Balakən: dağlar kimi əzəmətli...

 

   (əvvəli ötən sayımızda)

  

   Təhsil, səhiyyə,mədəniyyət...

 

   2011-ci ilin 9 ayı ərzində məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə xeyli iş görülmüş, məktəblər 468 ədəd kompüterlə təmin edilmiş, 14 məktəb və rayon təhsil şöbəsi sürətli internet şəbəkəsinə qoşulmuşdur.

   Fənn olimpiadalarının Respublika turunda iştirak edən 8 nəfər şagirddən 1 nəfəri III yeri, 3 nəfəri isə IV yeri tutmuşdur. Təhsil Nazirliyinin "Məktəblərin 2010-2011-ci dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə" 18 may 2011-ci il tarixli əmrində fənn olimpiadalarıının respublika turunda Balakən rayonunun məktəblərinin fəal iştirakı xüsusi vurğulanmışdır.

   Ali məktəblərə qəbul üçün sənəd vermiş 403 nəfərdən 189 nəfəri tələbə adını qazanmışdır ki, bu da 2010-cu ilin göstəricisi ilə eyniyyət təşkil edir. Ali məktəblərə qəbul zamanı 29 nəfər 500-dən yuxarı, onlardan 6 nəfəri isə 600-dən yuxarı bal toplamışdır ki, bu da 2010-cu illə müqayisədə 7 nəfər çoxdur.

   Tibb müəssisələrində 158 həkim, 509 orta tibb işçisi rayon əhalisinə səhiyyə xidməti göstərmişdir.2011-ci ilin 9 ayı ərzində 1996 və ya 2010-cu ilin müvafiq dövründən 423 nəfər çox xəstə stasionarda müalicə almışdır.

   Bu ilin 9 ayı ərzində 7666 xəstəyə Təcili yardım şöbəsi tərəfindən təcili və təxirəsalınmaz yardım göstərilmiş, ötən illə müqayisədə yardım göstərilənlərin sayı 225 nəfər çox olmuşdur. Profilaktiki peyvəndlər 98-99 % yerinə yetirilmişdir.

   Müvafiq dövr ərzində əhali arasında kütləvi qida zəhərlənməsi halları və xüsusi təhlükəli infeksiyalar qeydə alınmamış, onkoloji və qan xəstələrinin sayında artım olmamışdır.

   2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı tədbirlər planı hazırlanmış, turizm marşrutları müəyyən edilmiş, "Bu Vətən bizimdir" devizi altında yay düşərgəsi təşkil olunmuşdur. 27 sentyabr - turizm günü münasibəti ilə "Turizmin inkişafında tarix və mədəniyyət abidələrinin rolu" mövzusunda elmi praktik konfrans keçirilmiş, "2011-ci il Turizm ilidir" başlığı altında sərgi təşkil olunmuşdur.

 

   İdmançıların uğurları

 

   "Azərbaycan respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən inşa olunan "Gənclər evi"nin istifadəyə verilməsini rayonda İdman və gənclər siyasəti sahəsində görülən ən əhəmiyyətli işlərdən biri kimi qeyd etmək olar. Eyni zamanda, Qabaqçöl qəsəbəsində Respublika Güləş federasiyası tərəfindən əsaslı təmir olunaraq idmançıların istifadəsinə verilən güləş zalının rayonda idmanın inkişafına əhəmiyyətli töhfə olacağı şübhəsizdir.

   İdman sahəsində müxtəlif yarışlar keçirilmiş, respublika səviyyəli birinçiliklərdə idmançılar 19 dəfə I yeri, 9 dəfə II yeri, 14 dəfə III yeri tutmuşlar. 2011-ci ilin 9 ayı ərzində rayon idmançıları beynəlxalq yarışlarda ölkəni uğurla təmsil etmiş, 11 beynəlxalq səviyyəli yarışların iştirakçısı olmuş, 4 dəfə I yeri, 2 dəfə II yeri, 4 dəfə isə III yeri tutmuşlar.

 

   Cinayətkarlığa qarşı mübarizə güclənir

 

   2011-ci ilin 9 ayında rayon Polis Şöbəsi tərəfindən 71 cinayət hadisəsi qeydə alınmışdır. Cinayət hadisələrinin açılması 85,7 % təşkil etmişdir. Əvvəlki illə müqayisədə ümumi cinayətlərin sayı 2 fakt çox olmuşdur.

   Axtarışda olan 25 nəfərdən 13-nün tutulması təmin edilmiş, tutulma 52,1% təşkil etmişdir.

   Narkomaniyaya qarşı mübarizə sahəsində görülmüş tədbirlər nəticəsində narkotiklərlə bağlı 17 cinayət faktı aşkar edilmişdir. Aşkar edilmiş cinayət faktları üzrə 2 kiloqram 179 qram narkotik vasitə götürülərək dövriyyədən çıxarılmışdır.

 

   İşgüzar qəbullar,faydalı görüşlər

 

   Ötən 9 ay ərzində rayon icra hakimiyyəti başçısı aparatının fəaliyyətində əsas istiqamətlərdən biri də vətəndaşların qəbulu, ərizə və müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi məsələləri ilə bağlı olmuş, hər bir müraciətə həssaslıqla yanaşılması, operativ, ədalətli və qanunçuluğa müvafiq olaraq baxılıb həll olunması ön plana çəkilmişdir.

   2011-ci ilin 9 ayı ərzində RİHB aparatına 816 vətəndaş müraciəti daxil olmuş, icra hakimiyyətinin başçısı tərəfindən 606 nəfər vətəndaş qəbul edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daxil olan vətəndaş müraciətlərinin sayı artmışdır-303.

   Rayon icra hakimiyyəti tərəfindən rəhbər şəxslərə, dövlət qulluqçularına göstərilən tələbkarlıq yüksəlmişdir. Şikayətin yaranma səbəblərinin öyrənilməsi və aradan qaldırılmasına, vətəndaşların haqlı tələblərinin icrasına, müraciətlərə baxılmasında etik davranış qaydalarına ciddi əməl olunmasına, təkrar və kollektiv müraciətlərin operativ baxılıb araşdırılması məsələlərinə daha çox diqqət yetirilir.

   Vətəndaş müraciətlərinə baxılması işinin yaxşılaşdırılması üçün görülən tədbirlər nəticəsində icra hakimiyyətinə daxil olan müraciətlərin xarakterində müsbət dəyişikliklər baş vermiş, şikayətlərlə müqayisədə ərizələrin xüsusi çəkisi xeyli artmışdır. Belə ki, hesabat dövründə qeydə alınan 816 müraciətdən 691-ni ərizə, 96-nı şikayət, 26-nı təklif təşkil etmiş, bir sıra məktublarda isə rayonda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıq hissləri ifadə olunmuşdur.  

   Rayon icra hakimiyyətinin başçısı tərəfindən qəsəbə və kəndlərdə müntəzəm olaraq əhali ilə görüşlər, səyyar qəbullar keçirilmişdir. 9 ayda keçirilən 31 səyyar qəbul zamanı 229 nəfər vətəndaş tərəfindən 253 təklif irəli sürülmüşdür. Verilmiş təkliflərin 72,5 %-i icra olunmuş, digər təkliflərin icrası istiqamətində təşkilati tədbirlər həyata keçirilir.

 

 

   Məzahir Əhmədoğlu,

   Azərbaycan Respublikasının

   Prezidenti yanında kütləvi informasiya

   vasitələrinin inkişafına dövlət dəstəyi

   fondunun maliyyə yardımı ilə

 

   Ədalət.-2011.-4 noyabr.-S.7.