Kinonun içindəki Əliqulu Səmədov
"Qoy "Dolu" ekrana çıxsın, onda
görəcəklər ki, necə film çəkmək olar
"
Kino işçiləri arasında əməkdar artist Əliqulu Səmədovu tanımayan yoxdu. Elə o da bu sahədə çalışanları yaxşı tanıyır. Saçını "Azərbaycanfilm"in pavilyonlarında, çəkiliş meydançalarında ağardıb. SSRİ xalq artisti Yevgeni Matveyevin tələbəsi olan Əliqulu Səmədov 1979-cu ildə kinostudiyanın aktyor şöbəsinə qəbul olunub. Arxada qalan 30 ildən çox müddət ərzində "Nizami", "Qara gölün cəngavərləri", "Sarıköynəyin dastanı", "Atları yəhərləyin", "Yol əhvalatı", "Bağlı qapı arxasında", "Papaq", "Birisi gün gecəyarısı", "Bəyin oğurlanması", "Həm ziyarət, həm ticarət", "Biz qayıdacağıq", "Cavid ömrü", "Cavad xan", "İstanbul reysi" və başqa filmlərdə irili-xırdalı müxtəlif rollara çəkilib. Baş rollardan birinə çəkildiyi "Alfa layihəsi" bədii filmi Ukraynanın Lenin Komsomolu Mükafatına layiq görülüb. Ukrayna kinematoqrafçıları onun aktyorluq istedadından "Sıçrayış" filmində də istifadə ediblər.
Əliqulu Səmədov Rusiyada
çəkilən "Dronqo", Türkiyədə istehsal
olunan "Onlar da insandır", "57 saylı qatar" bədii
teleseriallarında da rol alıb. Əcnəbi rejissorlar bu
gün Azərbaycan aktyorları arasında kastinq keçirərkən
onun məsləhətlərindən yararlanırlar. Bu da təsadüfi
deyil, çünki Əliqulu Səmədov onlarla bədii
filmin ikinci rejissoru olub. Müsahibim dublyaj rejissoru kimi də
çalışır, sinxron səs effektlərinin
yazılışında da əvəzolunmaz mütəxəssislərdəndi.
Bütün bu sadaladıqlarım onun kinodakı fəaliyyətini
tam əhatə etmir.
Tamaşaçılar əməkdar
artist Əliqulu Səmədovu "Dolu" filmində də
görə biləcəklər. Elxan Cəfərov
yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkdiyi
"Dolu" bədii filmində ona səhiyyə nazirinin
müavini obrazını etibar edib. Çəkilişləri
tamamlanmaq üzrə olan filmin ikinci rejissoru kimi isə Əliqulu
Səmədov kadr arxasında qalıb.
- Əliqulu müəllim,
kinematoqrafçılar sizi yaxından tanıyırlar. Bəlkə
oxucularımıza da bu imkanı yaradaq...
- 1953-cü ildə Astara şəhərində
anadan olmuşam. Uşaq vaxtlarından rəqsə
böyük həvəs göstərir, tədbirlərdə,
festivallarda iştirak edirdim. Amma kino aktyoru olmaq, filmlərə
çəkilmək istəyini həmişə ürəyimdə
gəzdirirdim. 1970-ci ildə Bakı Rabitə Texnikumuna daxil
olanda da bu istək məni tərk etməmişdi. Bir dəfə
xoş bir təsadüf nəticəsində "Azərbaycanfilm"də
aktyor kursları açıldığını eşitdim.
Dedilər ki, tanınmış aktyorlar kinostudiyadakı
kurslarda gəncləri hazırlayırlar. Həmin dərslərdə
iştirak etmək məqsədi ilə bir dəfə
kinostudiyaya gəldim və qapıda asılmış elan diqqətimi
cəlb etdi.
-
İşçi axtarırdılar?
- Yox, elanda yazmışdılar ki,
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ilk dəfə
olaraq Azərbaycanlı tələbələrdən ibarət
aktyorluq kursu yaradılacaq və Moskvadan gələn müəllimlər
həmin qrupa qəbul olunmaq istəyənlər arasında
seçim aparacaqlar. Seçimdə iştirak
üçün tələb olunan sənədləri
hazırlayıb kinostudiyanın aktyor şöbəsinə təqdim
etdim. O zaman şöbənin bədii rəhbəri Ziyafət
Abbasov dedi ki, Bakıda İncəsənət İnstitutu var,
teatrlar üçün aktyor hazırlayır. Bəlkə sənədləri
həmin İnstituta verəsən. Mən Ziyafət müəllimə
o zaman üçün maraqlı səslənən cavab
verdim. Dedim ki, mən kino aktyor olmaq üçün
doğulmuşam.
Kinematoqrafiya İnstitutuna qəbul
olunmaq üçün 2 minə yaxın gənc sənəd
vermişdi. İlkin mərhələlərdən sonra 80-ə
yaxın namizəd qaldı. Mən də onların arasında
idim. Bizə dedilər ki, cəmi 15 nəfər qəbul
olunmalıdı. Mən seçimə səylə
hazırlaşırdım. Bilirdim ki, 15 nəfərlik heyətə
düşmək çox çətin olacaq. Rəhmətlik
Kamil Rüstəmbəyov mənə bütün incəlikləri,
belə deyək də biclikləri öyrədirdi. Rəhmətlik
istedadlı rejissor olmaqla yanaşı həm də gözəl
insan idi. Həmişə onu minnətdarlıq hissi ilə yad
edirəm.
Nə isə, sonuncu mərhələ
gəldi. SSRİ xalq artisti Yevgeni Matveyevin rəhbərlik
etdiyi professor-müəllim heyətinin qarşısında
imtahan verdik. İki gün çəkən imtahanlardan sonra 22
nəfər qaldıq. Kinostudiyanın pavilyonlarında
sınaq çəkilişlərində də iştirak
etdik. Dedilər ki, həmin lentlərə Moskvada baxılandan
sonra sonuncu mərhələnin cavabları açıqlanacaq.
Bir
müddətdən sonra Kamil müəllim dedi ki, təbrik
edirəm, Moskvaya qəbul olunmusan. Bu gün də həmin
anı xatırlayanda sevincimdən qanad açıb uça
bilmədiyimə görə təəccüblənirəm...
- Mən
başqa məsələyə görə təəccüblənirəm.
Kinoda epizodik rola belə çəkilməyən, aktyorluq təhsili
görməyən bir gənc necə oldu ki, nüfuzlu sənət
ocağına qəbul edildi?
- Ya bəxtim gətirdi, ya da
görünür həqiqətən də istedadım
imiş. Eşidən-bilən hamı təəccüblənirdi.
Atam tələbə biletimi görəndən sonra qurban kəsdi.
Doğrudan da inanılası məsələ deyildi. Qəbul
olunan 15 nəfərin arasında elə gənclər var idi
ki...
-
Məsələn?
-
Götürək elə Fərhad İsrafilovu.
"Yeddi oğul istərəm" filmindəki Qəqəni rolundan sonra populyar idi. Ötkəm İsgəndərov
İncəsənət İnstitutunun tələbəsi idi və
artıq "Tütək səsi"ndə
çəkilmişdi.
Azər Qurbanov "Sehrli xalat"da Rəşid roluna çəkildiyindən məşhur
idi. Ömür Nağıyev Moskvaya
qəbul olunana qədər bir neçə filmdə rol almışdı.
Vəlihəd Vəliyev Gəncə
Dram Teatrında çalışmışdı.
Həmidə Ömərova,
Sonaxanım İbrahimova
kimi istedadlı gənclər bizim qrupda təhsil alırdı. Bu da
məsuliyyətimi artırırdı.
Bilirdim ki, bir də
belə fürsət ələ düşməyəcək.
Günüm kitabxanada, teatr
və muzeylərdə
keçirdi. İdmanla məşğul
olurdum, institutun voleybol komandasının kapitanı idim, maşın sürməyi,
at çapmağı öyrənirdim.
Dərslərimi də yaxşı
oxuyurdum. Bir dəfə
də olsun "3"
almadım. Özümü bu günlərə hazırlayırdım. Bilirdim ki,
sevdiyim bir sənətlə məşğul
olacam. 1979-cu il iyunun 10-dan "Azərbaycanfilm"də çalışıram.
Ən ağır günlərində
də kinostudiyanı tərk etmədim. Özümü başqa bir
sənətdə təsəvvür
edə bilmirəm.
- Bəzən deyirlər ki, bizdə tanışlıqla
baş rola çəkilirlər. Sizin yaradıcılığınıza
baxanda bu fikrin yanlış olduğunu görməmək
mümkün deyil.
Bütün kinorejissorlarla
xoş münasibətləriniz
olsa da yalnız
epizodik rollara çəkilmisiz...
- Birincisi, mənim ancaq baş rola çəkilmək kimi bir iddiam
olmayıb. Neçə
illərdir kinonun içindəyəm, bilirəm
ki, süniliklə, tapşırıqla görülən
işi ekranda tamaşaçı o dəqiqə
görəcək. Ukrayna,
Rusiya, Türkiyə kinematoqrafçılarının çəkdiyi bədii filmlərdə və seriallarda çəkilmişəm
və bu gün də müxtəlif telekanallarda
göstərilir. Amma bizdə bir jurnalist maraqlanmayıb ki, titrlərdə adı yazılan bu Azərbaycanlı aktyor kimdi?
Bu illər
ərzində təkcə
aktyorluqla məşğul
olmamışam. İkinci rejissor
kimi çalışdığım
filmlərin sayını-hesabını
itirmişəm. Dublyaj rejissoru
olmuşam, sinxron səs yazılmasını
əla öyrənmişəm
və bu sahə üzrə nadir mütəxəssislərdənəm. Aktyor və aktrisalarımızın
kartotekasını yaratmışam.
Bu gün kartotekamda
800-ə yaxın fotoşəkil
var. Əcnəbi kinorejissorlar
Azərbaycanlı aktyorlarla
kastinq apararkən kartotekamdan istifadə edirlər.
- Əcnəbi rejissorların
seçimindən söz
düşmüşkən, hansı aktyor və aktrisamızın istedadı xarici studiyalarda çəkilmək
üçün yetərlidi?
- Əvvəllər
belə aktyor və aktrisalarımız çox idi. Xarici ölkələrdə çəkilirdilər
və tanınırdılar.
Son illər Fuad
Poladov, Fəxrəddin
Manafov tez-tez çəkilirlər. Bu gün yetişən gənc aktyorların istedadı və intellektual səviyyəsi ilə xarici rejissorların diqqətini
cəlb etmək çox çətindi.
Çünki əcnəbi rejissorlara
kamera qarşısında
nə istədiyini bilən aktyor lazımdı.
- Bu il
Mili Kino Günüdə
fəxri ad alanlar arasında siz də var idiniz.
Müşahidələrimə görə həmkarlarınız, iş yoldaşlarınız
əməkdar artist fəxri
adı almağınıza
elə sizin qədər sevinirdilər...
- Mən də bu illər
ərzində çiyin-çiyinə
çalışdığım insanların hər uğuruna sevinmişəm.
Ölkə başçısı İlham Əliyevə, mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevə
minnətdaram ki, əməyimi yüksək
qiymətləndirdilər. "Azərbaycanfilm" kinostudiyasının direktoru
Xamis Muradov, Kinematoqrafçılar İttifaqının
rəhbərliyi həmişə
mənə diqqət və qayğı göstəriblər. Fəxri adı
adama yalnız ona görə vermirlər ki, sevinsin. Həm də ona görə təltif edirlər ki, işinə daha da məsuliyyətlə yanaşsın. Cənab
nazirdən fəxri adın vəsiqəsini alanda dedim ki,
Azərbaycan kinosuna xidmət edirəm.
- Hələlik sonuncu işiniz "Dolu" filmi ilə bağlıdı. Bəlkə bu
barədə bir qədər danışaq?
- Aqil Abbasın "Dolu" romanı ədəbi mühitdə hadisəyə
çevrilən və
ədəbi dəyərini
alan əsərdi.
İnanıram ki, "Dolu"
filmi də uğurlu alınacaq.
Bütün yaradıcı qrup
bu uğura köklənib. Son illər milli kinomuzda belə film çəkilməyib. İnşallah ekranlara çıxanda tamaşaçılar görəcək
ki, bizim kinostudiyada necə filmlər çəkmək
olar. Quruluşçu rejissor Elxan
Cəfərov kinematoqrafiyanı
dərindən bilən,
işini səliqəli
görən rejissordu.
Onunla çalışmaq mənə
ləzzət edir.
Mən
"Dolu"da səhiyyə
nazirinin müavini obrazını oynayıram
və filmin ikinci rejissoruyam.
- Bütün əsgərlər general olmağı
arzuladıqları kimi,
yəqin ki, ikinci rejissorlar da nə vaxtsa
quruluşçu rejissor
olmağı xəyallarından
keçirirlər...
- Mənim belə xəyalım olmayıb. Birincisi, mən rejissor
təhsili almamışam.
İkincisi də hər
kadra quruluş verməyi bacarmıram.
Bacarmadığım işdən isə
yapışmaq istəmirəm.
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2011.-5 noyabr.-S.10.