"ŞAHZADƏ"
DÜNYANI GƏZİR
(regionlarda yeni adətlər)
... Bu gözəl bayrama qovuşub, bu gözəl anların sevincini yaşayıb günün nə vaxt bitdiyini hiss etmirsən. Ancaq sən istədin-istəmədin hər şeyin bir sonu, qurtaracağı var. Təkcə xatirələrdən başqa... Bəlkə də bəşəriyyətin kino, televiziya, internet ixtirası elə insanın təfəkkürünün bu nöqtəsindən başlayıb. Çünki mən indi rahatca, heç bir videoreportaja, sənədli filmə, digər görüntülərə baxmadan, təkrar-təkrar seyr etmədən xəyallarımla da altı il bundan əvvələ qayıda bilirəm.
Siz Göyçayda keçirilən
ilk Nar bayramını xatırlayırsınızmı? Necə
möhtəşəm və unudulmaz bir şölən idi.
Meyvələr şahının vətəni miqyasına və
iştirakçısının sayına görə belə
şənlik və təntənə
yaşamamışdı.
Yüzlərlə qonaq, minlərlə
iştirakçı, tamaşaçı... Və saat 11-dən
başlayıb günboyu davam edən rəngarəng bayram tədbirlərinin
sevinci, coşğusu. Onda hamı söz açdı, hamı
arzuladı ki, Göyçayın rəmzi sayılan narın
adına keçirilən bu bayram ənənə şəklini
alsın, hər il eyni təravətlə bir daha yaşansın.
Çünki qəlblərdə unudulmaz bir təəssürat
oyatmışdı, yurdsevərliyin və qonaqpərvərliyin
özünəməxsusluğunu isitmişdi...
Arzu və istəklər gerçəkləşdi.
Nar bayramı ötəri xarakter almadı. Əksinə,
özünün simvolik ruhundan çıxıb daha geniş,
daha əzəmətli məna daşıdı. Bu bayram
düz 6 ildir ki, az qala bütün respublikanı bir yerə
toplayaraq ölkədə aparılan quruculuq işlərinin,
sosial-iqtisadi inkişafın sevincini, qürurunu
paylaşır. Əsl zəhmət, birlik, yüksəliş
bayramı kimi də yaddaşlara köçür.
Mən götürdüyüm
qeydlərimə baxa-baxa, yaddaşımı bir lent kimi irəli-geri
ötürə-ötürə bu reportajı hazırlayarkən
çöldə qar yağmaqdadır. Bu dəfəki Nar
bayramı Qurban bayramı ərəfəsinə
düşdüyündən bu səbəbdən qəzetlərin
də 4-5 gün istirahət etdiyindən, mən də
yazımı iş başlayana yaxın qələmə
almağı üstün tutmuşdum.
... Ancaq həmin gün
Göyçayda payız günəşi bərq vururdu. Şəhər
başdan-başa al-əlvan bayram libasına
bürünmüşdü. Hardan baxsan, hardan keçsən
bu gözəlliyin, bu təmtərağın əsirinə
çevrilirdin. Göyçayın ikinci bir rəmzi olan xan çinarların
günəşdən qızarmağa,
"alışıb-yanmağa" başlayan
yarpaqları da sanki bu büsatı özünəməxsus
pıçıltılarla vəsf edirdi.
"Şahzadə"nin şərəfinə bütün şəhər
nağıllı, nəğməli xoş
bir tilsimə düşmüşdü sanki...
Qədim Şirvan elinin gündən-günə
abadlaşan, inkişaf edib müasirləşən
Göyçay şəhəri həmişəki əhval-ruhiyyədədir.
Şəhərin giriş qapılarından tutmuş mərkəzə
doğru bütün küçə və meydanlar, park və
bağlar al-əlvandır. İnsanların
üz-gözündəki sevincin başqa səbəbləri də
var. Sakinlər indi modern bir şəhərə çevrilən
doğma Göyçayın qürurunu yaşayırlar.
Bütün bunlar Dövlət
Proqramlarında da qarşıya qoyulmuş vəzifələrin
uğurlu həllinin, sosial-iqtisadi yüksəlişin və
başqa fərəhli amillərin göstəricisidir. Yəni
bu bayramlar, bu şənliklər Göyçayın halal
haqqıdır.
... Bütün şəhər əhalisi,
rayonun yaxın-uzaq kəndlərindən gələn dəstə-dəstə
insanlar Göyçayı dünyada məşhurlaşdıran
bu möcüzə meyvənin şəninə, şöhrətinə
üz tutublar. Addımbaşı qələbəlikdi. Saat
12-yə qalmış qonaqlar Heydər Əliyev prospektinə
açılan geniş meydana daxil olurlar. ABŞ-ın ölkəmizdəki
səfiri Metyu Brayza, eləcə Rusiyanın, Ukraynanın,
Qazaxıstanın və başqa dövlətlərin də səfirləri,
Milli Məclisin üzvləri, dövlət məmurları,
rayonlardan gəlmiş icra hakimiyyəti başçıları
və nümayəndə heyətləri, tanınmış
elm və mədəniyyət xadimləri, Bakıda və
respublikanın digər şəhər və rayonlarında
yaşayıb-çalışan göyçaylılar... Həmişəki
kimi Rusiyada yaşayan məşhur iş adamı, milyarder Fərhad
Əhmədov da hörmətli qonaqlar arasındadır.
Milli paltarlar geyinmiş oğlan və
qızlar qonaqlara nar şirəsi və nar məhsulları təklif
edirlər.
Eyni vaxtda proqrama uyğun müxtəlif
tədbirlər bir-birini əvəz edir. "Göyçayım"
mahnısının sədaları ətrafa yayılır.
Uşaqlar qonaqlara bayram bukletləri, döş
nişanları paylayırlar.
Nar maketi açılır,
şarlar səmaya uçur...
Şahzadə
Nar meydana daxil olur...
"Yallı"
rəqsi... Və nar meyvələrinin bəhsi...
Musiqi məktəbi şagirdlərinin
çıxışları...
Nar sərgilərinə
baxış...
"İrəli"
Gənclər İctimai
Birliyinin təqdimatı...
"Yaşa
kitab" sərgisi.
Və Heydər Əliyev Mərkəzinin qarşısında
Ulu Öndərin abidəsi önünə
gül dəstələrinin
qoyulması, ümumxalq
ehtiramının qürur
anları...
Sonra Nar bayramı münasibəti
ilə keçirilən
xüsusi mərasim.
İlk olaraq Göyçay
Rayon İcra Hakimiyyətinin
başçısı Mənsur
Məmmədov çıxış
edərək qonaqları
və bütün bayram iştirakçılarını
salamlayır. O, rayonun
sosial-iqtisadi və mədəni yüksəlişinə
xüsusi qayğı
və diqqət göstərən Azərbaycan
Respublikasının prezidenti
İlham Əliyev cənablarına göyçaylıların
dərin minnətdar olduqlarını bildirir.
ABŞ-ın, Rusiyanın, Ukraynanın, Qazaxıstanın
ölkəmizdəki səfirləri
çıxış edərək
ürək sözlərini
söyləyirlər.
Hörmətli millət vəkili
Fəttah Heydərovun
çıxışı bayram
iştirakçıları tərəfindən maraqla
qarşılanır. Hamının ziyalı bir insan kimi tanıdığı
Fəttah müəllim
göyçaylılara sevinc
dolu günlər, gözəl bayramlar arzulayır.
Azərbaycan Yazıçılar
Birliyinin sədri Anar da qonaqlar arasındadır. Eləcə
çoxdan tanıdığımız millət vəkilləri
Şəmsəddin Hacıyev, Ceyhun Osmanlı, Sabir
Hacıyev...
Bayram tədbirləri davam edir.
Aş, nardança, kətə, yuxa, narşərab, nar
şirəsi hazırlanmasına, rəssamların nara həsr
olunmuş işlərinə baxış...
Qonaqların ənənəvi rəmzi
nar ağacı əkməsi...
"AzNar"ın məhsullarından
ibarət sərgiyə baxış...
Gözbağlayıcıların,
aşıqların çıxışları, nar sıxmaq,
nar yemək, tez və gözəl formada nar kəsmək
yarışları və qaliblərin
mükafatlandırılması...
Rayon idmançılarının və
pəhləvanların göstəriləri...
Teatrlaşdırılmış
folklor nümunələri...
Həmişəki kimi geniş
proqramlı bayram konserti.
Sonda isə atəşfəşanlıq.
Məzahir
ƏHMƏDOĞLU,
Azərbaycan
Respublikasının
Prezidenti
yanında kütləvi informasiya
vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun
maliyyə
yardımı ilə
Ədalət.-2011.-11
noyabr.-S.6.