Qədim Şəki yeni mərhələdə

 

   Ötənlərin acı təəssüratı

  

   Mən ölkəmizin ən qədim şəhərlərindən biri olan Şəki haqqında əvvəllər çox söhbət açmışam. Şəkinin tarixi keçmişindən, tarixi abidələrindən, özünəməxsus koloritindən necə həvəslə, fəxrlə danışmışamsa, onun məhz müstəqillik dövründəki ləng inkişafından, burada baş verən xoşagəlməz hadisələrdən bunun əksi olaraq ağrı-acıyla, ciddi naraharçılıqla yazmışam. Çünki o dövrlər bir məsələdə şəkililərin heç bəxti gətirmədi. Rayona rəhbərlik edənlər problemləri həll etmək, abadlıq-quruculiq işlərini yüksəltmək, camaatla birgə olmaq əvəzinə, yumşaq desək, səhv yol tutdular. Hər şey bir yana, şəkililərin uzun illər davam edən haqlı şikayətləri olub: "Ətraf rayonlardakı quruculuq işlərinə baxıb utanırıq, xəcalət çəkirik..."

   Elə bu səbəbdən də ölkə rəhbərliyi səviyyəsində ciddi tədbirlər görüldü.

 

   Halal çörək ağır miras

 

   ...Bəzən tam təsəvvür üçün mütləq səbəb yaranır da. Bu dəfə də belədir. Və elə bir şəhərin, elə bir elin yaşamından, reallıqlarından söhbət gedir ki, bu tamamilə vacibdir. Şimal-qərb bölgəsinin forpostu olan Şəki bütün anlamlarda fenomendir. Özünün qədimliyi, tarixi qəhrəmanlıq səhifələri, dövlətçilik (xanlıq) ənənələri, Çələbi, Səbuhi, Aydın, Bəxtiyar ruhu, şöhrəti ilə. Həm də rayonda yaşayan insanların zəhmətkeşliyi, təbiətə eynən elitar mədəniyyətə bağlılığı və... yumoru ilə. Bəlkə də şirin ləhcəsi qədər rəmzə çevrilən orijinal məzəsiylə. Koloritin üst qatında isə örnək olası bir xüsusiyyət də yaşanmaqdadır. Şəki bütün mənalarda çörəkli şəhərdir. Sadəcə bu çörəyin halallığını qorumaq gərəkdir.

 

   Şəkililərin üzünü güldürən səbəb

 

   ...İndi şəkililər şəhərdə və kəndlərdə aparılan abadlı-quruculuq işlərini gələn qonaqlarına həvəslə göstərirlər, daha ətraf rayonların modern inkişafına həsədlə baxmırlar. Bir sözlə, bütün Şəki Ağstafa rayonundan Şəki şəhər rəhbərliyinə gətirilən Elxan Usubovun fəaliyyətindən razılıq və arxayınçılıqla danışırlar. Böyük Şəki bu günlər böyük bir tikinti meydanını xatırladır. Elə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun söylədiyi kimi: "Cənab Predzidentin qayğı və diqqəti bizi daha yaxşı çalışmağa ruhlandırır..."

   Göstərilən yüksək etimadı layiqincə doğrultmağın ən düzgün yolu da məhz bu cür seçilir. İşgüzarlığın, sadəliyin, səmimiliyin, vətənsevərliyin məntiqi nəticəsi olaraq .

   Prezident Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam da imzalayıb.

   Sərəncamda şəhərin milli-memarlıq üslubunun qorunub saxlanması, turizm potensialının genişləndirilməsi, tarixi abidələrin qorunub saxlanması və bərpa olunması, xalq tətbiqi sənətinin daha da inkişaf etdirilməsi nəzərdə tutulur.

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında cənab Prezident regionların sosial-iqtisadi inkişafı məsələlərinə toxunaraq demişdir: "Azərbaycanın tarixi şəhərlərinin yüksək səviyyədə abadlaşdırılması üçün mənim tərəfimdən bu yaxınlarda sərəncamlar verilmişdir. Şəki və Şamaxı şəhərlərinin abadlaşdırılması ilə bağlı hər birinə 5 milyon manat vəsait ayrılmışdır.

   Bu, ilkin ödəmələrdir, bundan sonra da olacaqdır. Hər bir rayon, hər bir kənd mənim üçün əzizdir, doğmadır. Ancaq ölkəmizdə elə şəhərlər var ki, onların adları qədim xəritələrdə göstərilir. Bu şəhərlərə orada olan tarixi abidələrə əlbəttə ki, xüsusi diqqət göstərilməlidir.

   Tarixi şəhərlərimizi biz elə bərpa etməliyik ki, qədimliyini , simasını da saxlasın, eyni zamanda, müasirləşsin gəncləşsin".

   Bu bir daha onu göstərir ki, Prezident bütün tarixi şəhərlərə, o cümlədən, Şəkiyə böyük qayğı diqqət göstərir. Şəhərin tarixi simasını saxlamaq şərti ilə müasirləşdirilməsi ən mühüm vəzifələrdən biridir.

 

   Dövlət proqramlarının icrası

 

   2011-ci ilin 9 ayında istehsalın əsas sahələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə 256 milyon 656 min manatlıq məhsul buraxılmışdır ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 45,9 faiz çoxdur.

   Adambaşına faktiki qiymətlərlə 1464 manatlıq məhsul istehsal olunmuşdur. 2011-ci ilin 9 ayında pərakəndə əmtəə dövriyyəsi 177 milyon 663 min manat olmuşdur ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 22,2 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 38 milyon 20 min manat olmuşdur.

   Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2010-cu ilin müvafiq dövrünə nisbətən 12,4 faiz artmışdır. Buraxılmış məhsulun 20 faizi dövlət, 80 faizi isə qeyri-dövlət mülkiyyətinin payına düşür. Rayonda 2011-ci ilin 9 ayında 941 yeni iş yeri açılmışdır.

   Yeni açılmış iş yerlərinin 18,4 faizi yeni yaradılmış müəssisə və təşkilatların, 14,8 faizi mövcud müəssisə və təşkilatların, 66,8 faizi isə fiziki şəxslərin payına düşür. Rayon üzrə 2011-ci ilin 9 ayında orta aylıq əmək haqqı 209 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz çoxdur.

  

 

   (ardı gələn sayımızda)

 

   Məzahir Əhmədoğlu,

   Azərbaycan Respublikasının

   Prezidenti yanında kütləvi informasiya

   vasitələrinin inkişafına dövlət dəstəyi fondunun

   maliyyə yardımı ilə

 

   Ədalət.-2011.-11 noyabr.-S.6.