ƏBÜLFƏZ
ÜLVİNİN ŞEİRLƏRİ
ƏDƏBİ
HƏYAT
Azərbaycan ədəbiyyatının çox zəngin qollarından biri də Naxçıvan ədəbi mühitidir və əgər tarixə nəzər yetirsək, bunun şahidi olarıq ki, Naxçıvan torpağı təkcə təbii-maddi deyil, mənəvi sərvətləri ilə də həmişə ön sıralarda olmuşdur. Mirzə Cəlili, Qəmküsarı, Əziz Şərifi, Abbas Zamanovu, Məmməd Arazı yetirən bir diyar bu gün də ədəbiyyatımıza yeni istedadlar bəxş etməkdədir. Bu gün də Naxçıvanda ədəbi mühit qaynardır, Muxtar respublikada müstəqil Yazıçılar Birliyinin fəaliyyəti, burada nəşr olunan ədəbi dərgilər; qəzet və jurnallar Azərbaycan ədəbiyyatına yeni töhfələr verməkdədir.
Naxçıvanda yaşayıb-yaradan istedadlı yazarlardan çoxunu tanıyıram. Hüseyn Bağırlının, Qafar Qəribin, Rəhilə Elçinin, Asim Yadigarın, Vaqif Məmmədovun, Nafilənin, Rasim Gənzəlinin, Əbülfəz Muxtaroğlunun şeirlərini oxumuşam, uğurlarına sevinmişəm. Vaxtilə Naxçıvan ədəbi mühitinin canlı klassikləri sayılan Əliyar Yusiflinin, Hüseyn Razinin (ruhları şad olsun!) yoxluğu da hiss olunur.
Naxçıvanda yaşayıb-yaradan şairlərdən biri də Əbülfəz Ülvidir. Bu ay Əbülfəz müəllimin 60 yaşı tamam olur. Bəri başdan onu təbrik edirik. Oxuculara bəlkə də çox da tanış olmayan bu şairin şeirlərindən söz açmaq istəyirəm.
Əbülfəz Ülvi ilk növbədə,tərənnümçü şairdir.Vəsf, tərənnüm, alqış çalarları onun şeirlərinin əksəriyyətinə xasdır. Nəyi tərənnüm edir?-ilk nöabədə, doğulub boya-başa çatdığı-zəngin tarixə və mədəniyyətə malik olan, maddi və mədəni sərvətlərilə bütün dünyada tanınan Naxçıvana. Şairlərimiz bu gözəl diyara aid yüzlərlə, minlərlə şeirlər həsr etmişlər. Əbülfəz Ülvinin öz Naxçıvanı var, daha doğrusu, onun şeirlərində Naxçıvan, bu yurdun təbii gözəllikləri özünəməxsus şəkildə tərənnüm obyektinə çevrilir.
Bu diyar qəlbimdə dövr edən
qanım,
Bülbülü hər zaman
ötən olubdu.
Heçdən yaratmayıb Azərbaycanım,
Ona sevgimizdən vətən olubdu.
Arzusu, əməli daim bar atıb,
Bu diyar
ayırır ağı
qaradan.
Mənə elə gəlir burda yaradı
Adəmlə Həvvanı Ulu Yaradan.
Bu yurd memarıtək ölməzdi,
ölməz,
Dünyaya yayıbdı şan
kəlməsini.
Amma bircə an da
yaşaya bilməz
Sonunda deməsən can kəlməsini.
Bəzən düşünürəm, çoxalır
güman,
Gör necə mehrini
salıbdı Tanrı.
Deyərdim, bu yurdu yaratdığından
Tanrı rütbəsini alıbdı
Tanrı.
Ə.Ülvinin
"Bir ondan qorxuram" adlı (Şirvannəşr, 2011) yeni
kitabında belə səmimi hisslərdən yoğrulan şeirlər az deyil.
Kitaba ön söz yazan tanınmış ədəbiyyatşünas Hüseyn
Həşimli qeyd edir ki, müəllif
müxtəlif şeir
formalarına müraciət
edir, amma nədən yazır-yazsın,
yeni söz deməyə, fikrini poetik və obrazlı şəkildə
ifadə etməyə
çalışır.
Şair üçün mövzu məhdudiyyəti
yoxdur. Xüsusilə, bizim yaşadığımız
dövr hər hansı şair üçün bitib-tükənməyən
mövzular mənbəyidir.
Ancaq sözü şair kimi demək, daha doğrusu, sözü poeziyaya çevirmək istedad tələb edir. Gərək elə yazasan ki, hətta ənənəvi mövzuda
da təzə söz deməyi bacarasan. Şairlik elə budur!
Ana-bala
məhəbbətindən çox
yazıblar. Mərhum
şairimiz Cabir Novruzun "Ana" şeirinin
sonuncu misrası yadıma düşür:
"Dayan, indi anan mən olum, ana!". Məmməd
Arazın da bu misrası yaddaşıma əbədi
həkk olunub: "Ana
itirmişəm ana yaşında". Əbülfəz Ülvinin "Bala mehri" şeirini oxuyuram. Deyərdim ki, bu, onun
ən yaxşı şeirlərindən biridir:
Bir xəstə ananın tutub əlindən,
Təsəlli verirdi ona qızcığaz.
Məlhəm tək çıxdıqca
sözlər dilindən,
Sanki qan verirdi, cana
qızcığaz.
Asta, öz-özümə deyirdim
birdən,
Anasız dünyanın mənası
olmur.
Bəlkə ana qədri bilmədiyindən,
Dərdin dərdi olur,
anası olmur.
Yaxşı ki, heç yoxdur, söyləndim həzin,
Olsaydı qəlbinə dağlar
qoyardım.
Belə bir anaya qıyan
mərəzin,
Mən öz anasını
ağlar qoyardım.
Ümumiyyətlə, Ə.Ülvinin şeirlərinin
içindən bir sevgi xətti keçir. O, iki insanın qarşılıqlı
ünsiyyətindən bəhs
edəndə də, torpağa, təbiətə
məhəbbətini izhar
edəndə də sevgi hisslərini gizlətmir. Nədən yazırsansa yaz,
sevgini bildirməlisən.
Bu-torpaq sevgir
Xisləti həlimdir başdan-binadan,
Elə bil mehrini alıb
anadan,
Nə yağış, qar töksə bulud səmadan,
Tərlə suvarmasan küsər
torpağım.
Bu isə ən ali
duyğu-insan sevgisi:
Tək mənim deyildir bu ürək, bu can,
Yarı mənimkidir, yarı
sənindir.
Eşqini məhəbbət ağacı
sansan,
Nə qədər bar versəm, barım sənindir.
Sonet bizim poeziyada
gəlmə şeir forması olsa da, artıq Azərbaycan şairlərini
bu formaya tez-tez müraciət edirlər. Mərhum şair Adil Babayevin sonetləri ilə digər şairlərimiz də (Şəkər Aslan, Vaqif Hüseynov, Balayar Sadiq, Elşad Səfərli və b.) bu şeir formasını bizim üçün doğmalaşdıra bildilər.
Sonetlər çələngi yaratmaq isə daha çətindir.
On beş sonetdən ibarət bu çələng şairdən həm məzmun, həm də formal baxımdan hünər tələb edir. Əbülfəz Ülvi bu çətinliyi aradan qaldıra bilib. Bu sonet çələngində
müəllif Sona adlı bir qızın
talesiz ömründən
söz açır.
O, bir insanın məhəbbətini kor qoyub. Ancaq özü
də xoşbəxt ola bilmir.
Fəqət söz açmağın
vaxtı çatıbdı,
Necə sona verdi
Sona ömrünü.
Bilmədi yox olub, yoxsa
yatıbdı,
Bir daha gülmədi
ona taleyi.
Ə.Ülvinin lirik qəhrəmanı
bizim müasirimizdir.
Düşünən, daşınan,
dünyanın dərdlərini
dar köksünə yığan, heç bir mənfiliyə biganə qalmayan, pisliyi, rəzaləti rədd edən, yalnız yaxşı əməllər üçün
yaşayan bir insandır.Onu Laçının,
Xocalının əsir
düşməsi, yurddaşlarının
qaçqın həyatı
necə narahat edirsə,dünyanın ən
uzaq bir küncündə yetim uşağın naləsi
də bir o qədər həyəcanlandırır.
"Uşaq" dedik, şairin "Arzu qızın arzusu" adlı bir şeir kitabından
da söz açmaq istəyirəm.
Uşaqlar üçün yazmaq ilk növbədə,
uşaq psixologiyasına
bələd olmağı
tələb edir.
Dünya
uşaqların gözündə
qovğasız, davasız-şavasız
bir aləmdir. Dünyanın rəngləri, gözəllikləri
də uşaq üçün sehirli bir aləmdir. Şair uşaq dilini, uşaq qəlbindən keçənləri həssaslıqla
duymalıdır.Körpələri vətənpərvərlik ruhunda
tərbiyə etmək
üçün uşaq
şeirlərinin rolu böyükdür. Təbiətə, ata-anaya sevgilər də uşaq şeirlərinin başlıca
mövzularındandır. Əbülfəz Ülvinin uşaqlara
həsr etdiyi şeirlərdə də
biz bunun əyani ifadəsini görürük.
Babası həyətdəki,
Çinara su verirdi.
Bu mənzərə
İnciyə,
Böyük duyğu verirdi.
Deyirdi babasına:
-Məni də ək, yekəlim
Günə, aya, ulduza
Torpağımdan dikəlim.
O qədər sevirdi ki,
Vətənini bu bala.
Torpağa da dönməyə
Hazır idi az qala.
Böyük şairmiz Səməd Vurğun hələ 65 il öncə
yazırdı: "Uşaq
üçün yazılmış
hər bir əsərin əsasında
məna gözəlliyi
yaşamalıdır. Mənası dayaz, qayə və məqsədi aydın olmayan, ötərgi hisslər və təsirlər tərənnüm edən
əsərlər uşağın
hafizəsində ani bir qığılcım kimi parlayıb sönür. Məna gözəlliyinin
əsas ruhu insana və təbiətə qarşı
məhəbbətdir. Uşaq özü canlı olduğundan insan və təbiət aşiqidir. Şeir və nəğmələrimiz,
hər şeydən əvvəl, təbiət
və insan gözəlliyini tərənnüm
edirsə, uşağın
onlara qarşı meyl və həvəsi
çiçəklənər, o özü də insan olmağı ilə fəxr edər".
Ə.Ülvinin məna gözəlliyi
ilə süslənən
uşaq şeirləri
çoxdur. "Bayraq"
şeirini götürək:
Bayraqdakı qırmızı,
Rəng bozarmışdı bir az.
Bunu görəndə Həzi,
Dedi:-belə iş olmaz.
Eşitmişəm bu al rəng,
Babaların qanıdı.
Bu qan hopan nə varsa,
Millətimin canıdı.
Babam şəhid olubdur,
Çox görmüşəm dərd, ələm.
-Bəs kimdən qan götürüb
Bayrağı rəngləyəcəm?
Ümumiyyətlə, kitaba toplanan
şeirlərin əksəriyyəti
belə bir fikri təsdiq edir ki, şair
uşaq təbiətinin,
uşaq xislətinin sirlərinə bələd
olduqda, necə deyərlər, "uşaqlaşanda"
həqiqi uşaq şeirləri meydana gəlir. Uşaqla uşaq dilində
danışa bilir Əbülfəz Ülvi.
Bu yazının
sonunda bir daha Naxçıvan ədəbi mühitinin yetirməsi olan Əbülfəz Ülvini
60 yaşı münasibətilə
təbrik edirəm.
Vaqif YUSİFLİ
Ədalət.-2011.-12
noyabr.-S.21.