YENİ
LAYİHƏMİZ: ÖMRÜMDƏKİ İNSANLAR
ANAR-3
8-kilometr, Montin qəsəbəsindəki Tərcümə Mərkəzi və 525-ci qəzet aralarındakı "yetmiş il yubileyi" beləcə başa çatdı. "Böyük bir təntənə ilə" (Tofiq Abdin, daha o təntənələr yoxdu, məyər bu ölkədə yaşamırsan) qeyd olunan bu yetmiş yaş bəzi şeyləri anlatsa da,artıq yaşamağa davam edirəm.70 yaş az yaş deyil.Şükürlür olsun Allahıma, bu yetmiş ilin 69-nu sağlam və ağrısız başa vurduq və indi "incə bir yolun" başlanğıcından həyata davam edirəm.Bu yetmiş ilin ATA-ANA bölümünü hamı kimi yaşamışam. Bakı dünyamda bir çox hadisələr baş vermiş və mənim bu yetmiş yaşa çatmağımda,bu gün bu yazını yazmağımda çox böyük yardımçı insanlar olub. Geriyə bir nəzər salıb həmin insanları bir daha xatırlamaq mənim üçün kədərli və çətin olsa da,deyim ki, həm də maraqlıdı.Bu insanların,bəzilərini itirsəm də, şairlər demişkən onları yenə də canlı görürəm, bəziləri hələ də həyata davam edir və Allah onlara uzun ömür versin.Bu yaradıcı və sıradan insanlar haqqında düşünəndə çox zaman ən xoş məqamlar və anlar canımı isidir və həyata daha çox bağlanmalı oluram.Onların bəziləri haqqında əvvəllər də yazmışam və həmin yazılar da indi ayrı bir dad verir,bəziləri isə bu proyekti düşünəndə yaddaşımın alt qatından bir novruzgülü kimi boy verir.
Bu insanlar kimlərdir?
Başlayıram ANARdan!!!!!!!!!!!!
MÜXTƏLİF
ZAMANLARDA YAZDIĞIM YAZILARDA ANAR
Heç nəyi şişirtmirəm...Masamın
üstündə "525-ci qəzet"in ilk
sayısının çıxmasına aid bir qəzet var.
Birinci səhifəsində bir şəkil...Redaksiyanın həmən
gün orda olan, bəlkə də elə bütün əməkdaşlarının
şəkli bir yerdə olan bir foto...Fotodan gənclər
baxırlar...Hərəsi bir qələm sahibi...Gözəl
bir foto...
O zaman biz belə bir foto da çəkdirə
bilmədik... Biz neçə nəfər idik ki... Belə bir
foto çəkdirməyi də düşünək: vur-tut,
lap əvvəllər başlayanda dörd nəfər: Anar
müəllim (baş redaktor), Vidadi Paşayev (məsul katib),
Yusif Əliyəv (rəssamlıq, memarlıq, nəzəriyyə
şöbəsi müdiri) və mən... (Teatr, kino, musiqi
şöbə müdiri)
Beləydi, vallah...
Belə bir "dəstəylə"
başladıq işə...
Başladıq 1968-ci ilin son
aylarında...
İlk nömrəmiz
çıxdı 1969-cu ilin ortalarında...
USTAD
RƏSUL RZANIN BAĞINDA TƏQDİMAT MƏRASİMİ
İlk nömrəmiz
çıxdı və... Böyük şairimiz Rəsul Rza
ilk nömrəmizin çıxması münasibətiylə
bizə bir qonaqlıq verdi... Ozaman mən bir az
tanımırdım oraları. Deyəsən
Şüvalandakı bağında... Mərdəkanı
keçdik gedəndə...
Vidadi Paşayev, Yusif Əliyev, bizə
təzə işə gələn fotoqrafçı Tofiq Xanməmdov
və mən...Kimi unutdum, Allahım! Azər Abdulla vardı deyəsən!
Və təbii ki... Anar müəllim...Və
bu qonaqlıqda Rəsul Rza Ustadın bağ qonşusu
böyük və unudulmaz yazarımız Ənvər Məmədxanlı...
Rəsul Ustad o zaman xəstə
idi...Rəsul Ustadın "döyüldüyü"
günlər idi o günlər və mənə elə gəlirdi
ki, bu qonaqlıq da bir bəhanə idi...Rəsul Ustad heç
şübhəsiz bütün ağrılarını unutmaq
üçün oğlunun və bizim zəhmətimizlə
başa gələn yeni bir toplunun işıq üzü
görməsiylə bir təsəlli yaşayırdı...
Hər birimizi
ayrı-ayrılıqda bir çox yerlərdə görsə
də ( MƏN O ZAMAN ENSİKLOPEDİYADAN GƏLDİM
"QOBUSTAN"A VƏ RƏSUL USTAD MƏNİ ORADAN
UZAQDAN-UZAĞA TANIYIRDI,ÇÜNKİ MƏN O ZAMAN
ENSİKLOPEDİYADA MİNİNCİ DƏRƏCƏLİ
BİR İŞÇİ OLSAM DA, ARAMIZDA HEÇ VAXT
UNUDULMAYAN İKİ EPİZOD OLMUŞDU.ORA GİRMƏYİM
DƏ BİR TARİXDİR RƏSUL USTADLA MƏNİM ARAMDA...BUNU
BİR ÇOX DOSTLAR BİLİR) daha yaxından tanış
olmaq istəyirdi ki, görüm mənim oğlum kimlərlə
çalışır və kimdi bular...
Rəsul Rza son dərəcə incə
bir adam idi və otuz yeddinci ilin dəhşətlərini
görmüş bir ziyalı idi və oğlunun da elə belə,
yoldan keçən kimsələrlə işləyəcəyini
istəməzdi məncə.Dediyim kimi bizi uzaqdan tanısa da,
daha yaxından kim olduğumuzu görmək də istəmiş
bəlkə də...
Haqqı da vardı...
ETİRAF
Sonralar, lap sonralar Anar müəllim
etiraf edəcək: "Mənim çox az etibarlı dostum
oldu...Mən həmişə yaxınlarımdan zərbə
gördüm"- deyəcək mənim İstanbulda kirayəçi
yaşadığım qürbətdəki evdə...
Deyəcək bunları...
Həyat yoldaşı Zemfira
xanım da eşidəcək bu etirafı...
Mənim həyat yoldaşım
Gülnaz xanım da...
İndi düşünmək bir
az asan gələr. Rəsul Ustadın o zamankı həyəcanını
yalnız indi başa düşmək daha asandı, ona görə
ki,Anar Azərbaycan mətbuat tarixində yeni bir səhifə
açırdı və mətbuat tarixində bu vaxta qədər
görünməmiş bir işin altına girmişdi ki,rəngli
şəkillər də daxil (buna ruscada vısokiy peçat
deyilir) rəngli səhifələr və QURAMA deyilən bir
bölüm var idi ki, bunlar həqiqətən mətbuat və
çap tariximizdə əvəzsiz şeylər idi. Və ən
vacibi belə bir toplunun çap olunma icazəsini almaq və
onu Azərbaycan xalqının malı etmək həqiqətən
Rəsul Ustad kimi bir ziyalının işi di ki,Van Qoqun
"Günəbaxanları" rəsminin adı olan bir
şeirinə görə onu topa tuturdular və ya
"Barmaqların dil açır, qızım"
misrasına görə gecəsini, gündüzünü
haram eləyirdilər. Və açıq deyirəm, yalnız
belə düşüncənin sahibi bilərdi ki, bu toplu nə
qədər lazımdı bizim millətə...
Bu gün Azərbaycan mətbuat
tarixində bu jurnalın yeri varsa və bu gün hər
hansı bir şəxsi mətbuat bu toplunu xatırlayıb
haqqında bir yazı yazılmasını istəyirsə, demək
o jurnal bir iş görmüşdür (amma, mən hələ
də o fikirədəyəm ki,o jurnal heç zaman həqiqi
haqqını almadı və onu çıxaranlar da eləcə.Bunu
başa düşmək üçün Azərbaycan
jurnalistika tarixinin dünəninə göz atmaq kifayətdi.)
Və bir də
düşünürəm ki, Anar müəllimdən
başqa kim olursa olsun, o toplusu beləcə əhatəli,beləcə
dünya sənətini özündə ehtiva edən bir
toplunu çıxarmağa gücü çatmazdı.
Anar müəllim çox zəngin
( düşüncə və tərbiyə anlamında) bir
milli Azərbaycan ailəsində böyümüş ki,bunu
biz hamımız bilirik.
Sovet sənətinin
çikini-bikini bilən elə bir ailədə
böyümüşdü ki,mən deyək ki,Səməd
Vurğunun şəklini kitablarda görəndə, o Səməd
Vurğunla görüşmək imkanına malik olmuşdu və
Sovet elitasının bir çox adamları ilə qabaq-qənşər
olmuşdu.( Bu fikirdə Vaqif Səmədoğlunun haqqı və
təsiri var).
QOBUSTANLI
günlər
Anar müəllim elə bir ailədə
böyümüşdü ki, atası Rəsul Ustad cəmiyyətdən
çox irəli getmiş bir adam idi və Van Qoq, Qoqen,
Matis,Çarli Çaplin,Meri Pikford,Stakovski nə bilim daha kimlər
haqqında ya atasından eşitdiklərindən ya da evlərindəki
kitablardan dərs almışdı ki, dünya incəsənətini
elə atası kimi, daha sonralar isə atasından daha
yaxşı bilirdi və bildiyini verməyi
qısqanmırdı.
Bütün bunlar çox
böyük şərtlərdi. Bunları deməməyə
haqqım yox. Bu şeyləri bilən Rəsul Ustadın və
onun oğlu Anarın başı da ağrımaya biməzdi,çünki
hər kəs özündən yaxşı şeyləri bilən
adamı düşmən bilir və ondan öyrənməklə
yox, onu burunlamaqla irəli çıxmaq istəyirdi ki, bunun
tam əksinə, Anar müəllim o toplunun o zamankı sahibi və
Baş Redaktoru olaraq bütün bildiyini bizə verirdi və
"xalqa verin"- deyirdi...
Mənim bildiyim qədəri Anar
çox sıxıntı çəkən (maddi baxımdan)
bir ailədə böyüməyib.Ən azından heç
olmasa yeməyə çörəyi olub,geyməyə
paltarı.Bu jurnal yarananda da səhv etmirəmsə, Anar müəllimin
çox gözəl bir işi vardı.O zaman Anar müəllim
Azərbaycan radiosunda işləyirdi və o günlər
üçün bir çox maraqlı verilişlərə
imza atırdı ki,onlardan bir çoxu bəlkə indi də
yaşamaqdadı.Ən azından adları yaşayır məncə.
Buna görə də Anar müəllimin iş
sıxıntısı da yox idi. Amma Rəsul Ustad bir ziyalı
kimi tarixdə qalmağın ən gözəl nə
olduğunu bilirdi və Anar bütün
yazıçılığı və bütün əhatəli
sənəti xaricində daha bir şeyə imza
atırdı.Yeni bir jurnal yaranırdı və bu jurnal Azərbaycan
mətbuatı tarixində yeni bir şey olmalıydı.
Oldumu, olmadımı.Bu sual açıqdı hər
zaman...
Təkrar edirəm: mənim şəxsən
bu jurnalın yaranma prosesindən heç bir xəbərim
yoxdur və mən bu jurnala gəlməzdən qabaq Rəsul
Ustadın başı bəlalar çəkdiyi və
ömründən ömür kəsdiyi Ensiklopediyada
kiçik bir vəzifədə çalışırdım
(Anar müəllim bizi bağa dəvət edib Rəsul Ustadla
tanış eləyəndə Rəsul Ustad gözlərinə
inanmadı, çünki o zamana qədər onunla mənim
aramda elə qəribə şey olmuşdu ki, bunu anlatmaq bizim
yazımızın xaricində olduğu üçün,
burada anlatmıram və sanki bir az gülümsənərək,
aman Allah, bu cüvəllağı hardan gəlib
çıxdı bura deyirdi) və Anar müəlim o zaman
radiyoda idi və mən də rəhmətlik,yazı-pozu
işində son dərəcə sofu və ifrat dəqiq olan
Vidadi Paşayevlə birlikdə bir veriliş
hazırlayırdıq,daha doğrusu, mən
hazırlayırdım, amma onun da adı gedirdi verilişdə,
çünki redaktoru o idi və mən də həmişə
olduğu kimi sərbəst yazdığım
üçün efirə gedə bilməyəcək şeyləri
o baltalamışdı, yəni sahmana salmışdı. Bu
veriliş aktyor Sidqi Ruhulla haqqında bir veriliş idi ki, mənim
taleyimdə mühüm rol oynayaraq, "QOBUSTANI"LI günləri
gətirdi.
Tofiq
Abdin
abdin41@mail.ru
www.tofigabdin.com
Ədalət.-2011.-5
noyabr.-S.15.