səhnədən çəkilməmişik. Sadəcə
yaş da öz işinu görür, qayğılar dəyişilib,
bəzilərində artıb, bəzilərində azalıb.
Bizim o vaxtlar ağlımıza gəlməzdi ki, Oruc kimi
döyüşçünün ürəyi partlayıb
ölər.
- Bir vaxtlar Qarabağ qazilərinin
böyük aktivliyi var idi. Tədbirlər təşkil edirdilər.
- Əvvəllər Qarabağ Əlillər
Cəmiyyəti idi. Mən o cəmiyyətin mətbuat katibi
idim. 2001-ci ildə faktiki olaraq o cəmiyyət ləğv
olundu. Yerində yeni təşkilat yarandı, Qazilər
Birliyi. Bizim içimizdən əlilləri seçib,
ayırdılar. Biz yenidən qeydiyyatdan keçdik. Birliyin sədri
də Etimad Əsədov idi.
- Mən də bu birliyin vaxtı ilə
aktiv olduğunu deyirəm.
- Biz problemlərimiz olanda tələblərimizi
edirdik. 2001-ci ildə cəmiyyəti ləğv etdilər.
İndi də yaşlanmışıq,
ağıllanmışıq. Baxıb gördük ki, hər
yerdə belədi ki, fərarilər
döyüşçüləri üstələyib. Bizim
çeçenistanlı öyüşçü dostumuz var
idi. Bir qolu yox idi. O, da danışırdı ki, çox
çətindir. Ona əlillik vermək üçün
beş min pul istəyiblər həmin qazidən. Üstəlik
pulu istəyən həmin şəxs döyüşdə
onun komandiri olub. Orada bizdən daha acınacaqlı imiş,
bizdə müharibə dövründə belə hal yox idi. O
zaman biz 3 şey tələb edirdik. Prezidentin Qarabağ əlillərilə
bağlı imzaladığı sərəncam, fərman və
mövcud qanunların icrasına nəzarət edəcək
dövlət komitəsi yaradılsın. Bir də ki,
Qarabağ əlillərinin pensiyası artırılsın.
Başqa heç nə istəmirdik. Amma, təəssüf ki,
o vaxt onu başqa cür yönəltdilər. Bir onu deyim ki,
biz heç kəsə tabe olmayan bir qurumuq, heç kəsdən
asılı deyilik. Çünki, bu təşkilatı əlillər
özləri yaratmışdılar. Elə vəziyyət gəldi
ki, təşkilat dağıldı, yeni Qazilər Birliyini
yarandı. Biz hər il mütəmadi olaraq əlillərin vəziyyəti
ilə bağlı prezidentə müraciətlər
ünvanlayırıq. İndi qarşıdan 2 dekabr əlillər
günü gəlir, pensiya ilə bağlı problemlərimiz
də qalır.
- Nə
qədər pensiya alırsınız?
- 152 manat
- Nə
edirsiniz o pula?
- Ən halal işlərimizə xərcləyirik
onu. Başqa yerdə işləsəm də, nə qədrə
pul alsam da o pensiyanın özəlliyi var.
-
Azdır?
- Əlbəttə azdır. Cəmiyyətdə
elə adamlar var ki, 40 hoqqayla məşğul olub, onlar da 150
manat pensiya alır, bir ayağını itirmiş Etimad Əsədov
da. Bu yaxşı hal deyil.
- Bəzən
mətbuatda belə xəbərlərə rast gəlirik ki,
filan yerdə Qarabağ əlilini döydülər. Belə xəbərlər
Sizə necə təsir edir?
- Pis təsir edir.
Çalışırıq ki, bizə müraciət edənlərin
hüquqlarını müdaifə edək. Amm o hallar ki,
baş verir, bəzən sonradan məlum olur ki, Qarabağ əlili
deyilmiş, yaxud da elə həqiqətən Qarabağ əlili
olur, onun haqqını tapdalayıb, alçaldıblar.
- Siz
döyüşlərdə olmusunuz,
qarabağlısınız. Problemin həllini necə
görürsüz?
- Biz ordumuzu gücləndirməliyik.
Yəni, hərbiyə hazır olduğumuzu göstərməliyik.
Orduya kifayət qədər vəsait ayrılır, amma o vəsait
təyinatı üzrə xərclənmir. On manat
ayrılır, lakin 10 manat da gedib yerinə çatmır. Bu
bir. İkincisi, bizim kifayət qədər ordumuz var. Bizim
ordumuz çağırışçılarla formalaşan
ordudur. Yəni, 18 yaşı tamam olmuş gənclər
çağrılır. Alternativ xidmət də yoxdur. Ordunun
18 yaşlı əsgəri nə rus, nə Ukrayna, nə Ermənistan,
nə də Gürcüstan əsgərindən heç də
geri qalmır. Yeri gələndə texniki təminat
baxımından Ermənistandan da güclüyük. Amma bizdə
müharibə etmək üçün lazım olan ordunu
müharibə başlayan ərəfədə, 5-6 ay ərzində
yaratmaq olar. Amma belə bir deyim var, vuran oğul dədəsinə
güvənməz. Ermənilər hələ də
inanmır ki, biz müharibə edə bilərik. Onlar biləndəki
bunlar müharibə edə bilər, onda nəyəsə razılaşar.
Qaçqınlara düz erməninin çənəsinin
altında ev tikiblər. Sabah müharibə olsa nə olacaq?
Müəyyən göstəricilər var. Buna kifayət qədər
pul xərclənir, burada insan taleyi var. Mən
düşünmürəım ki, biz müharibəsiz bu
problemi həll edə bilərik. Mən müharibə tərəfdarı
deyiləm, o müharibədən Allahın köməyi ilə,
taleyin qisməti ilə sağ çıxan, ağlı
başında olan heç bir insan yenidən istəməz ki,
yenidən müharibə olsun, getsin orada ölsün. Psix istəyər,
ağılı insan yox. Amma bizim vətənə qayıtmaq,
torpağımızı qaytarmaq üçün ayrı
şansımız yoxdur. Beynəlxalq gücün Ermənistanın
tərəfində durduğuna da şübhəmiz yoxdur.
Düzdür, BMT var, Avropa Şurası var, amma konkret məsələyə
təsir edən münasibət yoxdur. Məsələn
Amerika, sərt şəkildə bəyanat versin ki, sən Azərbaycanın
torpağını işğal etmisən, tərk et oranı.
Bu şəkildə davranış yoxdur, ona görə də
vaxtı uzada-uzada gedirlər. Ermənistana da hazırkı vəziyyət
sərf edir, amma bizə sərf etmir. Nəsillər dəyişir.
Mənim Qarabağa qayıtmaq həvəsimlə, məndən
sonra gələn nəsilin qayıtmaq həvəsi arasında
çox fərq olacaq.
- Ailəlisiniz?
- Hə, 2004-cü ildə evlənmişəm.
-
Uşaqlarınız var?
- Xeyr, yoxdur.
-
Bilmək istəyirdim ki, uşaqlarınız nə
düşünürlər. Məsələn,
qardaşınızın uşaqları Qarabağla
bağlı nə düşünürlər. Onlar bilirlərmi
ki, əmiləri müharibə veteranıdır?
- Bilirlər. Qardaşım
uşaqları da, bacım uşaqları da bilir. Mən
yaralananda "Gənclik" jurnalının kollektivi gəlmişdi
bizi yoxlmağa. Jurnalda yazdılar ki, evdə uşaq kim var?
Dedim qardaşım oğlu Xəlil. Onda onun beş
yaşı var idi, jurnalda yazdılar ki, Xəlil bəy, əmin
Rey kimi qəhrəman böyü. O da oxuya bilmirdi. Həmişə
deyirdi ki, ata, əmi, dayı bunu oxu, onlar da oxuyanda "Xəlil
bəy" sözünü eşidib sevinirdi.
Böyüdü getdi orduya, ordunun dəhşətlərini
gördü, deyir ki, əmi, dəhşətdir. İndi dəllək
işləyir, saç ustasıdı. Qardaşım nəvələri
var, axşama qədər müharibə-müharibə
oynayırlar, guya erməni öldürüb gətirirlər,
mənə də deyirlər ki, Rey babanın qanını
aldıq.
- Bayaqdan deyirsiz
üşüyürəm.
- Mən üşüyənəm.
Piyada gəzən adamam, yolda gələndə də
yağış tutdu.
-
Eviniz var?
- Şəxsi evim yoxdur, ailəmizin
evi var.
- Niyə
ev almırsız?
- Nizami rayonunda ev növbəsindəyəm.
Növbəm çatanda alacam.
-
İndi növbə ilə də ev almaq olur?
- Qarabağ əlilləri
üçün xüsusi güzəştli növbə var. Əmək
və Əhalinin Sosial Müdafiə Nazirliyi ev tikir, oradan
verirlər. Mənim ən böyük evim kəndimizdə
dağılmış, xaraba qalmış evdir. Qayıdım
ora, orada bir daxma düzəldim. Pensiyam kifayət edər,
yaşayım orada.
- Siz əminsiz
ki, qayıdarsız?
- Ona 100 faiz əminəm. Hamıya
da deyirəm ki, zərrə qədər heç kimin
şübhəsi olmasın, biz o torpaqlara
qayıdacağıq.
- Mənim şübhəm yoxdur,
amma mən Sizin kimi düşünə bilmərəm.
- O da sənin haqqındır.
Çox maraqılı bir şey var. Mənim regionçuluqla
əlaqəm yoxdur, harada olmuşamsa oranı sevmişəm. Zərdabda
Ruslan Bəşirlinin ailəsindən reportaj yazanda iki gün
olmuşdum, oranı da sevdim, İsmayıllını da,
Naxçıvanı da sevmişəm. Amma hər kəsin
özünün doğulub boya başa çatdığı
yerə qayıtmaq arzusu var. İstənilən qayıtmaq istəyən
Ağdamlıdan soruşsan. Deyir ki, Şuşa qayıdacaq?
Deyirsən ki, hə, ya da ki, bilmək olmaz. Cavab verir ki,
Şuşa qayıtmayacaqsa, mən Ağdama niyə gedirəm?
Çox maraqlı bir şeydir. Ağdamlıdır, bəlkə
də heç ömür boyu Şuşada olmayıb, amma
deyir ki, Şuşa qayıtmayacaqsa, bizim Ağdama
qayıtmağımızın nə mənası var? İnan
ki, onu başqa regiondan olan çox az adam deyir. Ora mistik yerdir.
Bir şeyi də qeyd edim, bu tarixdə 3-4-cü dəfədir
ki, ermənilər Qarabağı işğal edib. Yeganə ərazidir
ki, ermənilər alıb saxlaya bilməyiblər. Həmçinin
ruslar. Dəmirqapı Dərbənd, Zəngəzur, İrəvan
hamısını itirə-itirə gəlmişik. Amma
Qarabağda bir mistika var. Necə ki, türklərdə bozqurd
talismandır, onlara yol göstərir, bizim üçün də
talisman Qarabağdır.
-
Sonuncu dəfə silahdan nə vaxt istifadə etmisiz?
- Müharibədən sonra istifadə
etməmişəm. Amma bir dəfə ov silahından istifadə
etmişəm, 1998-ci ildə. Ov edəndə göyə
güllə atmışam. Amma etiraf edim ki, dağlıq yerlərdə
olanda, uzaqdan maşına oxşamayan bir şey gələndə
gözüm axtarır... Bir ara uşaqlarla gedirdik, qayanın
başından baxıb deyirdik ki, o kəndi dağıtmaq
olardı, minalamaq olardı. Belə şeylər keçirdi
beynimdən, amma yavaş-yavaş unutdum.
- Mənə elə gəlir ki,
bunların istədiyi də bu idi, unutmaq.
- Unutmuşuq, amma bir şey var da mən
minaya düşəndə olan partlayışın səsi hələ
də qulağımdadı, mən onu ki, unuda bilmərəm.
Bir də gecə yuxuda səksənirəm. Özümdən
asılı olmayaraq bədənim tullanır. O vaxt
partlayış məni atandan sonra belə oldum. O
yaşadıqlarımın, nə hiss etdiklərimin
hamısını yazacam. Amerika filmi var, "4 iyulda
doğulmuşlar", orada Vytenam müharibəsindən gələn
Ameriaklı əsgərlərdən danışılır,
onların başlarına gələnlərdən epizodlar var.
Mənim bu ölkədə iki istəyim var, biri
Qarabağdır, biri də o yazımdır ki, yazım
başıma bir iş gəlsə, qalmasın. Bu gün
Qarabağ məsləsi ilə bağlı adamları
danışdırırlar, amma səhvlər var. Qəhrəmanlığı
bəzən onunla ölçürlər ki, kimsə 50 erməni
öldürüb, 5 tank vurub, jurnalistlərin də çoxu bilmir,
onu yazır. Elə şeylər bizə xeyir verməyəcək,
vaxt gələcək bizə problem yaradacaq.
- Ölkənin vəziyyəti
qabaqkı kimi deyil. İndi sən ev növbəsində olsan
da, prezident tez-tez evlər paylayır xalq artistlərinə,
idmançılara, Avroviziya iştirakçılarına və
s. Artıq ən qiymətli hədiyyə prezident
bağışlayan ev hesab olunur. Aygünə,
Ağadadaşa ev veriləndə ürəyin
sızıldamır?
- Niyə sızıldamır?
Prezidentə yazmışıq ki, o qədər evə
ehtiyacı olan var ki... Qarabağda iki gözünü
itirmiş oğlan var, illərdi növbədədir, ev vermirlər.
Ciddi problem var. Biz prezidentə də, Mehriban xanıma da
yazmışıq. Müharibədən sonra idi, bir dəfə
mənə yardım vermişdilər içində şəkər
tozu, çay və s. evə gətirdim, atam ağladı. O,
1941-45-ci illərin müharibə veteranı olub. Dedi ki, bala,
yaralanmısan deyə bunu sənə verirlər, amma yeə də
mənim üçün dəyərlidir, çünki sənin
qanın üçün verilib. İnsanlara verilən ad
onları sevindirir. Aygünə ya da başqasına verilən
evə onların ehtiyacı yoxdur, amma onların heç
birinin yaxşı mənada qabiliyyəti, pis mənada
qanacağı çatmır ki, o evi verməsə də,
başqa bir şey Qarabağ əlilinə versin.
Çünki mətbuatda gedir, onlar görmürlərmi ki, o əlillərin
buna nə qədər ehtiyacı var. Yaxud da ki, evsiz yazara,
jurnalistə. Quranda da yazılıb ki, alimin mürəkkəbi
ilə şəhidin qanı bərabər tutulur. Nə edə
bilərik? Gücümüz çatan məsələlərə
etirazımızı bildiririk. Mən özüm prezidentə
iki məktub yazmışam. Bunlardan biri şəhərdə
ağacların qırılması ilə bağlı idi. Məktubda
yerini qeyd etdim ki, Neftçilər və Qara Qarayev tərəfdə
ağacları kütləvi şəkildə qırırlar.
Hər şeyi qeyd edib məktubu prezidentin poçtuna göndərdim.
İki saatdan sonra bir xanım zəng elədi. Sənəddə
adımı Rey Kərimoğlu Qasımov kimi
yazmışdım. Dedi Rey Kərimoğlu Qasımovdur? Dedim,
bəli. Dedi prezidentin İcra Aparatındandır. Sizin
adınızdan daxil olan məktubdakı faktı dəqiqləşdirmək
üçün zəng etmişik. Sonra bir-iki sual verdi, təsdiqlədim.
Soruşdum ki, bir xeyri olacaq? Dedi ki, olar inşallah. Bir-iki
gün sonra uşaqlar xəbər elədilər ki, televizora
bax, gördüm ki, prezident danışır. Eynilə məktubda
qeyd etdiyim faktları deyir. Düzdür, başqası da yaza
bilərdi, amma ondan iki gün sonra məni Nizami Rayon İcra
Hakimiyyətinə çağırdılar, zəng edib
çağırmışdılar. Avtobusdaydım,
tanımadığım nömrədən zəng gəldi,
dedim kimdi? Dedi ki, bilmirsən sənə niyə zəng
etmişik? O nədi ağzına gələni gedib ora-bura
yazmısan? Məni İcra hakimiyyətinə
çağırdı, dedim ki, vaxtım yoxdu. Dedim vaxtım
olsa gələrəm. Bilirdim ki, mən getsəm deyəcəklər
ki, çağırıdq danışdıq, həll etdik.
- Yəni, demək istəyirsiniz
ki, reaksiya var.
- Var. O məsələ məni
narahat edirdi, götürüb yazdım. Həm də
yoxlayırdım görüm nə reaksiya verəcəklər.
-
Şəxsi xahiş etmək istəmirsiz?
- Şəxsi xahiş etsəm, iki
gözü kor olan Qarabağ əlili ilə bağlı edərəm.
Onun evi yoxdur.
- Bu Sizin şəxsi xahişiniz
olmur axı, başqasının xahişi olur.
- Bu həll olunsa mən elə bilərəm
ki, mənim şəxsi işim həll olunub.
Ədalət.-2011.-1
noyabr.-S.4.