NƏSRİN
"BİRİNCİ LEDİSİ"
XVIII əsrin sonları XIX əsrin
başlanğıcı Avropa ədəbiyyatında
romançılıq özünün ən
parlaq dövrlərindən birini yaşadı. Bu ilk növbədə yeni ədəbi
ənənələrin köklü surətdə
formalaşması, realist bədii
baxışın yaranması, köhnəlmiş bədii təfəkkürün
arxa plana keçməsi
ilə əlaqədar idi. Bu mənada digər Avropa ölkələrindən fərqli olaraq Böyük
Britaniyanın daha tez feodal münasibətlərdən yeni siyasi formasiyaya
keçməsi, yeni iqtisadi-siyasi
münasibətlərin formalaşması imkan
verdi ki, ingilis romançılığı daha tez təşəkkül
tapsın. Əsasən Daniel Defo ilə başlayan
realist ingilis
romançılığının elə həmin əsrin
sonunadək nəhəng simaları yarandı: Riçardson,
Fildinq, Smollett.
Maraqlıdır ki, cəmiyyətdəki
feodal düşüncə tərzi tamam silinməmiş ingilis
romançılığının qadın yazarları ədəbi
mühitdə qeyri-adi dərəcədə sürətlə
və uğurla parlamağa başladı. Həmin dövrlərdə
qadınların yazıçılığı qəbul
edilməsə də prosesə təsir göstərə bilmədi.
Hətta mən deyərdim ki, dünyada qadın yazarlar
sırasına görə liderlik məhz ingilis xanım ədiblərinə
məxsusdur. Əlbəttə, onların hamısının
adını çəkmək, onlardan bəhs etmək
imkansızdı. Lakin əsərləri ilə oxucuların qəlbini
fəth edən, ədəbi aləmin sayılan-seçilən
simalarından biri olan Ceyn Osten haqqında söz açmaq istəyirəm.
O Ceyn Osten ki, ingilislərin, eləcə də dünya
oxucularının sevimlisinə çevrilib. XX əsrin
böyük ədiblərindən və tənqidçilərindən
sayılan Virciniya Vulf yazırdı ki, qadın yazarlar
arasında ən gözəl bədii simaya malik müəllif
Ceyn Ostendir.
CEYN
İngilis ədəbiyyatının xanım
yazarlarından biri, özü də çox bəyəndiyim
Şarlotta Brontedən əvvələr bəhs edəndə
nədənsə Ceyn Osteni xatırlar, yaxud da tərsinə,
Ostendən bir şey oxuyanda Brontedən düşünərdim.
Mənə elə gələrdi ki, hər iki yazar elə birgə
yaşayıblar, ya çox yaxın dost olublar, biri-birləri
ilə çox şeylərini bölüşüblər.
Amma gerçək çox fərqliydi. Çünki hər
ikisi ingilis olsa da, İngiltərədə yaşasalar da, ikisi
də oxşar ədəbi mühitin içərisində
bulunsalar da, hətta ailələrində, talelərində
çox bənzərlik olsa da Ostenin Şarlotta Bronte ilə nə
birgə yaşaması mümkün idi, nə dostluğu, nə
də nələrisə bölüşmələri. Ona
görə ki, Ceyn Osten bu dünyaya əlvida deyəndə
Şarlotta Brontenin cəmi bir yaşı olardı.
Məncə hər iki qadın
yazıçı arasında beləcə parallelər
aparmağım səbəbsiz deyilmiş. İndi bu parallelər
haqqında uzun-uzadı danışmaq niyyətində deyiləm.
Çünki məqsədim bu deyil. Sadəcə olaraq onu demək
yetərlidir ki, bu yazıçıların həyatlarındakı
oxşar məqamlar çoxdur. Hər ikisi erkən yaş
dövrlərində həyatdan köçüblər. Hər
ikisi yaradıcılıqlarının müəyyən mərhələsində
əsərlərini anonim imzayla yazıblar... Elə o da qəribə
bir təsadüfdü ki, yazıçıların birinin həyatı
bitərkən digərinin həyatı
başlamışdı. Bəlkə də heç bunlar da
deyildi... Yeri gəlmişkən, Şarlotta Brontenin sonralar
Ostenin əsərləri barəsində tənqidi fikirləri
də olmuşdu.
Qadın romançıların
klassiki sayılan məşhur ingilis yazıçısı
Ceyn Osten 1775-ci il, 16 dekabrda İngiltərənin Gempşir
qraflığı, Stiventon şəhərciyində anadan
olub. Dünyaya göz açan qızcığaz ailədə
ikinci qız olsa da keşiş Corc Ostenin yeddinci övladı
idi. Maraqlıdır ki, həmin dövrlər İngiltərədə
uşaqlar, xüsusilə kasıb ailələrin
övladları xəstəliklərdən, aclıqdan
çox tez-tez tələf olmasına baxmayaraq çətin
güzəran keçirən Corcgil övladlarından
heç birini itirmədilər. Valideynləri
imkansızlıq üzündən Ceyni məktəbdə
oxuda da bilmədilər. Qızcığaz imkan
düşdükcə elə evdəcə təhsillə məşğul
olurdu. Bütün bunlara baxmayaraq ailədə fərqli
mühit vardı. Bəzi təhqiqatçılar hətta belə
hesab edirlər ki, Corcun ailəsində o vaxtın bədii
nümunələrindən ailə tamaşaları,
şaradalar göstərilməsəydi, hamılıqla
müxtəlif əsərlərin oxunub-dinlənməsi...
baş verməsəydi Ceyn yazıçı olmayacaqdı. Bu
fikir ehkam olmasa da hər halda səbəbsiz də deyildi. Yəqin
elə bu mühitin təsiri idi ki, Ceyn çox erkən
vaxtlardan - 14-15 yaşlarından başlayaraq özündən
bədii parçalar düzəltməyə
başlamışdı.
OSTENLƏR AİLƏSİ
Əslində Ceynin böyük
qardaşı da əbəbiyyata böyük həvəs
göstərirdi, şeirlər, hekayələr yazırdı.
Amma çox çəkmədi ki, o, bu məşğuliyyətini
bir kənara buraxıb atasının yolunu tutdu. İkinci
qardaşı ailənin belə demək mümkünsə
ikinci "dərdi" idi. Çünki Corce həm psixi cəhətdən
qüsurlu, həm də lal-kar idi. Qeyd edim ki, məhz şikəst
qardaşından ötrü Ceyn lalların əlifbasını
da öyrənib bir çox işlərdə ona köməklik
göstərirdi. Üçüncü qardaşları
Edvardı isə bir sonsuz varlı qohumları
övladlığa götürdülər və belə demək
mümkünsə, onun ömrü digərlərinkindən
daha rahat, daha təminatlı keçdi. Ən romantik və
parlaq həyatı isə dördüncü qardaşları
Henri Tomas yaşadı. Çox rəngarəng
yaşantıları ilə yanaşı müəyyən
dövrlərdə o, ailə üzvlərinə yardım da
edirdi. Məhz Henrinin maddi dəstəyi ilə Ceyn Ostenin ilk
kitabları nəşr olundu. Elə onun evləndiyi fransız
qadının yardımı ilə Ceyn fransızcanı
öyrəndi, Laroşfukonu, Montenyanı orijinaldan oxudu, teatr
tamaşalarını sevdi.
Yazıçının digər
iki qardaşı Frensislə Uilyam hərbi dənizçiliyin
ardınca gedərək admiral rütbəsinədək
yüksəlmişdilər. Ceyn Ostenin həyatında mühim
rol oynayan Kassandro onun yeganə bacısıydı. Kassandro həyatını
Ceynlə keçirdi. Belə ki, evlənməyə
hazırlaşdığı sevgilisi Tomas Faul toy xərclərini
qazanmaq üçün getdiyi Vest-hinddə xəstələnərək
vəfat edəndən sonra o, ailə qurmadı və
bacısından ayrılmadı. Qeyd edim ki, yazıçı
bütün həyatı boyu düşüncələrini,
sirlərini məhz onunla bölümüş, hətta sevimli
bacısının qolları arasında həyatına vida
etmişdir.
Belə demək mümkünsə,
Ceynin həyatının ilk 25 ili məhz Hempşirdə
keçdi. Atası qəfildən bütün işlərdən
uzaqlaşdıqdan sonra ailə məcburən bütün
olanlarını, hətta evlərini, əşyalarını
da sataraq Bata köç etdilər. Və Osten əvvəlki
evlərindəki bütün məşğuliyyətlərini,
dostlarını geridə buraxdı. Onun haqqında
yazılanlar göstərir ki, əvvəldə qeyd etdiyim kimi
yaşam şərtlərinə görə Ceyn məktəbdə
heç düz-əməlli təhsil də ala biməyib. Amma
oxumaq həvəsi, bəlkə də göstərdiyi
inadkarlıq və fədakarlıq hesabına evdə təhsili
ilə məşğul olmağa başladı. Əslində
bunu da həmin dövr üçün yetərli savad
adlandırmaq mümkündü. Çünki qadınların
çox böyük əksəriyyəti belə təhsili
yalnız arzulaya bilərdilər.
İLK ƏSƏRLƏRİ
Ceyn Ostenin
yaradıcılığını bir mərhələli
adlandırmaq düzgün deyil. Bunu ədəbiyyatşünaslar
da belə dəyərləndirirdilər. Onun yeniyetməlik
çağlarında yazdıqları daha çox romantik
ruhlu, XVIII əsrin sentimental, ənənəvi melodramlar səpkisində
olsa da kifayət qədər iti zəkanın məhsulu
sayıla biləcək əsərlər idi. Mistik
düşüncələrlə zəngin olan "Nortenqer
abbatlığı" əsərində və ya "Məhəbbət
və dostluq"unda XVIII əsrdə populyar olan "qotika
üslubu" özünü göstərir.
Əslində Ceyn Ostenin
yazdıqlarının ən özəl xüsusiyyətlərindən
biri odur ki, bu əsərlərin materialları real həyatdan
gəlirdi. Yazılarında nə qədər romantika, nə
qədər mistika və digər xüsusiyyətlər olsa da
orada ingilis həyatı vardı. Ədəbiyyatşünaslar
Ostenin yaradıcılığını aralarında çox
böyük fasilə olan iki dövrə bölürlər.
Onlara görə, yazıçının 1795-1798-cı illərdəki
əsərləri erkən, 1811-1816-cı illərsə məhsuldar
yaradıcılıq dövrünə aiddir. Maraqlıdır
ki, Ostenin işıq üzü görən əksər əsərləri
anonim imza ilə nəşr olunub. Bütövlükdə
ostinlər ailəsinin yaşam şərtləri onları bir
yerdə qərar tutmasına imkan vermirdi. Bu üzdən də
ailə üzvləri, xüsusilə Ceyn, anası və
Kassandra gah Bateyə, gah Stiventona, Menidauna gedirdilər. 1798-ci
ildə, yəni "Nortenqer abbatlığı" əsərini
tamamlayandan bir il sonra - may-iyun aylarında yazıçı
anasıyla birgə Bateyə Edvardın yanına gəlirlər.
Amma burada uzun müddətli yaşaya bilməyib geri
qayıtdılar. Bu da üzun sürmədi. 1811-ci ildə ailə
ümumiyyətlə, həmin şəhərə
köçdülər.
DAHA BÖYÜK YOLUN BAŞLANĞICI
Həmin vaxtlar Ceyn Osten, indiki dillə
ifadə etsək yazıçılıq debütündən
şikayətlənə bilməzdi. Kitabları çap
olunmağa başlamışdı. İdeal olmasa da onun
yaradıcılıqla məşğul olmağa imkanları
vardı. Hətta atası belə qızının yazması
üçün çalışır, ona kağızlar
tapırdı, yazı stolu gətirtmişdi.
Ceyn kənarda yaşayan
bütün doğmaları ilə məktublaşmağı
sevər, onların yaşadıqları mühitlə, işləri,
ilə maraqlanardı. Qəribə də olsa o hətta uzaq qohumları
ilə də yazışardı. Və müxtəlif sahələrdə
çalışan, müxtəlif yerlərdə çox fərqli
həyat tərzi keçirən yaxınlarıyla bu
yazışmalar ona yaradıcılıq üçün əvəzsiz
faktlar verərdi. Özü də bunların hamısı real
həyatdan gələn materiallar olduğu üçün əvəzsiz
idi.
1805-ci ildə gənc
yazıçının atası Corc Osten vəfat etdi və
bir il sonra ailə Batedən getməyə qərar verdi. Onlar
Sauthemptona köçsələr də burada təməlli qərarlaşa
bilmədilər. Bu üzdən bir il sonra Ceyn bacısı və
anası ilə birgə Çotenə (Hempşir) gəldilər.
Artıq bu o dövrlər idi ki, onun kitabları naşirlər
tərəfindən qəbul edilir, əsərlərini maraqla
oxuyurdular.
Maraqlıdır ki,
qayğılı həyat tərzi, mütəmadi baş verən
yerdəyişmələr Ceynə elə də ciddi təsir
etmirdi. Yəni o öz yaradıcılığına ara
vermirdi. Çotenə gələndən bir müddət sonra
"Mensfild Parkı" romanını yazmağa
başladı. Əsəri tezliklə bitirəcəyini
düşünən yazıçı nəzərdə
tutduğu vaxtda bunu bacarmadı.
Həmin ildə T. Ecerton nəşriyyatı
çapını üzərinə götürdüyü
"Ağıl və hiss" əsərini çapdan buraxdı.
Və bundan sonra müəllifin kitablarına olan maraq daha da
yüksəlməyə başladı. Elə bu səbəbdən
idi ki, həmin nəşriyyat Ceynin yeni bir əsərini də
cap etməyə qərar verdi və gənc
yazıçının "Məğrurluq və
yanlış təəssürat" ("İlk təəssürat")
əsərini aldı. Və çox çəkmədi ki, nəşriyyat
öz addımında səhv etmədiyini gördü. Belə
ki, 1713-cü ildə çap olanan bu əsər sürətlə
satıldığından nəşriyyat onu təkrar
buraxdı. Özü də təkcə "Məğrurluq və
yanlış təəssürat" kitabını deyil, həm
də "Ağıl və hiss" əsərinin də təkrar
çapına ehtiyac duydu... Ceyn Osten artıq böyük
yazıçı yolundaydı...
(Ardı qəzetin 22 noyabr
sayında)
BABƏK YUSİFOĞLU babek-yusifoqlu@mail.ru
Ədalət.-2011.-15 noyabr.- S.4.