ƏSRİMİZİN
MUĞAM SULTANI
Xalq artisti Alim Qasımov haqlı
olaraq Azərbaycan muğamının ən müqtədir
ifaçılarından biri sayılır. Dünyanın
"La Mond", "Tayms", "Frankfurter Algemayne
Saytunq" kimi ən nüfuzlu qəzetləri onun Mərkəzi
Asiyada, ABŞ-da, Avropada, Yaponiyada dinləyiciləri valeh edən
ecazkar və ovsunlu səsi, orijinal ifa tərzi haqqında
çox yazıblar. Rusiyanın nüfuzlu musiqi tənqidçisi
Artemi Troitski özünün musiqi icmallarından birində
yazmışdır: "Alim Qasımovun heyranedici, coşqun səsi,
onun qeyri-adi zəngulələri unudulmaz hisslər oyadır...
Alim Qasımov muğam sənətini regional çərçivədən
çıxararaq beynəlmiləl səviyyəyə
qaldırmış, onu dünya mədəniyyətinin sərvətinə
çevirmişdir. O, muğamı dünyanın müasir, mənəvi
prosesinə qatmağa müvəffəq olmuşdur: xanəndənin
sənətinin mübariz qüvvəsi çıxış
etdiyi hər yerdə onu doğmalaşdırır".
Alim Qasımov həm də
YUNESKO-nun xüsusi musiqi mükafatına layiq
görülüb və onun adı Şostakoviç və
Penderetski, Bernstayn və Messian, Rixter və Makkeba, Menuxin və
Şankar kimi bənzərsiz ustadlarla bir siyahıya
düşmüşdür.
Eyni zamanda Azərbaycanın
dövlət başçısı tərəfindən
"Şöhrət" ordeni ilə təltif edilmiş
muğam ustadı Alim Qasımov yer üzünün minlərlə
muğam ifaçısı arasında yüksək beynəlxalq
mükafatlara da layiq görülübsə, bu yalnız Azərbaycan
muğamlarının uğurudur.
Alim Qasımovdan əvvəl də
muğam ifaçıları Avropada konsertlər verib. Onlar
dinlənilib, alqışlanıb, qrammofona
yazılıb...Lakin Alim Qasımov muğamı Avropaya əsrarəngiz
Şərq ekzotikası kimi təqdim edib. Bu ekzotik gözəlliyin
cilvələrini duyduqca, heyrətamiz səsin əlvan sehrinə
düşdükcə, qoca Şərqin nəfəsini,
havasını udurmuş kimi avropalılar sanki muğamatın
səcdəsinə düşüblər. Fransanın minlərlə
tamaşaçı tutan konsert salonlarında istedadlı Azərbaycan
xanəndəsi özünəməxsus, orijinal tərzdə
bir muğam aurası yarada bilib. Şərq klassiklərini -
Nizamini, Nəsimini, Füzulini, Xaqanini, Seyyid Əzimi, Vahidi tərcümansız-filansız
musiqinin dili ilə qərblilərə sevdirən xanəndəyə
bənzərsiz bir muğam ifaçısı kimi bağlanıblar.
Onu az qala Şərqin əbədi məhəbbət
dastanının qəhrəmanı olan Məcnun kimi sevirlər.
Gözəl sənətçimiz isə cünuni atəşlə
muğam və təsniflərimizi, xalq və bəstəçi
mahnılarımızı çox orijinal tərzdə
dünyaya yaymaqdadır.
Ən maraqlısı isə budur ki, vaxtı ilə müsəlman Şərqinin yeni musiqisinin banisi dahi Üzeyir bəy Hacıbəyli ölməz musiqi əsərləri ilə Avropanı Azərbaycana tanıtmışdı. Bundan 100 il sonra Alim Qasımov möhtəşəm və orijinal ifası ilə Azərbaycan muğamlarını Avropaya - Qərb dünyasına tanıtmaqdadır.
Əsrimizin
muğam sultanı hesab
edilən Alim Qasımov sanki
bu gün Şərqdən
Qərbə doğru qədim İpək yolunda ahəstə gedən karvanın
saribanı kimi muğam
kəhkəşanımızın zəngin incilərini dünyaya nümayiş
etdirməkdədir. Alimin
ifasını dərk etmək üçün
muğamatın alimi olmaq
gərəyi yoxdur. Alimin
muğamatını dərk etmək gərəyi var. Deyirlər ki, qəlbləri
riqqətə gətirən gözəl musiqinin
sərhədi, tərcümanı olmur. O qulağa deyil, məhz qəlbə,
ruh dünyasına süzülür.
Musiqi bilicilərinin dili ilə desək,
musiqi həqiqətdir, muğam isə onun istinadgahı, məbədidir.
Muğamlarımızın orijinal ifaçısı
haqqında Londonun "Tayms" qəzetinin yazdığı
kimi: "Qasımovun ecazkar səsi zildə səslənirdi.
Virtuoz ifa texnikası və gəzişmələr dinləyicini
valeh edirdi. Musiqi sədaları pərdə-pərdə
qalxıb-endikcə, xanəndə də dərin və təsirli
emosional rezonansı gücləndirərək dil sərhədlərini
aşırdı, halbuki, o, Azərbaycan dilində
oxuyurdu...".
Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli
orijinal ifası ilə qərblilərin xüsusi rəğbətini
qazanmış Alim Qasımov haqqında belə deyir:
"Görünür, xanəndənin nəinki virtuoz səsi,
onun ifa manerası, muğamlarımızı özünəməxsus
şəkildə təqdim etməsini Qərb aləmi daha
yaxşı dərk və qəbul edir".
Xoş təsadüflü bir tədbirdə
istedadlı xanəndəmizlə həmsöhbət olarkən
Azərbaycanın muğam arealındakı bugünkü vəziyyətlə
bağlı onunla fikir mübadiləsi apardıq. Peşə
vərdişimdən istifadə edib Alim Qasımovun söhbətini
diktafon lentinə aldım. Bu da bir tarixdir deyə, həmin söhbəti
muğamsevərlərin ixtiyarına veririk.
-
Alim müəllim, Azərbaycanın bir ustad sənətçisi
kimi sizinlə hər görüşə şadıq. Mən
demək olar ki, sizin Filarmoniyadan tutmuş Respublika Sarayınadək
keçirilən bütün konsertlərinizdə iştirak
etmişəm. İndi pərəstişkarlarınız
üçün çox maraqlıdır, paytaxtımızda
növbəti konsertiniz inşallah, nə vaxt olacaq?
- Hazırda səsimdə bir az
xoşagəlməzlik yaranıb, səhhətimlə
bağlı bir balaca müalicə alıram. Həm də bu zəmin
özü yetişməlidir. Bir az əziyyət çəkmək
lazımdır. Tarixini dəqiq deyə bilmərəm. Yəqin
ki, böyük Allahın köməyi ilə
tamaşaçılarımızı çox da intizarda
qoymarıq.
- Alim müəllim, son illər
keçirilən muğam müsabiqələrinə
münasibətiniz necədir? İzləyə bilirsinizmi?
- Dövlətimizin və onun zəngin
muğam irsinin himayədarı olan insanların, xüsusilə
Mehriban xanımın köməyi ilə muğam müsabiqələri
artıq bir ənənə şəklinə dönüb. Bu
çox yaxşıdır. Lakin tarixə nəzər yetirsək,
xalqın qəlbində yaşayan elə sənətkarlar var
ki, indiyə qədər onlar demək olar heç bir müsabiqədən
keçməyiblər. Çünki onlar xalqın süzgəcindən
keçiblər. Muğam müsabiqələrində
seçilən ifaçılardan da yenə elələri
qalacaq ki, müsabiqədən yox, xalqın süzgəcindən
keçsin.
- Məsələn,
sonuncu muğam müsabiqəsində I yer tutmuş Mirələm
Mirələmov sizin süzgəcinizdən keçə
bilibmi?
- Əstəğfürullah, mənim süzgəcim yoxdur. Onu tarix yetişdirir. Onu Azərbaycan xalqına Allah özü qismət edir. O haqda mən heç nə deyə bilmərəm. Öz yaşına, boyuna, səsinə görə Mirələmdə hər şey gözəldir. Amma tarixə yazılmaq, bizim böyük klassiklərlə gəlib bir cərgədə dayanmaq, o, Allahın qismətidir. Və bir də bu, onun istedadı və zəhmətkeşliyinin bəhrəsi olacaq. Dahi sənətkar kimi tarixə düşmək çox çətin və şərəflidir. Çünki xanəndə tanınandan sonra gərək tamaha-pula, eyş-işrətə "yox" deməyi bacarsın. Əgər sənətkar onun sənətini korlayan vərdişlərə aludə olmasa, mənə elə gəlir ki, onu ikitərəfli alqışlamaq lazımdır. Bu, gənclərin gələcəkdə əziyyətə qatlaşmalarından, özlərini daim cilalamalarından çox şey asılıdır. Onların zəmanələri biz düşən zəmanəyə düşmədi. Nə elə toyxana, nə də ki, elə dinləyici var. Çünki toy mağarı həmişə məktəb sayılıb. Restoranlarda isə tələbkar, dərin muğam biliciləri olsa da, xanəndəyə nə isə irad tutulmur. İndiki gənclərimizin əksəriyyəti tələbkarlıq yoxdur deyə, məsuliyyət hissini də azaldırlar.
- Ümumiyyətlə,
gənclərimizlə, xüsusilə xaricdə təhsil alan gənclərlə bağlı fikrinizi bilmək istərdik. Bildiyimizə
görə ABŞ-a sonuncu
qastrol səfərinizdə zal gənclərlə
dolub-daşırmış. Hətta bir zənci
Azərbaycan bayrağına bürünərək
"Yaşasın Azərbaycan, yaşasın muğam"
deyə qışqırırmış...
- Biz gənclərimizə çox
sərbəstlik verməliyik. Lakin onlar da öz məsuliyyətini
dərk eləməlidir. Məni xaricdə təhsil alan tələbələrin
aqibəti daha çox düşündürür. Doğrudur,
dövlətimiz onlar üçün çox gözəl
şərait yaradıb. Və onlar da xaricdə yüksək
ali təhsil alırlar. Lakin təhsili bitirdikdən sonra da bu məzunların
Vətənə qayıdıb işlə təmin
olunmalarına, xalqımıza xidmət etmələrinə
çox böyük önəm verilməlidir. Çünki
ölkəmizin inkişafı bu gənc mütəxəssislərin
təcrübəsindən qazana bilər. Hər dəfə
xarici qastrollarda orada təhsil alan azərbaycanlı gənclərlə
görüşəndə sevincim kükrəyib daşır.
Nə qədər də olsa, onlar mənim
soydaşlarımdır, mənim doğmalarımdır.
-
Alim müəllim, adətən sizin müşayiətçiləriniz
də istedadlı və virtuoz gənclərimiz, ustad sənətkarlarımız
olur. Elə sənətkarlar varmı ki, siz onların
müşayiəti ilə oxumaq istərdiniz? Məsələn,
Hacı Həmidoğlu bu günümüzün ustad
ifaçılarındandır. Siz onun müşayiəti ilə
konsert verərdinizmi?
- Hacının adı elə
dövrümüzə düşüb ki, hamı bir-birinə
"Hacı" deyir. Amma onun əsl adı elə
Hacıdır. Hacı Həmidoğlunun musiqi duyumu və
musiqi hissi doğrudan da çox tərifəlayiqdir. Hacı ilə
mən gənc vaxtlarımda toylarda çox olmuşam. Onun
gözəl məclis aparmağı və yüksək sənətçi
duyumu ona şərəf gətirib, nüfuz qazandırıb.
Qədim ustadlarımız ki, olub, Nadir Axundov, Şəmsi
İmanov, Əşrəf Əşrəfzadə onların
klarnetinin səsi, Azərbaycana məxsus çalarları
hal-hazırda Hacının ifasında daha çox duyulur. Mən
toyda xanəndə kimi də, qonaq kimi də Hacı ilə
çox olmuşam. O, xalqımıza məxsus olan qədim rəqsləri
elə gözəl ifa edir ki, doğrudan da adamın
sümükləri oynayır. Bir çox toylara da qonaq kimi gəlmişəm,
məmnuniyyətlə Hacının ifasında muğamlara,
oyun havalarına qulaq asıb feyziyab olmuşam. Toylarda, el şənliklərində
onu sürəklə alqışlamaq ondan iərli gəlir ki,
onun istedadından başqa eyni zamanda onda yaradıcılıq
və virtuoz improvizələr var.
Bəzən klarnetdə
musiqiləri bir-birinə "calaq"
edirlər. Ona da el dilində "komplektlər",
"popuri" deyirlər. Hacı da
bu "komplektləri"
çox gözəl ifa edir. Bu da mənim
çox zövqümcədir.
Həm də o, muğamlara çox həssaslıqla,
sənətkarlıqla yanaşır.
Fondda yetərincə şedevr diskləri var. Bundan sonrakı muğamsevər
nəsillər də Hacıya məmnuniyyətlə
qulaq asacaq.
Bir var nəfəslə,
bir var ürəklə,
bir də var ki, insan
ruhu ilə ifa edir. Hacıya yaraşan da odur ki, o, özündə
ifasının obrazını
yarada bilir. Yəni, bu sənətkar üçün böyük
bir şeydir. Məsələn, sənətkar rəqs
ifa edəndə elə bilir ki, oynayanların arasındadır. Çünki o obrazla çalınmasa, o hala düşməsə sənətkarın sənəti
heç vaxt yaşamaz. Düşünürəm
ki, mütləq bizim bir şedevr
konsertimiz nə vaxtsa ola
bilər. Sadəcə səslənmə tərəfindən gərgin
məşqlər olmalıdır.
İnşallah, hər işin
zamana ehtiyacı var.
- Alim müəllim, son dövrlər bu təltiflər yağışına
necə baxırsınız?
Sənətkar üçün
dövlət təltifi
əsasdır, yoxsa xalqın alqışları?
- Vallah təltifi də çoxaltdılar. Bəlkə
mən də kimlərinsə xoşuna gəlmirəm, ola
bilər. Amma elə sənətkarlar
təltif edilməlidir
ki, gələcək nəsillər də istəyələr ki, o sənətkarlara oxşasınlar.
Çünki bəzən gənclərimiz
çaşır ki, mən hansı tərəfə gedim.
Hər tərəf xalq artistidir, əməkdar artistdir. Bu gələcək
nəsli bir az çaşdıracaq.
Bilməyəcək "xalq artisti"ndən
öyrənsin, yoxsa xalqın sənətkarından.
Əvvəllər hamı istəyirdi
ki, xalq artisti olsun, lakin bu titul
ancaq əsl sənətkarlara verilirdi.
İndi bir az başqa
cürdür. İnşallah, yəqin ki, bu da süzülüb-süzülüb
hansısa bir süzgəcdən keçməli
olacaq. Yenə deyirəm bunda
da zamana ehtiyac var.
- Alim müəllim, maraqlı söhbət üçün
sizə təşəkkür
edir, cansağlığı
arzu edirik. Yəqin ki, pərəstişkarlarınızı
çox da intizarda qoymayacaqsınız.
Mirvari Rəhimzadə,
əməkdar jurnalist
Ədalət.-2011.-4
noyabr.-S.7.