Qədim Şəki yeni mərhələdə

 

  (əvvəli ötən sayımızda)

  

   Gələn il M.F.Axundovun 200 illik yubileyidir

 

   Məlumdur ki, Şəki Azərbaycanın şimal-qərb bölgəsində mühüm siyasi, sosial-iqtisadi və mədəni mərkəz hesab olunur. Bu gün Şəki şəhəri orta əsr şərq şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan unikal bir yerdir.

   Şəhərin nadir tarixi memarlıq abidələri - karvansaraylar, məscidlər, minarələr, evlər, qala divarları, körpülər buranın qədim memarlıq üslubundan xəbər verir.

   Bu gün şəhərin milli memarlıq üslubunun qorunub-saxlanılması şərti ilə müasirləşdirilməsi ən vacib vəzifə hesab olunur. Bu baxımdan sentyabr ayının 12 -də Prezident İlham Əliyevin Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında imzaladığı Sərancamın mühüm tarixi əhəmiyyəti vardır. Sərəncama əsasən Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Arxitektura və Şəhərsalma Komitəsi birgə təkliflər hazırlamışdır.

   Bu məqsədlə aidiyyəti nazirliklərin nümayəndələri şəhərdə olmuş, həyata keçiriləcək mühüm işləri birlikdə müzakirə etmişlər.

   Məlum olduğu kimi 2012-ci ildə dahi mütəfəkkir M.F. Axundovun anadan olmasının 200 illik yubileyi ilə əlaqədar təntənəli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə Mirzə Fətəli Axundov adına mədəniyyət və istirahət parkında, şəhərin mərkəzində yerləşən Axundov büstünün ətrafında, Mirzə Fətəli Axundovun ev muzeyində, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının qarşısındakı meydanda abadlıq və yenidənqurma işləri aparılır.

   Şəhərin "Yuxarıbaş" tarix-memarlıq qoruğu ərazisində, M.F.Axundov prospektində yerləşən fərdi yaşayış evləri, mağazalar və digər binaların fasadları müxtəlif tarixi dövrlərdə öz əvvəlki milli-memarlıq üslubundan uzaqlaşdırılmış, əvvəllər tikilmiş tikinti materiallarının üstü rənglənərək eybəcər hala salınmışdır.

   Nəticədə, bu prospektdə milli-memarlıq üslubundan heç bir əsər-əlamət qalmamışdır. Bu gün bu prospektdə aparılan təmir, yenidənqurma işlərinin ən mühüm məqsədi küçənin tarixi görünüşünü özünə qaytarmaq, XVIII-XIX əsrlərə aid olan tikililərin əvvəlki görünüşünü bərpa etməkdir.

   Hazırda həmin binaların dam örtükləri, fasadları öz əvvəlki görünüşündə bərpa edilir. Burada yerli tikinti materiallarından istifadəyə ciddi nəzarət edilir.

   Küçələr, parklar,meydanlar

   Şəhərin Heydər Əliyev və M.Ə.Rəsulzadə prospektlərində yol kənarı məhəllə divarlarının daş və kərpiclə üzlənməsi işləri aparılır, həyətlərə giriş darvazaları qədim memarlıq üslubunda, əsaslı surətdə bərpa edilir. Bundan əlavə Salman Mümtaz küçəsində, Oğuz şosse yolunun kənarlarında çəpər və hasarlar qurulur, yol ayrıcında dairələr yenidən qurulur.

   Həyata keçirilən abadlıq-quruculuq işlərinin gedişində görülən ən mühüm işlərdən biri yeni salınan Oğuz şossesində körpünün quraşdırılması və bu əraziyə çəkilmiş yolun asfaltlaşdırılmasıdır.

   İstifadəyə verilməsi gözlənilən 100 çarpayılıq şəhər xəstəxanasının qarşısındakı yolun hər iki tərəfində ağac hasarların quraşdırılması işi aparılır. Bu bir tərəfdən salınacaq yaşıllıq zolağının qorunub, saxlanmasına, digər tərəfdən ərazinin qədimi görünüşünə nail olmaq məqsədini daşıyır.

   Şəki şəhərinin küçələrinin yüksək səviyyədə işıqlandırılmasını təmin etmək istiqamətində də mühüm layihələrin həyata keçirilməsinə artıq başlanmışdır. Təəssüflə qeyd etmək lazımdır ki, " Şəki Regional Elektrik Şəbəkəsi " MMC -nin bu sahədə fəaliyyəti olduqca yarıtmazdır. Verilən tapşırıqlar tələblər səviyyəsində icra olunmur.

   Əhalinin zəruri tələbat sahələri nəzarətdədir

   2011-ci ilin 9 ayında rayon əhalisinin normal və fasiləsiz təbii qazla təchizatı istiqamətində müvafiq işlər görülmüşdür. Müddət ərzində Aşağı Küngüt, Oxud kəndlərinə təbii qazın verilməsi təmin edilmiş, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər davam etdirilmişdir. 

   Məlumdur ki, son illər ölkəmizdə əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür, çox böyük layihələr həyata keçirilir. Təməli 2010-cu ilin dekabr ayında qoyulmuş Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi də bu uğurlu işlərdən biridir. Hazırda layihənin icrası uğurla davam etdirilir.

   Təhsil, səhiyyə,mədəniyyət....

   Müddət ərzində təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmış, təhsil müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.

   Sentyabrın 15-də Baş Kəldək kəndində inşa olunan 180 şagird yerlik yeni məktəb binası istifadəyə verilmişdir. Hazırda Şəki şəhər 5 saylı tam orta məktəb üçün 320 yerlik yeni tədris korpusunun, Şorsu və Aşağı Layısqı kəndlərinin hər birində 360 şagird yerlik, Çələbi Xan qəsəbəsində 180 şagird yerlik yeni məktəb binalarının tikintisi aparılır. 22 saylı uşaq bağçasının dövlət vəsaiti hesabına əsaslı təmiri davam etdirilir.

  

 

  (ardı gələn sayımızda)

 

  Məzahir Əhmədoğlu

 

  Ədalət.-2011.-15 noyabr.- S.6.