ƏDƏBİ
RAMİZLƏRDƏN BİRİ...
ƏDƏBİ
HƏYAT
Ramizlər çoxdur, bu dünyada
hər bir insan öz adıyla tanınır və Ramiz
adlı dostlarımı, tanışlarımı çox
yaxşı xatırlayıram. Ancaq söhbət ədəbi
Ramizlərdən gedirsə, deyə bilərəm ki, Ramiz
Rövşən ən çox sevdiyim şairlərdən
biridir. Ona həsr etdiyim məqalədə yazmışam ki,
Ramiz Rövşənin doğulduğu gün-15 dekabr Azərbaycan
poeziyasının bayramıdır. Qubada yaşayan gözəl
şair Ramiz Qusarçaylı isə sözün həqiqi mənasında
dostumdur. Bənzərsiz şairdir, insan kimi də əvəzi
yoxdur. Ədəbi Ramizlərdən Ramiz Duyğunla, Ramiz Məmmədzadə
ilə, Ramiz Mövsümlə də
tanışlığım var, şeirlərini oxuyuram. Bu
Ramizlərin hamısı şairdir. Ramiz Əkbər isə
nasir və dramaturqdur. Həm də fəlsəfə və
tibb elmləri namizədidir. Bakıda yaxşı bir cərrah
kimi tanınan Ramiz Əkbərin bədii ədəbiyyata meyli
orta məktəb illərindən başlayıb.
Budur, Ramiz Əkbərin mənə
bağışladığı kitablarg "Povest və hekayələr",
"Amerikan qulu", "Pyeslər", "Nizami Gəncəvinin
tibbi-fəlsəfi və sosial-ekoloji görüşləri",
"Nizami Gəngəvinin fəlsəfi-didaktik
görüşləri" və bir də anadan
olmasının 50 illiyi ilə əlaqədar sənət
dostlarının ürək sözlərini bir araya gətirən
"Şəxsiyyətlə dialoq" kitabı..
Göründüyü kimi, R.Əkbər həm bədii, həm
də elmi yaradıcılıqla məşğul olur və
bu, onun cərrahlıq peşəsinə heç bir xələl
gətirmir.
Ramiz Əkbərin həyatı,
elm və peşə fəaliyyəti müxtəlif aspektlərdən,
müstəvilərdən keçsə də, bədii
yaradıcılığı onun potensialını daha bariz
ifadə edir.Bu yazıda onun bütün
yaradıcılığı haqqında təfərrüatı
ilə söhbət açmaq istəməzdik, ancaq bir
neçə xarakterik məqam üzərində dayanmaq istəyirəm.
BİRİNCİ MƏQAM:
Yazıçı ilə həkimlik sənəti arasında
müəyyən oxşar paralellər, həm də fərqli
məqamlar tapmaq olar. Həkim xəstəni müayinə edir,
onu sağaldana, dərdinə əlac edənə qədər
bütün bilik və bacarığını sərf edir.
Onu həyata qaytarır. Təbii ki, o, xəstənin psixoloji
durumunu da nəzərə alır.Yazıçı
üçünsə əsas obyekt həyat
materialıdır, o, bir və ya bir neçə insanın
timsalında cəmiyyətin, mühitin, gerçəkliyin nəbzini
tutmağa çalışır, burada dərin müşahidə
və ümumiləşdirmə bacarığı, xarakter
yaratmaq ustalığı diqqəti cəlb edir. R.Əkbər
nədən yazırsa-yazsın, öz həyat müşahidələrinə
arxalanır. Onun "Manyak", "Ötən günlərimi
qaytarın mənə" və "Süd ilə gələn
sümük ilə gedər" povestləri və bir sıra
hekayələri məhz reallığın bədii inikası
kimi diqqəti cəlb edir. Oxuyursan və görürsən ki,
yazıçı özündən heç bir şey
uydurmur, sadəcə olaraq həyatda müşahidə etdiyi
insanları, hadisə və olayları bədii şəkildə
oxucuya təqdim edir. Amma onun təqdim etdiyi obrazlar, hadisə və
olaylar cəmiyyətdən, gerçək aləmdən gəlir.
"Manyak" povestində biz həqiqətin,
düzlüyün, ədalətin necə çətin
sınaqlar qarşısında qaldığının
şahidi oluruq, amma həqiqət qalib gəlir, çünki
onu təmsil edən insanlar son ana qədər mübarizə
aparırlar. Povestin qəhrəmanı Nofəl ölüm cəzasına
məhkum edilir, bu, haqsızlıq onu sarsıdır, onu
tanıyan insanları da ümidsizləşdirir, lakin məlum
olur ki, o, qatil deyil. Və həqiqət qalib gəlir.
R.Əkbərin "Süd ilə
gələn sümüklə gedər" povestində isə
başqa bir mətləbə toxunulur. Burada insanın həqiqət
uğrunda mübarizəsi deyil, xisləti, kökü, hardan gəlib
hara getməyi, halallığı, ya da bunun əksinə
olaraq haramzadalığı məsələsi qoyulur.
Övladı olmayan məşhur professor Cəbiyev,
qapıları ağzına atılan bir uşağı
oğulluğa götürür, ona ad da qoyur (Sadıq), əsl
ata kimi ondan heç bir qayğısını əsirgəmir.
Lakin Sadığın geni, kökü haram maya ilə
yoğrulduğundan o, bu ailənin şərəfinə ləkə
gətirir, pis yollara qurşanır. İdeal tərbiyə
üzərində qurulan professor ailəsi və bu halal ocaq
onun qanındakı o naqisliyi yuyub apara bilmir.
İKİNCİ MƏQAM: Ramiz Əkbərin
yaradıcılığında satiranın və yumorun
mühüm yer tutduğunu söyləyə bilərik. Mirzə
Cəlildən, Haqverdiyevdən gələn satira ənənəsi;
həyatdakı neqativ, mənfi olayları tənqid hədəfinə
çevirmək, mənfiliklərin təcəssümü
olan tipik obrazlar yaratmaq onun hekayələrində də bariz nəzərə
çarpır. Satirada güldürməyə meyl şiddət
halını alanda, yəni həddini keçəndə, bu,
şit gülüşə, hırıltıya çevrilir.
Amma bu gülüş səni düşünməyə
aparıb çıcarmalıdır-o zaman əsl satira
yaranır. Gülürsən və həm də
düşünürsən!-əsl satiranın yolu budur. Bəzən
deyirlər ki, bizə satira lazım deyil, çünki eyiblərimizi
açır, satirada biz qəhrəman kimi yox, zavallı
qismində görünürük. Tamamilə yanlış
fikirdir. Satira insanı öz eyiblərini, qüsur və
nöqsanlarını dərk etməyə, mənən
saflaşmağa səsləyən sənət
növüdür.Dünyanın ən kamil sənət
nümunələrinin bir çoxu məhz satirik əsərlərdir.
Azərbaycan ədəbiyyatında isə "Molla Nəsrəddin"
məcmuəsi, Sabir, Mirzə Cəlil, Üzeyir Hacıbəyli,
Haqverdiyev, Əli Nəzmi, Qəmküsar, sovet dönəmində
isə Sabit Rəhman kimi satira ustaları olmuşdur. R.Əkbərin
də yaradıcılığında öncə qeyd etdiyimiz
kimi bu ənənə davam etdirilir. Təfərrüata
varmayıb onun "Amerikan
Qulu" hekayəsinə müraciət
etmək istəyirəm.
"Qulu vurulmuşdu Amerikaya. Kişi yuxularında da o
nəhəng, dünyaya meydan
oxuyan, gözəl, rəngarəng ölkəni
tez-tez görürdü.
Haradan, kimdən bu
ölkə haqqında nə eşitsə idi,
o saat qulaq
kəsilərdi, əlinə düşən ədəbiyyatı
diqqətlə oxuyardı. Sonra əllərini
bir-birinə çırpıb: "Eh,
gidi dünya, Allah qaranı çəkir paxlanın
üzünə, noxudu qoyur
yana-yana",-deyib ah çəkərdi.
Hələ gəncliyində
Amerikaya aid foto, qəzet şəkillərini köhnə
çemodanının iç qapağına, üstünə
xəmirlə yapışdırardı, əlinə
düşən qəşəng heyvan şəkillərini də,
onlarla yanaşı yapışdırardı. Sonra da
yaşıdları arasında danışanda o şəkillərdən
elə şeylər uydurub danışardı ki, müsahibi
onu hər şeydən xəbərdar bir adam kimi qəbul edərdi.
Qulu amerikan itlərini də dünyanın bütün itlərindən
yüksək tutar, onları əfsanəvi heyvanlarla müqayisə
edərdi. Sadəlövh dostları da ağızlarını
açıb böyük maraqla onu dinləyərdilər. Odur
ki, adını "Amerikan Qulu" qoymuşdular onun". Həmin
bu "Amerikan Qulu" (ad da münasib seçilmişdir- Qulu
sözündə qul sözü də var) okeanın o
tayında çıxan bir jurnalda 90 yaşlı qoca Ueksonun
şərəfinə oğlunun adını Cek qoyur. Cekson ət
yemədiyinə görə oğlunu da bu nemətdən məhrum
edir və uşaq gün-gündən arıqlayır, bir dəri,
bir sümuk qalır. Ağır xəstələnir və həkim
çağırırlar . Həkim də məsləhət
görür ki, uşaq hər gün xaş yesin, süd məhsulları
və meyvə yedizdirin ona. Qulu pərəstiş etdiyi
Amerikaya da, 90 yaşlı Ueksona lənətlər oxuyur və
oğlunun adını da dəyişdirir.
İbrətamiz hekayədir və
bu gün Qərb və Amerika həyat tərzinə aludə
olub ata-babasını, adət-ənənələrini unudan
"millilərimiz" üçün ibrət dərsidir
bu.g
Ramiz Əkbərin satiralarında
bu cür sarkazmla dolu tənqidlər çoxdur. Ancaq satira
yumorsuz keçinməz. Yumor da satiranın tərkib hissəsidir,
amma yumorda tipin düşdüyü hal-vəziyyət onun mənəvi
miskinliyini daha bariz nəzərə çarpdırır.
Özünü "novator" kimi qələmə verən Əliqulu
həkimin düşdüyü vəziyyət
gülüş doğurur ("Novator Əliqulu")-bu tip
obrazlara R.Əkbərin hekayələrində tez-tez rast gəlirik.
ÜÇÜNCÜ MƏQAM:
Ramiz Əkbərin nəsri həyat hadisələrin, insan
münasibətlərinin kəskin konfliktləri üzərində
qurulmuşdur. Mərhum tənqidçi Yaşar Qarayev
yazırdı: "Ramiz Əkbər
yaradıcılığında əsas ideya xətti həyat
və ölüm, cəsarət və qorxaqlıq kimi zidd etik
kateqoriya cütlüyündə modelləşən və
onların hər ikisindən yüksəkdə duran iNsan və
onun ləyaqəti, mənəvi
sağlamlığıdır. Hətta özü gözəl
bir həkim olsa da,sağlamlığın sirrini təbabətdən
daha çox mənəviyyatda axtarır". Mənəviyyatı
təmiz insanlar onun əsərlərinin əsas qəhrəmanlarıdır.
Bu qəhrəmanlar həyatda həqiqət uğrunda
mübarizə aparır və ağır, çətin
sınaqlardan sonra, məhrumiyyətlər bahasına olsa da,
qalib gəlirlər
DÖRDÜNUCÜ MƏQAM: Onun
dramaturgiyaya meylini də təbii sayırıq. Deyək ki, o,
dram yazmağa nəsrdən sonra başlayıb. Amma onun hekayə
və povestlərində dramaturji elementlər daha çox diqqəti
cəlb edir. O hekayə və povestlərin hər birini səhnələşdirmək
və pyes halına salmaq olar. Şair-dramaturq Cahangir Məmmədov
R.Əkbərin "Pyeslər" kitabına yazdığı
müqəddimədə bu cəhəti qeyd edir ki: "Ramiz Əkbər
peşəkar dramaturq deyil. Onun yalnız bir əsəri
"Qulaq" "İlham" miniatür teatrında
tamaşaya qoyulub. Hələ teatrların çoxu bilmir ki, bu
istedadlı müəllifin dramaturci
yaradıcılığında onlara fayda verəcək bir
sıra maraqlı pyeslər vardır". Cahangir müəllimin
sözünə qüvvət olaraq deyim ki, R.Əkbərin
kiçik həcmli üç səhnəciyi ("Avropa
Şurası", "Kim sevirsə idmanı",
"Vergi"), birpərdəli pyesləri ("Qulaq",
"Qulam xaricdən gəlir", "Kliniki
ölüm"), çoxpərdəli pyesləri ("Kələkbazlar",
"Eşqin çətin yollarında", "Xaş")
var. Özü də bu pyeslər janr etibarilə rəngarəngdir.
Məsələn "Qulaq" məzhəkədir, "Qulam
xarimcdən gəlir" sırf komediyadır, "Kələkbazlar"
isə musiqili komediyadır. "Eşqin çətin
yollarında" psixoloji dramdır.
Onun pyeslərində komik
situasiyaların bolluğu diqqətdən yayınmır.
Ümumiyyətlə, Ramiz Əkbərin həm nəsrində,
həm də dramaturgiyasında gülüş arsenalı,
komiklik momentləri ayrıca bir xətdir.
BEŞİNCİ MƏQAM:
Dünya ədəbiyyatının nəhənglərindən
olan Nizami Gəncəvinin yaradıcılığı əsrlərdir
ki, tədqiqatçıları araşdırmalara sövq
edir. Və əsrlərdir ki, yaradıcılığı nəhayətsiz,
sonu bilinməyən nəhrləri, ümmanları
xatırladan Nizamiyə hər müraciət dəryadan bir
damla götürməyə bənzəyir. Ramiz Əkbər də
Nizami Gəncəvi yaradıcılığından bəhs edən
iki monoqrafiyası ilə o dəryadan iki damla götürməyə
cəhd edib. Böyük nizamişünas Bertels yazırdı
ki: "Nizami izah edilməyən bir möcüzdür, onu
ancaq öz miqyası ilə dəyərləndirmək
olar". Ramiz Əkbər də Nizavmi Gəncəvinin tibbi-fəlsəfi,
sosial-ekoloji və fəlsəfi-didaktik görüşlərindən
söz açanda bu dahi sənətkarın öz dəyərləri
ilə qiymətləndirməyə
çalışmışdır. İndi də,
üstündən səkkiz əsrdən artıq bir zaman
keçməsinə baxmayaraq Nizami bizim üçün həmişə
müasir olaraq qalır. Tədqiqatçı R.Əkbər
yazır ki, Nizami yaradıcılığı bütün fəlsəfi
vüsətinə, ümumiləşdirmə səviyyəsinə
baxmayaraq, peşəkar fəlsəfi əsər yox, məhz
poeziyadır. Qeyd etməliyik ki, bu, orta əsr dini, poetik, elmi
düşüncəsinin spesifikası ilə bağlı
hadisədir, Nizami dövründə poeziya yüksək səviyyədi
idi. Bədii söz ilahi mahiyyətli, yəni Allahdan gələn
vergi idi. Doğru mülahizədir. Lakin əlavə edib deyə
bilərik ki, orta əsr fəlsəfi fikri fəlsəfi əsərlərlə
yanaşı, bəlkə daha artıq poeziyada təcəssüm
edirdi. Poeziyanın elmlə əlaqəsi haqqında isə
çox yazılmış, çox deyilmişdir. R.Əkbər
Nizaminin tibbə dair fikirlərini geniş şərh edir və
ən maraqlı cəhət burasındadır ki, onun şərhləri
müasir təbabət elminin nailiyyətləri ilə
üzvi şəkildə əlaqələndirilir. Ona görə
də, R.Əkbərin bu fikri ilə tam
razılaşırıq ki, Nizaminin tibb elmiylə bağlı
əsərlərində gətirdiyi misallar müxtəlif xəstəliklər,
onların müalicə üsul və vaksitələri
haqqında məlumat əldə etmək baxımından əvəzsizdir.
Nizaminin fəlsəfi-didaktik
görüşləri barədə də az əsər
yazılmayıb. Ancaq Ramiz Əkbərin monoqrafiyası bu barədə
yazılanları qətiyyən təkrar etmir, əksinə,
bir çox hallarda maraqlı, orijinal fikirləri ilə diqqəti
cəlb edir. Ulu öndər Heydər Əliyev bir
çıxışında demişdi ki, Nizami Gəncəvinin
əsərləri təkcə ədəbi cəhətdən
deyil, fəlsəfi baxımdan da əvəzsizdir. "Nizami Gəncəvinin
fəlsəfdidaktik görüşləri" əsərində
R.Əkbər, deyərdik ki, elə məsələlər
qoyub ki, onlar nizamişünaslıqda yenidir. Məsələn:
"Dünya və insan münasibətlərinin ilahi
davranış modeli", "Qəflət və idrakın fəlsəfi-didaktik
anlamı", "Paxıllıq kateqoriyası və onun
didaktik fəlsəfəsi" və s.
Təbii ki, Nizamidən yazmaq, onun
yaradıcılığının müəyyən bir
aspektini tədqiqat hədəfinə çevirmək hər
bir araşdırıcıdan təkcə dahi şairin əsərlərini
oxumaq və dərk etməklə məhdudlaşdırıla
bilməz. Bunun üçün həm də neçə əsrlik
nizamişünaslığı da izləmək, ən dəyərli
əsərlərilə tanış olmaq və s. mətnləri,
mənbələri əxz etmək lazım gəlir. Hiss olunur
ki, R.Əkbər bu çətin işin də öhdəsindən
gəlmişdir.
Əlbəttə, bir kiçik
yazıda nasir-dramaturq və alim R.Əkbərin
yaradıcılığından geniş söz açmaq
imkanımız yoxdur. Biz yalnız bəzi məqamları
xatırlatdıq. Yazımızın sonunda isə mərhüm
tənqidçi Yaşar Qarayevin ruhuna ehtiram əlaməti kimi
onun Ramiz Əkbər haqqında söylədiyi bir fikrə
müraciət edək: "Gözəl həkim, istedadlı
yazıçı, yüksək intellekt
daşıyıcısı Ramiz Əkbəri mən milli-mədəni
mücadilə yolunun yolçusu, əsrlərdən qopub gələn
zəngin ənənənin layiqli davamçısı kimi
görürəm".
Vaqif YUSİFLİ
Ədalət.-2011.-5
noyabr.- S.19.