"Dilin özündə müəyyən dəyişmə prosesləri gedir"

 

   Nizami Cəfərov bu məsələlərdə ehtiyatlı olmağı məsləhət görür

 

    Ötən həftə Bakıda türkdilli media nümayəndələrinin II Forumu keçirilməsi mühüm hadisə oldu. Milli Məclisin Komitə sədri tanınmış alim Nizami Cəfərovla budəfəki söhbətimizdə həm ortaq türk dili, həm də prosesin sürətlənməsini zəruri edən məsələlər barədə danışdıq.

 

   "Artıq bu proses başlayıb"

 

   - Ortaq türk dili məsələsində vəziyyət nə yerdədir, yeniliklər varmı?

   - Mənə elə gəlir ki, bu sahədə ciddi irəliləyiş var. Özü də burada söhbət müzakirələdə bir nəticəyə gəlməkdən getmir. Təbii gedişat özü irəriləyiş təqdim edib. Artıq neçə illərdir ki, türk xalqları arasında Türkiyə türkcəsi ortaq ünsiyyət vasitəsi rolunu yavaş-yavaş möhkəmləndirir. Bir vaxtlar bir çox tədqiqatçılarda və həmçinin də ictimai rəydə belə bir fikir vardı ki, süni türk dili yaradılsın. Yəni müxtəlif türk dillərindən götürülmüş həm qrammatik, həm də leksik materiallar əsasında ortaq suni bir dilin yaradılması barədə müzakirələr gedirdi. Amma indi bu təklif demək olar ki, müzakirələrdən çıxmaq üzrədir.

   - Türkiyə türkcəsində yabançı dillərdən gəlmə bir çox sözlər var. Bu məqam ortaq türkcədə nəzərə alınacaqmı?

   - Bir var elmi mülahizələr, müəyyən ictimai-siyasi iddialar, bir də var ki, bir dil ortaqlıq xüsusiyyəti qazanır. Onda istər-istəməz o dilin üzərində də müəyyən işlər gedir. Təbii ki, Türkiyə türkcəsi ortaq ünsiyyət vasitəsinə çevrildikcə müxtəlif türk dillərindən də Türkiyə türkcəsinə sözlər keçir. Məsələn, elə sözlər var ki, Türkiyə türkcəsi üçün də yabançıdır. Tutaq ki, "anahtar" yerinə Türkiyə türkcəsində açar sözünün işlədilməsi artıq maraq doğurur. Yaxud da "pardon", "asansor" və bu tipli müxtəlif sözlər üzərində düşünmək qərara gəlinib. Bu artıq Türkiyə türkcəsinə də bir təsirdir. Bir var bir xalqın dili olsun, bir də var nə qədər eyni kökdən olmuş olsalar da müxtəlif xalqların ortaq ünsiyyət vasitəsinə çevrilsin. Belə olan halda dilin özündə müəyyən dəyişmə prosesləri gedir. Bu özünü sintaksisdə də göstərməyə başlayır. Artıq Türkiyə türkcəsində tabeli mürəkkəb cümlələrin və ümumən mürəkkəb cümlələrin daha çox işlənməsinə hesab edirəm ki, ehtiyac var. Mənə elə gəlir ki, artıq bu proses də başlayıb. Hər halda Türkiyə türkcəsinin özü də ortaq ünsiyyət vasitəsinə çevrildikcə müxtəlif türk dillərinin müsbət təsirlərini qəbul edir.

   - Bu məqamdan uzaqlaşmamış maraq doğuran məsələyə də toxunaq. Türkdilli dövlətlərin ortaq dili olaraq Türkiyə türkcəsi əsas götürülür. O zaman Türkiyə istehsalı olan teleserialların Azərbaycan televiziyalarında tərcüməsiz yayımlanmasına qadağanı necə izah etmək olar?

   - O məsələnin bu məsələyə dəxli yoxdur.

   - Əgər ortaq türkcə Türkiyə türkcəsi götürülürsə həmin türkcədə yayımlanan serialların bu prosesin sürətlənməsinə böyük təsiri olardı...g

   - Təbiidir ki, bir müddət Azərbaycan televiziyalarında seriallar Türkiyə türkcəsində nümayiş etdirildi. Amma sonralar həddindən artıq onun miqyası genişləndirildi. Yəni bir növ bizim özümüzdə də bir tənbəllik əmələ gəldi və seriallar elə Türkiyə türkcəsində olduğu kimi nümayiş etdirilirdi. Biz özümüz başqa dillərdən serialların tərcümə edilməsinə vəsait ayırmaq istəmirdik. Əlbəttə ki, burada söhbət televiziyalardan gedir. Bu məsələ tamamilə doğru olaraq Milli Televiziya və Radio Yayımları Şurası tərəfindən qadağan olundu. Əgər həftədə bir dəfə Türkiyə türkcəsində film nümayiş etdirilərdisə, bu məqbul idi və proses də bu şəkildə davam edə bilərdi. Əminəm ki, gələcəkdə bu məsələyə bir daha qayıdılacaq. Çünki istər-istəməz Türkiyə türkcəsindən olunan tərcümələr o qədər də özünü doğrultmur. Türkiyə türkcəsindən tərcümələr ona görə qadağan olunurdu ki, başqa dillərdən tərcümələr olunsun. Amma indi biz ikinci bir yüngül yol tapdıq. Ona görə ki, Türkiyə türkcəsindən tərcümə o qədər də çətin bir iş deyil və bəlkə də buna o qədər də ehtiyac yoxdur. Amma məsələ burasındadır ki, Türkiyə türkcəsi ortaq ünsiyyət vasitəsi olub demək, Azərbaycan, özbək qazax, türkmən, qırğız dilinin inkişafdan geri qalması demək deyil. Biz təbii ki, milli dillərimizi işlətməli və onun inkişafına da çalışmalıyıq. Ümumi, qarşılıqlı ünsiyyət prosesində proses elə gedəcək ki, bu dillər nə qədər bir-birinə yaxınlaşsalar belə müxtəlif türk dillərinin nüfuzu, özünəməzsus inkişafı yenə də qalacaq.

 

   Türkdillilərin rusdilli sammiti

 

   - Türkidilli dövlətlər müstəqilliklərinin 20 illiyini Türkiyədə bir araya gələrək qeyd etdilər. Amma yenə də bir-birləri ilə öz türk dillərində deyil, rus dilində danışırdılar. Bu mənada ortaq türkcənin Türkiyə türkcəsi seçilməsində digər dövlətlərdə bir qısqanclıq özünü göstərmir ki?

   - Burada bir məsələyə diqqət yetirmək zəruridir. Hər halda rus dili bir sıra türk xalqlarının, xüsusilə də MDB-yə daxil olan türkdilli dövlətlər arasında ortaq ünsiyyət vasitəsi kimi hələ uzun müddət qalacaq. Biz müxtəlif məclislər səviyyəsində onu görmüşük ki, həm Türkiyə türkcəsi, həm də rus dili işlədilir. Əlbəttə bu günün özündə xeyli türklər var ki, onlar rus dilindən geniş istifadə edir və ünsiyyətlərin də onun vasitəsilə həyata keçirirlər. Amma buna baxmayaraq Türkiyə türkcəsi də gəlir və ortaq ünsiyyət vasitəsinə yeni-yeni daxil olmağa başlayır.

   - Türkiyə türkcəsində təhsil verən məktəblərin də bu prosesin sürətlənməsində rolu böyükdür...

   - Hazırda Türkiyə türkcəsini inkişaf etmiş bütün türk xalqlarının ziyalıları mümkün qədər öyrənməyə çalışırlar və müəyyən hissəsi də bu türkcəni çox yaxşı bilir. Bir sıra türk respublikalarında Türkiyə türkcəsində məktəblər fəaliyyət göstərir, mətbuat orqanları çap olunur, Türkiyə televiziyaları yayımlanır. Şübhəsiz, bunlar böyük təsirlərdir, amma bu o demək deyil ki, Türkiyə türkcəsi bütün türk xalqları arasında ortaq ünsiyyət imkanlarına yiyələnib. Ona görə ki, hələ də uzun müddət rus dili ortaq ünsiyyət vasitəsi kimi davam edəcək. Amma müşahidələr göstərir ki, bu artmağa doğru deyil, tədricən məhdudlaşmağa doğru gedir.

   - Məhdudlaşma nə ilə bağlıdır?

   - Bu onunla əlaqədardır ki, bu gün artıq rus dilinin beynəlxalq funksiyasının özü tədricən azalır. Əgər bir vaxtlar özbək, qazax, tatar, azərbaycanlı və digər türkdilli xalqlar bir-birilə rus dilində danışırdısa, indi tədricən ingilis dilinin mövqeyi yüksəlməyə başlayıb. Çünki ingilis dili bütün dünyanın ortaq ünsiyyət vasitəsidir. Ona görə də rus dili artıq ikitərəfdən sıxışdırılmaqdadır. Həm milli mövqedən Türkiyə türkcəsi türk xalqları arasında ortaq türkcə olması iddiası ilə gəlir, həm də beynəlxalq mövqedən ingilis dili gəlir. Belə olan halda rus dilinin mövqeləri həm millilik, həm də beynəlxalq baxımdan zəifləyir.

 

   "Təfəkkür ortaqlığı"

 

   - Bu həftə türkdilli medianın Bakıda II Forumu keçirildi. Ortaq ünsiyyət türkcənin sürətlənməsi baxımından bu Forumun nə kimi təsirləri ola bilər? Bütövlükdə bu prosesdə mətbuatın rolunu necə dəyərləndirərdiniz?

   - Şübhəsiz bunun əvəzsiz dərəcədə böyük rolu ola bilər. Bu məsələnin üzərində düşünülür də. Bu gün ünsiyyətin müxtəlif formaları içərisində bir sıra ünsiyyət formaları var. Tutaq ki, elmi ünsiyyət formasını götürək. Elmi ünsiyyət formasında əlbəttə ki, müəyyən təbəqə iştirak edir. Eyni zamanda bədii ünsiyyət formasın götürsək orada da müəyyən təbəqə təmsil olunur və yazıçılar, şairlər iştirak edirlər. Rəsmi ünsiyyət formasına gəldikdə orada da dövlət səviyyəsində ünsiyyətə rast gəlinir və burada da mümkün qədər milli, həmçinin beynəlxalq xüsusiyyətlər saxlanılır. Yaxud da məişət ünsiyyət forması var ki, orada həmişə milli xüsusiyyətlər qorunub saxlanır və daha çox etnik xüsusiyyətlər üstünlük təşkil edir. Amma publisistik ünsiyyət forması elədir ki, bu həddindən artıq ictimai bir sahəni əhatə edir. Publisistik ünsiyyət bütün insanların-alimin də, yazıçının da, dövlət adamının da, adi vətəndaşın da ünsiyyətdə olduğu bir sferadır. Yəni burda ümumtürk məkanının mövcud olması həlledici olan bir məsələdir. Məhz ona görə də biz ortaq radioların, ortaq televiziyaların, ortaq mətbuat orqanlarının olması istiqamətində çox çalışırıq. Bu mənada düşünürəm ki, medianın rolu burada aparıcıdır. Odur ki, media mənsublarının müxtəlif türk xalqları arasında bir yerə yığılması, təfəkkür ortaqlığının, maraq ortaqlığının tədricən ifadə ortaqlığına çevrilməsi çox mühüm məsələdir.

   - Bu prosesin intensivləşməsində 20 il az müddət sayıla bilməz. Niyə ortada real iş, fəaliyyət görünmür, daha çox danışıqları müşahidə edirik?

   - Dil məsələsi elədir ki, bu iyirmi-otuz ilin işi deyil. Burada on illərlə zaman lazımdır ki, bu və ya digər bir dil ortaqlıq xüsusiyyətini qazansın. Təsəvvür edin ki, türk xalqları arasında rus dilinin ortaq ünsiyyət vasitəsinə çevrilməsi üçün on illərlə vaxt lazım gəlib. Yəni bu ərazilərdə ümumi bir ölkənin-Rusiya İmperiyasının, sonra isə Sovetlər Birliyinin mövcud olması, bundan əlavə Sovetlər Birliyinin iqtisadi, siyasi, ideoloji gücünün mövcudiyyəti, bu xalqları birləşdirməsi üçün dil bir az sonra gələn məsələdir. Bunun üçün mütləq iqtisadi, siyasi, ideoloji güc olmalıdır. Bütün bu güclər insanları birləşdirə bilir və bu və ya başqa bir dili regionun, yaxud da dünyanın dilinə çevirə bilir. Ona görə də burda söhbət ondan gedir ki, biz niyə Türkiyə türkcəsinin ortaq ünsiyyət vasitəsi olmasını təbii qəbul edirik.

   - Niyə məhz Türkiyə türkcəsi?

   - Əgər bu ixtiyari olsaydı, onda özbək dili də, qazax dili də, Azərbaycan dili də seçilə bilərdi. Amma söhbət həm də ondan gedir ki, bu proseslər Türkiyənin türk dünyasındakı böyük gücündən, iqtisadi, mənəvi, mədəni, beynəlxalq miqyasda olan nüfuzundan asılıdır. Bəlkə də inkişaf səviyyəsinə gələndə müxtəlif sahələrdə Türkiyə türkcəsini başqa türk dilləri ilə müqayisə etmək və hətta üstünlüyü digər türk dillərinə vermək olar. Məsələn, bədii sahədə və yaxud da elmi üslüb sahələrində. Amma ümumən götürəndə Türkiyə digər türk dövlətlərinin hamısından güclüdür. Eyni zamanda da əhali potensialı imkanı etibarilə də çox güclüdür və ona görə də bir çox şərtlər nəzərə alınır. Bu tədricən gedən bir prosesdir və əgər Allah eləməmiş Türkiyə bu inkişaf tempini aşağı salsa, onda istər-istəməz Türkiyə türkcəsinin ortaq ünsiyyət vasitəsinə çevrilməsi prosesi də ləngiyəcək. Söhbət ondan gedir ki, hansısa bir dilin tez bir zamanda ünsiyyət vasitəsinə çevrilməsi yuxarıda qeyd etdiyim amillərlə bağlıdır. Təsəvvür edin ki, ingilis dili alman dili qədər fəlsəfi təfəkkürün ifadə vasitəsi deyil. Yaxud da Fransız dili qədər bədii obrazlı deyil. O zaman bəs niyə ingilis dili bu gün dünyada geniş yayılmağa başlayır? Ona görə ki, ingilis dilinin arxasında böyük dövlətlər, böyük iqtisadi güc, böyük maliyyə gücü, böyük işgüzar biznes gücü dayanır. Bu da istər-istəməz ingilis dilini önə çıxarır. Əlbəttə ki, başqa faktorlar, amillər də əsas rol oynayır. Amma əsasən iqtisadi və siyasi məqamlar olduqca böyük əhəmiyyət daşıyır.

   - Proseslər beynəlxalq dillər sırasında türk dilinin yer tutacağına doğru istiqamətlənirmi?

   - Buna böyük ümidimiz var. Bu gün dünyada altı beynəlxalq dil var. Əgər hansısa bir dil iki-üç millət arasında istifadə olunursa, ona da beynəlxalq dil deyirlər. Amma söhbət BMT-nin rəsmi qəbul etdiyi altı dildən-ingilis, fransız, rus, ispan, çin, ərəb dilindən gedir. Alman dilinin belə bir statusu qazanmaması isə iki dünya müharibəsinin səbəbkarı olmaları ilə əlaqələndirilir. Bu da bir psixoloji məqamdır ki, alman dili BMT-nin beynəlxalq dili statusunu almayıb. Həm Türkiyənin, həm də türk dünyasının ziyalıları, dövlət adamları dəfərlərlə söyləyiblər ki, Türkiyə türkcəsi beynəlxalq dil olaraq yeddinci bir dil kimi BMT-nin dilləri siyahısında yer almaq iddiasındadır. Biz indi iddia edirik ki, Türkiyə türkcəsi BMT-də istifadə olunan rəsmi dillərdən biri olsun, amma bu məsələnin necə olacağı dünyada gedən proseslərdən asılıdır.

   - İran, İraq, Suriya və digər ölkələrdə yaşayan türklərin milli, siyasi hüquqlarının qorunması məsələsində konkret olaraq türkdilli dövlətlərin toplantılarında müzakirələr aparılırmı?

   - Bu məsələlər müxtəlif səviyyələrdə müzakirə olunur. Hər bir türk ziyalısı üçün türk dünyasının birliyi, xüsusilə də mədəni birliyi əsasdır. Hər bir qalqın mədəni hüquqları var və istər-istəməz biz bu məsələlər zaman-zaman gündəmə gətirilir. Biz həm mətbuatdan, həm də elmi ədəbiyyatdan oxuyuruq ki, bir sıra ölkələr var ki, onlarda türklərin məktəbləri yoxdur. Bu üzdən də onların öz dillərində yazı-pozularına da rast gəlinmir, onlar bir mədəni hadisə kimi ortaya çıxa bilmirlər. Bu məsələlər şübhəsiz müzakirələrdə ümumi olaraq fərdi şəkildə qaldırılır. Həmçinin də türk dövlətlərinin qurultaylarında bu məsələlər çox tez-tez qaldırılır, müəyyən proqramlar verilir. Yəni müstəqil dövləti olmayan türk xalqlarının inkişafı üçün nələr etmək məsələsi diqqətdə saxlanılır. Doğrudur, türk xalqlarının müəyyən hissəsi ki, müstəqil deyillər onlar başqa dillərdə, başqa mədəniyyətin hadisəsi kimi iştirak edirlər və başqa dövlətlərin vətəndaşı olduqlarından bir çox hallarda bu məsələlərlə bağlı məhdudiyyət də qoyulmur. Amma söhbət ondan gedir ki, gərək öz mədəniyyətini inkişaf etdirəsən. Bu mənada müxtəlif proqramlar verilir və eləcə də müxtəlif dövlətlərin münasibətləri, vətəndaşlıq hüquqları səviyyəsində məsələlərə həmişə müdaxilə olunur.

 

   "Azərbaycan İrana müəllimlər göndərə bilər"

 

   - Yeri gələndə həmin dövlətlər qarşısında konkret mövqenin qoyulmasına gəldikdə vəziyyət necədir?

   - Əlbəttə ki, bu mövqelər həm həmin dövlətlər, həm də beynəlxalq qurumlar qarşısında qoyular. Amma bunu Qeyri-Hökumət Təşkilatları edir. Rəsmi səviyyədə isə belə bir şey yoxdur ki, hansısa bir dövlət milliətçilik nöqteyi-nəzərindən başqa bir dövlətə iddia qaldırsın. Məsələn, Özbəkistan Əfqanıstan dövlətinə qarşı iddia qaldıra bilməz ki, siz niyə özbək məktəblərinin şəbəkəsini genişləndirmirsiniz, niyə universitetlər açmırsınız. Bu çox da asan qəbul olunan bir məsələ deyil. Amma QHT-lər, beynəlxalq təşkilatlar bu məsələləri insan hüquqları mövqeyindən qaldıra bilər və problemlərin həlli üçün müəyyən təkliflər verilir də. Dünyada başqa bir praktika da var. Məsələn, Rusiya Azərbaycan, Qazağıstan, Özbəkistan və digər respublikalarda rusdilli məktəblərin şəbəkəsinin genişləndirilməsində maraqlıdır. Bunun üçün də müəyyən dövlətlərarası razılaşmalar şərti ilə məktəblər, universitetlər aça bilər. Eləcə də Azərbaycan dövlətlərarası razılaşmalar şəraitində öz vəsaiti ilə İran, Gürcüstan, Dağıstanda öz xalqının mədəniyyətinin, dilinin inkişafı üçün yenə də insan hüquqlarına əsaslanaraq müəyyən işlər görə bilər. Artıq bu proseslər də gedir. Burada iki məsələni də xüsusilə fərqləndirmək lazımdır. Məsələn, Azərbaycan heç bir siyasi, separatçı məqsəd güdmədən İrana müəllimlər göndərə, məktəblər də aça bilər. Düşünürəm ki, burada İrana qarşı heç bir mənfi münasibət də olmur. Bir də missioner təbiətli məktəblər var və deyək ki, Rusiya Türkmənistanda türkmənlərin rus dilində oxumaları üçün məktəblər açır. Artıq burda vəziyyət bir qədər mürəkkəb olur. Bir də var ki İranda azərbaycanlılar Azərbaycan türkcəsində oxumaq istəyirlər və ona görə də Azərbaycan bir dövlət olaraq sadəcə onlara bu məsələdə kömək edir, mütəxəssislərin yetişməsində yardımçı olur. Amma Azərbaycan İranda məktəblər açıb farsların da Azərbaycan türkcəsində oxuması məsələsində xüsusi mövqedə olsa, bu artıq məsələnin müəyyən qədər siyasiləşməsi deməkdir. Ona görə də bu hər hansı bir formada etiraz doğura bilər. Azərbaycanlıların oxumasından söhbət gedərsə, artıq heç bir siyasiləşmə müzakirə mövzusu ola bilməz.

   - Bəlkə türkdilli dövlətlərin konkret mövqe ortaya qoymamaları səbəbindəndir ki, zaman-zaman öz hüquqları, haqları uğrunda mübarizəyə qalxmanın da müsbət nəticəsi olmur?

   - İstənilən bir dövlət başqa bir dövlətlə münasibətlərini yalnız dinc, yanaşı yaşamaq şəraitində qurur və həmin dövlətin daxili qayda-qanunlarına, onun dövlət quruluşuna uyğun şəkildə fəaliyyət göstərir. Bu gün İran bütövlüyün pozulmaması naminə Azərbaycan dilində təhsili lazımi miqyasına qaldırmırsa, daxilində yaşayan milyonlarla azərbaycanlının minlərlə məktəbinin olmasını xüsusilə istəmirsə, Azərbaycan dövləti bunun üçün mübarizəyə qalxa bilməz. Və yaxud da türk dövltətlərinin birliyi, dövlət başçıları səviyyəsində keçirilən zirvə toplantıları səviyyəsində də bu məsələ müzakirə oluna bilməz. Çünki bu dərhal başqa bir dövlətin daxili işlərinə qarışmaq kimi yozula bilər. Amma ziyalılar səviyyəsində bu məsələlər gündəmə gətirilə bilər.

 

 

  Gültəkin Qəhrəmanlı

 

  Ədalət.-2011.-5 noyabr.-S.12-13.