Boladi

 

 Bu kənd Lənkəran rayonunda ən böyük yaşayış məntəqələrindən biridir

 

 (əvvəli ötən sayımızda)

 

   "Xəstəxana niyə məntəqə olub?"

 

   Kəndin ortasında, sakit bir guşədə yerləşən Boladi kənd tibb məntəqəsində hazırda 44 nəfər işçi çalışır. 5 həkimi, 22 tibb bacısı olan bu məntəqə köhnə binada yerləşsə də, səliqə-səhmanı, nizam-intizamı hələ də saxlayır. Həkim məntəqəsinin müdiri Qəhrəman Hüseynov doğma kəndi haqqında ürək dolusu danışmaqla bərabər, öz işlərindəki çətinliklərdən bəhs etməyi də unutmadı:

   - Sən özün bu kənddə dəfələrlə olmusan, baxmayaraq ki, son zamanlar yolunu bura salmamısan. Yaxınların rəsmi məlumatına görə kənddə 10 və daha çox uşağı olan 40 nəfərə yaxın "Qəhrəman ana" yaşayır. Bizim ailələr çox uşaqlıdır axı. Biz də çalışırıq kənd sakinlərinin sağlamlığına bacardığımız qədər nəzarət edək. Profilaktiki işlərə xüsusi önəm verilir. Buna baxmayaraq böyrək, ürək-damar, baş-beyin təzyiqi kimi xəstəliklərə tez-tez rast gəlinir. Hələ mən Rusiyanın şəhərlərində tək və ya ailəli yaşayan həmkəndlilərimi demirəm.

   Heç şübhəsiz ki, onlar da kəndə tam sağlam qayıtmırlar. Kənddə xəstəxana olanda onların böyük bir qismini özümüz müalicə edirdik. İndi xəstəxananı məntəqə səviyyəsinə endiriblər. Niyəsini özümüz də bilmirik. Daha yaxşı olardı ki, xəstəxananın genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlavə tədbirlər görsünlər, nəinki böyük bir kəndin xəstəxanasını məntəqə ilə əvəz etsinlər. Axı qonşu kəndlərin xəstələri də bizə üz tuturdular...

   Doğrudan da böyük bir kəndin xəstəxanasını ləğv etməyə görəsən səbəb nə olub? Bir də nəyisə məhv etmək çox asandır, nə qədər çətin olsa da, onu qurmaq, böyütmək daha məqsədə müvafiqdir. Yoxsa inkişafdan, tərəqqidən danışmağa dəyməz ki.

 

   Bələdiyyə sədrinin səmimi söhbəti

 

   1611 hektar ərazisi olan Boladi kəndinin bələdiyyə sədri Salman Dadaşovla elə onun iş otağında söhbətimiz xeyli maraqlı keçdi. Ərazidən qayıdan Salman müəllim yorğun olmağına baxmayaraq gümrah görünməyə çalışırdı:

   - Boladi kəndinin bələdiyyə mülkiyyətində olan torpaqları cəmi 607 hektardır. Bura ehtiyat fondu, perspektiv inkişaf fondu, kənd təsərrüfatına yararlı, az yararlı və s. torpaq sahələri daxildir.

   Maldarlıqla birtəhər ailə saxlayan kənd sakinlərinin ixtiyarında olan 62,8 hektar örüş sahəsi isə yaralı yerimizdir. Söhbət ondan gedir ki, 2 müxtəlif ərazidə yerləşən bu örüşlər kənddən çox uzaq olduğuna görə camaat onlardan istifadə edə bilmir. 40 hektar ərazisi olan bir örüşdən fermerlər istifadə edir, 22,8 hektar ərazisi olan digər örüşdən 2-3 ailə bəhrələnir. Bax belə, bu boyda ərazilərin əgər kənd sakinlərinə heç bir xeyri yoxdursa, elə onların pay torpaqları kimi özlərinə verilmələri çox yaxşı olardı.

   Bələdiyyə üzvlərinin sayı hal-hazırda 10 nəfərdir. Çalışırıq ki, kənd üçün nəsə iş görək, baxmayaraq ki, maddi vəziyyətimiz elə də yaxşı deyil. Çünki istifadədə olan torpaqların sənədləşməsi tam başa çatmadığından onlardan rüsum ala bilmirik. Gözləyirik, yəqin axırı yaxşı olar...

 

   Məkan ziyalısı ilə tanınar

 

   Bir çox dini şəxsiyyətləri, alimləri, sərkərdələri, general-mayoru, müxtəlif sahələrdə çalışan görkəmli ziyalıları olan bir kənddir Boladi. Təkcə onu demək kifayətdir ki, 1921-ci ildə bu kənddə "Qadınlar klubu" yaradılmışdır və bu qadınların bir çoxu ictimai işlərdə kişilərdən geri qalmamışlar.

   Bu gün Boladidə 1 və 2 saylı olmaqla 2 tam orta məktəb fəaliyyət göstərir. Bələdiyyə sədri Salman müəllimlə yaxınlıqdakı daha "sanballı" sayılan 1 saylı məktəbdə olduq. İlk görünüşdə heç də pis təsir bağışlamayan, 758 nəfər şagirdi, 92 nəfər müəllimi olan məktəbdə 57 nəfər ali təhsilli pedaqoq çalışır.

   2011-ci ilin yanvarından məktəbə direktor təyin edilən xeyli gənc Elman Rzayevə deyəsən çox böyük etimad göstərilib.  

   Çünki bu "sayılan" məktəb heç də ən yaxşı vaxtlarını yaşamır. Elman müəllimin söhbətindən məlum oldu ki, bu il orta məktəbi qurtaran 62 nəfər şagirddən cəmi 38 nəfəri attestat ala bilib. Cəmi 10 nəfər məzun ali məktəbə daxil olsa da, onlardan heç biri 500 bal belə toplaya bilməyib.  

   Hər bir kənd, şəhər, ölkə öz ziyalıları ilə tanınar. Buna heç bir əlavə yoxdur və Boladinin öyünməli kifayət qədər ziyalıları var. Ancaq bu təhsillə onları əvəz edəcək nəslin yetişməsi Boladidə bir qədər sual altındadır. Buna baxmayaraq deyəsən təzə direktor başqa iddiadadır. Təki olsun. Lənkəranın ən böyük kəndlərindən olan Boladi qışı qarşılamağa hazırlaşır. Qışın isə öz qayğıları var. Qayğı varsa, demək həyat da var.

 

 

  Səxavət Məmmədli,

  Azərbaycan Respublikasının Prezidenti

  yanında kütləvi informasiya vasitələrinin

  inkişafına dövlət dəstəyi fondunun maliyyə

  yardımı ilə

 

 Ədalət.-2011 16 noyabr.- S.7.