MİRZƏ İBRAHİMOV XX ƏSRİN NADİR HADİSƏLƏRİNDƏN İDİ...

 

Mirzə İbrahimovun - Mirzə müəllimin Güney Azərbaycandakı Sərab mahalının Evə kəndində gündəlik ruzüsi daşdan çıxan, kasıbçılıqla yaşayan, lakin çətinliklərlə ötən hər gün üçün Uca Tanrıya şükranlıq edən ağzıdualı Əjdər kişinin ailəsində dünyaya göz açdığı o bəxtəvər gündən - 15 oktyabr (1911-ci il) günündən düz yüz il - bir əsr vaxt keçir. Bəxtəvər gün kəlmələri gəlişigözəl deyilmiş sözlər deyil. Axı, həqiqətən Vətənini, doğulduğu müqəddəs torpağı - Ata yurdunu, millətini, xalqını, onun dilini, tarixini, mədəniyyətini sevən, onu qoruyan, uğrunda ölməyə belə hazır olan, hər bir fəaliyyətində ona xidmət edə bilən və yalnız bunun üçün yaşayan şəxsiyyətlərin doğulduqları gün, mənsub olduqları el, binələşdiyi yurd bəxtəvər olur. Bəxtəvər bir elin, həm də taleyinə müsibətlər yazılmış bir elin bəxtəvər oğlu Mirzə İbrahimov XX əsrin nadir hadisəsi idi və bu ədəbi hadisənin baş verdiyi, Mirzə İbrahimovun doğulduğu o bəxtəvər gündən yüz il, ölümündən-mənən dirilməsindən isə 18 il keçir.

   O, Vətənimizin Cənub parçasında, Güney Azərbaycan xalqının qucağında dünyaya gəldi, lakin taleyinə böyük Vətənin hər iki tayında yaşamaq qisməti yazıldı... Və bu böyük ədib, vicdanlı ictimai xadim məhz böyük Vətənin Quzey parçasından bütöv xalqına, dünyada hər şeydən əziz, uca tutduğu varlığa səsləndi... "Böyük dayaq" kimi aktuallığını bu gün də qoruyub saxlayan əsərindən ikiyə bölünmüş, parçalanmış xalqı ayırmadan, ruhuna ayrılıq mehi əsdirmədən, üzərinə hicran kölgəsi salmadan müraciət etdi: "Ey mənim xalqım, ey mənim ümidim və pənahım! Ürəyimin istiliyi səndədir, fikrim işığını səndən alır. Həyatımın nəşə və sevincinə səbəb sənsən! Həyat yolunun sürüşkən döngələrində qolumdan tutan, məni yıxılmağa qoymayan, qolumdan tutub "Yaz!" deyən sən olmusan. Amansız qorxu başımın üstünü alaraq məni ağır fikirlərə saldığı zaman, xoş günün böyük dostları, zəif və qorxaq yoldaşlar məndən üz döndərdiyi zaman yeganə dayanacağım sən olmusan. O zaman ki, qaranlıq içərimə kölgə salmağa, tənhalıq duyğusu ürəyimi qurd kimi yeməyə başlayıb, onda sənin munis, mehriban, müqəddəs səsini eşitmişəm. Bu səs məni həyata bağlamış, yaşamağa, mübarizə etməyə, çirkabları aradan qaldırmağa ruhlandırmışdır. Qoluma qüvvət verən, iradəmi möhkəmlədən bu səs sənin səsindir, ey mənim hər şeydən əziz, hər şeydən gözəl, hər şeydən yüksək, hər şeydən nəcib və mərhəmətli xalqım!.." 

   Kim bilir, bəlkə Tanrı bu qismət payını yazdı ki, tarixən istilalara, talanlara, istismarlara uğradılmış istedadlı bir xalqın, heç olmasa, ədəbiyyatı, söz sənəti, möhtəşəm mədəniyyəti ikiyə bölünməsin... Əziz oxucum, inanın ki, bu, çılpaq bir həqiqətdir... Əgər Mirzə Əjdər oğlu İbrahimov keşməkeli hadisələrin burulğanı olan XX əsrin ilk illərində dünyaya gəlməsəydi, Güneydə yaranan möhtəşəm bir ədəbiyyatı bu gün bu dərəcədə yaxından tanımaq, izləmək, oxumaq imka-nına malik olmayacaqdıq!.. Əgər Mirzə Əjdər oğlu İbrahimov AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan Ədəbiyyatı tarixi şöbəsini yaratmasaydı, bu istiqamətdə mütəxəssis kadrların yetişməsi qayğısına qalmasaydı, Güney Azərbaycan ədəbiyyatı, klassik və çağdaş Güney yazarlarının yaradıcılığı indiki səviyyədə ardıcıl, hərtərəfli və sistemli şəkildə tədqiqata cəlb olunmayacaqdı... Ana dilimizin bugünkü şəffaflığı, saflığı indiki səviyyədə olmayacaqdı, milli ədəbiyyatımızın, publisistikamızın, o taylı-bu taylı Azərbaycan xalqının milli oyanış, intibah mərhələsinin bugünkü durumuna görə də bizlər ona, Ana dilimizin dövlət dili olması uğrunda apardığı ardıcıl mübarizəyə görə minnətdarıq...

 

   O, öncə özünü bir sənətkar kimi təsdiqlədi, sevilən yazar oldu...

 

   Mirzə İbrahimovu həyatın acı sürprizləri hələ uşaq yaşlarından haqlamışdı... İlk öncə bütün ölkəni bürüyən aclıq döyür kasıb daxmalarının qapısını... Heç 3 yaşı tamam olmamış anasının qəflətən ölümü (bəlkə də balalarının qırılmaması naminə payına düşən çörəyi, azuqəni də onlara yedirib özü ac qaldığından) atası ilə üç körpəsini ağlar qoyur. Az keçmir ki, zalım fələk kiçik Mirzənin bacısına - körpə qızcığaza da qıyır. Əjdər kişi təlaşa düşür, sağ qalmış iki oğlunu "Gələcək gün" romanında da epizodları təsvir olunan aclığın cəngindən xilas etmək məqsədilə özü ilə götürür və Vətənin şimalına üz tutur, Bakıya pənah gətirir. Əsrin əvvəllərində neft mədənlərində işləmək üçün İrandan, Cənubi Azərbaycandan Bakıya güclü axın var idi. Bu axına qoşulub 1918-ci ildə Bakıya gələn Əjdər kişi də Zabrat neft mədənlərində işləməyə başlayır. Lakin tale yenə də onların üzünə gülmür, məhrumiyyət ailənin yaxasını buraxmır. Bircə ildən sonra aclıq və səfalət atası ilə böyük qardaşını da əlindən alır. Deyilənlərə görə, Əjdər kişi iş başında, Zabrat neft mədənində buruqda neft fontanı zamanı həyatını itirir (A.Şaiqin "Məktub yetişmədi" hekayəsi yadıma düşdü) və onu Razin dağlarının ətəklərində dəfn edirlər. Yeddi yaşında ikən tamamilə kimsəsiz, yetim qalan Mirzə qəzavü-qədərlərin, ölümün, acımasız həyatın sərt üzü ilə göz-gözə, nəfəs-nəfəsə dayanır, amma yıxılmır, ayaqda qalmağı bacarır, çətinliklərə, ağrılara, təkliyə meydan oxuyur. Sonralar tərcümeyi-halında yazdığına görə, onların kasıb əkinçi ailəsində heç kimin savadı olmadığı halda, evin taxçasında köhnəldiyindən sarı cildi əyilib-əzilmiş "Qurani-Kərim"in bir nüsxəsi saxlanılırmış. Bunu onun babası Fətəli kişi cavanlıq çağında oxumaq-savadlanmaq arzusu ilə Təbrizdən əldə etmişdi. Ağır güzəran Fətəli kişinin ümidini qırıb, arzusunu ürəyində qoysa da, özü-özünün müəllimi olmuş, savadlanmışdı. Atası Fətəlidən ərəb qrafikasında yazıb-oxumağı öyrənən Əjdər kişi isə uşaqlıq çağında varlı bir adamın quzularını otararmış. O, Bakıya gələndən sonra da oxumaq istəyirmiş. Lakin nə Sərabda, nə də Bakıda bu istəyinə nail ola bilmir... Atasının yarımçıq qalmış arzusunu ailənin sağ qalmış yeganə oğlu Mirzə İbrahimov davam etdirir. Yeddi yaşından Balaxanı və Zabrat kəndlərində muzdurluq etməyə başlayır. Güclü iradə və dözümü, qüruru və ləyaqəti, ən əsası, zəhmətdən çəkinməməyi, əməksevərliyi sayəsində həyatda üzləşdiyi hər bir sıxıntıdan qurtulmağı bacarır, heç kimə əl açmır, gündəlik əməyilə ruzisini qazanır. Əzmkarlığının, güclü xarakterinin onu gələcək uğurlara aparan əzablı yolda yaşıl işığa çevrildiyini ədibin istedadlı bəstəkar qızı Sevda xanım da xatirələrində xüsusilə vurğulayıb: "Atamın sənətə gəlməsi onun böyük qüvvə və iradəyə malik olmasından, özünü sındırmamasından irəli gəlirdi." Bu güclü xarakter Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra onu fabrik-zavod məktəbində oxumağa yönləndirir və o, gündüzlər işləyib axşamlar oxumağa başlayır. 1930-cu ildə Sov.İKP sıralarına daxil olur. 1933-cü ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun iki illik hazırlıq şöbəsində də təhsil aldıqdan sonra, Azərbaycan KP-nin göstərişilə Naxçıvan MTS-in siyasi şöbəsinə göndərilir və "Sürət" qəzetinin redaktoru təyin edilir. Ədib məşhur "Həyat" pyesini məhz bu dövrdə, Naxçıvanda yazır və kolxozların təşkilatlanmasında, kolxoz təsərrüfatının möhkəmləndirilməsində mühüm rolu olan MTS-dəki qaynar həyatı qələmə alır. "Həyat" pyesi səhnələşdirilərək tamaşaya qoyulur (1938) və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. MTS-in siyasi şöbələri ləğv olunduqdan sonra isə o, 1937-ci ildə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almağa göndərilir.

   Bədii yaradıcılığa Zabratdakı neftçi fəhlələrin təşkil etdikləri ədəbiyyat dərnəyinin üzvü olarkən başlayır. Maraqlı faktdır ki, dövrünün ən böyük nasirlərindən biri, istedadlı yazıçı kimi tanınan və sevilən Mirzə İbrahimov ədəbiyyatda ilk addımlarını məhz şeirlə atır. "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunur. Daha sonralar dövri mətbuatda tez-tez şeirləri çıxır, "Şərq qadını" məcmuəsində isə ilk hekayəsi işıq üzü görür. "Zəhra" və "Mələk" adlı ilk hekayələrində qadın azadlığı, Azərbaycan qadınlarının hüquqsuzluğu, "Həyat üçün" ("Üfüqlər qızaranda") hekayəsində isə Bakı fəhlələrinin inqilabi mübarizəsini, neftçilərin qəhrəmanlığı məsələlərini romantik bədii lövhələrlə canlandırmaqla, həm də ədəbiyyata fəhlə obrazını - mövzusunu gətirirdi.

   Hərtərəfli yaradıcılıq qabiliyyətinə malik olan Mirzə İbrahimov ilk ədəbi-tənqidi, publisistik məqalələrini, hekayə və oçerklərini də məhz 30-cu illərdə yazır. Həyatı, yeni insanı, müasir cəmiyyətin əsaslarını erkən yaşlarından öyrənən, özünü, sosial vəziyyətini, qarşısına qoyduğu məqsəd və amalları dərindən dərk edən və bu amallara yetmək uğrunda yorulmaq bilmədən çalışan Mirzə İbrahimovun parlaq fitri istedadı tezliklə ədəbi ictimaiyyətin nəzər-diqqətini cəlb edir. Artıq oxucuların rəğbətini qazanan və ədəbi aləmdə yazıçı kimi qəbul edilən gənc Mirzə İbrahimov 1930-cu ildə Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin üzvü, iki il sonra isə Yazıçılar İttifaqı təşkilat komitəsinin məsul katibi seçilir...

   Naxçıvana göndərilməzdən əvvəl isə Sov.İKP-nin qurultaylarında bir qayda olaraq qəbul edilən beşillik planlara uyğun aparılan nəhəng tikintiləri və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya-Donbas daş kömür mədənlərinə, Dnepropetrovsk sənaye müəssisələrinə ezam olunur (1932). "Giqantlar ölkəsi" oçerklər kitabı bu səfər zamanı aldığı təəssüratlarının nəticəsində araya-ərsəyə gəlir...

    Mirzə İbrahimov qaynar həyatın tam mərkəzindəydi və o bu mərkəzdə yorulmaq bilmədən həyatı və insanları öyrənməkdə davam edirdi. Qələmə aldığı bir-birindən maraqlı əsərlərində öyrəndiklərinin, həyatda və əmək prosesində üzləşdiyi hadisə və olayların cilalı, cilvəli, təbii xalq dili ilə bədii mənzərəsini yaradır, oxucularını gerçəkliklərin bədii inikası, real insanın canlı mühakimələrilə heyrətləndirir, ədəbiyyatı yeni xarakter və obrazlarla zənginləşdirmək yolunu tutaraq sənət zirvələrinə doğru inadla irəliləyirdi. Lakin Mirzə İbrahimovun yazıçı, ədəbiyyatşünas-alim, həm də publisist kimi ömrünün sonunadək sadiq qaldığı bir mövzu vardı: Güney Azərbaycan və burada cərəyan edən ictimai-siyasi hadisələr, Güney Azərbaycan ədəbiyyatı, çağdaş ədəbi prosesin vəziyyəti... Güney Azərbaycandakı ictimai-siyasi və ədəbi prosesı müntəzəm surətdə izləyirdi və bu proseslərin əsas simalarından biri idi. Bu proseslərə vaxtında öz yazıçı, yaxud ədəbiyyatşünas-alim münasibətini bildirirdi. İlk dəfə olaraq "İran qızı" adlı hekayəsi ilə bədii yaradıcılığına Cənub mövzusu daxil olur (1930). Güney Azərbaycanda zəhmətkeş təbəqənin, kəndlilərin ağır vəziyyətini, yoxsulluq üzündən varlı bir ailəyə satılan və məhz bu səbəbdən sevgilisinə qovuşa bilməyən, sevmədiyi bir kişi ilə yaşamaqdansa, ölümü üstün sayan və intihar edən Ulduz adlı Azərbaycan qızının faciəsini real lövhələrlə canlandıran bu hekayəsi də güclü əks-səda doğurur. "Azad", "12 dekabr", "Tonqal başında", "İztirabın sonu", "Salam sənə, Rusiya" və "İki həyat" - altı hekayənin daxil olduğu "Cənub hekayələri" silsiləsi (1946-1950), İranda dalğalanan milli-azadlıq hərəkatının yetirdiyi inqilabçıların parlaq obrazlar qalereyası sayıla biləcək möhtəşəm "Gələcək gün" romanı (1948-50) "Xosrov və Ruzbah" povesti və "Azad qız" librettosu yazıçının ciddi və davamlı müşahidələrinin, Güney Azərbaycan xalqına odlu məhəbbətinin, uzun-uzadı yaradıcılıq axtarışlarının, tarixi fakt, hadisə və materiallara yaradıcı münasibətin-tarixi yanaşmanın uğurlu nəticələri idi.

   Mirzə İbrahimov nəsr və dramaturgiyasının özəlliyi, bədii təsir gücü insanın daxili dünyasının, psixologiyasının görünən və görünməyən cəhətlərini hərtərəfli, real və təbii, inandırıcı boyalarla ifadə etməsində, Vətənə, xalqa, ana dilinə olan böyük sevgisini milyonlarla oxucunun qəlbinə ötürə bilməsində, yüksək vətənpərvərlik, ideala sadiqlik, mərdlik, düzlük və əhdə sədaqət, əməksevərlik, əməlisalehlik və xeyirxahlıq, humanizm, milli mənəvi-əxlaqi dəyərlərə sahiblik duyğuları aşılamasındadır. Məhz bu cəhətlərinə görə, "Gələcək gün", "Pərvanə", "Böyük dayaq"romanları neçə-neçə nəslin tərbiyəsində, mübariz, vətənpərvər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik insan, əsl vətəndaş kimi formalaşmasında misilsiz rol oynayıb, insanları müsbət ideallar uğrunda fəal mübarizəyə səsləyib. "Gələcək gün" romanı onlarla xarici dilə tərcümə olunaraq çox böyük arealda yayılıb. Eləcə də sovet kəndinin, kolxoz həyatının tipik mənzərəsi, kənddə sosializmin ən etibarlı dayaqları olan sovet adamlarının tipik obrazları ilə "Böyük dayaq" romanı, "əsasında ictimai mübarizələrin şahrah yolunda müsbət qəhrəmanlar, hadisələrə tarixin həlledici mərhələsinə, mübarizələrə məna və sima verən, oxucunu, tamaşaçını müsbət ideallara, çətin və şərəfli döyüş yollarına çağıran adamlar duran" "Həyat", "Məhəbbət", "Kəndçi qızı", "Közərən ocaqlar", "Madrid", "Yaxçı adam", "Bəşəri komediya" kimi dram əsərləri ədəbiyyat tariximizin parlaq səhifələrinə çevrilib. "Onun fəlsəfi-psixoloji təfəkkürünün məhsulu olan əsərlərinin əsasında ədəbi dilin milli orijinal normaları durur. Mirzə İbrahimovun nəsr dili xalq dili üzərində işləməyin, onu cilalayaraq bədii ədəbiyyata gətirməyin nümunəsidir, nəsr əsərləri təbəssüm dolu təhkiyə və dialoqlarla oxucunu çəkib aparır. Yazıçı bədii dilə elə məsəllər, elə atalar sözləri gətirmişdir ki, onlara heç bir folklor qaynağında rast gəlmirik. Bunlar onun xalq dilini necə böyük məhəbbətlə öyrəndiyinə canlı sübutdur (Prof. Q.Kazımov)".

   Mirzə İbrahimovun Azərbaycan ədəbiyyatının dünyada tanınması, dünya dilləri sırasında Azərbaycan dili kimi bir dilin də varlığını təsbit etmək istiqamətində xidmətləri misilsizdir.

 

   Ana dilinin mübariz keşikçisi olan Mirzə İbrahimov gerçək bir dilçi alim təfəkkürü ilə düşünürdü...

 

   M.İbrahimov yazıçı və ədəbiyyatşünas idi, ancaq əsl dilçi alim kimi düşünür, ana dili haqqında bir sıra elmi səriştəli məqalələr yazır, Azərbaycan dilinin inkişafı və tətbiqi uğrunda müəyyən dərəcədə sələfləri M.F.Axundov, N.Nərimanov və Ü.Hacıbəyov kimi canını fəda edərək bütün gücüylə çalışırdı. "Dilimizin inkişaf yolları haqqında"(1943), "Dil və ədəbiyyat dərslərini nümunəvi təşkil edək"(1944), "Azərbaycan dili"(1945), "Azərbaycan dili dövlət idarələrində" və başqa məqalələr yazır, dil və ədəbiyyat məsələsini dövlət məsələsi, xalqın mənəviyyat məsələsi kimi şərh edirdi: "Dil və ədəbiyyat məsələsi xırda, yaxud xüsusi bir məsələ deyil; o böyük və ümumi bir dövlət məsələsidir, o, xalqın mənəviyyatı, varlığı məsələsidir." "Sözün yerini, qədir-qiymətini bilməyən adama heç kəs hörmət etməz". "Ədəbi əsərdə sözün əhəmiyyəti adi danışıqda olduğundan qat-qat artıqdır. Yazıçının silahı dildir. Məzmunu və ifadəsi gözəl olmayan əsərin müəllifi, deməli, bu silahdan istifadə edə bilməmişdir" mühüm ədəbi prinsiplər kimi onun estetik idealına daxil idi "Ana dili o dildir ki, bütün xalq o dildə danışır". "Dil tam mənasıyla canlı bir orqanizmdir. O da insan kimi doğur, törəyir, inkişaf edir" inancında idi Mirzə müəllim. Ana dilini xalqın dövləti, varı, qürur mənbəyi, yaşam qaynağı, ölkələr və xalqlar arasında var olmağın ən mühüm atributu sayırdı. Milli mübarizənin mayasında milli dilin durduğu həqiqətini içdən anlayırdı və özü də ana dilimizin bədxahlarına qarşı mübarizəsini bu əsasa söykənərək qətiyyətlə davam etdirir, yüksək vəzifə kürsülərində əyləşdiyi zamanlarda da dövlət dilinin rus dili olmasına baxmayaraq, yazışmalarını, işini yalnız Azərbaycan dilində aparırdı. "Onun ən parlaq fəaliyyəti 1950-ci illərdən sonraya təsadüf edir. Mirzə İbrahimov ana dilin qorunması istiqamətində bir sıra mühüm addımlar atmışdı. Dil haqqında qanunun qəbul olunmasında onun inkarolunmaz əməyi var. Nazirliklərin dil haqqında qanunun tələblərinə nə dərəcədə əməl etməsinə nəzarət etmək məqsədilə Mirzə İbrahimov komissiya yaratmışdı. Milli ideyanın inkişafı ilə bağlı onun əvəzolunmaz xidmətləri var. Məhz elə millətçiliyə görə onu vəzifədən uzaqlaşdırdılar. Sovet rejimi onu alman faşizmindən pis millətçi kimi qiymətləndirirdi (Prof. C.Həsənli)."

   Qeyd edək ki, "Gəlin gözəl danışaq" (1979) məqaləsində nitq mədəniyyəti məsələlərinə toxunan yazıçı Azərbaycan dilini fikrin və hissiyyatın ən incə çalarlarını ifadə etməyə qadir olan bir dil kimi səciyyələndirir, ədəbi dil təcrübəsindəki qüsurların aradan qaldırılması yollarını da göstərirdi: "Mənə elə gəlir ki, bunun üçün birinci növbədə mətbuatın (qəzetlərin və jurnalların), elmi və ədəbi əsərlərin, bir sözlə, yazılı ədəbiyyatın, radio və televiziya verilişlərinin dilinə diqqəti artırmaq lazımdır. Onların dili yaxşı olmalıdır, hətta mən deyərdim ki, gözəl olmalıdır (Prof. E.Əzizov)." Ədib ədəbi dilin ən çox tərcümə əsərlərində pozulduğunu qəbul edə bilmir, bu sahədə gördüyü qüsurları mütəxəssislərin nəzər-diqqətinə çatdırırdı. Həmin məqsədlə də V.Şekspirin "Kral Lir", "On ikinci gecə, yaxud hər nə istəsəniz", A.N.Ostrovskinin "Quduz pullar", "Müdrik olan hər kəsə kifayətdir sadəlik", A.P.Çexovun "Üç bacı", Molyerin "Don Juan" pyeslərini Azərbaycan dilinə tərcümə edərək nümunələr göstərirdi...

 

   Mirzə İbrahimov ideal ər, nümunəvi ata, gözəl insan idi...

 

   Mirzə müəllimin zillətlər içində keçən uzun illərdən sonra bəxti üzünə gülür... Tale onun həyat yoluna dəyəri sözlərlə ifadə olunmayacaq bir bəxşiş çıxarır. Azərbaycanın ilk qadın pianoçula-rından biri sayılan, klassik musiqini çox sevən, həsrətində, intizarında olduğu şəfqətin, munisliyin, dərdəyananlığın daşıyıcısı olan böyük insanı - Sara xanım Primovanı... Bu özəlliklərə, mükəmməl savada, ən elit ixtisasa malik olduğu halda, hamısından yetimçilikdə zillət çəkən bir əzabkeşə çəkdiklərini unutdurmaq naminə vaz keçən, bütün şüurlu həyatını sevdiyi insana və onun övladlarına həsr etmək fədakarlığını göstərən Sara xanımı...

   Dünyaya Mirzə müəllim və Sara Primova kimi xoşbəxt əsasın üzərində göz açıb övladları Aydın, Sevda və Solmaz... Bu xoşbəxt əsas üzərində doğulan Sevda-anasının klassik musiqiyə məhəbbətini hələ bətnindəykən canına hopduran bəstəkar qızı dəyərli xatirələrində atalara örnək atasının var olduğu bəxtəvər günlərə dönür: "Biz söz və musiqi sədaları altında böyümüşük. Bu, mənim üçün böyük xoşbəxtlik idi. Çünki musiqi və söz, zənnimcə, insanın yüksək ruhda olması üçün ən gözəl vasitədir. Evimizdə babam tarzən Qurban Pirimovun tar çalması, atamın isə tez-tez Füzulinin, Nəsiminin gözəl poeziya nümunələrini söyləməsi bizi oxumağa və çalmağa çox həvəsləndirərdi. Onu da deyim ki,babam Qurban Pirimovla Üzeyir Hacıbəyovun sıx dostluq münasibətləri vardı. 1908-ci ildə "Leyli və Məcnun" operasının premyerasında bütün tarzənlər getsə də, yalnız Qurban Pirimov qalır və çalır.

  

(Ardı var)

 

Esmira Fuad (Şükürova),

Filologiya üzrə fəlsəfə doktoru,

Mirzə İbrahimov adına Kitab

Fondunun sədri

 

Ədalət.-2011.-4 noyabr.-S.6.