ALLAHI QATİL EDƏNLƏR

 

  Roman

 

  (Əvvəli qəzetimizin 29 oktyabr sayında)

  

   - Dostum, o qədər haqsızlıq görürsən ki, bu araq olmasa çoxdan mən də o uşaq kimi özümü atmışdım. Bilirsən, mənim də oğlum var, o da cəbhə bölgəsində əsgərdi. Ölən uşaqlardan biri də o ola bilərdi. Məndən ötdü, qardaşıma dəydi. Hamımız elə bilirik, bizim övladımızdan ötsün kimə dəyir-dəysin. Xeyr, elə deyil, sonda özünə qayıdır. Buyur, Komandirin özünə dəydi. Kim zəmanət verə bilər ki, sabah o güllənin biri sənə, mənə dəyməyəcək? Axı buna biz hamımız günahkarıq. O cavanların qanını batıran müstəntiqlər də, prokurorlar da, nə bilim, daha hansı şərəfsizlər. Elə bilirlər elə belə gedəcək, onlara heç nə olmayacaq?!

   Qərargah Rəisinin gözləri dolmuşdu, hiss olunurdu ki, ürəyi doludu və çoxdandı ürəyini boşaltmağa adam tapmır, ona görə də Kriminalist mane olmaq istəmədi, dedi, qoy ürəyini boşaldıb sakitləşsin.

   - Bu necə ola bilər, iki ay bundan əvvəl bura sağ-sağlam gələn uşaq dəli olur, özünü asır, ya yoldaşların güllələyir?! Əgər bu dəli idisə niyə əsgərliyə yararlı sayıblar. Yox, burda dəli olubsa, niyə dəli olub? Onları kim dəli eləyib, adam durduğu yerdə dəli ola bilməz ki!

   Kriminalist

   - Yaxşı, bütün bunları bildiyiniz halda siz niyə susurduz?

   - Mən susmuşam?! Bəs bayaq sən deyildin soruşan niyə Komandirlə yola getmirdin? O şərəfsiz Batalyon Komandirini kefimdən döymüşdüm? Dəfələrlə yuxarı yazmışam, həmişə də altın çəkmişəm. Mənim taylarım korpus komandiridi. O gördüyün general mənim zabitim olub. Mən isə hansısa bir hərbi hissədə heç bir səlahiyyəti olmayan qərargah rəisi, belə danışdıqlarıma görə. Günlərimi sayıram ki, nə vaxt təqaüdə çıxacam.

   - Dedin Batalyon Komandirini döymüşdün. Sirr deyilsə nə məsələydi?

   - Belə şeylərin üstə. O batalyon komandirliyindən daha çox komandirin qanunsuz tapşırıqları ilə məşğul idi. Elə bil bu millətin oğlu deyildi. Əsgərlərə əsgər kimi deyil, pul kimi baxırdı. Bir cəza dəstəsi vardı, xoşu gəlməyən, Akademik kimi oğlanları cəzalandırırdı, sındırırdı. İntiharlar onun günahından idi, badına da getdi, Akademik onu bağışlamadı. Bilirsən, dostum, əgər bu cinayəti açmaq istəyirsənsə, onda gərək bütün düyünləri açasan. Sən Akademikin Batalyon Komandirini, əsgərləri öldürdüyü həmin cinayət hadisəsini araşdıran o müstəntiqi tap. Bayaq dedim, orqandan xaric ediblər. Çox savadlı, həm də çox cəsarətli müstəntiq idi. Polkovnik bir-iki dəfə xəlvətə çəkdirib döydürmək istəmişdi, mən qorudum, yoxsa Allah bilir nə olardı. İndi səninlə elədiyim söhbətləri onunla da çox eləmişdim. Düyünləri təmiz açıb hər şeyi ortalığa qoymuşdu ki, cinayət işini ondan alıb başqasına verdilər, özünü də Hələ də onun əvəzinə mən yanıb tökülürəm. Heyf elə müstəntiqdən. Yeni gələn müstəntiq də cinayətlərin üstünü ütülədi, Akademikə də ruhi xəstə diaqnozu qoyub işi atdı arxivə.

  

 

  ***

 

   Atı bağladığı səmtə gedirdi. Gələndə ona quş kimi yüngül görünən tüfəng indi elə bil bir pud daş idi və çiynindən sallanmışdı. Və bu ağırlığın altında əzilirdi. Bir az əvvəl indi bir pud daşa dönmüş bu tüfənglə insan öldürmüşdü. Tanrıya yalvarır, onu bağışlamasını xahiş edir, dua oxuyurdu. Bu tüfənglə kəndi qorumuşdular, neçə düşmən vurmuşdular, indi o həmin tüfənglə özününkünü öldürmüşdü, düşmənə atılası gülləni özününkünə atmışdı, əllərini qana batırmışdı, Tanrının yaratdığı, ömür verdiyi insanı öldürməkdən dəhşətli bir günah yox idi və indi o bu dəhşətli günahı işləmişdi. Tanrıdan onu bağışlamasını xahiş edirdi, amma Tanrı onu bağışlayacaqdı-bağışlamayacaqdı, bunu o dünyada biləcəkdi. O dünyaya çox uzun bir yolu qalmasa da, ölənədək bu günahı daşımaq da çətin idi.

   Bu ağırlığın altda gəlib çatdı atı bağladığı yerə, atın sinəsini bir-iki dəfə sığallayıb qalxdı belinə.

 

   ***

 

   Dayanmışdı qəbrin önündə, sonra diz çökdü və məzarın hələ qurumamış torpağını oxşamağa başladı. Xeyli beləcə oxşayandan sonra qəbri bağrına basıb üzünü qoydu sinəsinə, meşədə çəkdiyi ağrı-acı hamısı getdi. Bədəninə xoş bir duyğu yayıldı. Və bu duyğudan qəribə bir ləzzət aldı və bu ləzzətlə də dedi: "Oxxaay!"

   Və nəhayət, bu ləzzətdən doyandan sonra qalxdı ayağa, məzarı bir də əzizlədi və yendi qəbristanlığın yanından axan çaya, əllərini yudu, üzünü yudu. Sonra gəldiyi yolla da qayıdıb qəbristanlıqdan çıxdı. Çıxanda çevrilib geri boylandı və ona elə gəldi ki, bu toran qovuşan vaxtda başdaşı işıq saçır...

 

   ***

 

   Müstəntiq oturmuşdu və başını da almışdı əllərinin içinə. Qarşısında iki yol vardı, lap nağıllarda olduğu kimi: biri it hürən tərəfə, biri də işıq gələn tərəfə. Bütün nağıllarda məsləhət görülürdü ki, heç vaxt işıq gələn tərəfə getməyin, it hürən tərəfə gedin. Həmişə fikirləşirdi ki, niyə babalar bircə dəfə də olsun işıq gələn tərəfə deyil, həmişə it hürən tərəfə gediblər? Niyə özlərində bir kişilik, bir cəsarət tapıb gedib o işığı divin əlindən almayıblar. İndi o, divlərdən qorxan qorxaq babalar kimi it hürən tərəfə getmək fikrində deyildi, işıq gələn tərəfə gedəcəkdi. Ordakı divlər onu parçalasalar da gedəcəkdi, ya divlərə verən Allah, ya ona, gedəcəkdi və işıq gələn tərəfə gedən ilk nağıl qəhrəmanı olacaqdı.

   İş ona tapşırılanda da yuxarıdan demişdilər ki, yubatma, burda elə bir şey yoxdur, açıq işdi. Əslində də elə bir ağır iş deyildi: Postdan qayıdan bir əsgər üç yoldaşını və bir zabiti güllələmiş və sonra da özünü öldürmüşdü. Ona qalırdı şahid ifadələrini almaq və cinayət törədən intihar etdiyinə görə işə xitam vermək və geri - şəhərə qayıtmaq. Bu boyda cinayət baş verib, beş ailənin işığı sönüb, orduya bu boyda bir ləkə düşüb - amma cəzalandırılacaq kimsə yoxdu.

   Axı bu necə ola bilər ki, bu boyda cinayətin qarşılığında kim isə cəzalandırılmasın, kim isə məsuliyyətə cəlb edilməsin?! Özü də bu son yeddi-səkkiz ayda eyni hərbi hissədə ölümlə nəticələnən üçüncü ağır hadisə idi.

   Özünü asan əsgərə ruhi xəstə diaqnozu qoyulub, bununla da məsələ bitib. Və heç kəs işıq gələn tərəfə gedib aydınlaşdırmaq istəməyib ki, iki ay əvvəl tibbi müayinədən keçib orduya sap-sağlam gələn bu uşaq niyə birdən-birə dəli olub? Çox axmaq bir səbəb göstərilib - sevdiyi qız başqasına nişanlanıb və bu cavan da bundan sarsılıb və özünü asıb. Bu yaşda gənclərdə belə hallara rast gəlindiyindən, bu dəlil inandırıcı görünüb.

   Silahla ehtiyatsız davrandığına görə həlak olan əsgərin də ölümü müəmmalı idi. Belə bir söhbət dolaşırdı ki, həmin əsgər tez-tez döyülürmüş,təhqir olunurmuş. Sonda da bu təhqirlərə dözməyərək intihar edib.

   Burda ən maraqlı və ciddi bir məsələ də hadisə baş verəndən sonra Qərargah Rəisinin Batalyon Komandirini hamının gözü qabağında möhkəm döyməsi və döyülən zabitin xəstəxanaya düşməsi idi. Həmin hadisə ört-basdır edilmişdi.

   Qərargah Rəisi əsgərin ölümündə Batalyon Komandirini təqsirli sayırmış və tələb edirmiş ki, onun haqqında cinayət işi qaldırılsın.

   Və ən qəribəsi bu idi ki, Qərargah Rəisi ilə hərbi hissə komandirinin münasibətləri kəskin olsa da, Polkovnik dava məsələsinin böyüməsinə imkan verməmiş, heç sənədləşdirməyə də qoymamışdı.

   Təbii ki, Akademikin öldürdüklərinin içində döyülən Batalyon Komandirini çıxmaq şərti ilə hərbi hissədə əvvəllər baş vermiş hadisələrin onun apardığı işə heç bir dəxli yox idi. Onun payına daha ağır bir cinayət hadisəsini araşdırmaq düşmüşdü. Amma açıq-aydın hiss edirdi və başa düşürdü ki, onu bura cinayət işini araşdırmağa yox, yola verməyə göndəriblər.

   O isə bir müstəntiq kimi görürdü ki, Akademikin öz yoldaşlarını güllələməsi heç də təsadüfi deyil, hərbi hissədə əvvəllər baş vermiş ölüm hallarının məntiqi nəticəsidi. Bu cinayət işinin açılması əvvəlki hadisələrin araşdırılmasından sonra mümkündü.

   Bu isə babaların həmişə üz tutduğu yoldan imtina edib it hürən tərəfə deyil, işıq gələn tərəfə getmək demək idi. Və indiyədək babalardan heç biri işıq gələn tərəfə üz tutmadığından hələ də orda nə olduğu nəvələr üçün sirr idi. İndi onun nəinki nəvələr, elə babaların özləri üçün olan bu sirri açmaq və işıq gələn tərəfdə nə olduğunu görmək və bilmək şansı vardı.

   O uşaq deyildi və bu yolda onu nələr gözlədiyini, qarşısına kimlərin çıxa biləcəyini və qarşısına çıxacaq olanların heç də nağıllardakı divlərdən zəif olmadıqlarını da yaxşı başa düşürdü. Onu da başa düşürdü ki, iş ona verilənədək yuxarılar məsələni artıq həll edib. Elə həmin gün cəsədlər ekspertizadan keçirilmiş, rəylər alınmış, ölənlər hərbin tələblərinə uyğun dəmir tabutla ailələrinə göndərilmiş və hərbçilər tərəfindən də dəfn edilmişdi. Ona işin yalnız formal tərəfləri qalmışdı. Amma ortada beş nəfərin kimlərinsə günahı, daha dəqiq desək, cinayətləri hesabına nöqtə qoyulmuş taleyi vardı. Bunun üstündən necə sükutla keçmək, bir əsgərin ruhu sarsıntısına bağlamaq və sonra vicdan əzabı çəkmədən yaşamaq, övladlarıyın boyunu sevmək, xanımıyın yanında özünü kişi saymaq və ya bir qoyun oğrusunu beş il həbsə göndərmək olardı?!

   Başı əllərinin arasında, qarşısında da iki yol: biri it hürən tərəfə, biri də işıq gələn.

   Nəhayət, qərarını verdi, qovluğu bağlayıb qoydu seyfə, otaqdan çıxdı və düşdü həyətə.

   Axşam yeməyinin vaxtı idi, əsgərlər mahnı oxuya-oxuya düzənlə yeməkxanaya gedirdilər. Yanından keçərkən tağım onu salamladı, o da farağat vəziyyəti alıb nümayiş qəbul edirmiş kimi tağımı salamladı.

   Əsgər çəkmələrinin eyni anda yerə dəyməsindən xoşu gəlirdi, sanki yer silkələnirdi və o bu yer silkələnməsini hiss edirdi və bundan bir ləzzət alırdı.

   Və indi ayağının altındakı yerin silkələndiyini hiss etdikcə bayaqkı gərginliyi və yorğunluğu bədənindən çıxmağa başladı və bir xeyli yüngülləşdi. O da acmışdı, əsgərlərin arxasınca getdi yeməkxanaya. Amma zabitlər üçün ayrılmış bölməyə girmədi, keçdi əsgərlərin yanına.  

   İçəri zabitin girdiyini görən əsgərlər ayağa qalxmaq istəsələr də, əli ilə işarə elədi ki, yemək zamanı qalxmağa ehtiyac yoxdu.

   Çavuşdan soruşdu:

   - O əsgər hansı stolda otururdu?

   Çavuş söhbətin kimdən getdiyini bildiyindən suala-sualla cavab vermədi, əli ilə həmin stolu göstərdi.

   Stola yaxınlaşdı:

   - Nuş olsun!

   - Sağ olun!- deyə əsgərlər xorla cavab verdilər və onlardan biri qalxıb yerini Müstəntiqə vermək istəsə də, əlini onun çiyninə qoydu ki, otur.

   Stullardan biri boş idi, o dəqiqə başa düşdü ki, bu Akademikin stuludu, yoldaşları hörmət əlaməti olaraq hələ ki, stulu boş saxlayırlar, keçib həmin stulda oturdu.

   Bu vaxt əsgərlərdən biri:

   - Yoldaş mayor, o stulda...

   - Bilirəm, narahat olmayın. Mənə də yemək çəkin. - dedi və Akademikin boşqabını qazanın yanında oturmuş əsgərə uzatdı.

   Stoldakılar tərəddüdlə bir-birlərinə baxdılar:

   - Yoldaş mayor, bəlkə ayrı boşqabda...

   - Yox, elə bu boşqabda.

   Ona da yemək çəkdilər, şorbaydı, bir-iki qaşıq ağzına qoyandan sonra soruşdu:

   - Hə, əsgərlik necə gedir?

   - Vətənə qulluq edirik.

   - Çətin deyil ki?

   - Əlbəttə çətindi. Amma bizi bura sanatoriyaya göndərməyiblər ki!

 

   (Ardı növbəti şənbə sayımızda)

 

 

   AQİL ABBAS

 

   Ədalət.-2011.-5 noyabr.-S.5.