ALLAHI
QATİL EDƏNLƏR
Roman
(Əvvəli qəzetimizin 5 noyabr sayında)
Bu vaxt çavuş ona
yaxınlaşdı:
- Yoldaş mayor, yoldaş Polkovnik
sizi zabit yeməkxanasında gözləyir.
Müstəntiq:
- Deyin ki, yeməkdən sonra gələcəm,
uşaqlarla söhbətləşirəm. - dedi, sonra
üzünü uşaqlara tutdu;- İndi söyləyin
görüm, onu yaxşı tanıyırdız?
- Əlbəttə, neçə
ay idi bir yerdə, bir taqımda qulluq edirdik.
- Düzdü, o, tikinti batalyonunda
olsa da axşamlar bizim yanımızdaydı. Bizi başına
yığıb elə şeylər danışırdı
ki, adam az qalırdı durub düşmən üstə gedə.
- Qatilə oxşayırdı?
- Siz nə
danışırsız, qətiyyən. Çox savadlı,
ağıllı oğlan idi. O boyda universitet bitirmişdi, aspirant idi, tarixi də əzbər
bilirdi.
Üzbəüz oturmuş əsgər:
- Ağsaqqallar da onunla
hesablaşırdı, dədələr də ona hörmət
edirdi.
Müstəntiq:
- Bəs necə oldu ki, belə bir
oğlan birdən-birə qatilə çevrildi. Axı mütləq bunun bir səbəbi
olmalıdı, ya yox?
Əsgərlər
bir-birlərinə baxdılar, dərhal hiss elədi ki, bu sual
onları qorxutdu. Ortaya bir sükut
çökdü.
Müstəntiq başa
düşdü ki, hələ bu sualın vaxtı deyil,
qalxdı ayağa:
- Yaxşı, nuş olsun! Mən
özüm qəsdən bu stulda oturub, bu boşqabda yemək
yedim ki, biləsiz, sizə söz verirəm, bir də bu yeməkxanada
heç bir yoldaşınızın stulu boş qalmayacaq! -
dedi və keçdi zabitlərin yeməkxanasına.
Polkovnik Qərargah Rəisi
ilə bir stolda çay içirdi. Hər
ikisi qalxdı ayağa, ona yer göstərdilər.
Qərargah Rəisi:
- Yeməyə bir şey gətirsinlər?
- Sağ olun, əsgərlərlə
bir-iki loxma yedim. Bir stəkan çay pis olmaz.
Qərargah Rəisi
ona çay süzdü.
Polkovnik
gözünün birini qıyıb qəribə bir nəzərlə
onu süzdü. Bu qıyqacı, bu qəribə
baxışda bir özündən razılıq vardı:
- Hə, yoldaş müstəntiq,
işlər necə gedir? Tamamlayırsız, ya
yox? Yuxarıdan da gündə neçə
dəfə zəng edib maraqlanırlar.
Polkovnikin özündənrazı
qıyqacı baxışı Müstəntiqin nəzərindən
qaçmadı, amma özünü onda qoymadı:
- Mənə də zəng
etmişdilər.
Polkovnik:
- Problem yoxdur ki? Qaranlıq bir məsələ
varsa, deyin, nə kömək lazımdır edək. Yuxarıdakılar zəhləmizi çox tökməsinlər.
Müstəntiq
özünü elə göstərdi ki, guya fikrə getdi, əslində
Polkovnikə baxırdı və onun ürəyindəkiləri
oxumaq istəyirdi. Polkovnik isə heç nə
olmamış kimi çox soyuqqanlı və arxayın idi:
- Yaman fikrə getdin? Deyəsən çətinə düşmüsən?
- Yox, elə bir çətin
iş yoxdu. Şahidlərin ifadəsini
alıram, bir də ekspertlərin rəylərini gözləyirəm.
Uzağı on-on beş günə
qurtarar.
Polkovnik qalxdı və dedi:
- Yaxşı, mən şəhərə
gedirəm, istəyirsiz sizi də apara bilərəm.
- Yox, sağ olun, siz gedin, mənim
hələ bəzi görüləsi işlərim var.
Polkovnik
sağollaşıb getdi, ikisi qaldı.
- Rəis, siz həmişə belə
qaraqabaqsız?
Qərargah Rəisi zarafatla:
- Yox, niyə, hərdən
gülürəm də.
- Rəis, siz nə deyirsiz bu məsələyə?
- Dostum, gecdi, özü də
çox gecdi. İki ay bundan əvvəl əsgər
özünü güllələyəndə, o cinayəti
ört-basdır etməsəydilər, indi bu faciə baş
verməzdi. İndi mən döydüyüm Batalyon
Komandiri də sağ idi, əsgərlər də, o bədbəxt
Akademik də. Həmin vaxt mən müstəntiqə dedim ki,
bizim hamımız günahkarıq. Nə oldu?
İndi siz nə edəcəksiz ki?! Kimə və nəyi sübut edəcəksiz? Açıq bir işdi, əsgər dörd
yoldaşını güllələyib, sonra da intihar edib.
Ortada ekspertizanın rəyləri, sizin ifadələrini
almaq istədiyiniz şahidlər də hamısı bir-birlərinin
ağzına tüpürmüş kimi sizin bildiklərinizdən
başqa bir şey söyləməyəcəklər.
- Bəs siz?
- Mən?!
Qərargah Rəisi
bir siqaret çıxartdı, amma bir qədər əsəbləşdiyindən
nə qədər elədi alışqanı yandıra bilmədi,
qonşu stoldan bunu görən bir zabit qalxdı və gəlib
onun siqaretini yandırdı, öz alışqanını da
qoydu stolun üstə. Qərargah Rəisi başı ilə
təşəkkür elədi və sonra siqaretin acı
tüstüsünü acgözlüklə sinəsinə
çəkdi:
- Bəlkə sizdən sənə
keçəkg
Müstəntiq:
-
Çox yaxşı, bir az rəsmiyyətdən
uzaqlaşaq.
Qərargah Rəisi:
- Dostum, əgər bu hərbi
hissədə ən adi bir hadisə baş verirsə komandirdən
əvvəl birinci elə mən məsuliyyət
daşıyıram. Hissədəki əməliyyat
şəraitinə, əsgərlərin
hazırlığına da, təlim-tərbiyəsinə də
bilavasitə mən cavabdehəm. Son aylarda
baş vermiş hər üç ölüm hadisəsinin
günahkarlarını axtarırsansa biri oturub qarşında.
İstəyirsən inan, istəyirsən inanma, çox istərdim
sən bu işi sonacan araşdırasan, bu cinayətlərin
kökünü tapasan və kim məsuliyyət
daşıyırsa, içi mən qarışıq, məsuliyyətə
cəlb edib, qandallayasan. Bəlkə hamıya bir dərs ola. Onda deyərəm müstəntiqsən
və onda o ölənlərin də qanı yerdə qalmaz.
Buna gücün-qüdrətin çatarmı?
Şəxsən mən inanmıram!
Müstəntiq güldü:
- Düzü mən də buna
gücüm çatacağına inanmıram. Amma
sizə söz verirəm, dünya dağılsa da axıradək
gedəcəm.
- Cavan oğlansan, gələcəyin
qabaqdadı, özünü bərkə salma. Onsuz
da imkan verməyəcəklər.
- Kim imkan verməyəcək?
- Səni bura göndərənlər!
Durub yeməkxanadan
çıxdılar.
Qərargah Rəisi:
- Şəhərə
gedəcəksənsə bir azdan tikintidə işləyən
əsgərləri gətirməyə maşın gedəcək,
onunla gedə bilərsən. Sonra
maşın olmayacaq, bura solaxay yerdi.
- Narahat olmayın, burda qalacam.
- Onda gecə gələrsən bizə,
mən tək qalıram, yaxşı içkilərim də
var, vurub dərdləşərik.
- Gələrəm, vurub dərdləşərik.
Ayrıldılar.
Müstəntiq qayıtdı onun üçün
ayrılmış iş otağına və yenidən
qovluqları tökdü stolun üstə.
***
Akademik Polkovnikin
kabinetinə daxil olanda gördü Batalyon Komandiri də
içəridədi, qauptvaxtın qurutduğu dalağı
sancdı. Farağat dayanıb hərbi salam
verdi:
- Cənab Polkovnik, sıravi əsgər...
Polkovnik qalxdı ayağa:
- Azad!-
yaxınlaşdı Akademikə və sonra döndü Batalyon
Komandirinə; - Bu Akademikdi, aspirantdı, nədi, deyirsən
yenə əmrlərə tabe olmur, yenə əsgərləri
yoldan çıxarır?
- Bəli, yoldaş Polkovnik!
Polkovnik zəhmli
baxışlarıyla Akademiki başdan ayağa süzdü,
amma hiss elədi ki, bu sıravi əsgər başqaları
kimi onun zəhmli baxışlarından çəkinmədi,
ona görə səsinin gur yerinə salıb dedi:
- Bura bax, Akademik, eşitdiyimə
görə özün də nizamnaməni əzbər bilirsən,
hüquqşünassan. Əmrə tabe olmamağın, əsgərlər
arasında xoşa gəlməyən
şeylər haqqında təbliğat aparmağın cəzasını
da yəqin ki, yaxşı bilirsən?!
- Yoldaş Polkovnikg
- Sənə hələ söz
verməmişəm. Bu qulaqlarını aç, - istədi
başqa əsgərlərin qulağından tutduğu kimi
Akademikin də qulağından tutsun, amma Akademikin
qırımını görüb, əlini geri çəkdi:
- yaxşı eşit. Mən sənin
yaşına və təhsilinə hörmət elədim.
Səni səngərə soxmadım, posta
göndərmədim, saldım tikinti batalyonuna. Bəs bu yaxşılığa sənin cavabın nə
oldu? Yuxarılara şikayət yazmaqdan
yorulmadın. İndi də tikintidə
qiyam qaldırırsan. İndi biz səninlə
neyləyək?
Akademik əvvəlcə istehza ilə
Batalyon Komandirinə baxdı, sonra yenidən farağat vəziyyəti
alıb dedi:
- Güllələyin, qurtarıb
getsin!
Elə bil Polkovniki ilan
çaldı, necə çığırdısa Batalyon
Komandiri qorxdu:
- Qauptvaxta! Beş gün!
***
Akademikin yenidən qauptvaxta
salındığını eşidən tağım
yoldaşlarından kimisi dilxor oldu, kimisi ona qahmar
çıxdı, kimisi də əsəbləşdi:
- Nə istəyir ey bu?!
Başını sal aşağı, əsgərliyin çək
də!
- Beş-altı kitab oxuyub, elə
bilir hamıdan ağıllıdı. Ora-bura
şikayət yazır, əziyyətini biz çəkirik.
- Səfehin biri səfeh. Sənə
deyirlər tik- tik də, nə borcuna kazarma tikirsən, yoxsa
villa
Başqa birisi qahmar
çıxdı:
- Ə, yekə
kişisiz, arvad kimi qeybət eləməyin. Kişinin oğlu bizim kimi qoyun deyil də. Deyir mən bura Vətənə qulluq eləməyə
gəlmişəm, çobanlıq eləməyə, nökərçilik
eləməyə yox. Sən, mən arvad
kimi qorxub susuruq, amma o qorxmur, bizim də haqqımızı
qoruyur.
Qeybət eləyənlərdən:
- Biz əsgərik, komandirlərin əmrlərinə
sözsüz əməl etməliyik. Əmr
müzakirə edilmir.
- Bəlkə komandir əmr elədi
ki, təpənə bir güllə vur, vuracaqsan?
- Yox!
- Bəs deyirdin əmr müzakirə
edilmir?!
- Baxır əmrə də.
- Onda otur yerində, danışma.
- Ə, səsinizi kəsin,
çavuş gəlir.
***
Akademikə həmişə
qahmar çıxan Ağsaqqal gəldi Qərargah Rəisinin
kabinetinə.
- Yoldaş Polkovnik, müraciət
etmək olar?
- Buyur.
- Yoldaş Polkovnik, Batalyon
Komandirinin fitvasıyla Akademiki yenə qauptvaxta saldılar. Siz əsgərlərin atası sayılırsız,
kömək edin.
- Əsgər, hamınız
bilirsiz ki, mən də Akademikin xətrini çox istəyirəm,
amma bu dəfə kömək edə bilməyəcəm. Çünki
cəzanı məndən vəzifəcə böyük
şəxs verib. Çalışaram Polkovniklə
danışım. Akademik də dilinə yiyəlik eləmir.
Day mən də yorulmuşam onu müdafiə etməkdən,
gücüm çatmır. Buranın yiyəsi mən deyiləm
ey, Komandirdi. Mən olsaydım indi burda yox, o dağların
başındaydıq! - deyib əli ilə düşmən əlində
olan bir gülləlik məsafədə doğulduğu
dağları göstərdi.
***
İtlər əvvəlcə izi
tutub sevinclə hürüşə-hürüşə
meşənin içindən keçən kiçik dağ
çayına çatanda səslərini kəsdilər və
vurnuxmağa başladılar. Çayın kənarında
ora-bura sümsünüb nə qədər iyləsələr
də istədikləri qoxunu tapa bilməyib zingildədilər.
Üzüyuxarı
inandırıcı görünmürdü, cəbhə xətti
idi.
İzi tapmaq üçün
üzü çay aşağı axtarmağa
başladılar və yenidən at izlərinə rast gəldilər.
İtlər axtardıqlarını tapdıqlarından
atılıb-düşdülər və hürüşə-hürüşə
irəli cumdular, polislər də itlərin ardınca. Bu iz
onları meşədən bir yamaca çıxartdı. Bura
örüş yeri idi, xeyli qoyun-quzu, mal-qara otlayırdı.
Bir qədər aralıda isə bir neçə at
cidarlanmışdı. İtlər hürə-hürə
atlardan birinin üstünə cumdu. İtlərin qəfil
hücumundan hürküb canını qurtarmaq istəyən
at fınxıra-fınxıra qoşa təpik ataraq
özünü qorumağa çalışırdı.
Bir az
aralıda dirədöymə oynayan uşaqlar itlərin
hürüşməsinə dayandılar, meşədən
çıxan polislər itləri sakitləşdirməyə
çalışırdılar. Uşaqlar maraqla
götürüldülər polislərə tərəf.
(Ardı növbəti şənbə sayımızda)
AQİL
ABBAS
Ədalət.-2011.-12
noyabr.-S. 5.