"Orda
darıxmırsan ki, Qədir?"
Tofiq
Abdin Qədir Rüstəmov haqqında
Yetmişinci
illərin sonuna gedirdik və mənim müğənnni Qədir
Rüstəmov haqqındakı yazım Mərkəzi Komitədə
bir məsul şəxsin əlinə keçmişdi. Daha
doğrusu, yəqin ki, tələb etmişdilər ki, nömrəyə
baxaq və Anar da məcbur olub həmin nömrəni göndərmişdi.
Təsadüf elə gətirmişdi
ki, belə məqamlardan birində mən Anar müəllimin
otağında idim, telefon səsləndi (tam təsadüf
vallah, bir məqamdır bu) və hal-əhvaldan sonra (təbii
bir giriş) yavaş-yavaş danışığın tonu dəyişdi
və mən Anar müəllimin sifətinin cizgilərindən
nəsə ağrılı bir şey baş verdiyini
gördüm. Mən yalnız Anar müəllimdən
eşitdiklərimin şahidiyəm. Sonradan məlum olacaq ki, bu
danışıq mənim "Orda darıxmırsan ki, Qədir"
yazım haqqındaymış. Uzun bir göstərişdən
və nə bilim, daha nələrdən sonra Anar müəllimin
səsinin tonu bir az da dəyişir və məndə təəccüb
doğuracaq bir əsəbiliklə: "Hələlik bu
jurnalın baş redaktoru mənəm və burada gedən
yazılara mən cavabdehəm və kimin haqqında nə
böyüklükdə yazı verilməsini mən həll
edirəm. Nə zaman siz burada otursanız, o zaman dediyiniz
şeyləri eləyərsniz. Başqa sözünüz
yoxdur kig"
Zaman dəyişir və insanlar da
dəyişən zamanı yaşamaq məcburiyyətində.
Ona görə də bir çox şeylər eroziyaya
uğradı, bir çox şeylər unuduludu, amma biz nə qədər
yaddaşsız millət olsaq da, unudulmayan şeylər var.
Bunu da danmaq olmaz.
***
"Orda darıxmırsan ki, Qədir?"
Mən müğənni Qədir
Rüstəmov haqqında yazmaq istəmirəm. Bu bəlkə
də sərt deyilmiş yalandır. "Bəlkə" deyirəm,
ona görə ki, ürəyimin ən gizli, ən uzaq guşəsində
bu istək yaşayır: istəyirəm ki, bu müğənni
(epitetləri saxlayaq sonraya) haqqında yazam.
Bəs onda nə üçün
bu yazını etirazla başladım? Yazmaq istəmirəm. Bu
həqiqətdi. Ancaq yazmağa məcbur eləyirlər. Daha
doğrusu, etibar eləyirlər ki, Qədir Rüstəmov
haqqında məhz mən yazım. Deyirəm: yaza bilmərəm!
Deyirlər: yox yazmalısan!
Niyə belə deyir onlar? Niyə belə deyir o adam?
Bəlkə ona görə ki, mən
Qədir Rüstəmovu daha yaxşı tanıyıram. Ancaq
mənə elə gəlir ki, bu deyim, bu ifadə düzgün
deyil. Mən onu yaxşı tanımıram. Əgər
yaxşı tanısaydım, heç şübhəsiz, onun
haqqında yazmağa qəti etiraz edərdim. Ona görə ki
ən yaxşı bələd olduğum, yaxşı
tanıdığım adamlar haqqında çətinliklə
yazıram. Və bu yazılar çox vaxt uğursuz
alınır.
Bir də məni qorxudan, bax, bu
etibardır. Mənə etibar edirlər, üstəlik də
deyirlər: sən yaxşı yazacaqsan!
Nə deyirəm: İlahidən
bir istəyim var, bu yazı xoşa gəlsin, bu gözəl
müğənninin adına layiq olsun!
Əslində, Qədir Rüstəmov
haqqında yazmağa mənim dəfələrlə
imkanım olub. Hər dəfə də mən boyun
qaçırmışam. Əvvəllər özümü
bu müğənni haqqında yazmağa hazırlıqlı
hesab eləmirdim. Qədir Rüstəmov haqqında zəif
yazan müəlliflərə mənim acığım tuturdu.
Mən onun adına layiq - Qədir Rüstəmovun yox,
müğənni Qədir Rüstəmovun adına layiq
yazını başa gətirəcəyimə inana bilmirdim, bu
sətirləri də yaza-yaza, yenə də inana bilmirəm.
Onun oxuması o qədər bənzərsizdir ki, mən Qədir
Rüstəmov haqqında zəif yazı ilə neçə-neçə
nəslin əzizlədiyi, piləyə-piləyə səslərini
qoruyub saxladıqları, şüşə kimi sınamaqdan
gözlədikləri ulu ustadların ruhuna, məhz ruhuna xəyanət
etmiş olardım. Qədir haqqında yazmaq xatirələri
oyatmaq, olmuşları yada salmaq, üstündə otlar göyərmiş,
üstünə ulu nəğmələr çilənmiş
və bu nəğmələrdən səslər göyərmiş
məzarların (əgər tapa bilsəniz) ziyarətinə gəlmək
deməkdir.
Qədir Rüstəmov haqqında
yazmaq fəsil-fəsil, il-il geriyə dönmək - bu fəsillərdə,
bu illərdə mərdanəlik, kişilik və hər
şeydən əvvəl azərbaycanlılıq axtarmaq deməkdir.
Elə azərbaycanlılıq ki,
utanmadan, çəkinmədən çuxada, buxara papaqda, əldə
dəf xanım-xatın Paris qadınlarının,
qeyri-adiliyilə seçilən Paris sənətinin
qarşısında bir vaxt meydan sulayıb.
Qədir Rüstəmov haqqında
yazmaq mənim üçün hər şeydən əvvəl
məhəbbətdən, sevgidən yazmaq deməkdir.
Oxşamalardan, bayatılardan, ağılardan, toylardan, yaslardan
yazmaq deməkdir.
Bura qataq Vətən sevgisini də,
el sevgisini də...
Qədir Rüstəmov haqqında
yazmaq, ilahi, necə də çətindi! Niyə belə
çətindi?!
"Sən onu yaxşı
tanıyırsan!"
Bəlkə də bəxtin gətirməyidi.
Bəlkə də təsadüfdür. Hər halda belədir.
Mən Qədir Rüstəmovla qonşu olmuşam.
Bir işığın
aydınlığında axşamlamışıq.
Bir ulduzun işığında gəzmişik.
Bir şəhərin gecəsində
gecələmişik, bir şəhərin gündüzündə
axşamlamışıq.
Və nəhayət, günlərin
birində rastlaşmışıq. Rastlaşmışıq
ki, balam, biz ki, qonşuyuq. Ancaq o vaxtadək, nə mən onu
tanımışam, nə də o məni. Onun məni
tanıması bir o qədər də vacib deyil. İndi mən
ona yanıram ki, biz qonşu ola-ola, onu gec tanımışam.
...İlk dəfə onun
adını başqasından eşitdim. İşlədiyim
redaksiyada cavan müğənnilərin təqdim məsələsindən
danışılanda, onun da adının tərəfində
duranlar oldu. Onu qiyabi bizimlə tanış eləyən əməkdaş
dedi: mütləq, mütləq yazmaq lazımdır.
Cabbarı eşitmisinizmi? Lap Cabbarın özüdür. Səsində
ululuq! Doğmalıq! Mərdanəlik! Və bir də sadəcə
olaraq (o, sözünə ara verdi) Gözəllik var!
Mənə elə gəldi ki,
müqayisə eləmək üçün elə bir
tutarlı epitet tapa bilmədi...
Qəribəydi! Deyirdi ki, lap
Cabbarın özüdür. Ancaq inad eləyirdi ki, Cabbarı
yamsılamır. Özüdür deyirdi, ancaq demirdi ki,
Cabbarı yamsılayır. Niyə?
Ona görə ki, o bilirdi:
Cabbarı yamsılamaq olmaz. Əgər yamsılamaq
mümkün deyildisə, bəs onda ikinci Cabbar bizim nəyimizə
lazım idi? Ümumiyyətlə, o Cabbar idimi? Ona
oxşayırdımı?
"Yox! Mən heç zaman Cabbar
olmaq iddiasında deyiləm. Nahaq məni ona oxşadırlar.
Cabbarın boğazlarına, zəngulələrinə fikir
vermisinizmi? Aydınlıq, süd kimi gecələrin bir aydınlığı
var onun səsində. Ancaq məndə zəngulələr belə
deyil. Mən zənguləni nəğmənin ruhuna uyğun
vurmağa çalışıram. Əgər nəğmə
kədərlidirsə onda mənim boğazlarım, mənim zənguləm
də kədərli olur. "Yox! Mən heç zaman Cabbar
olmaq iddiasında deyiləm. Nahaq məni ona
oxşadırlar".
Sonralar Qədir Rüstəmov dəfələrlə
bu sözləri təkrar etməli olacaq. Ona görə ki,
çoxları bunu ona deyirdi və güman eləyirəm ki,
bu da onun xətrinə dəyirdi.
...Qədir Rüstəmov onda hələ
çox maraqlı idi. Onun haqqında hətta müxtəlif
şayiələr gəzirdi.
Vartaşen rayonundan bir qız
uşağı onun ünvanını tələb edirdi. Bəli,
tələb edirdi. Əvvəlcə xahişlə dolu məktublar
alırdım ondan. Sonra əsəbi məktublar gəldi. Sonra
yalvarmağa başladı. Bir dəfə yox. Dəfələrlə
məktub yazdı: "Qədirlə tanış olmaq istəyirəm.
Mənə kömək edin".
Bir dəfə bunu ona dedim.
"Kənd qızıdı də,
ürəyi təmizdi. O, mənim səsimi sevir", - dedi. -
Oxuduğum el havalarını sevir. Bundan heç
özünün də xəbəri yoxdur. Belələrini
qınamaq da olmaz".
Qəribədir. Həmin məktublardan
birində (Vartaşendən gələn həmin qızın
məktubunda) deyilirdi: "Siz niyə belə
yanğılı oxuyursunuz? Siz sizi sevməyənə niyə
yalvarırsınız? Özünüzə heyfiniz gəlmirmi?
Axı, sizi onsuz da eşitmirlər. Axı, o adam sizə layiq
deyil".
Bu sətirlər olduğu kimidir.
Bilmirəm, o adam doğrudan da var
idimi, ya yox? Doğrudanmı, müğənni Qədir
Rüstəmov yanğı ilə oxuyanda, ürəyini yeyə-yeyə
oxuyanda, səsi ox kimi dartılıb açılanda, bir
adamı nəzərdə tuturdumu?
Bilmirəm, bunu öyrənə də
bilmədim.
Qəribədir: onu bizim ulu
müğənnilərə, xüsusilə Cabbara daha
çox oxşadırdılar. O isə: "Siz kimlərdən
öyrənmisiniz" - sualına əvvəlcə istehzayla,
sonra gülə-gülə cavab verirdi. İstehzayla:
müğənni pinəçi deyil ki, öyrənsin
oxumağı.
Sonra gülə-gülə:
"Mən eşitmişəm Seyidi, Xanı, Yaqubu. Çox
eşitmişəm onları. Az eşitmişəm
Cabbarı!"
Qədir beləcə deyirdi. Ona
qulaq asırdım, ancaq düşünürdüm ki, onun belə
gülə-gülə deməsində bir hiss gizlənir:
axı, mən onlardan pis oxumuram. Bunu siz də bilirsiz!
Qədir Rüstəmov heç
vaxt belə deməzdi. Güman ki, heç ürəyindən
də keçirmirdi bunları. Mənə belə gəlirdi.
"Siz filankəslərdən
yaxşı oxuyursunuz!"
O, etiraz edərdi: "Belə
deyil. Yox, belə deyil! Onların oxuduğu elə mahnılar
var ki, mən heç yaxın dura bilmərəm. Sənətin
yönünü tapıb onlar. Heç bilirsizmi, onları necə
sevirlər. Həftə səkkiz televiziyada
çıxış edirlər. Onları çox
tanıyırlar. Bu az iş deyil".
Bütün bunları deyən Qədir
Rüstəmov da tanınmaq istəyirdi. Güman eləyirəm
ki, onun da ürəyindən televiziyada, konsert salonlarında
çıxış eləmək keçirdi.
Güman eləyirdim!
Qədir Rüstəmov televiziya ilə
cəmisi bir neçə dəfə oxuyub. Onda da Allah bilir nə
zülm ilə aparıblar ora. Televiziyada işləyən həmkarlarımdan
biri deyir ki, Qədirin çıxışını lentə
alanda əməkdaşlardan çoxu
işini-gücünü buraxıb ona qulaq asmağa gəliblər.
Heyran-heyran qulaq asıblar. Hətta gizlincə onun oxuduğu
havaları lentə alıblar. Mən həmin lentdəki
muğam parçalarına qulaq asa bilmişdim. Həmin havalar
sonralar heç yanda səslənmədi. Eşidə bilmədim.
Yadımdadı. Bizlərdən
çoxumuz bu konserti gözləyirdik.
Dünya çempionatında
xokkey, futbol yarışını gözlədiyimiz kimi.
Sonralar Qədir Rüstəmov həmişə
peşman-peşman deyərdi: "Gərək razı
olmayaydım televiziya ilə oxumağa. Nəyimə gərək
idi. Səsimi eşidirdilər. Özümü
görmürdülər. Bu bəs idi".
Qədir Rüstəmov qəşəng
oğlan deyil. Ancaq kişi görkəmi var onda. Mərddir. Sərtdir.
Və bəlkə də bir az kobuddur. Yaxşı mənada
deyirəm bunu.
Çox zaman papaqda gəzər. Əlində
tənbəki kisəsi və qəlyan. O, qəlyan çəkir.
Ona görə yox ki, ulu müğənnilər də nə
vaxtsa qəlyan çəkib. O, qəlyan çəkərdi.
Və mən ona baxardım. Fikirləşərdim: nəyinə
lazımdır sənin qəşənglik. Uca boy. Qəddi-qamət!
Gözəllik sənin səsindədir. Heç bilirsənmi,
səni necə sevirlər. Heç bilirsənmi?
Axı, hardan da biləsən?!
Bir vaxtlar mən Azərbaycan
radiosu ilə "Melodiya" radio klubu deyilən bir veriliş
aparırdım. Hər həftə Qədir Rüstəmovun
ünvanına gələn məktublar məni əldən
salırdı. Bu məktublar arasında onun oxuduğu
mahnıları, el havalarını təkrar-təkrar dinləmək
istəyənlər də var idi. Onunla şəxsən məktublaşmaq
arzusunda olanlar da.
Deyim ki, o zaman Qədir Rüstəmov
hələ televiziyaya çıxmamışdı. Məşhur
mahnısı "Sona bülbüllər"i təzəcə
lentə aldırmışdı, radio əməkdaşları,
televiziyanın sanki acığına hər həftə
sifariş konsertində bu mahnını verirdilər.
Şübhəsiz dinləyicilər xahiş eləyirdilər
bu qədim el mahnısını. Buna mən şübhə
etmirdim.
Yazanlar yazırdılar. Məktub
göndərirdilər bu ünvanı olmayan xalq
ifaçısına. Onlar əlacsız qalıb radioya,
televiziyaya məktublar göndərirdilər. Sonra cavab istəyirdilər.
Onlar bir şeyi bilmirdilər ki, hətta radio və televiziya əməkdaşlarının
çoxu belə onu - Qədir Rüstəmovu çox çətinliklə
tapırlar.
...O, gözlərini yumub oxuyardı.
Oxuyur. Və güman eləyirəm ki, Qədir Rüstəmov
məhz ürəyinin gözləriylə görür, duyur,
sevir.
Başqa bir məktubda isə dinləyici
yazırdı: "Açığını deyək ki, Qədir
Rüstəmovun heç bir müğənninin ifasına bənzəməyən
səsi bizim qəlbimizdə riqqət doğurur. Biz onun
gözəl səsinin dəyərini verəcək bir
tutarlı söz tapa bilmirik. Biz onun səsini niyə sevirik? Bəlkə,
ona görə ki, bu səsdə ululuq var. Ən təəccüblüsü
budur ki, bilmirik fikir vermisiniz, ya yox, Qədir oxuyanda onu
müşayiət edən musiqi alətlərinin ahəngi, səsi
də tamamilə dəyişir, şirinləşir,
doğmalaşır. Canlı olur. Axı, tar həmin
tardır. Kamança həmin kamançadır. Bəs nədir
dəyişən? Oxuyarkən fikir verin ona. Onun sifət cizgilərinə.
O qədər əziyyət çəkir ki, (səs
azlığından yox, ifa kasadlığından yox, texniki
çatışmazlıqdan yox) az qalırsan deyəsən: bəsdir,
oxuma! Axı, bu, sonuncu gün deyil. Ancaq qulaq asırsan. Və
hər şey sənə əziz gəlir.
Bizim başqa müğənnilərdən
bir xahişimiz var: onlar "Sona bülbüllər"ə
toxunmasınlar. Axı, Qədir bu mahnını o qədər
gözəl ifa eləyir ki, başqaları necə oxusalar da
kölgədə qalarlar".
"Mən təkcə bu
mahnını oxumuram. Kimsə bunu mənim ünvanıma
yazır. Axı, məni nə vaxtadək "Sona
bülbüllər"i oxuyan müğənni kimi
tanıyacaqlar. Dostlar, tanışlar da məni qınayır:
O nədi, həmişə elə eyni mahnını oxuyursan. Mən
nə deyə bilərəm?"
Doğrudan da Qədir Rüstəmov
nə deyə bilərdi?
Bu narahatlıq dolu sualı bir qədər
açaq:
Ona görə ki, indi artıq belə
bir gözəl müğənni baş götürüb, bəli,
məhz baş götürüb rayona köçəndən
sonra bu sualı açmağa bizim cürətimiz çatar.
Doğrudan da Qədir hardan biləydi?
O, dəfələrlə mənim
yanıma gileyli gələrdi. (Artıq bilirdi ki, mən
hörmətli jurnalda işləyirəm. Radioda veriliş
aparıram. Ona elə gəlirdi ki, bizi də haradasa eşidirlər.
Qədir o qədər sadəlövh, o qədər insani həssaslığa
malik bir adamdı ki, başqa cür fikirləşə də
bilməzdi).
Heç kim onunla
maraqlanmırdı.
Onun səsini,
mahnılarını lentə almaq heç kəsin yadına
düşmürdü.
Yada düşəndə də məhz
elə vaxt düşürdü ki, ona da nəsə mane
olurdu.
O, günlərlə qapını
kəsdirən müğənnilərdən deyildi.
Ancaq əziyyətə dözən
idi!
"Mən özümü, səsimi
hazırlayırdım. Deyirdilər ki, bax, filan vaxtı
"zapis" (səsyazma) olacaq. Hazır gəlirdim. Heç
bir şey alınmırdı. Təzədən üstündən
aylar keçirdi. Unudurdular. Yaddan çıxırdım".
Müğənni Qədir Rüstəmov
bunları mənə deyirdi.
Mənim əlimdən nə gəlirdi...
Bəlkə o bilirdi ki, nə
vaxtsa mən onun haqqında, heç olmasa, bir yazı
yazmalıyam.
O, heç kəsdən şikayət
eləmirdi. Gileylənmirdi. Sadəcə olaraq mənə
danışırdı. Danışdıqca yüngülləşirdi.
Sakitləşirdi. Və bir də uzun qış gecələrini
nəylə yormaq olardı...
O, qəlyan çəkirdi,
danışırdı. Mən də onunla hərdənbir
Avropa estradası haqqında söhbət eləyirdim. Və
görürdüm ki, Qədir mənim sevdiyim gözəl
estradaçıların hamısını tanıyır və
onları çox-çox eşidib.
"Çıxıb gedəcəyəm
rayona, yaşaya bilmirəm burda"
Qərəz üçün
demirdi. Acıqla demirdi. Kimnənsə qisas üçün
söyləmirdi.
Ürək tələb edirdi bunu.
O, çox nadir hallarda
filarmoniyanın bağında toplaşan toy müştərisi
gözləyən müğənnilərin yanına gələrdi.
Ancaq onu da toylara dəvət edirdilər, onu axtarıb
tapırdılar. Mən hər dəfə görürdüm
ki, onun evində yad adamlar var. Onun həmişə
qonağı olardı. Respublikanın müxtəlif
rayonlarından, kəndlərindən. Ünvanı çox
çətin tapılan, daha doğrusu, ünvanı olmayan
(evi olan) bu müğənnini axtarıb tapırdılar. Onu
el məclislərinə - toylara dəvət eləyirdilər.
Başqalarını bilmirəm, Qədir çox səxavətlə
yanaşardı onu toya dəvət eləyənlərə.
Kimin gücü nəyə çatır, ona da razı olurdu.
Bir vaxtlar mən hələ onu
tanımırdım. Başqaları kimi mən də onun
haqqında orda-burda danışılanları eşidirdim.
Deyirdilər ki, guya Qədir Rüstəmov dəfələrlə
toy sahiblərini dar ayaqda qoyub. Deyirdilər ki, guya toyun
şirin yerində bir də görürdün ki, Qədir
qalxır ayağa, qavalı alır əlinə və deyir ki,
mən getdim, xudahafiz!
Biz toy adətlərimizi məhv edə
bilmərik və bu işə həmişə müqəddəs
yanaşmalıyıq. Bu məsələdə hay-küy, ucuz
müzakirəyə yol vermək olmaz və doğrudan da bir el
müğənnisi (əgər o, bu ada layiqsə) hər
hansı bir adamın toyunda bu cür hərəkət eləyirsə
(yəni Qədirin adına çıxılan hərəkəti
nəzərdə tuturam) bu, qəbahətdir, günahdır.
Açığını deyim ki, mən bu sözləri dəfələrlə
eşitsəm də, inanmırdım. Və tanış
olandan sonra mən bütün bunları öyrənməyə
can atırdım. Əlbəttə, bunları soruşanda nə
əlimdə qələm, nə də qarşımda dəftərçə.
O, qəlyan çəkərdi, çay içərdi.
Mən öz kofemi içərdim.
O, başını bulayardı.
"İnan, Tofiq, bunların
heç biri doğru deyil, kimlərsə mənim adıma
çıxır. Bəzən elə olur ki, kimlərsə
toyu gur keçsin deyə mənim adımı yazdırır
dəvətnaməyə, əlbəttə, məndən
razılıq alandan sonra. Razılıq alırlar və deyirlər
ki, ayın filanında gələcəyik. Gözləyirəm,
gəlmirlər. Görünür, bax, sənin dediyin o
söhbətlərdən qorxurlar. Sonra gedib
danışırlar ki, guya mən etiraz eləmişəm, istəməmişəm.
Bax, əsl söz belə olur. Axı, bizim elimizin min illik adətinə
hansı xanəndə xor baxa bilər? Bu, nanəciblikdir".
Mən də inanmırdım,
inana bilmirdim. Bu qədər sadə, mehriban, oturuşunu,
duruşunu, hərəkətini, sözünü,
sözünün yerini (toy aparan müğənni
üçün bütün bunlar çox vacibdir) bilən və
torpağa, kəndə, el-obaya bu qədər bağlı olan
bir müğənni, bir adam belə eləyə bilər.
İnanmırdım!
Yaxşı ki, inanmırdım!
Hələ o zaman Qədir Rüstəmov
Bakıda yaşadığı vaxtlarda, mənimlə
qonşu olduğu günlərdə onunla kiçik bir
"sorğu" keçirmişdim. Əlbəttə, bu,
hamımızın başa düşdüyü mənada
geniş sorğu deyil. Günlərlə
apardığımız söhbətlər arasında
soruşulan şeylərdir. Ona görə də bir qədər
qırıq səslənir, tam deyil, bəlkə də qurudur,
rəsmidir.
Qədir sorğu verməyi
sevmirdi, çox danışmaqla arası yox idi (o vaxt biz bir
yerdə olanda).
Beləydi həmin söhbət:
MƏN: - İlk dəfə və
hansı mahnını lentə yazdırmısan? Bu işdə
sənə kim kömək eləyib? Bələdçin
kimdir
O: - Bu olub altmış səkkizinci
ildə. Əhsən müəllim məni ansambla dəvət
elədi və açığını deyim ki, Əhsən
müəllim çox əziyyət çəkdi, çox məşğul
oldu. İlk dəfəydi ki, mən belə bir çətin
işə düşürdüm. Televiziyada heç vaxt
çıxış eləməmişdim, heç bir şey
yazdırmamışdım. Bir az kəmhövsələyəm.
Əhsən müəllim məni dilə tutdu və onun
ağır zəhməti sayəsində səsimi lentə
yazdırdım.
- Qədir, təhsilin var, bir yeri
qurtarmısan?
- Asəf Zeynallı adına musiqi
məktəbindən qovulmuşam (!).
- Niyə məhz xalq
mahnıları oxuyursan?
- Bilirsən, bəlkə
Qarabağın torpağı belədir, mən torpaqdan
uzağa düşə bilmirəm.
- Bilirsən də Qədir, mən
radioda "Melodiya" klubunu aparıram. Bu klubun
ünvanına gələn məktublarda sənə xüsusi
sevgi var.
- Vallah, sağ olsunlar! Mənə
məktub yazanlar da sağ olsun, məktub yazmayanlar da. Bizim
muğam və mahnılara dərin hiss və həyəcan
var. Mən də mahnı oxuyarkən bu hissi, bu həyəcanı
camaata çatdırmaq istəyirəm.
- Ən çox sevdiyin və qulaq
asmaq istədiyin müğənni?
- Seyid Mirbabayev, Cabbar
Qaryağdıoğlu, Yaqub Məmmədov.
Qəribəydi, Qədir ürəyinin
lap dərinliyində, bəlkə də populyar olmaq,
tanınmaq, başqa müğənnilər kimi ad-san qazanmaq (əlbəttə,
rəsmi ad-sandan söhbət gedir) istəyirdi. Və bilirdi
ki, bunları hansı yollarla əldə eləmək olar.
Bilirdi və buna can atmırdı.O bilirdi ki, hər hansı
bir adlı-sanlı bəstəkarın mahnısı onu
tanıda bilər, populyar eləyər. Və yaxud uzaq getməyək,
həmin bəstəkar hardasa ona əl tuta bilər, onun
adını haralardasa çəkə bilər.
Bunları bilirdi və heç bir
bəstəkarın mahnısını oxumurdu.
Bunları bilirdi və
dava-dalaşla vaxt alıb "Sona bülbüllər"i,
"Apardı sellər Saranı", "Gül
açdı kimi" xalq mahnılarını lentə
aldırırdı.
Özü də nə əziyyətlə,
nə çətinliklə!
Sonra biz onu dinləyirdik.
Sonra xalq onu dinləyirdi.
Sonra biz ona "bəh-bəh"
deyirdik.
Sonra xalq ona "bəh-bəh",
"əhsən" deyirdi.
Deyirdik. Deyirdilər!
Ancaq təsəvvür edin!
İndi artıq neçə vaxtdır Qədir Rüstəmov
yoxdur. Bakıdan uzaqdadır. Heç kəs onunla
maraqlanmır.
Heç kəs ondan ötrü
heç kəsə, heç yana bir şey yazmır.
Niyə?
Niyə biz bu qədər
soyuğuq? Niyə biz bu qədər laqeydik? Niyə biz bu qədər
insafsızıq?!
Niyə biz itirdiyimiz adamları
çox-çox illərdən sonra sevməyə
başlayırıq? Nədi bu xəstəlik, nədi bu azar?
MÜĞƏNNİ QƏDİR
RÜSTƏMOVUN MUSİQİYƏ GƏLİŞİ O QƏDƏR
QƏFİL, O QƏDƏR GÖZLƏNİLMƏZ OLDU
Kİ, BU GƏLİŞ İLLƏRDƏN BƏRİ
YARANMIŞ DURĞUNLUĞU SİLKƏLƏDİ.
İndi mənə elə gəlir
ki, o, qəfil gəldiyi kimi, qəfil də getdi!
Onun səsi xalq havaları
üçün biçilmişdi. Bəlkə də
heç bu havaları seçməyində Qədir Rüstəmov
elə bir qəhrəmanlıq-zad da eləməyib. Havalar onun
səsinə uyar olub. Bu səs o havaları
çağırıb sanki.
Bunlar həqiqətdi və bir də
o həqiqətdi ki, Qədir Rüstəmov öz sənətinin,
öz səsinin yerini bilib.
Sadəcə olaraq, Qədir
Rüstəmov başa düşüb ki, o, bu dünyaya ona
görə gəlib ki, öz səsilə kiməsə
xoşbəxtlik gətirə bilər, onun səsi kimin
üçünsə təsəllidir. Onun səsində
ümid qoxusu var. Adamın içindəki ayrılıq, həsrət
onun mahnılarını dinləyəndə yumşalır,
onu eşidən bir qədər öz dərdindən, öz sərindən
yüngülləşir.
Və nəhayət, inanırsan
ki, bu gün sənin üçün çox ağır və
yaşanılmaz olsa da, hələ "yaşamağa dəyər
bir az da..." Hələ həyatın sonu deyil.
Qədir Rüstəmovun
hıçqırıqlarındakı, harayındakı,
çağırışındakı ürək
döyüntüsünü, ürək
yanğısını duyursan və bu, ən azı sənin
qəlbindəki boşluğu doldurur. Qədirin həyat dolu,
yaşarılıq dolu -
ELƏ YAR, YAR DEYİRLƏR,HEÇ
MƏNİ DEMİRLƏR...
- naləsindəki nidalar, kimsəsizlik
harayı səni kiməsə qovuşdurur, birdən-birə sənətin
bu qədər böyük, oxumanın bu qədər həyan
olmağına inanırsan.
Necə oldusa bir dəfə
söhbət vaxtı mən bilə-bilə dedim: axı,
hardandı, hə, hardandı Qədirin məhz xalq
mahnılarını seçməsi? Niyə gedib bəstəkar
mahnılarına əl atmır, başını girləmir,
pul qazanmır
Dostlardan biri o saat dedi:
- Hardan olacaq?! Bu adam istedaddı, vəssəlam!
Mənə elə gəlir ki, bax,
bu bircə kəlmədə çox böyük həqiqət
var. Bilmirəm, kimsə deyib: "İstedad elin
varıdır. Bir nəfərin "yox". Əgər elin
varıdırsa, el də onun qayğısına
qalmalıdır.
Qədir Rüstəmov
istedaddır. Bunu danmayaq. Özü də elə bir
istedaddır ki, illərlə onu gözləməli oluruq.
Deyək ki, Qədir Rüstəmov
operada çıxış eləyə bilmədi. Deyək
ki, Rəşid Behbudov kimi geniş diapozonlu səsə malik
deyil.Ancaq mən onun səsinin bir muğamda neçə
çalarını eşitmişəm. Hər misrada, hətta
hər sözdə Qədir Rüstəmov neçə-neçə
səs çalarından istifadə edə bildiyini sübut eləyib.
Açığını deyək:
onun oxuduğu el havaları bizim operalarımız kimi,
operalardan ariyalar kimi əziz və qiymətli deyilmi?
(Deyirlər ki, Cabbar
Qaryağdıoğlu bir dəfə Parisdə bir
muğamı səkkiz saat oxuyub. Ancaq bir opera cəmisi
üç saat davam eləyir).
Biz etiraz etmirik. Qoy nəyinsə
hesabına (heyf səsinin yox, istedadının yox, irəli
çıxıb) ad-san qazananlar da olsun. Bunu əlacsızlıqdan
deyirik. Olmasa daha yaxşıdır.
Ancaq gəlin əziz
adamlarımızın da qədrini bilək.
Gəlin düşünək:
axı, nə gedir bizdən gedir, xalqdan gedir.
Məşhur rus şairi Lev
Ozerovun bir fikrini tərcüməsiz çatdırmaq istəyirəm:
"TALANTAM NADO POMAQAT, BEZDARNIYE PROBYUTSYA SAMİ"
Müğənni Qədir Rüstəmov
Bakıda yaşayırdı. Ev-eşiyi vardı. Çətinliklə
də olsa, dolanırdı. Ancaq o, şəhərdən getdi.
İndi şəhərə gələnlərin sayı
gündən-günə artdığı bir vaxtda bu bir qədər
qəribə səslənmirmi?!
Getdi və
qayıdıb-qayıtmayacağını heç kəs
bilmir!
Mən hələ də inana
bilmirəm ki, o, kimdənsə inciyib şəhərdən
getdi. Yox, onun yeri məhz oralardır - Ağdamdır.
Ağdamın geniş eyvanlı evləridir, ata yurdudur.
Ancaq gəlin açıq deyək:
o, buradan köçəndən kimin yadına
düşüb? Onu da böyük muğam ustası
Ağabala Abdullayevin taleyi (!) gözləmirmi?
Bilmirəm.
Soruşmaq istəyirəm: oralarda
günlər necə keçir, Qədir Rüstəmov?
Oralarda darıxmırsan ki?..
Bu suallara və başqa bir
neçə suala cavab almaq üçün bilmirəm nə
vaxt, haçan, mütləq Qarabağa gedəcəyəm, Qədir
Rüstəmovu tapacağam, onun haqqında ikinci məqaləmi
yazacağam.
Təki sağlıq olsun!
Ədalət.-
2011.- 12 noyabr.- S.12-13.