ƏKRƏM CƏFƏRİN VƏFATINDAN 20 İL ÖTÜR

 

  O, BÖYÜK ƏDƏBİYYAT NAMİNƏ YAŞAYIR, YAZIB-YARADIRDI...

 

   Böyük şəxsiyyətlər yaranır az-az,

   Hər yerdə, hər zaman inci tapılmaz..

    S. Vurğun

 

   Azərbaycan Milli əruzşünaslıq məktəbinin və Müqayisəli əruzşünaslıq elminin yaradıcısı, ustad Əkrəm Cəfərin ecaskar Füzuli sənəti haqqında çap olunmuş və olunmamış araşdırmaları "Yandım avazeyi eşqinlə sənin" ("Çaşıoğlu", 2010, 350 səh.) kitabında...

   Ustad Əkrəm Cəfər hələ həyatda ikən sanki cismani yoxluğundan sonra hər bir Azərbaycan türkünün, millətimizin, zəngin mədəni irsimizin, milli məfkurə ocaqlarımızın dəyərini bilməsi, qoruması və dünyada tanıtması və bu tanıtmanın çox-çox vacibliyini onun anlaması üçün bir ismarıc, belə demək mümkünsə, vəsiyyət xarakterli fikirlərini də qələmə almışdı. Həmin fikirlərdən birini xatırladım və istədim ki, bu yazıma epiqraf olsun:

    "İnsanın ata-anası olmayanda ona yetim deyirlər. Daha böyük fəlakətdir ki, millət yetim qalsın.

   Yetim millət kimə deyirlər? Öz tarixini yaxşı bilməyən millətlər yetimdir. Öz dahilərindən, böyük adamlarından xəbərsiz yaşayanlar yetim hesab edilirlər. Biz elə xalqıq ki, böyük dahilər, dünya miqyasında şöhrət tapan adamlar yetirmişik, amma başqa millətlər ona sahib olmaq istəyiblər. İndi dünya dəyişilib, millətimiz ayılıb, hər şey bizim xeyrimizədir. İmkanımız var ki, öz dahilərimizi dünyaya tanıdaq. Bədxələf, naxələf, Sabir demişkən, "nabəşüur" olarıq ki, məsələn, Füzuli kimi dahi şairimizi yaxşı tanımayaq..."

    Məhz bu məqsədlə, millətimizin yetimlik aqibətini yaşamaması, dahilərimizi, milli ədəbiyyat xəzinəmizi hər bir Azərbaycan türkünə, bütün türk soylu xalqlara və dünyaya tanıtmaq, onlardan xəbərdar etmək naminə yaşadı Əkrəm Cəfər... Özündən sonra zəngin elmi-ədəbi irs və bu irsin əsl tədqiqatçısını, qoruyucusunu, mənəvi və cismani varisini - Sokrat Cəfəri yadigar qoydu elinə, millətinə və bütün ruhuyla, əzalarıyla bağlı olduğu, sevdiyi ədəbiyyatımıza...

   Biz bilməmiş deyilik ki, həyatda varislik ənənəsi daim yaşayıb. Bu ənənə ədəbiyyatda da mövcud olub, mövcuddur və ədəbi aləmdə mənəvi varislik adı ilə yaşarıdır. Xoş o sənətkarın halına ki, canının bir parçası-cismani varisi zamanla onun həm də mənəvi varisinə (cismanilikdən uzaq mənəvi varisləri nəzərdə tutmuram) çevrilir. Bax, o zaman həmin sənətkar, şair və ya yazıçının-söz adamının xoşbəxt sənət həyatı uzun illər davam edir...

    Çağdaş ədəbiyyatımızda varislik ənənəsini (bunu gerçək mənada deyirəm) yüksək səviyyədə yaşadan hörmətli yazarlarımız Anar və Elçinin yolunu bu gün Natiq Cavadzadə və Sokrat Cəfər uğurla davam etdirirlər. Hərdən düşünürəm ki, Sokrat, bəlkə də atasının elə ən uğurlu şah "əsər"idir və bu "əsər" onun müəllifini bütün zəkası ilə, var gücü ilə təqdim və təqliğ etmək, yaşatmaq əzmindədir...

    Bu həqiqətən belədir. O, ləyaqətli oğul, əsl mənəvi varis kimi professor Əkrəm Cəfərin unudulmaması, yaddaşlarda qalması, ruhən yaşaması, əsərlərinin təbliği və təqdiminin geniş miqyas alması və tanınması üçün çiyinlərini ağır fiziki və mənəvi yükün altına verməkdən və bu yükü daşımaqdan bir an belə çəkinmir. Uğurlu nəticələr isə göz qabağındadır... 2006-cı ildə o, ustadın "Mirzə Ələkbər Sabir şeirinin qafiyə lüğəti" adlı linqvistik monoqrafiyasını (130 s.) şərhlər və izahları ilə çap etdirdi. Şərqşünas alimimiz Tərlan Quliyevin redaktorluğu ilə "Qanun" nəşriyyatının buraxdığı bu kitab Şərq ədəbiyyatşünaslığı tarixində ilk qafiyə lüğətidir.

   Azərbaycan və Şərq ədəbiyyatşünaslığının müqtədir simalarından olan Əkrəm Cəfərin anadan olmasının 90, 95 və 100 illik yubileylərinin, bu tədbirlərlə bağlı düzənlənən elmi sessiyaların əsas təşkilatçısı oldu, alimin həyat və yaradıcılığı barədə maraqlı məruzələrlə çıxış etdi. Sokrat artıq 19 ildir ki, Əkrəm Cəfərə həsr olunmuş TV verilişlərinin yaradıcısı, həm də əsas çıxışçılarından biridir. AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində kiçik elmi işçi kimi çalışan Sokrat Əkrəm Cəfərin akademik Yusif Məmmədəliyev haqqında yazdığı "Sən həmişə qəlbimdəsən" adlı memuar əsərini, həmçinin. "Fəxrimiz Əkrəm Cəfər" adlı xatirələr kitabını tərtib etmiş, izahlar yazaraq, nəşrə hazırlamışdır. Tanınmış ədəbiyyatşünas Əlizadə Əsgərli və Firəngiz xanım Ulutürklə birlikdə Xəlil Rza Ulutürkün "Ustadım Əkrəm Cəfər" adlı elmi-tarixi memuarlar kitabını (333 səh.) hazırlayıb, 2005-ci ildə "Mütərcim" nəşriyyatında çap etdirmişdir...Sokrat eyni zamanda. Əkrəm Cəfərin həyat və yaradıcılığına həsr olunmuş 100-ə qədər elmi-ədəbi məqalələrin müəllifidir. İndi isə alim atasının digər əsərləri üzərində işləyir. KİVHİ-nin "Qızıl Qələm" Media mükafatını o, gördüyü işlərə və gərgin əməyinə verilən qiymət kimi dəyərləndirir. "Yandım avazeyi eşqinlə sənin" kitabı isə filologiya elmləri doktorları Gülşən Əliyeva-Kəngərli və Tərlan Quliyevlə onun birgə əməyinin məhsuludur. Düşünürəm ki, Əkrəm Cəfərin indiyədək çap olunmuş, həm də şəxsi arxivindən götürülmüş bəzi araşdırmalarını transliterasiya edərkən tərtibçinin də elə ən yaxın yardımçısı, heç şübhəsiz, Sokrat Cəfər - qətiyyətli və ləyaqətli varis olmuşdur... Kitabdakı ön sözdə Gülşən xanımın Əkrəm Cəfərin 1957-ci ildə yazdığı və 1993-cü ildə Sokratın təqdimatı ilə "Ədəbiyyat qəzeti"ndə dərc edilmiş "Füzulinin yubileyi qarşısında qəlbim" adlı romantik məqaləsindən gətirdiyi sitat, bu böyük alimin Füzuli irsinə və sənətinə nə qədər dərindən vaqif olduğunun və şairin dövrünü, mühitini, mənşəyini, sənətini, dilini, əsərlərinin ahəngini və s. öyrənmək istəyənlərin qarşısında hansı vəzifələrin durduğunu açıqlaması baxımından ciddi maraq doğurur: "Qəlbim mənə deyir ki,... 1. tarixçilərimiz Füzuli İraqının, XVI əsr Bağdad tarixini, 2. ədəbiyyatşünaslarımız Füzuli dühasının sənət aləminin sirrlərini, 3. dilçilərimiz Füzuli sözlərinin qövsi-quzeh kimi parıldayan rəng mənalarını, 4. bəstəkarlarımız, musiqiçilərimiz Füzuli şeirinin simfoniyasını, 5. müğənnilərimiz bu sənətin avaz və ahəngini, 6. rəssamlarımız Füzuli əsərlərindəki Məcnunlu səhraları, Leylivəş gözəlləri xəyallarında canlandırsınlar, 7. alimlərimiz dahi Füzuli sənətinin təsir gücünü araşdırsınlar, əks etdirsinlər." Çox aydın, səlis və həm də qəliz-çətin vəzifələrin plan-prospektidir bu... Füzuli sənətinin dərinliyinin, çoxmənalılığının, məzmun qatlarının sonsuzluğunun, Əkrəm Cəfərin özünün isə bir şərqşünas-əruzşünas-filoloq kimi nə qədər geniş erudisiyaya, bilik və məlumatlara malik, Füzuli yaradıcılığının sirrlərindən agah, ruhaniyyatçı, vətənsevər bir alim olduğunun göstəricisidir. Belə kitabların nəşri əruzun artıq tarixə qovuşmaqda olduğu çağımızda ədəbiyyata sevdalı olanları dahi Füzuliyə bir az daha yaxınlaşdırır... Füzuliyə bu dibsiz marağın, ardıcıl, sistemli ustad araşdırmasının mayasında, heç şübhəsiz, dahi şairə, həm də ədəbiyyata, söz sənətinə böyük sevgi, sözə aşinalıq dururdu.

    Bu məqamda Əkrəm Cəfərin digər bir fikrini xatırlayıram! "Əsl poeziya, əsl sənət, böyük kəşflər, bədii tapıntılar, ixtiralar aləmidir. Kəşf olmayan yerdə nə poeziya var, nə də sənət. Poeziya son dərəcə qısqanc, güzəşt bilməyən bir gözəldir. O, tələb edir ki, şair (əgər əsl şairdirsə ) özünü bütövlükdə ona həsr etsin."  

    O, da şairxəyallı idi, "insan qəlbinin canlı aynası, gözəl sənətlərin ən gözəli" olan həqiqi şeirdə musiqinin ahəngini, rəsmlərin rəngarəng daxili cazibəsini, həm də heykəltəraşlığın füsunkar hüsnünü axtara-axtara Füzulinin poetik kəşflər, bədii tapıntılar aləminin, sözün həqiqi mənasında, kəşfiyyatçısı oldu. Kəşfləri sırasına Füzulinin həyatına dair yeni məlumatları da daxil etdi: "Bu vaxta qədər tarixçilər və ədəbiyyat tarixçiləri Füzulinin doğum yerini gah Bağdad ( Sam Mirzə, tarixçi Ali və b.), gah Hillə (Qınalızadə Həsən Çələbi, Sadiqi və b), gah da Kərbəla ( Riyazi, İ. Hikmət və b.) göstərirdilər. İndi biz bilirik ki, şairimiz Kərbəla mahalının Hit kəndində doğulmuşdur. Bunu Füzulinin "mənşə və mövludim İraqi-ərəb olub"... və "məqamım Xaki-Kərbəladır" deməsi də rədd etmir. Hit kəndi də həm Kərbəla torpağında, həm də eyni zamanda, ərəb İraqındadır".

   "Leyli və Məcnun" əsərinin yazılmasını, adı Məhəmməd olan şairin Füzuli təxəllüsünü götürməsini, doğum ilini, onun məktəb yoldaşlarının kimliyini dəqiqləşdirmək özü də bir tapıntıdır, hər halda, Füzulini, "Leyli və Məcnun"u sevənlər üçün, onu yetirən xalq üçün... Bu faktın özü bir daha təsdiqləyir ki, ölümsüz o əsərlər olur ki, həmin əsərlər onu qələmə alan şairin iç dünyasından, ürəyindən, canından, damarlarındakı qanından keçir...

   Professor Əkrəm Cəfər ciddi araşdırmalarının nəticəsində bu qənaətə gəlir ki: "O, (yəni, Məhəmməd) Bağdadda Kərəm ilə dost olur (1513-cü il). Gənc Məhəmməd bütün sirlərini ona açır: "Bir gün dərs otağının arxasındakı bağçada gördüyü müdərris İbrahim Kərhinin qızına aşiq olur... və "Leyli və Məcnun" əsərinin ilk hissələrini yazmağa başlayır. Kərəmlə qərara gəlirlər ki, qızı istəsinlər. Dostları Qasım qızın atasına məsələni bildirir, lakin qızın atası bu təklifi qəbul eləmir. Bu uğursuzluqdan ümidsizlik içində qalan şair özünü "Füzul" səhrasında hiss edir və "Füzuli" təxəllüsünü seçir... Məhəmməd bu müvəfəqiyyətsizlikdən sonra özünü Məcnuna bənzədir. Bu hadisəyə "mövludim-səhrayi-eşq" sözlərini yazır ki, bu sözlər əbcəd hesabı ilə 899 (1494)-da doğulduğu ili göstərir. Ümidsizliyə düşən şair başqa bir məktəbə - Hüseyn Nəqqaşın xəttatlar məktəbinə keçir. Buradan Füzulinin rəssam və xəttat olduğunu da öyrənirik. Bir il sonra, yəni, 40 il Bağdada yaşadıqdan sonra Füzuli Hilləyə gedir". Bizə təkcə bu yazıdan məlum olur ki, şairin atası Süleyman Bədəvi sarvandır. Bağdadda karvan işlətdiyinə görə sarvan (dəvəçi) ləqəbini qazanmışdır. Əkrəm Cəfər sevdiyi şair-Füzuli haqqında yayılmış digər rəvayətləri öz dəqiqləşdirmələri ilə əhəmiyyətsizləşdirir, onun durumu ilə Məcnunun vəziyyətində paralellər tapır, eşqindən çöllərə düşən aşiqin halının tərcümanı olan "Leyli və Məcnun" adlı misilsiz əsərindəki təsvirlərin, dəlicə bir eşqlə çarpan ürəkdən qopan fəryadların, bu yanğılı hissləri həqiqətən yaşayan və çarəsiz eşqin oduna yanan gerçək bir aşiq şairin qəlbindən qopan fəryadlar olduğunu anlaya bilir və bu həqiqətləri oxucularına, həmkarlarına, dostlarına da anladır. Tədqiqatcı Füzulini Azərbaycandilli (məhz, anadilli) ədəbiyyatımızın ən böyük şairi, həm də bədii nəsrin banisi kimi təqdim edir və göstərir ki, o, "özündən qabaq beş əsr müddətində yaradılıb inkişaf etdirilmiş azəri şeirini yeni və ən yüksək zirvəyə qaldırmaqdan başqa, ondan qabaq olmayan, yaxud olub da bizə məlum olmayan nəsr şəklini də ədəbiyyatımıza gətirdi." Əkrəm Cəfərin tədqiqatına görə, Füzulinin nəsr şəklində yazılmış əsərlərinin ən mühümləri "Hədiqət-üs-süəda" azərbaycanca divanının "Dibaçə"si və "Şikayətnamə"dir. O, üç yüz altmış səhifəlik "Hədiqət-üs-süəda"nı şairin həcmcə ən böyük əsəri hesab edir və əsərin əruz vəznində və bu vəznin müxtəlif bəhrlərinin müxtəlif növlərində yazılmış mənzum parçalarının - Füzulinin özünün adlandırması ilə şeir, qitə, beyt, məsnəvi, nəzm, rübai, mətlə, mərsiyə, misra istilahlarının şəkillərini deyil, həm də vəznini müəyyənləşdirmişdir. Ustad göstərir ki, əsərdə Füzulinin nəsrarası işlətdiyi beş yüz doqquz mənzum parçanın on dördünü ərəbcə, beş yüz iyirmi beşini Azərbaycan dilində və əruzun səkkiz bəhrinin iyirmi növündə yazmışdır. Maraqlıdır ki, bu əsərdə işlətdiyi vəzn növlərinin hamısını (xəfif bəhrinin II növündən başqa) Füzuli Azərbaycan dilində yazdığı digər əsərlərində də işlətmişdir. Və Əkrəm Cəfər Xəfif bəhrinin II növünə bu əsərdən başqa, nə Füzulinin digər əsərlərində, nə də qeyri şairlərimizin yaradıcılığında rast gəlmədiyinə görə bu vəzn növünü Azərbaycan əruzunun bir əlavəsi kimi qəbul edir. Füzuli sənətini öyrənmişdi, Füzuli şeirinin incəliklərinə dərindən bələd olmuş, mənimsəmişdi Əkrəm Cəfər. İşlətdiyi sözlərin məna çalarlarının mahiyyətinə varmışdı. Biliklərinin mükəmməlliyi, Füzuli şeirinə aşinalığı dahi şairin əsərlərinin çapına, nəşrinə son dərəcə diqqətlə, həssaslıqla yanaşmağı tələb edirdi ustaddan. Odur ki, onun Azərbaycan SSR EA Ədəbiyyat və Dil İnistitutunun Füzuli külliyyatının yeddi müxtəlif nüsxəsinin müqayisəsinə əsaslanaraq çap etdirdiyi "Əsərləri"nin I cildində yer almış yalnız bir tərkibbəndi (s. 353-354) və bircə qəzəli barədə yazdıqları, yəni bu şeirlərin nə dərəcədə əslinə müvafiq olduğu ilə bağlı izahları dediklərimizin təsdiqi üçün ən etibarlı dəlildir. Füzulinin qəzəlləri, tərcibənd və tərkibbəndləri, qitə və rübailəri toplanmış bu cildin nəşrini çox sevindirici hal kimi dəyərləndirən Əkrəm Cəfər kitabdakı nöqsanları da göstərməyi oxucular və Füzulisevərlər qaşısında vicdan borcu saymışdır. Onun bircə izahını verməklə kifayətlənmək olar: "Müsəddəsin 6-cı bəndinin son misrasını oxuyuruq:

 

   Günəş yer üstünə həm düşsə payimal olmaz.

 

   Burada " həm düşsə" sözü ilə misranın mənası Füzuliyanə çıxmır. Eyni zamanda, "həm düşsə - düşsə də" deməkdir. Halbuki, günəş yer üstünə düşməyə bilməz. Burada şərt lazım deyil. O, yer üzünə mütləq düşür. Əslində, bu misra daha mənalıdır:

 

   Günəş yer üstünə düşməklə payimal olmaz.

 

   Demək, o, yerə düşür, lakin düşməklə payimal olmur, ayaq altında qalmır. Çünki, Günəş dəyən yerə ayaq qoyan kimi günəş ayağın üstünə çıxır. Füzulinin bu misrası indiyə qədər müxtəlif mənbələrdə bizim göstərdiyimiz şəkildə dəfələrlə misal gətirilmişdir. Əruzun dahi bilicisi daha sonra yazır ki, bu cilddə belə təhlili və səhvlərlə dolu qəzəllərin sayı çoxdur. Füzulişünas alim bu "akademik nəşrdəki anomal" haldan narahat olur, dərin təəssüf hissi keçirir və açıq şəkildə etiraf edirdi ki, biz dahi şairimizin əsərlərini nöqsanlarla dolu bir şəkildə görmək istəmirik. Bütün dünya qarşısında Azərbaycan xalqının fəxri olan Füzulinin əsərlərini nəşr edərkən ciddi məsuliyyət hiss edilməlidir". Əkrəm Cəfər çağımızın keyfiyyətsiz kitab nəşrində sanki yarışa girən bəzi naşirlərə mesaj göndərirdi: "Bu məqalədə hələ çox cüzi göstərdiyimiz nöqsanlardan aydın olur ki, bir tərəfdən nəşr edilmiş I cildi başdan-başa yaxşı, hərtərəfli yoxlayıb bütün nöqsan və səhvlərini üzə çıxararaq təshih etmək, ikinci tərəfdən böyük şairimizin əsərlərinin gələcək cildlərinin nəşrində daha diqqətli olmaq lazım gəlir".

   Kitabda Əkrəm Cəfərin Füzuli haqqında rusca yazdığı üç məqalə də verilib. Amma bu üç məqalənin hər birində tədqiqatcı alim rusdilli oxuculara ölməz şairi dahi şair kimi təqdim və təhlil edir: "Velikiy Azerbaydjanskiy pogt", "Veliçie Fizuli", "Çem velik Fizuli?" Maraqlı məqamdır ki, Əkrəm Cəfər yazılarında daha çox şairimiz sözünü işlədir və bu istilahla da Füzulinin həm özünün, həm də xalqının iftixarı və qürur mənbəyi olduğunu diqqətə çatdırır. Bu fikrini ona həsr etdiyi "Füzuliyə" adlı şeirində də bir daha vurğulayır:

  

   Ey Füzuli, sənətin, şeriyyətin.

   Şeirimizdir, şeirimizdir, şeirimiz!

   Ey Füzuli, şöhrətin, milliyyətin,

   Fəxrimizdir, fəxrimizdir, fəxrimiz!

  

   Əkrəm Cəfər Füzuli şeirinin vəznini hərtərəfli təsvir və təhlil edir, onun özündən əvvəlki klassiklərimiz-Nəsimi, Kişvəri və Xətainin şeir vəznilə müqayisələr apararaq, qəti olaraq bu nəticəyə gəlir ki, Füzuli şeirinin vəzni hər üç şairin şeir vəznindən zəngindir. Lakin bir nüansı da vurğulamağı gərəkli sayır və izah edir ki, Füzulidən qabaqkı dövr ədəbiyyatımızda vəzncə ən zəngin şairimiz Nəsimidir. Və onun Füzulidən üstünlüyü əruzdan başqa, məhdud şəkildə də olsa, heca vəznini də işlətməsidir. Əkrəm Cəfər həmin fikri Şah İsmayıl Xətaiyə də şamil edir və qeyd edir ki, istər Nəsimidə, istər Xətaidə olub, Füzulidə olmayan heç bir vəzn növü yoxdur. Lakin Xətainin də bir üstünlüyü var ki, o, yaradıcılığında əruzdan başqa, heca vəznini də geniş surətdə işlətmişdir. "Yandım avazeyi eşqinlə sənin" monoqrafiyası dahi Füzulinin həyatını, şəxsiyyətini və sənətini öyrənmək üçün ən mötəbər mənbələrdən biri və hələlik sonuncusudur. Kitabı ərsəyə gətirənlər bir daha bəlirtmək istəyiblər ki, Əkrəm Cəfər Füzuli şeirinin və şəxsiyyətinin qara sevdalısı və sənətinin kamil bilicisi, dünya şərqşünaslığında müqayisəli əruzşünaslıq elminin (ərəb, fars, tacik, özbək, türk və Azərbaycan əruzları) və Azərbaycan Milli Əruzşünaslıq məktəbinin banisidir. Burada əksini tapmış tədqiqatları aparmaqla, böyük Əkrəm Cəfər bütün dünyanın iddialı və iddiasız xalqlarına bildirib ki, "Füzuli Azərbaycan xalqının dünya qarşısında başını dikəldən, onu dünyanın ən mədəni, ən məşhur xalqları sırasına qaldıran dahi şairimizdir.

   Şərq və Qərb xalqları Füzulini tanıyır və ona böyük Azərbaycan şairi deyirlər. Qoy o xalqlar görsünlər ki, Azərbaycan xalqı da ölməz şairini qəlbinin bütün əzələlərilə sevir, beyninin bütün girinti və çıxıntıları ilə anlayır və qiymətləndirir. Qoy dünya bilsin ki, Sultan Səlimlər, Şah İsmayıllar dövrünün azəriləri Füzulini qiymətləndirməkdə aciz idilərsə, müasir Azərbaycan azəriləri onu qiymətləndirəcəklər. Həm də bu hərəkət bir deklorasiya deyil, bu bir yubiley pafosu deyil, Füzulişünaslığın Azərbaycanda başlanğıcıdır." Ustad bu fikirlərini 1957-ci ildə yazıb, bu günsə 2011-ci ildir və aradan keçən zaman kəsiyində bir daha sübut olundu ki, Füzuli Azərbaycan xalqının təkrarı heç vaxt olmayacaq dahi şairi, Füzulişünaslıq isə Azərbaycan filologiyasının əsas şöbələrindən biridir...

 

 

   Esmira Fuad (Şükürova),

   Filologiya üzrə Fəlsəfə doktoru

 

  Ədalət.-2011.-2 noyabr.-S.5.