Müharibə
və həyat qəhrəmanının düşüncələri
Acıdan-acı uşaqlıq illəri,
ibtidai, orta və ali məktəb, dəhşətli,
qanlı-qadalı II cahan müharibəsi və 60 ildən
çox hüquq sahəsində mübarizələrdə,
insanlıq naminə müdafiədə, haqq-ədalət
uğrunda daimi vuruşda keçən ömür. Heç
vaxt özüm üçün yox, insanlar üçün
yüksək vəzifəli şəxslərlə necə deyərlər,
kəllə-kəlləyə gəlmişəm. Nə gizlədim,
bəzən vuruşlarda qalib olmasam da inad, inam və əqidəmdən
dönməmişəm. Bəlkə elə bu əqidəmə
görə yaşadır Ulu Tanrı məni? Ona görə həm
taleyimdən, həm Allahımdan razıyam ki, mənə bu
uzun ömrü bəxş edib
İndi arxada qalıb,
acılı-şirinli xatirəyə çevrilib o, istintaq, məhkəmə
çəkişmələri, alqışlarla
qarşılanan müdafiə dolu
çıxışlarım. Bu gün isə veteranlar aləmində,
veteranlar arasında ömrümü davam etdirirəm.
Veteranlar! Həyat yollarında vuruşlarda yorulub əldən
düşmüş insanlar. Bəzən tənhalıqla (ən
böyük faciədir bu tənhalıq), xəstəliklə,
min bir çətinliklə əzab əziyyət və
iztirabla üzləşən insanlar! Çəliklə və
çəliksiz gəzən, asta yerişlərlə
addımlayaraq bu qaynar həyatı seyr edən veteranlar! Bu da
ömrün davamıdır ki, onu yaşamağa məcburdurlar.
Şəhərdəki müxtəlif park və bağlara
sığınaraq vaxtlarını "öldürən"
iki-bir, üç-bir həmsöhbət olan ixtiyar veteranlar!
Nədənsə əvvəllər ahıllıq çağında kiməsə yaxınlaşmaq, kiminləsə həmsöhbət olmaq mənə ağır gəlirdi. Amma deyir hər dərdə bir çarə var. İlk dəfə isə uzun illərdən tanıdığım Seyfəddin Qafarova rast gəldim. Milli Elimlər Akademiyası binası qarşısındakı bağda onunla gəzməyə başladıq. Gəzinti müddətində Seyfəddin müəllim yanımızdan sağdan-soldan ötüb-keçən çoxları ilə salamlaşır, bəziləri ilə görüşür, digərləri ilə hal-əhval tuturdu. Mən ondan soruşdum:
Bu adamları
hardan tanıyırsınız?
Cavab verdi ki, onların hamısı veterandır, uzun illərdi bu veteranlarla tanışıq, elə bu bağda görüşüb, bir-birimizlə əhvalpüsanlıq edirik. Elə o andan Seyfəddin müəllim başladı veteranlarla məni bir-bir tanış etməyə. Görürdüm ki, bu bağa ölkəmizdə tanınmış nə qədər insanlar gəlir. Müxtəli sənət sahələrindən - dəmirçidən tutmuş akademikə qədər. İlk baxışda bu veteranlara kənardan baxanda onlar qoca, əldən düşmüş təsəvvürü yaradır. Əslində isə belə deyil. Onlarla yaxından tanış olduqda belə qənaətə gəlirsən ki, bu müdrik, dünya görmüş insanların hər biri canlı bir ensiklopediyadır. İpək kimi təmiz, kövrək qəlbə malik bu insanlarla həmsöhbət olmaq özü bir xoşbəxtlikdir.
Günlər keçdikdə mən
təqaüdə çıxmış bu insanlarla ünsiyyət
qurmağa, onlarla ətraflı tanış olmağa
başladım...
Öncə Seyfəddin Qafarovdan
başlayaq. Seyfəddin müəllim 1921-ci ildə
İsmayıllı rayonunda doğulub. 34 il Azərbaycanın
rayonlarında məhkəmə sədri və Ali Məhkəmənin
üzvü işləyib, hazırda isə təqaüdə
çıxıb. Respublikada ədalətli hakimlərdən
biri kimi tanınan Seyfəddin müəllim bu gün
ömrünün 91 yaşına ayaq bassa da ölkəmizdə
baş verən hadisələrə biganə qala bilmir. Kiminsə
haqsızlıqla üzləşdiyini görüb-eşidəndə
əzab çəkir. Mən də çox vaxt onu sakitləşdirmək
üçün zarafata əl atıram. Amma bu, çox vaxt
alınmır. Alınmırdı ona görə ki, o, hakim
işləyəndə də öz fikrindən dönən
deyildi. İndi də bəzi hakimlərin ədalətsizliyini
görəndə ona çox pis təsir edir. Seyfəddin
müəllim deyirdi ki, bu qanunsuzluğa qarşı mübarizə
aparacam. Eyni zamanda bəzi vəzifə sahiblərinin korrupsiya
ilə məşğul olmasın deyib onlara qarşı
mübarizə aparacağını deyirdi. Mən onun haqlı
olmasına baxmayaraq onu sakitləşdirmək
üçün deyirdim:
-Siz indi ki, təqaüddəsiz,
heç bir vəzifəyə sahib deyilsiz, əlinizdə
korrupsiyaya qarşı mübarizə aparmaq üçün
hec bir səlahiyyətiniz yoxdur. Bu sahə ilə mübarizəni
səlahiyyətli insanlar aparmalıdır.
Seyfəddin müəllim mənimlə
razılaşmırdı.
Xeyir, hər birimiz mübarizə
aparmalıyıq. Sən indi deyirsən ki, biz bütün bu
neqativ hallara göz yumaq?
-Yox, səninlə razıyam, amma əlimizdən
nə gəlir ki?
- Bir də hörmətli
prezidentimizin bu barədə sərəncamı var, səlahiyyətli
şəxslər belə cinayətlərə qarşı
mübarizəni davam etdirirlər. Nəticəsi də pis
deyil.
Bu, söhbətə qulaq asan
veteranlara ləzzət eləyirdi. Birdən Seyfəddin müəllim
soruşdu:
Söhbətə başım yaman
qarışdı, saat neçədi?
Ağaməmməd qol saatına
baxıb,dedi:
Saat birdi Seyfəddin müəllim
Mən getməliyəm. Dərman qəbul
etməyimin vaxtıdı, deyib, ayağa qalxdı və bizi tərk
etdi.
Bu da veteran dərdi. Qocalıq, xəstəlik,
tənhalıq.
Seyfəddin müəllim məni
Mirismayıl ilə tanış etmişdi. Deyirdi ki, bizim bu
bağa gələn veteranların seyididi. Mirismayıl ağa
1927-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan
olmuşdur. Öz kəndlərində uzun illər dəmirçiliklə
məşğul olub. Papravənd ermənilər tərəfindən
işğal olunandan sonra ailəsi ilə köçüb
Bakıda məskunlaşıb. Seyid əsl imanlı, dini adətlərə
əməl edən, oruc tutan, namaz qılan adamdır. Boş
vaxtlarını bu bağda veteranlarla keçirir. Bura gələn
veteranların əksəriyyəti onu tanıyır.
Seyidin dadlı-duzlu söhbətləri
mənim də xoşuma gəldiyindən bağa gələndə
əvvəl Seyidlə salamlaşır sonra boş oturacaqda əyləşirəm.
Seyidin söhbətlərindən mənə bəlli oldu ki,
o, dəmirçilik sənətinə vurğun olub. Uzun illlər
körükdə polad, dəmir qızdırmaqla kənd təsərrüfat
və məişət alətləri düzəldib, öz kəndlərini
və qonşu Güllücə, Boyəhmədli, Kəngərli
və başqa kəndləri də həmin zəruri alətlərlə
təmin etmişdir. Seyid deyir ki, bu sənətə
başlayanda ustadım mənə deyərdi ki, sən bu
körüyün qabağında, həm dəmirçiliyi, həm
də adamlığı öyrənəcəksən.
Ustadına min dəfə rəhmət
oxuyar Seyid İsmayıl.
Seyid hər söhbətində
doğma kəndinin gec-tez erməni işğalından azad
olacağını ümidlə gözlədiyini
dodağaltı pıçıldayır. Sonra da - kəndimizi
görüb doğmalarımızın qəbirlərini ziyarət
edəndən sonra rahat ölərəm, - deyir.
Veteran dostum Ağaməmməd
müəllim 1929-cu ildə Zərdab rayonunda doğulub. İxtisasca
aqromondu. Çox vaxt Seyidlə bu bağa gəzməyə gəlir.
Veteranlar bir-biriləri ilə tez
ünsiyyətə girir, söhbət üçün
mövzu tapırlar. Mövzu isə istədiyin qədər. Təki
ovqatın xoş olsun. Veteranların hamısının həyat
tərzi, qayğıları eyni deyil. Biri tənhalıqdan əziyyət
çəkir, digəri övladlarının yaxşı
çıxmasından ağzıdolusu danışır, kimi
maddi çətinliklərdən, kimi də xəstəliyindən
şikayətlənir, bir sözlə, hər biri öz
ömür kitabını vərəqləyir, bununla da ürəyini
boşaldır. Bu gününü ötürüb, sabaha
çıxmaq arzusu ilə yaşayan veteranlardan biri başqa
bir "sarı sim"ə toxundu. Dedi ki, bu gün evdən
çıxmaq istəmirdim, arvad məni məcbur elədi.
Dedi çıx bir təmiz hava al. Həm də yəqin indi
veteran yoldaşların səni gözləyirlər. Mən
də məcbur olub gəldim.
Sən bir dünyanın işinə
bax, budur gündəlik həyat tərzi veteranın. Cavan
vaxtı evə işdən bir saat gec gələndə arvad
onu müxtəlif sorğu-suala tutur, gec gəlməyinin səbəbini
öyrənməyincə rahat ola bilmirdi, indi isə ərini
evdən çıxarır ki, dur get gəz, bağ-parkda
yoldaşlarınla söhbət elə. Heç tez qayıt da
demir.
Adam indi yaşının bu
çağında anlayır ki, sən demə onun əsl istirahəti,
işləmək, kiməsə lazım olmaqdır.
İsti avqust günlərinin birində
veteran dostlarımın yanına gələrkən, "Elmlər
Akademiyası" metrosunun girəcəyindəki qəzet
köşkündən bir neçə təzə qəzet
alıb, bağa daxil olarkən cib telefonuma zəng gəldi. Oturacaqların
birində oturub telefona cavab verdim, sonra durub getdim.
Veteranların yanına çatanda gördüm unudub qəzetləri
götürməmişəm. Geri qayıdıb gördüm
qəzetlər yoxdu. Bu an Seyid İsmayıl soruşdu: Həzi
müəllim, itirdiyiniz hansı qəzetlər idi?
Adlarını sadaladım.
-"Azərbaycan", "Ədalət",
"Yeni Müsavat", bir də "Azadlıq". Bu vaxt
Seyid yan tərəfindən qəzetləri
çıxardıb, mənə uzatdı.
Seyid, bu qəzetləri kim verib sizə?
- deyə soruşdum.
- Bir insan övladı, - deyə cavab verdi.
Adı nə idi?
Mən onu tapıb təşəkkürümü
bildirməliyəm. Bu vaxt Ağaməmməd söhbətə
qoşuldu:
O adama təşəkkür
düşmür.
Niyə? Axı o, nəcibliyini, xeyirxahlığını
göstərib.
Ağaməmməd dedi:
- O, adama heç sağ ol da
düşmür, onun günahı var.
- Nədir onun günahı?
- Onun günahı odu ki, siz onun
yanından durub gedərkən sizi çağırıb
oturacaqda qalmış qəzetləri sizə verməyib.
- Bəlkə əvvəlcə
fikir verməyib, sonra da görüb ki, mən artıq
çıxıb getmişəm. Məni hardan
tapaydı? Yenə sağ olsun ki, gətirib Seyidə verib,
deyib ki, sahibi çıxsa versin.
Ağaməmməd yenə mənimlə
razılaşmadı:
O adamın çox günahı
var.
- Axı nədir onun günahı?
Deyirsən ki, kim nə tapsa verməsin?
- Yox, kim nə
tapsa versin, bu yaxşı əməldi. Axı bu adam qəzetləri oturacaqdan götürəndən
sonra biz uzaqdan gördük ki, açıb o qəzetləri
özü oxuyur. Oxuyandan sonra oxunmuş qəzet
kimə lazımdı? Bax, bu onun ikinci
günahı.
- Ağaməmməd müəllim,
tutaq ki, bu qəzetləri o oxuyub, nə olar? Mən
ki, hələ oxumamışam. Mənim
üçün həmin qəzetlər hələ təzədir.
Seyid məsələyə qarışdı:
- Ağaməmməd indi deyəcək
ki, Həzi müəllimin də günahı var, sonra bizi də
günahkar sayacaq.
Ağaməmməd: Əlbəttə,
Həzi müəllimin də günahı var. O, qəzetləri
niyə möhkəm yerdə saxlamayıb? Seyid,
bəs siz niyə Həzi müəllim gələn kimi qəzetləri
ona vermədiniz, onu sorğu-suala tutdunuz? Cavabını
ver, dedim:
- Mənim günahım var, boynuma
alıram. Atalar deyib: "Qapını yaxşı bağla,
qonşunu oğru tutma". Amma Seyidin
günahı yoxdu. Bu yerdə yadıma bir əhvalat
düşdü:
Bir neçə il
bundan qabaq işdən gələndə bizim
yaşadığımız binanın birinci mərtəbəsində
yerləşən ərzaq mağazasına çatanda
gördüm ki, yerdə bir topa pul, əyilib pulları
götürdüm. Bilmədim neyləyim, sonra
da fikirləşdim ki, pulu verim mağaza müdiri Arzuya, o,
çox yaxşı insandı, onu hamı tanıyır.
Pulu itirən adam gəlib soruşanda,
götürüb pulu sahibinə qaytarar.
Mən bu fikirdə ikən bir
oğlan mənə yaxınlaşıb soruşdu:
Əmi, mən burada
pul itirmişəm, bəlkə görmüş
olasınız? Ürəyimdə sevindim
ki, pulun sahibi çıxdı, amma pulu o saat ona vermədim.
Soruşdum ki, nə qədər pul itirmisən?
- Dedi: Evdən
götürmüşəm, miqdarını bilmirəm.
- Yaxşı, miqdarını
bilmirsən, bəs neçəliydi pullar?
- Ona da fikir verməmişəm.
Bu an bir
yaşlı arvad hövlnak, tələsik bizə yaxınlaşdı,
dedi:
Ay qardaş, bir az
bundan əvvəl mağazaya çörək almağa gəlmişdim,
pensiya pulumu itirmişəm, bəlkə görmüş
olasız?
Soruşdum:
Nə qədər
pul idi? Dedi:
- 50 manat. Dedim: Pullarınız
neçəlik idi? Dedi:
- Üç onluq, dörd
beşlik.
Pullara baxdım, gördüm arvad düz deyir. Pulları verdim ona. Arvad
alqış eləyə-eləyə getdi. Bir də baxıb gördüm ki, pul itirmişəm
deyən oğlanın izi-tozu yoxdu. Görünür
o, mənim pulu tapdığımı görüb ona sahib
çıxmaq istəyirmiş. Odur ki,
Seyid düz hərəkət elədi, soruşdu ki, hansı qəzetləri
itirmisən? Burada onun heç bir
günahı yoxdu.
Ağaməmməd dedi: Seyfəddin
müəllim mənə danışıb ki, bir neçə
il bundan qabaq səs-küylü məhkəmə
prossesi olan cinayət işinə baxılarkən Hacı Məmmədovun
bandasının aktiv üzvlərindən biri olan
çeçen Çintamirov Aslambekin hüquqlarını bir
vəkil kimi Həzi müəllim müdafiə edib. İllər keçməsinə baxmayaraq, mətbuatda
gedən yazılardan görünür ki, Hacı Məmmədovun
bandasının törətdiyi cinayətlərin üstü
tam açılmayıb.
Mayıl dilləndi: Ay Ağaməmməd,
sən lap ağ elədin ey, qəzetlərin
itməsi hara...
Hacı Seyid dedi: -Bəsdi, durun gedək.
Ağaməmməd buranı istintaq kamerasına
döndərəcək. Hamı durub getdi.
Bu günü də belə başa vurduq.
Veteranlardan Mayıl
1932-ci ildə Saatlı rayonunda anadan olub. Ömrü
boyu sürücülüklə məşğul olmuş,
insanlara xeyirxah əməlləri ilə xidmət etmiş,
indi də veteranlıq həyatını yaşayır. Mirismayılla dostluq edir. Dini ayinlərə
əməl edir. Görünür nə
günahları var belə yumaq istəyir. Ruhlar
dünyasına tər-təmiz getmək istəyir. Mayıl mehriban, gülərüz bir insandı.
Mayıl söhbətlərə
qulaq asmağı sevir. Hərdən
özü də sürücülük sərgüzəştlərindən
söhbət açır. Yolda qalanlara
köməyindən maşında yaddan çıxıb qalan
əşyaların sahibinə çatdırılmasından
ürək dolusu danışır. Bu hərəkətlərini
özünə fərəh bilir. Mayıl deyir: Ağaməmmədin
sözündə bir həqiqət var, hamının
az-çox günahı var. Hər kəs
çalışmalıdır ki, böyük Allah onun
günahlarını bağışlasın. Allah
bağışlayandır.
Veteran dostlarımdan biri də
1923-cü il Masallı rayonunda anadan
olmuş Gülhüseyn müəllimdi. Həyatda
hamı bir cür ömür sürür. Hər insanın ömür yolu rəvan olmur.
Həyatda dəhşətlərə məruz qalan
Gülhüseyin müəllim cavan vaxtlarında Sibirin buzlu səhralarında
həyatın amansız dəhşətlərini
görmüş, Sovet hökuməti əleyhinə öz
fikirlərini söylədiyi üçün 25 il müddətində
azadlıqdan məhrum edilib, cəzasını çəkmək
üçün Sibirə sürgün edilib. Stalin
öləndən sonra Xruşovun dövründə cəzasının
7 ilini çəkdikdən sonra azadlığa
buraxılıb, haqqında cinayət işinin icratına xitam
verilib.
Gülhüseyn müəllim
söhbətə çox az girişən
və çətin həmsöhbət olan bir insandı. İlk tanışlıqda elə fikir yaranır ki,
bu adamla dil tapmaq olmaz. Qapalı adama
oxşayır. Lakin getdikcə söhbətə
cəlb olunduqca görürsən ki, Gülhüseyin müəllim
çox mülayim və xoşxasiyyət adamdır. Amma çox danışmağı sevmir. Bəlkə bu buzlu Sibirin dəhşətlərinin
ona qarşı amansızlığının nəticəsidir.
Bəlkədə hələ də fikirləşir
ki, çox danışsa dilindən yenə nəsə
tutarlar. Gülhüseyn müəllim Sibirdən
qayıdandan sonra yazıçılıqla məşğul
olmuş, gözəl və qiymətli əsərlər
yaratmışdır. Dövlət onun
talantını qiymətləndirərək ona Xalq
yazıçısı adını vermişdir. O,
prezident təqaüdçüsüdür. Atalar düz deyib:
"Kiminin əvvəli, kiminin axırı". Buna da şükür. Veteranlar
aləmində səyahət edənlərdən biri də Dəmir
müəllimdi. O, çoxdandı bu bağa gəlib
özünə dost - tanış
tapmışdır. Şəmkir rayonunu yaxşı
tanıyanlar Dəmir müəllim gələndə zarafatla
deyirlər: Seyfəlisən keç yuxarı başa. Hamıda gülüş yaranır. Dəmir
müəllim deyir: Düzdü belə bir söhbət var,
amma hər halda bu seyfəlilərin xeyrinə deyilən
sözdü. Dəmir müəllim Şəmkir
rayonundan olan keçmiş dövlət qulluğunda
çalışmış, həmyerlilərindən söhbət
salıb onların yaxşı əməllərini yada
salır. Ali Məhkəmənin sədri
işləmiş Məhərrəm Hüseynov, respublika prokurorluğunda
işləmiş Əli Hacıyevdən söhbət
açaraq onların ədalətli insan olduqlarını diqqətə
çatdırır. Onun bu söhbətləri
mənim çox xoşuma gəlirdi. Məhərrəm
Hüseynov Ali Məhkəmənin sədri olarkən mən
Ali Məhkəmənin üzvüydüm. Biz cinayət işinə baxarkən prokuror kimi Əli
Hacıyev çıxış edirdi. Onlar
çox ədalətli insanlar idi. İllər
keçsə də yaxşı adamlar yaddaşlardan silinmir.
Veteranlar arasında bəzən xoşa gəlməyən
söhbətlər də olur. Əsasən də
övladının naxələf çıxmasından
söhbət edən adamdan heç xoşum gəlmir. Ona
görə ki, söyüd ağacından alma
dərmək olmaz, övlad da valideynin meyvəsidi. Əzgili əzgil ağacından, heyvanı da heyva
ağacından dərərlər. Burda
bağbanın günahı yoxdur.
Bu söhbət əsnasında Ermənistanın
Vedi rayonunda anadan olmuş sinədəftər Əmrah müəllim
gəlib çıxır. Gələn kimi şeir və lətifələr
söyləməyə başlayır. Bu hamının eynini
açır, hamıya təzə təbəssüm gətirir.
Mən daha bərkdən gülürəm. Veteranların
hamısı dönüb mənə baxır. Mən vəziyyətdən
çıxmaq üçün bədahətən hələ
sinədə bişməyən misraları dilə gətirirəm.
Bərkdən gülürəm,
özüm də bilmirəm
Niyə mən həmişə
gülə bilmirəm...
Gülüşlər
ömürün xoş sədasıdır
Gülüşlər qəlbin əhdidir,
vəfasıdır
Gülüş insanın can dəvasıdır...
Veteranlar dəryasında üzənlərin
hələ hamısını tanımıram. Bizim yelkənimizdə
oturub bizimlə axirətə üzən Mirəli, Səyyab,
Məhərrəm, Fikrət, Rəhim və başqaları
haqqında hələ çox şeyləri bilmirik.
Veteran aləmində bütün sənəd
sahibləri müəllim, həkim, hakim, vəkil, aqronom, alim,
dəmirçi, sürücü, mühəndis, akademik, kim
istəsən var. Veteranlıq ömür sonluğunun
okeanıdı, həm də ömürün zirvəsidi.
Onunsuzda bu dünya vəfasızdı,
gələn getməlidir, qalan olmaz, zirvələrdən geriyə
dönən olmaz, deyirlər qocalıq ucalıqdır, amma
onun da min bir dərdi-səri var. Ən pisi isə qocalar
ölümü özlərinə çox yaxın hiss edirlər.
Bir an belə həyatla vidalaşmaq qorxusu onları tək
buraxmır: görünür həyat belədir, divar qutaranda,
yol da qutarır və insan bir torpaq olur.
Bir dəyirman daşıdı qoca
dünya
İnsanları torpağa döndərir
İstər şah, istər
nökər qoymur fərq
Hamısını o dünyaya göndərir.
Veteran həyatı çox
darıxdırıcı olsa da mən
çalışıram ki, səmərəli işlərlə
başımı qatım. Əmək veteranları ilə
yanaşı, Böyük Vətən Müharibəsi
iştirakçısı olduğum üçün Yasamal
rayon müharibə iştirakçıları
şurasının keçirdiyi tədbirlərə də dəvət
olunuram. Yasamal rayon müharibə iştirakçıları
şurasına Almaz xanım adlı çox bacarıqlı
bir xanım rəhbərlik edir. O, hər bir müharibə
iştirakçısının həyatı ilə
tanışdır. Kimin nə dərdi var bu gözəl
xanıma müraciət edir. Almaz xanım Yasamal rayon İcra
Hakimiyyətinin başçısı qayğıkeş bir
insan İbrahim müəllimin köməyi ilə müharibə
iştirakçılarının arzu və istəklərini
mümkün qədər reallaşdırmağa
çalışırlar. Almaz xanımın, İbrahim müəllimlə
birlikdə məktəblərdə, universitetlərdə, idarə
və müəssisələrdə, hərbi hissələrdə
keçirdikləri tədbirlərdə mən də
iştirak edir, uzun illərin təcrübəsinə söykənən
dəyərli məsləhətlərimi verirəm.
Sonda dövlət
başçısı cənab İlham Əliyevə
Respublika Ağsaqqallar Şurasının sədri, akademik Budaq
Budaqova, respublika Vətən Müharibəsi
İştirakçıları Şurasının sədri Əlövsət
müəllimə, Dövlət Veteranlar Komitəsinin sədri
Bəhram müəllimə gördükləri, həyata
keçirdikləri böyük işlərin müqabilində
sonsuz təşəkkürlərimi ifadə etmək istərdim.
Çünki ölkəmizin hüdudları daxilində kifayət
qədər ömür yaşamış insanlar, veteranlar var
ki, onların böyük həyat təcrübəsindən
uzun illərin sınaqlarından çıxmış
dünya görüşlərindən bəhrələnmək
üçün xüsusi təşkilatlara, idarəedici
orqanlara ehtiyac duyulur. Yuxarıda adlarını qeyd etdiyimiz
nüfuzlu şəxslərin səyləri nəticəsində
mənim kimi onlarla veteranlar bir araya gəlir, fikir mübadiləsi
etmək üçün şəraitlə təmin olunurlar.
Son nəticədə ölkəmizin inkişafında
iştirak etmək onlar da öz töhvələrini, ən
azı dəyərli tövsiyyə və məsləhətlərini
verə bilirlər.
Həzi
Məmmədov,
Böyük
Vətən Müharibəsi veteranı
Ədalət.-2011.-2
noyabr.-S.6.