Beynəlxalq
Kukla Teatrları Festivalının
açılış mərasimi keçirildi
Dünən
Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq
Kukla Teatrları Assosiasiyası (UNİMA) və TÜRKSOY-un təşkilatçılığı
ilə I Beynəlxalq Kukla Teatrları Festivalı start
götürüb.
Festivalla əlaqədar olaraq A.
Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında mətbuat
konfransı keçirilib.
APA-nın məlumatına görə,
konfransda mədəniyyət və turizm nazirinin müavini Ədalət
Vəliyev, UNİMA-Türkiyə Milli Mərkəzinin
prezidenti Mevlut Özhan, UNİMA-nın vitse-prezidenti Stanislav
Dubrava, UNİMA-nın baş katibi Jak Trüdo, Beynəlxalq
Teatr İnstitutunun Yaxın Şərq ölkələri
üzrə koordinatoru İbrahim Assiri, Azərbaycanın
TÜRKSOY-da nümayəndəsi Elçin Qafarlı və
Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının
baş katibi Mişel Vais iştirak ediblər.
Mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev deyib ki, Azərbaycanda
ilk dəfədir ki, Avropa və Şərq ölkələrinin
iştirakı ilə beynəlxalq kukla teatrı festivalı
keçirilir. "Azərbaycan Teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramına uyğun olaraq təşkil edilən
festival Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpasının 20 illiyinə həsr olunub. Nazir müavini
qeyd edib ki, tədbirlə əlaqədar olaraq Bakıya 16
ölkədən 155 qonaq gəlib. Festival çərçivəsində
22 tamaşa göstəriləcək. Tamaşalar Kukla
Teatrında, Gənc Tamaşaçılar Teatrındavə
Rus Dram Teatrında nümayiş olunacaq. Böyük Britaniya,
İspaniya, Türkiyə, Avstriya kukla teatrları mütəxəssislərinin
iştirakı ilə ustad dərslər, "Şərq və
Qərbin kukla dünyası: ideya, təşəkkül,
texnika" adlı elmi simpozium keçiriləcək,
Bakıda beynəlxalq teatr konqresinin təşkili müzakirə
olunacaq. Hər iştirakçı teatra diplom və xatirə
hədiyyəsi veriləcək. UNİMA-nın baş katibi
Jak Trüdo yeni yaradılan UNİMA-Azərbaycan Mərkəzi
ilə sıx əməkdaşlıq yaradacaqlarına
ümidvar olduqlarını deyib.
UNİMA-Türkiyə Milli Mərkəzinin
prezidenti Mevlut Özhan ölkələrin bir-birlərini
tanıması, tamaşaçıların başqa dövlətlərin
mədəniyyətləri ilə tanış olması
baxımından belə bir festivalın keçirilməsini
böyük hadisə adlandırıb. Onun sözlərinə
görə, bu festival müxtəlif ölkələrin kukla
teatrları arasında qardaşlıq və dostluq
körpüsü formalaşdıracaq.
TÜRKSOY-da Azərbaycan nümayəndəsi
Elçin Qafarlı teatr sahəsində yeni bir dövrün
başladığını bildirib. O, gələcəkdə
TÜRKSOY-un tərkibində Kukla Teatrları Birliyinin
yaradılması ideyası ilə çıxış edib.
E. Qafarlı TÜRKSOY adından UNİMA-nın baş katibi
Jak Trüdoya xatirə hədiyyəsi də təqdim edib.
Tamaşalara biletlər oktyabrın
15-dən etibarən satışa çıxarılıb. Tamaşalara
xüsusi ehtiyacı olan uşaqlar biletsiz gətiriləcək.
Hər nümayişdən öncə tamaşanın qısa
xülasəsi oxunacaq. Göstəriləcək
tamaşaların əksəriyyəti mim tamaşalardır, yəni
sözdən çox hərəkət üzərində
qurulub. Beynəlxalq Kukla Teatrları Festivalı hər iki ildən
bir ənənəvi olaraq keçiriləcək.
Mətbuat konfransından sonra Kukla
Teatrının həyətində festivalın təntənəli
açılış mərasimi olub. Teatrın
binasının ətrafında müxtəlif nağıl qəhrəmanlarının
böyük kuklaları qoyulub. Açılışda
uşaqların ifasında mahnılar səslənib, müxtəlif
kukla tamaşalarından parçalar göstərilib. Mərasimə
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
də qatılıb. Açılışdan sonra Kukla
Teatrında Kamran Şahmərdanın quruluş verdiyi
"Ağ və qara" tamaşası nümayiş olunacaq.
I
Beynəlxalq Kukla Teatrları Festivalı noyabrın 6-da
başa çatacaq.
Ədalət.-2011.-2
noyabr.-S.8.