Boladi
Bu kənd
Lənkəran rayonunda ən böyük yaşayış məntəqələrindən
biridir
Boladi
kəndi rayon mərkəzindən 21,5 kilometr şimal-şərqdə,
cənuba uzanan Bakı-Astara magistral şosse və dəmir
yolundan 3 kilometr məsafədə, Boladi çayının
sahilində yerləşir. Boladi sözü talış dilində
2 sözün birləşməsindən ibarətdir.
"Bola" talışca
çox varlı, bollu, zəngin mənasındadır. "Di"
sözü də talış köklü ifadədən olub
kənd mənasında işlədilir. Beləliklə, Boladi
kəndi bollu kənd, zəngin məkan mənasında tarixləşib.
Hazırda 8523 nəfər əhalisi olan bu kəndin
böyük əksəriyyətini talışlar təşkil
edir.
Əsas məşğuliyyəti əkinçilik
və maldarlıq olan Boladi kəndində
çayçılığa da böyük maraq olub. Çünki
bir vaxtlar bu kəndin ərazisində yüksək məhsuldarlıqlı
158 hektar çay sahəsi var imiş.
İndi bu ərazi pay torpaqları kimi sakinlərə verilib. Pay torpaqlarından söz düşmüşkən,
Boladinin hazırda 654 hektar pay torpaqları, 181 hektar həyətyanı
torpaq sahələri
var. Daha çox qara mal saxlamağa üstünlük verən
kənddə iri buynuzluların sayı 3000
başdan çoxdur. Burda rütubət və yağışlı hava çox olduğundan qoyun-keçi saxlamaq xeyli çətindir.
Mal-qara
sahibləri südü
Lənkərandakı Süd
Emalı Zavoduna verir, hər on gündən bir də onun dəyərini
alırlar.
Kəndin 500 nəfərə qədər ailəsi isə Rusiyada yaşayır və imkanları daxilində Boladidə yaşayan qohum-əqrəbalarına əl
tuturlar.
Qədimdir bu yerlərin tarixi
Qədim yaşayış məskəni kimi bu ərazidə hələ eramızdan əvvəl insanlar məskunlaşmışlar. Yunan coğrafiyaşünası və
tarixçisi Strabon
"Coğrafiya" kitabında
Lənkəranın digər
yaşayış məntəqələri
ilə bərabər Boladidən də bəhs etmişdir.
Bu ərazidə yerləşən
"Çiləxonə", "Qarağac ocağı"
kimi tarixi abidələr kəndin qədimliyindən xəbər
verir və sonuncunun 800 ildən çox tarixi var. "Çilkəson" qəbiristanlığı
isə Səfəvilərə
aid edilir.
Alman alimi və səyyahı Oleri
1616-cı ildə müxtəlif
səfirliklərə, muzeylərə
yazdığı rəsmi
sənədlərdə Boladini
dönə-dönə təkrar
etmişdir. Rus səyyahı Artemey Suxanov "Rəştdən
Qızılağaca qədər
və Gilan vilayətinin sonuna kimi" kitabında qeyd etmişdir: "1638-ci
il fevralın 7-də Lənkərana gəldik...
Qızılağaca gedərkən fevralın
11-də 4 dərin çaydan
keçdik. Bunlar
Kasiende, Nuabine, Cil və Boladi
çayları idi".
Qeyd edək ki, uzunluğu 36 kilometr olan bu çay
mənbəyini Brovar silsiləsindən götürməklə
Boladi kəndinin ortasından keçir.
Xəzər dənizinə tökülən
bu çay əsasən yağış
sularından qidalanır.
Bol suyu, bol balığı
olan bu çay
həm də Boladi kəndinin yaranmasında və inkişafında başlıca
amil olmuşdur.
1869-cu ilin məlumatına görə Boladi kəndi 62 evdən ibarət olmuşdur.
Həmin vaxt burda 218 kişi,
189 qadın yaşamışdır.
Kənddə böyük bir
məscidin olması da, rəsmi sənəddə qeyd edilmişdir.
Bu kəndin
tarixi daşlara yazılmış, həm
də çox qədim kitabədir.
Kəndin seyidoba yaşayış
məhəlləsində qədim
insanların istifadə
etdikləri əl çapacağı, ox, nizə,
tunc bıçaq, qılınc, saxsı qablar aşkar edilmişdir. Ayrı-ayrı sahələrdən Səfəvi
dövrünə aid sikkələr,
bəzək əşyaları
tapılmışdır.
Bir neçə elmlər doktoru və elmlər namizədi olan bu kənddən
1941-45-ci il müharibəsində 156 nəfər
öz həyatını
qurban vermişdir.
Boladi kəndinin keçmişi, bu
günü barədə daha ətraflı məlumatı lənkəranlı
tədqiqatçılar İsabala Xankişiyev, Hacı Etibar Əhmədov
"Boladi" kitabında yazmışlar. Bu yazıda da məhz
həmin kitaba istinad edilmişdir.
O bu kəndin ləyaqətli
oğlu idi...
Son dəfə mən bu kənddə
2005-ci ilin yayında olmuşam. Neçə illər dostluq elədiyim,
bu kəndin ləyaqətli oğullarından biri Mirəli
Paşa oğlu Əhmədov 53 yaşında qəfil
dünyasını dəyişib bu kənddə dəfn
olunandan Boladiyə gəlməyə ürək eləməmişəm.
Burda Mirəli ilə bağlı xatirələrə xal
salmamaq üçün onsuz onun kəndinə getməyi
bacarmamışam. Ancaq hər dəfə bu yoldan, Boladinin
beş addımlığından keçəndə
içimdə onu ziyarət etmədiyim üçün
özümü danlamışam.
Uzun müddət polis
orqanlarında ləyaqətlə çalışan, Qazax,
Astara, Lənkəran, Masallı, Lerik, Beyləqan
rayonlarında asayişi mərdliklə qoruyan Mirəli Əhmədov
sonuncu 2 rayonda polis rəisi də işləyib. Narkomaniyaya və
oğurluğa qarşı Mirəli Əhmədovun dağ
rayonunda necə mübarizə apardığını leriklilər
indi də yaxşı xatırlayır.
Mən də xatırlayıram ki,
çox gərgin iş gününün sonunda Mirəli
doğulduğu Boladiyə gələr, cavanları
başına yığıb hüquqi, tarixi-əxlaqi söhbətlər
edər, elə onların vasitəsi ilə kənddəki
imkansızlara əl tutardı. Xəstələrə isə
mütləq özü baş çəkib dava-dərmanları,
müalicələri ilə maraqlanardı.
Onun sadiq dostlarından olan Boladi kənd
həkim məntəqəsinin müdiri Qəhrəman
Hüseynovla qədim kənd qəbiristanlığında qara
mərmərdən bizə baxan Mirəli ilə
"görüşüb, hal-əhval tuturuq". Elə bil
onun əbədi ünvanına belə gec baş çəkdiyim
üçün məndən inciyib bir az...
(ardı
gələn sayımızda)
Səxavət
Məmmədli,
Azərbaycan
Respublikasının Prezidenti
yanında
kütləvi informasiya vasitələrinin
inkişafına
dövlət dəstəyi fondunun maliyyə
yardımı
ilə
Ədalət.-2011.-15
noyabr.- S.7.