MİRZƏ
İBRAHİMOV XX ƏSRİN NADİR HADİSƏLƏRİNDƏN
İDİ...
(əvvəli 4 noyabr
sayımızda)
O Cənubla bağlı xatirələrini
danışanda həmişə məni qəhər
bürüyərdi. Atam Təbrizi çox sevirdi. Biz bağa
gedəndə uşaqlıq illərindən xatırlayar və
nisgilli səslə deyərdi: "Anam həmişə mənim
başımı sığallayardı..." Tez-tez həsrətlə
bir sual verərdi: "Görəsən, mənə qismət
olacaq ki, nə vaxtsa sizi Təbrizə aparım?" Amma
Bakını da çox sevirdi və heç vaxt tərk etməzdi.
O, təkcə bizə yox, çoxlarına mənəvi
atalıq etmiş, ehtiyacı olanlara dayaq durmuş, hər
cür maddi yardım göstərmişdi. Xatirimdədir, rəhmətə
gedəndə məndən arxada bir qadın ağlayaraq
"naş papa umer", - dedi. Soruşdum ki, siz onu
tanıyırsınız? Dedi ki, "mən uşaq evində
böyümüşəm. 50-ci illərdə o, Ali Sovetin sədri
olanda hər ay bizə pul, ərzaq malları göndərərdi.
Biz onu həmişə "ata" deyə
çağırardıq". Atam həmişə deyərdi
ki, mən yazıçılıqdan yaxşı qonorar
alıram. Ancaq o vaxta qədər atam kirayədə
qalırdı, bircə çamadanı vardı.
İnsanların etibarsızlığı, bir-birinə
paxıllığı onu çox üzərdi. O, müxtəlif
vəziyyətlərə düşüb. Belə ki, vəzifədə
də olub, işsiz qaldığı vaxtları da. Ancaq biz onu
evdə həmişə çox təmkinli
görmüşük. Bir vaxt atam deputatlığa namizəd
idi. Amma sonra anama dedilər ki, onu təqdim etməyiblər.
Anam çox sakit adam idi, atam içəri girən kimi
olanları danışdı. O isə "Canın sağ
olsun, Sara!" - dedi. Atam möhkəm və iradəli insan
idi. Heç vaxt özünü itirməzdi. Bəlkə də
bu onun ata-anasız böyüməsindən irəli gəlirdi.
Bizə də həmişə deyərdi ki, sakit olun, çox
şeyə fikir verməyin. Yalnız 1983-cü ildə anam rəhmətə
gedəndə çox qəhərlənmişdi. Anam
dünyasını dəyişəndə atam elə bil,
yetimləşdi. Həyatının o qədər
ağır, çətin keçməsinə baxmaya-raq
anamı heç kəs əvəz edə bilmədi. Hətta
bağda anamın çarpayısını
yığışdırmağa da qoymadı. Bütün
vaxtı ora qızıl güllər səpərdi. Atam
üçün anamın itkisi təsəllisiz oldu, sanki bir
daha yetimləşdi... Təqdir olunası örnəkdi,
deyilmi?!
Mirzə İbrahimov görkəmli ictimai
xadim,xalqının, millətinin taleyini düşünən
böyük vətəndaş idi
O, uzun illər Azərbaycan Yazıçılar İttifaqının sədri, Xalq Maarif komissarı, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri, Azərbaycan KP MK-nın büro üzvü, hətta Respublika Ali Sovetinin sədri və s. kimi yüksək vəzifələrdə işləyib... Əslində I katiblikdən başqa, hansı mötəbər kürsüdə əyləşməyib ki? Yüksək vəzifələr icra edib, səsi dünyanın altı qitəsindən gəlib, ancaq heç dəyişməyib, xarakterindəki sadəlik, təvazökarlıq, alicənablıq, kasıb-kusubun, sadə xalqın hamisi, elinin və ana dilinin fədaisi olmaq cəhətlərinin yerini xudbinlik, özündənmüştəbehlik, ədabazlıq hissləri tutmayıb. M.F.Axundov adına Azərbaycan Dövlət Dram və Balet Teatrının direktoru, sonra isə XKS-da incəsənət işləri idarəsinin rəisi olub. İkinci Dünya müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda, kəndlərdə əsgəri hissələrdə odlu-alovlu çıxışları ilə qələbəyə inam, düşmənə nifrət və qəzəb duyğuları aşılayıb. 1941-ci ildə Sovet ordusu sıralarında Cənubi Azərbaycanda olarkən "Vətən yolunda" qəzetinin məsul redaktoru vəzifəsində çalışıb. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edib. Bu dövrlərdə hekayə, povest və romanlarla yanaşı, səhnə əsərləri də qələmə alıb. Azərbaycan SSR Xalq maarif komissarı kimi fəaliyyət göstərib (1942-1946). Azərbaycan SSR EA təsis edilərkən onun ilk həqiqi üzvlərindən biri seçilib (1945). Sovet Həmkarlar İttifaqı Heyətinin tərkibində İranda səfərdə olub. Daha sonra Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946-1954) birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində işləyib, Azərbaycan KP XIV-XIX, XXU-XXVUI qurultaylarında MK-nin Büro üzvü seçilib. Ümumdünya parlamentlərarası ittifaqın konqresi (Helsinki-1955, Banqkok-1956), Ümumdünya sülh tərəfdarları konqresi (Stokholm, 1958) və s. kimi beynəlxalq məclislərin iştirakçısı olub. O, Sov.İKP XX-XXI və XXUI qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin deputatı seçilib. 1977-ci ildən isə Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika (Nyu-York), İngiltərə (London), Fransa (Paris), Portuqaliya (Lissabon), Misir (Qahirə, İskəndəriyyə), Kipr (Nikoziya), Suriya (Dəməşq), Zambiya (Lusaka) ölkələrində səfərdə olub, Beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətinin başçısı missiyasını şərəf və ləyaqətlə icra edib. Onun başçılığı ilə komitə möhkəm sülh və sabitlik uğrunda mübarizə məqsədi ilə Əfqanıstanda, Vyetnamda, Mali adasında və digər ölkələrdə müxtəlif tədbirlər həyata keçirilib. O, milli filologiya elmi üzrə kadrların hazırlanması sahəsində miqyası (milli mənəvi dəyərlər baxımından) ölçüyəgəlməz dərəcədə böyük işlər görüb. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil edib, üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin yaranmasında ciddi əməyi olub (1948-1954). Sonralar institutda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinə başçılıq edib(1960-1970), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin ikinci dəfə sədri və SSRİ Yazıçılar İttifaqının katibi (1970-1986) olub. Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilib (1991). Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin redaksiya heyətinin üzvü olub. Fədakar əməyi rəsmi dairələr tərəfindən yüksək qiymətləndirilib. Sanki gözəgörünməz bir qüvvə onu daim qoruyub. Hər dəfə başının üstünü qara buludlar alanda, hətta "Xalq düşməni" damğası ilə həbs edilib Sibirə sürgünolunma təhlükəsi ilə üz-üzə qalıb. Sevda xanımın xatirələrinə üz tuturam: "Atam həmişə bizə Azərbaycan dilini təbliğ edər, "gözəl dildir" deyərdi. Yadımdadır ki, 51-ci ildə kiçik bacım məktəbə getməli idi. Onu rus bölməsinə apardı və anama dedi ki, "bilmək olmaz, biz də Sibirə gedə bilərik. Ona görə də qoy uşaqların biri rus dilində oxusun". O vaxt biz bunu zarafat sanırdıq. Bir dəfə də M.C.Bağırov çıxışında deyib: "Mənə elə gəlir ki, Səməd Vurğun və Üzeyir Hacıbəyov xalq düşmənidirlər. Düzdür, yoldaşlar?". Heç kəs səsini çıxarmır. Atam dözməyib deyir: "Mən sizinlə razı deyiləm. Üzeyir bəy necə xalq düşməni ola bilər ki, "Koroğlu" kimi opera yazıb? S.Vurğun necə xalq düşməni ola bilər ki, "Vaqif" dramını yazıb?". Hamı qorxusundan sarısını udur, heç kəsin cınqırığı da çıxmır. M.C.Bağırov hirslənərək: "Otur, elə sən də onların sırasındasan!" - deyib. Yadımdadır ki, Bağırov atamı iclasa çağıranda anam bütün gecəni yatmazdı. Atam hər dəfə bizi öpüb gedərdi. Anam da yatmayıb səhərə qədər onu gözləyərdi. Biz balaca idik, nələr baş verdiyini anlamırdıq. Atam rəhmətə gedəndən sonra DTK-nın əməkdaşı olmuş yazıçı Yasif Nəsirli arxivdən tapıb ki, heç demə, atamı da "xalq düşməni" elan ediblərmiş. Növbəti iclasların birində atam dil məsələsi ilə bağlı kəskin çıxış edib. İclasdan sonra bizə danışırdı ki, xitabət kürsüsündən düşəndən sonra yanında oturanların hamısı arxaya keçdilər. Hətta çölə çıxanda başqa vaxt "Mirzə müəllim" deyənlərin də heç biri yaxına gəlmədi, bircə Nəsir müəllimi çıxmaqla... O zaman əslən Cənubi Azərbaycandan olan 3 məşhur insan vardı: Şəfaət Mehdiyev, Nəsir İmanquliyev, bir də atam. O dedi ki, bir də gördüm N.İmanquliyev yaxınlaşdı ki, Mirzə müəllim, gəlin mən sizi ötürüm." Qəribədir, qoruyucu mələyi onu həqiqətən hifz edir, pisliklərdən qoruyurdu. Hər bir cəsarətli çıxışından, xalq üçün, onun dilinin inkişafı və saflaşdırılması uğrunda yeni, mühüm bir addım atanda öncə təzliq və basqılar nəfəsini kəsər, az keçməzdi ki, yüksək dövlət ödülünə layiq görülər, yaxud daha yüksək vəzifə kürsülərinə əyləşdirilərdi... Fəxri adlarının, təltif və mükafatlarının sırası xeyli zəngindir: 3 dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni, çoxlu sayda digər orden və medallar, Beynəlxalq Nehru mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Sosialist Əməyi Qəhrəmanı, bir neçə dəfə millət vəkili statusu və s.
O,
milli ruhunu, vətəndaşlığını son nəfəsinədək
qoruyub, nəfsinin hakimi olub, fəaliyyət göstərdiyi hər
bir sahədə vicdanla, ləyaqətlə, ədalətlə
çalışıb, heç kimin haqqını əlindən
almayıb, qismətinə şərik çıxmayıb,
bir anlıq da olsa, humanist mövqeyini itirməyib, bu həddi
yalnız ermənilərlə və digər daxili və xarici
düşmənlərimizlə münasıbətdə
aşıb. Repressiya illərində çoxlarının
qarşısında tir-tir əsdiyi M. J. Bağırova
qorxmadan sözünü deməyi bacaran Mirzə müəllim
1989-cu ildə, Qarabağ hadisələrinin qızğın
çağında Moskvada, SSRİ Ali Sovetinin tribunasından
eyni cəsarət və müdrikliklə ermənilərə
sözünü deyib: "Allah bir xalqı cəzalandır-maq
istəyəndə onun ağlını başından
alır. Atdığınız addımlar sizi uçuruma
aparır".
O,
istedadlı ədəbiyyatşünas və tərcüməçi
idi...
M.İbrahimov görkəmli ictimai
xadim, istedadlı yazıçı, publisist , tərcüməçi
olduğu kimi həm də istedadlı ədəbiyyatşünas
idi. Onun 30-cu illərdən başlayaraq ədəbi və
ictimai tədbirlərdə etdiyi çıxışları,
müxtəlif qəzet və jurnallarda çap etdirdiyi dərin
mündəricəli, dolğun məzmunlu məqalələri,
kitab və araşdırmaları Azərbaycan ədəbiyyatşınaslığının
qızıl səhifələrindəndir. Azərbaycan ədəbiyyat
tarixini bütöv şəkildə öyrənməyə
çalışan alim Cənubi Azərbaycanla, orada yaranan zəngin
ədəbi irslə bağlı
çatışmazlıqları, boşluqları
görürdü. Harda, hansı vəzifəsində işləməsindən
asılı olmayaraq yalnız xalqını, onun
taleyüklü məsələlərini düşünən
və onları bacardığı qədər həll etməyə
çalışan məhsuldar alimin bütün fəaliyyətində
bu boşluqları doldurmaq cəhdləri apaydın
özünü göstərir.. Bir sıra oçerkləri,
eləcə də Cənubda və eləcə də
"İranda nəşr olunan ədəbi mətbuatın
icmalları məhz bu mərama xidmət edirdi."
XIX-XX əsrlərdə Cənubi
Azərbaycan ədəbiyyatı tarixinin, Cənubi Azərbaycan
Ədəbiyyatı Antologiyasının, klassiklər, ədəbi
şəxsiyyətlər haqqında monoqrafiyaların
yazılmasının gərəkliliyini ilk olaraq məhz Mirzə
müəllim dərk etmiş, həmkarlarını və həmçinin
rəhbərlik etdiyi AMEA-nın Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsində yetirdiyi neçə-neçə alimi
bu işə səfərbər etmişdi. Onun hələ
1939-cu ildə nəşr etdirdiyi "Böyük demokrat"
monoqrafiyası Mirzə Cəlil haqqında, ictimai-bədii
fikir tariximiz haqqında ilk fundamental tədqiqatlardan biri idi.
Maraqlıdır ki, bu əsərdə "Molla Nəsrəddin"
jurnalında geniş yer verilən Cənub mövzusu, eləcə
də jurnalın Təbriz dövrü də
işıqlandırılmış, Mirzə Cəlilin unikal fəaliyyətinə
layiqli qiymət verilmişdir. Mirzə müəllimin
"XIX-XX əsrlərin ədəbiyyatı haqqında fikirləri
ədəbiyyatşünaslıq üçün daim
maraqlı olmuş, ədəbi-nəzəri
axtarışlara, müxtəlif elmi diskussiyalara təkan
vermişdir. O, ədəbiyyatşünas olaraq Azərbaycan ədəbiyyatı
üzrə fundamental problemlərin həllində yaxından
iştirak etmiş, elmi-nəzəri istiqamətlərin
işlənib hazırlanmasında mühüm rol
oynamışdır. Hərəkatın rəhbər xadimlərindən
biri olmuşdur. Mirzə İbrahimovun Azərbaycan ədəbiyyatı
tarixinin ayrı-ayrı inkişaf dövrləri və
nümayəndələri haqqında dəyərli fikirləri
vardır. Ədibin Xaqani, Şirvani, Nizami Gəncəvi,
Marağalı Əvhədi, İmadəddin Nəsimi, Şah
İsmayıl Xətai, Saib Təbrizi, Molla Pənah Vaqif, Heyran
xanım, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə,
Mirzə Ələkbər Sabir, Mirzəli Möcüz, Səməd
Vurğun, Əli Nazim, Mehdi Hüseyn və b. haqqında
mülahizələri ədəbi-tarixi fikrin inkişafına
müəyyən təsir göstərmişdir.
Alim M.İbrahimov
saydığı Azərbaycan ədəbiyyatının tədqiqinə
"tükənməz xəzinə" folklor və
aşıq ədəbiyyatından başlayır. Aşıq
ədəbiyyatını "realist bir sənət" kimi
qiymətləndirən M.İbrahimov xalq
yaradıcılığının həm xalqın mənəvi
şüurunu, həm də bədii ədəbiyyatı
qidalandıran ən zəngin qaynaq olduğunu
görürdü." "Xəlqilik və realizm cəbhəsindən",
"Həyat və ədəbiyyat", "Gözəllik
qanunu ilə", "Ədəbi qeydlər",
"Aşıq poeziyasında realizm", "Böyük
demokrat", "Böyük satira ustası",
"Böyük şairimiz Sabir" kitablarında mütəfəkkir
alimin xəlqilik və müasirlik, ənənə və
novatorluq, müsbət qəhrəman, yazıçı şəxsiyyəti
və bədii qanunauyğunluq məsələləri,
bütövlükdə sənətin problemlərinə dair
baxışları öz əksini tapmışdır...
Mirzə İbrahimov qeyri-adi publisistik
yaradıcılığa malik idi...
O, həyata, hadisələrə və
insanlara, cəmiyyətdə baş verən proseslərə
qarşı çox həssas idi, bütün bunlara öz
baxış bucağından baxmağı bacarırdı və
münasibətini yaradıcılığın müxtəlif
sahələrində bildirirdi. Mirzə müəllim
publisist kimi fəaliyyətə 1930-cu illərdən
başlayıb. İlk olaraq yaşadığı
dövrün tələblərinə əsasən,
"Şuranı zərbəçi qüvvələrlə
möhkəmləndirməli", "İşlərimizi
bolşevikcəsinə yenidən qurmalı", "Kadrlar
kursu açmalı", "Firqəvilik və yüksək
prinsiplik uğrunda", "Qaranlıqsız və kölgəsiz",
"Yeni kadr uğrunda" adlı məqalə və
oçerklərini yazıb, partiya və sovet dövlətinin
hər bir sovet adamının qarşısına qoyduğu vəzifələri
xalqın anlayacağı bir dillə kütlələrə
çatdırıb. Onun istəkli oxucuları
da onun hər bir yazısını anlayıb və sevgi ilə
qarşılayıb, maraqla oxuyub. Onun
yazılarındakı bu publisistik təsir gücünü
artıran isə "yalnız bədiilik və məntiq
deyil, həm də yazıçı müşahidəsinin
çoxcəhətliliyi" idi (Prof. Abbas Hacıyev). Ədibin
"yaxşı adamların daxilən zənginləşməsinə,
yaradıcı əməyə, Azərbaycan təbiətinə,
sosialist münasibətlərinin ailə və məişətə
yeriməsinə, gəncliyin inqilqbi ənənələr
ruhunda tərbiyə edilməsinə" həsr etdiyi
"Yeni il, yeni arzular", "Bahar ümidləri",
"İsti su", "Sönməz işıqlar",
"Kənd lövhələri",
"Yaradıcılıq ilhamı", "Gələcəyin
sahibləri" və s. kimi publisistik yazılarında sanki məlum
olan, bir növ köhnə məzmun orijinal müqayisə, təkrarsız
detal və bədii lövhələrlə, rəqəmsal
göstəricilərin köməyi ilə yenidən
yaradıb. Lakin o, publisistik yazılarında da Güney Azərbaycanı
unutmayıb, "Təbriz səfəri", "Onlar da
günəşi görəcəklər", "Cənubi
Azərbaycanda milli demokratik hərəkat haqqında",
"Firidun İbrahimi", "Azadlıq mübarizəsi",
"Xalqın səsi" və s. məqalələrində
nəzər-diqqəti İrana, Güney Azərbaycana,
Güney xalqının həyatına, burada
"döyüşən, mübarizə aparan siniflərin,
iki ictimai qüvvənin mübarizəsinə " yönəldir.
O, əsasən kiçik həcmli oçerklər yazıb,
lakin məzmunu məna geniş və dərin olub, faktlar
danışıb, surət və personajlar dindirilib, nitq təbii
alınıb, təəssürat genişləndirilib, oxucu
mükəmməl, orijinal, şirin bir təhkiyə ilə təsvir
olunan məlumatlar alıb və nəticədə publisistik
janrın yeni, gözəl nümunələri
yaradılıb.
Bütün
bunlardan başqa, o, hər kəs üçün sadəcə
"Mirzə müəllim" idi...
O, müəllimi uşaqların bəsirət
gözünü açan, onları elmin sirlərlə dolu
cazibədar dünyasına aparan müqəddəs varlıq
sayıb, gələcəyin qarantları olan bu günün
şagirdlərini əsl vətəndaş kimi
böyüyüb formalaşdırmaq kimi ali
missiyanın daşıyıcısı kimi dəyərləndirib,
haqqında dürlü-dürlü sözlər yazıb. "Müəllimlik! Yazıçılıqdan
sonra mənim ən yüksək tutduğum bir sənətdir.
Gərək uşaqlarla o qədər həssas
olasan ki, onların ürəyindəki
qığılcımları alovlandıra biləsən,"
deyirdi sevimli qızı Sevdaya. "Ana, ata
və müəllim" adlı təsirli məqaləsini
vaxtilə "Azərbaycan müəllimi" qəzetində
dərc etdirərək təlim-tərbiyə işinin pərvanələrinə
həm də öz ehtiramını bildirib. Sevda xanımın yazdığına görə,
özü məktəbə gedəndə arıq, boyu da
balaca imiş. Məktəbə gələn
şagirdlərin də boyunu ölçürmüşlər.
Barmaqlarının ucuna qalxaraq boyunu uzadır ki,
onu da qəbul etsinlər və... ömrünün ilk ən
sevincli hadisəsi baş verir, həvəslə başa
vurduğu təhsil illəri bir-birini qovalayır. Dərin zəkası, ağlı, gücü, zəhməti
hesabına oxuyur. Müəllimlərindən
öyrənə-öyrənə özü də
dövrünün ən çox sevilən, hər kəsin
hörmət və ehtiramını haqq edən müəllimə
çevrilir. Hər kəsin sevdiyi müəllim,
hamının sevdiyi insan olmaq çox çətin, amma son dərəcə
şərəfli, uca bir məqama yetmək deməkdi. O,
məhz həmin məqama yetən, hər kəs
üçün əziz olan bir insan - "Mirzə müəllim"
idi. Sevda xanım yazır ki, sənətimi mənə
atamla, müəllimlərim sevdirib. Atam
sevilən yazıçı olmaqla yanaşı, həm də
gözəl, sadə, son dərəcə gözütox bir
insan idi. Bizim ailədə
israfçılığa, şöhrətpərəstliyə
meyl olmayıb. "Qızım, otur,
işlə, əsl səadət - yaradıcılıqdır.
İşdən gözəl bir şey
yoxdur" - atamın həmişə mənə dediyi
sözlər idi.
O insan xoşbəxt hesab olunur ki,
ölümündən sonra da yaşayır. Ölümündən
sonra onu yaşadansa yaratdığı əsərlər,
yazdığı kitablar, böyüdüb boya-başa
çatdırdığı, şəxsiyyət kimi
formalaşdırdığı övladları olur. Onu
tanıyanlaın sadəcə "Mirzə müəllim"
deyə çağırdıqları böyük
insan-yazıçı, publisist, alim, vətəndaş, şəxsiyyət
olan Mirzə İbrahimov bu xoşbəxtliyə elə
sağlığındaykən qovuşmuşdu, çünki
çox-çox gərəkli alimlik fəaliyyəti boyunca, həm
də onlarca mənəvi övlad yetişdirmişdi...
böyük əməllərini, misilsiz işlərini, arzu və
istəklərini bu dünyada olmadığı zamanlarda da
davam etdirə biləcək ağıl, savad və mərifətdə...
Esmira Fuad (Şükürova),
Filologiya üzrə fəlsəfə
doktoru,
Mirzə İbrahimov adına Kitab
Fondunun sədri
Ədalət.-2011.-11 noyabr.-S.4.