VƏTƏN MƏHƏBBƏTİ

 

   Mən hicranla dolu ömür sürmüşəm,

   Min əzab çəkmişəm, min qəm görmüşəm.

   Axıb leysan kimi gözümün yaşı,

   Nələr çəkdirməmiş mənə bu aləm.

   Inan ki, əyilər dağların başı

   Əgər dərdlərimi ona söyləsəm.

   Fəqət qurtarmışam dardan, çətində

   Tək sənin eşqinlə vətən, ey vətən.

  

   Ömrümün gəncliyi bir çiçək oldu,

   Vaxtsız tufanların əlində soldu,

   Qanunlar bağladı qoluma zəncir,

   Məni ayırdılar doğma elimdən.

   Özüm də bilmədim günahım nədir,

   Fəqət dedilər ki, müqəssirəm mən.

   Dadım zəmanənin hər möhnətindən,

   Sənin xətrinçin, vətən, ey vətən.

 

   Keçdi aylar, illər, zaman da döndü,

   Yüz illik bir həyat bir anda döndü.

   Yenə başlandı haqq savaşları,

   Xalqım at oynatdı, silah götürdü.

   Silib yanağına axan yaşları,

   Insanlar yurduma pənah gətirdi,

   Ölkələr danışdı rəşadətindən,

   Düşdün dildən-dilə, vətən, ey vətən.

  

   Deməyin - bunlar ki, bir xatirədir.

   Yox, mənim ömrümdür, bu bir həyatdır,

   Onun hər sətrində ürək qanı var,

   Könlüm dincəlməyir onu anmasa.

   Bunu yaxşı demiş bizim babalar:

   "Gözdən yaş çıxmayır ürək yanmasa".

   Bir kədər duysan da hər söhbətimdən,

   Sənin həsrətindir, vətən, ey vətən.

  

   Qoy düşmən deməsin uzaqdayam mən,

   Yox, məni böyüdən torpaqdayam mən

   Onun nəfəsilə qızınır sinəm,

   Sevib əzizləyir bu dağlar məni.

   Mən böyük Babəkin nişanəsiyəm,

   Əyməz bu yaralar, bu dağlar məni.

   Hər gün ilham alıb məhəbbətindən,

   Artır qüdrətimiz, vətən, ey vətən.

  

   Atamın səngəri məzarı oldu,

   Üstünə bir qırıq kərpic qoyuldu

   Dostları süngüylə qazdı: "Mücahid".

   Mənim "Fədai" alacaq adım.

   Sabahkı döyüşə olmasam şahid,

   Başqa bir ad ilə yenə övladım

   O gün vuruşacam....

   Bil, bu zülmətdən

   Qurtaracaq səni, vətən, ey vətən.

  

  

   Bakı, 1948

  

  

   SAVALAN

 

   Yenə şair kimi gedib xəyala

   Nələr düşünürsən, Savalan, nələr?

   Sənə yaraşmayan bu qərib hala

   Söylə, heç dözərmi bu bizim ellər

   Sənin tükənməyən bir sərvətin var;

   Nədir bu qəmlərə qərq edən səni,

   Söylə, dərdin var, həsrətin var?

  

   Qaldır başındakı örtüyü bir an,

   Yenə qoynundakı cəlal görünsün.

   Qoy el qəhrəmanı çıxsın dumandan,

   belə kədərli, lal görünsü

   Döyüş günlərimiz yadında varmı?

   Indi yad önündə susmaq olarmı?  

   Savalan, mən sənə tapşırdım axı

   Biz ayrılan zaman öz dildarımı.

      

   Dedim: - Qoru onu, qoru vətəni.

   Bilirsən pis günün ömrü azdır, az.

   Ellər arxa bilir əvvəldən səni,

   Indi sakit durmaq sənə yaraşmaz.

   Yenə əmr edərsə bir gün firqəmiz,

   Düşmənin üstünə yüriyəndə biz,

   Sənin ətəyindən başlayacaqdır

   Öz ilk yürüşünü əsgərlərimiz.

 

   Sən Azər yurdunun iftixarısan,

   Şahlar, atabəylər baş əymiş sənə.

   Bir gün bayrağını qaldırsan, inan

   Düşmən tülkü kimi qaçacaq yenə,

   Necə ki, biz zaman qaçdı ərəblər.

   Xalqım döyüşlərdən çıxdı müzəffər.

   Xəlifə taxtında dura bilmədi

   Çatınca Bağdada Babəkdən xəbər.

      

   Indi bu yanğın, bu zindan, bu dar

   Azər övladını ayaqdan salmaz.

   Fəqət unutmasın, deyin, ağalar,

   Mənim qəzəbimdən qurtarmaq olmaz.

   O yanan daxmalar, evlər mənimdir,    

   Sanıram alışan öz bədənimdir.

   Onun ağrısını mən çəkirəm, mən,

   Çünki o, yurdumdur, o, vətənimdir.

   Savalan, uca tut daim başını,

   Vətən bayrağını şərəflə saxla.

   Doğma torpağını, doğma daşını

   Yenə qoruyacaq el o bayraqla.

   Demə öz yurdumda qərib bir dağam;

   Bil ki, ölməmişəm, qədər sağam,

   qədər düşməmiş əlimdən tüfəng

   Səninçin, vətənçin vuruşacağam.

  

      

   1948

     

   İNQILAB ŞAIRIYƏM

 

   Mən şah, mən sultan, yaraşıq, ziynət,

   əfsanə, mələk, saray, səltənət,

   qədim əsrləri yada salıb ağlayan,

   ömrünü qəzələ, mərsiyəyə bağlayan,

   dövrün hakiminə şeir yazıb pul alan,

   cəlladlar önündə həyat üçün alçalan,

   peymana, saqi, sərab şairiyəm,

   Azadlığın carçısı inqilab şairiyəm.

 

   Mən əyilib hakimin əllərindən öpmədim,

   Şeirimi çiçək kimi ayaqlara səpmədim.

   aciz bir bəndəyəm, satılmış bir qulam,

   saray məddahıyam dərgahlardan qovulam.

   Mən ellərin oğluyam, ellər böyütmüş məni.

   Şeirim eldən alıbdır bu ilhamı, qüvvəni.

   Mən şam, pərvanə, rubab şairiyəm,

   Azadlığın carçısı inqilab şairiyəm.

     

   Mənim könül dəftərim bənzəyir gülüstana,

   Onda yer verilməmiş qarlı qışa, tufana,

   Bir bahar ətri vardır hər şeirimdə, sözümdə,

   Baharın həsrətilə yaşayıram özüm .

   Mən əl açıb göylərdən diləmədim azadlıq,

   Mənim arxalandığım onlardan daha artıq.

   Ölkələr həsrət çəkən afitab şairiyəm,

   Azadlığın carçısı inqilab şairiyəm.

 

   Ərdəbil. 1941

  

  

  

   ARZU

      

   Bəzən öz-özümə düşündükcə mən,

   Xəyallar qəlbimi alır əlimdən,

   Deyirəm: mən bir əsgər olaydım.

 

   ola ömrümün bu gənc çağında,

   Odlar ölkəsinin gen qucağında

   Geniş səhralara rəhbər oleydım.

 

   Dureydim sərhəddə əlimdə tüfəng,

   Qaranlıq mayaq kimi,

   Zamanlar keçirmiş qarlı dağ kimi.  

  

   Öpeydi sinəmi yellər hər səhər,

   Düşeydi üstümə gülgün şəfəqlər,

   Günəşin rəngindən alaydım min rəng.

  

   Qaranlıq gecənin qara qəlbinə

   Tərlan baxışlarım axıb keçeydi,

   Günəşin rəngindən alaydım min rəng.

      

   Qartallı dağların zirvəsində mən

   Bir keşikçi kimi duranda bəzən,

   Dumana, çovğuna gəreydim sinə.

      

   Mənə taleyini tapşırarsa el,

   Onu gözüm kimi qoruyaram, bil.

    nişan, paqon, cah, cəlal.

     

   Əgər inanmasan oxucum buna,

   Boz şinel geyəcək Azəroğluna

   Məncə arzu olsun, səncə bir xəyal.

  

  

   Təbriz, 1943

      

     

   TƏBRİZ

 

   Çox zaman kədərli görmüşəm səni,

   Yadında varmıdır o halın, Təbriz?!

   İndi o günlərdən uzaqsan daha

   Artıbdır şövkətin, cəlalın, Təbriz!

  

   Bir qüdrət duyuram doğma səsindən,

   Sinəmi qızdırdın gur nəfəsindən.

   Həyat kitabının səhifəsində

   Silinib həsrətin, məlalın, Təbriz!

      

   O gün ki, sinəni sipər eylədin,

   Qaranlıq gecəni səhər eylədin,

   Bizə azadlığı xəbər eylədin

   Səsinə səs verdi mahalın, Təbriz!

  

   Mən çoxdan vermişəm sənə qəlbimi,

   İstəsən al bir sina qəlbimi,

   Qoyma yad əllərdə sına qəlbimi,

   Daha qayıtmasın zavalın, Təbriz!

  

   Bizdə müqəddəsdir ananın adı,

   Şahlar, hökmüdarlar bunu qanmadı.

   Hər il ordu çəkib səni taladı,

   Artdı dərdin, qəmin, xəyalın, Təbriz!

  

   Əgər atılsa da odlara yurdum,

   Ancaq əyilmədi yadlara yurdum.

   Dözdü hər çətinə, hər dara yurdum.

   Yardı qaranlığı hilalın, Təbriz!

  

   Uşaqkən dedilər Azər anandır,

   Odlardan doğduğum elə əyandır.

   Bizə böhtan atan yazını qandır,

   Cavabsız qalmayıb sualın, Təbriz!

 

   Bu ellər yanında and içirəm mən,

   Xalqın arzusudur qəlbimdən keçən.

   Mən ilham almışam hər zaman Səndən,

   Dünyalar qədərdir kamalın, Təbriz!

  

 

   Təbriz, 1945

  

  

   MƏN DƏ BIR ƏSGƏR KIMI

  

   Şairə qələm ver, kağız gətirin

   Şeirim cərgələnsin bir ləşgər kimi

   Yenə misralarım dursun sıraya,

   Döyüş meydanında səfərbər kimi.

      

   Günəş, ay qızınır ocağımızdan,

   Şərqə işıq düşür yarağımızdan

   Dünən tülkü kimi qabağımızdan

   Qaçanlar qayıdır yenə şər kimi.

      

   Xəyalı başqadır naşı yağının,

   Görünsə sərhəddən başı yağının,

   Qalmaz daş üstündə daşı yağının,

   Elim silahlanıb bir nəfər kimi.

  

   Əyilmək yaraşmaz bizim millətə,

   Ürək də uymayır hər "məhəbbətə"

   Bu tez - dediyi "hüsnü niyyətə"

   Hamı nifrət edir pis xəbər kimi.

      

   Gözünü dikdiyin odlar yurdudur,

   Gördüyün bu dağlar, düzlər ordudur.

   Gecəli, gündüzlü keşikdə durur

   Hər el qəhrəmanı bir əsgər kimi.

  

   Aslan yalvararmı qorxaq tülküyə?

   Günəş sığınarmı qara kölgəyə?

   Səadət məskəni bizim ölkəyə

   Gəlsəz öləcəksiz ölənlər kimi.

  

   Təbriz, 1946

 

 

   Balaş Azəroğlu

 

   Ədalət.-2011.-12 noyabr.-S.19.