BİR SİNƏDƏ
İKİ ÜRƏK TÜRKİYƏ-AZƏRBAYCAN
Allah-Təala "Qurani-Kərim"də
"Həqiqətən mömünlər qardaşdırlar.
Buna görə də (aralarında bir mübahisə
düşsə) iki qardaşınızın arasını
düzəldin" (əl-Hicrət,10) buyuraraq insanları
sevgi və qardaşlıq prinsipləri ətrafında birləşməyə
çağırır.
Mədəniyyətin formalaşma mərhələsində din, dil və bu kimi milli
özəllik ilk növbədə
insanlığın inkişafına xidmət məqsədi
daşıyır. Mədəniyyət bir
millətin sahib olduğu
və yüz illər boyunca
formalaşdırdığı dəyərlər məcmusudur.
Bu dəyərlərin meydana
çıxmasında, formalaşmasında ən böyük vəzifəni üstələyən
və mühüm rol
oynayan varlıq heç
şübhəsiz ki, insandır. Ta qədimdən insan var olduğunu sübuta yetirmək üçün
ağır, çətin dönəmlərdən keçib. Və bunun sayəsində
də xalqlar yaranıb və ayrı-ayrı
dövlətlərə bölünüb.
Azərbaycan-Türkiyə isə
bir ananın dünyaya
gətirdiyi iki qardaş
övladıdır. Bu övladlar dəfələrlə
ayrı salınsa da onların bir-birinə olan qardaşlıq
sevgiləri qəlblərindən silinməmişdir.
Çünki qanı bir, canı bir, amalı, əqidəsi,
dini, dili, milli-mənəvi dəyərləri, mədəniyyəti
birdir. Belə olan halda necə ola bilərdi ki, bu iki qardaş
ayrı yaşasınlar, bir-birinə düşmən olsunlar.
Tarixin ağır dönəmlərindən
alnıaçıq çıxan hər iki qardaş yenidən
dirçəldi, bir-birinə qaynayıb qarışdı, bərabərləşdi,
bütövləşdi. Təbii ki, bütün bunlar da
tarixin yetişdirdiyi Böyük şəxsiyyətlərin
sayəsində baş verdi.
Milləti bir olan iki dövlət
isə yenilməzdir. Türkiyə Cümhuriyyətinin
yaradıcısı Mustafa Kamal Atatürk və müasir Azərbaycanın
qurucusu Ümummilli lider Heydər Əliyev kimi şəxsiyyətlərin
sayəsində iki qardaş ölkə əbədilik
qazandı, əbədiyaşarlığa qovuşdu. Məhz
elə ona görə də dahi şəxsiyyət Heydər Əliyevin
"bir millət, iki dövlət" ifadəsi sözün
həqiqi mənasında həm Türkiyədə, həm də
Azərbaycanda Milli Konsepsiya kimi qəbul edilir. Bu konsepsiya Azərbaycanın
mövqeyindən xəbər verir. Qardaş Türkiyənin
mövqeyini isə dünyanın böyük və görkəmli
şəxsiyyətlərindən biri olan, Türkiyə
Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk keçən
əsrin iyirminci illərində bəyan etmişdir: "Azərbaycan
üzülərsə, biz də üzüləriz, Azərbaycan
gülərsə biz də güləriz"...
1923-cü il oktyabrın 29-da
qardaş Türkiyə Respublikasında Cümhuriyyət elan
edildi. Məhməd Akif Ərsoyun marşı ilə Türkiyə
Cümhuriyyətinin bayrağı göylərdə
dalğalandı.
Türkiyənin böyük
qurbanlar hesabına siyasi müstəqilliyini qoruması onun
çoxəsrlik tarixində dönüş nöqtəsi
oldu, bu da öz növbəsində Azərbaycan dövlətinin
milli dirçəlişi üçün əlverişli
şərait yaratdı.
M.K.Atatürkün vəsiyyətlərindən
biri də Türkiyə-Azərbaycan dostluq və
qardaşlıq münasibətlərinin əsasını
qoyan Türkiyə xarici siyasətinin əsas elementlərindəndir.
Müstəqil Türkiyənin Azərbaycanın müstəqilliyinin
və gücllənməsinin vacib olduğunu əsas
götürən Mustafa Kamal Paşa bildirirdi ki, bir zaman
parçalanacaq imperiyanın idarəçiliyində olan
"dili bir, dini bir, mahiyyəti bir
qardaşlarımızla" əlaqələrimizi möhkəmləndirməliyik...
Eyni soy-kökə, dilə, dinə,
mədəniyyətə, milli-mənəvi dəyərlərə
malik olan iki qardaş xalq - Türkiyə ilə Azərbaycan
arasındakı münasibətlər hələ dövlətlərarası
hüquqa söykənmədiyi vaxtlar da möhkəm
olmuşdu. XX əsrin əvvəllərində bu
qardaşlıq və doğmalıq dövlətlərarası
əməkdaşlığa əsas olmuş, iki xalq
arasında hər bir sahənin, o cümlədən siyasi-hərbi
əməkdaşlığın təməli qoyulmuşdur.
Balkan savaşlarında, Birinci Dünya müharibəsində
Türkiyənin iştirak etməsi, sərt qadağalara
baxmayaraq, Azərbaycan türklərini hərəkətə gətirmişdir.
Bunun da nəticəsində Azərbaycan din və qan
qardaşlarını darda qoymamış, onlara yardım
etmişdir. Mənbələrdən əldə olunan məlumata
əsasən, Balkan savaşında Türkiyəyə ilk
siyasi dəstək verən də məhz elə qan
qardaşı Azərbaycan olmuşdur.
Uzaqgörən və dahi dövlət
xadimləri M.K.Atatürk və H.Əliyevin bütün
türk dünyası qarşısında misilsiz xidmətləri
danılmazdır. Vurğulamaq yerinə düşər ki,
ötən əsrin əvvəllərində M.K.Atatürk tərəfindən
qoyulmuş Azərbaycan-Türkiyə birliyi və strateji tərəfdaşlığı
həmin əsrin sonlarında Ümummilli lider Heydər Əliyev
tərəfindən davam etdirilmişdir. Artıq hər iki
ölkə müasir Azərbaycanı Heydər Əliyevin əsəri,
müasir Türkiyəni isə Mustafa Kamal Atatürkün
anoloqsuz şah əsəri kimi tanıyır.
Tarixi mənbələrdən də
məlum olduğu kimi, Böyük qardaşımız
Türkiyə bütün dövrlərdə bizə arxa və
kömək olub.
1918-ci ildə Bakıda daşnak
Stepan Şaumyanın başçılığı ilə əksəriyyəti
erməni olan şəxslərdən təşkil olunmuş
hökumət qurulub. Yaranmış bu qurumu tanımayan Azərbaycan
ziyalıları 28 may 1918-ci ildə Azərbaycan
Respublikasının yarandığını bütün
dünyaya elan etdilər. Lakin yenicə qurulan dövlətin
kifayət qədər döyüşən qüvvələri
olmadığına görə hökumət Gəncədən
Bakıya gələ bilmirdi. Belə bir ağır durumda
Türkiyə dövlətindən kömək istədilər.
Qısa müddətdə Nuru Paşanın
başçılığı ilə Gəncəyə gələn
türk ordusu Azərbaycanda formalaşmış dəstələrlə
birlikdə separatçılardan ibarət olan saxta hökuməti
Bakı şəhərindən qovub uzaqlaşdırdı. Təəssüf
ki, milli hökumət cəmi 23 ay fəaliyyət göstərə
bildi və 1920-ci ilin aprelin 28-dəki bolşevik istilası ilə
bağlı Azərbaycan dövlət müstəqilliyini
itirdi. Lakin gərgin və davamlı mübarizədən sonra
1991-ci il oktyabrın 18-də müstəqilliyimiz yenidən bərpa
olundu. Bu dəfə yaranmış vəziyyətdən istifadə
edən nankor qonşularımız -ermənilər
havadarlarının köməyi ilə Qarabağ bölgəsində
torpaqlarımızın işğalına başladılar. Həmin
illərdə Azərbaycan çox çətin bir durumla
üzləşmişdi. 1993-cü ildə Heydər Əliyevin
Azərbaycan xalqının təkidi ilə yenidən hakimiyyətə
qayıtması Azərbaycanı daha böyük faciələrdən
xilas etdi. Dahi Şəxsiyyətin Azərbaycanı həmişə
yüksəklərdə görmək eşqi butun sahələrdə
görülən uğurlu işlərin təzahürü
idi.
Heydər Əliyev kimi böyük
Şəxsiyyətin yenidən Azərbaycana rəhbərliyi
Azərbaycan-Türkiyə münasibətlərini daha da
möhkəmləndirdi.
İndi Azərbaycan-Türkiyə
arasında elə bir körpü qurulub ki, bunu heç bir
qüvvə sarsıda, uçura bilməz. Azərbaycan-Türkiyə
bağları heç bir zaman qopan deyil. Müstəqil Azərbaycan
dövlətinin özülünü möhkəm quran,
dünyaya tanıdan Ümummilli liderimiz Heydər Əliyevin
siyasi kursunun davamçısı Azərbaycan Prezidenti
İlham Əliyev uğurla davam etdirir. Azərbaycanla Türkiyə
arasında bütün sahələrdə qurulan əlaqələr
yüksək səviyyədə inkişaf etdirilir.
Son illlərdə iki qardaş
ölkə arasında imzalanan müqavilə və sazişlər,
Azərbaycanın işğal altında olan
torpaqlarının azad edilməsi naminə Türkiyənin qətiyyətli
addımı, beynəlxalq təşkilatlarda sözünü
çəkinmədən deməsi, təbii, Azərbaycan-Türkiyə
qardaşlığının əbədi nümunəsidir.
2010-cu il avqust ayında
İstanbulda Azərbaycan Prezidenti İlham Əliyev və
Türkiyə Prezidenti Abdullah Gül tərəfindən
"Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq
və qarşılıqlı yardım haqqında"
müqavilənin imzalanması ilə Azərbaycan-Türkiyə
qardaşlığına xor baxan qüvvələrə
verilmiş növbəti siyasi mesaj oldu.
Bu müqavilənin I maddəsində
göstərilir ki, tərəflər qonşu və qardaş
dövlətlər olaraq bir-birinin müstəqiliyinin,
suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin
toxunulmazlığının təmin olunmasında bir-biri ilə
sıx əməkdaşlıq edəcəklər. Tərəflərin
hər hansı biri ərazi bütövlüyü, suverenliyi
və sərhədlərinin toxunulmazlığı təhdid
edildiyi və ya təhlükə altında olduğu halda, tərəflər
bu təhdid və təhlükələrin aradan
qaldırılması istiqamətində görülə biləcək
tədbirlər barədə təxirəsalınmadan məsləhətləşmələr
aparacaqlar.
Tərəflərdən biri
ücüncü dövlət və ya bir qrup dövlət tərəfindən
silahlı basqın və ya hərbi təcavüzə məruz
qaldıqda, tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi
ilə tanınan fərdi və ya kollektiv
özünümüdafiə hüququnun həyata
keçirilməsi üçün hərbi imkan və
qüdrətlərindən istifadə etmək də daxil
olmaqla, mövcud imkanları çərçivəsində
bütün zəruri tədbirlərin görülməsi məqsədi
ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri
barədə razılığa gəliblər. Tərəflərdən
hər hansı biri digər tərəfin müstəqilliyinə,
suverenliyinə və ərazi bütövlüyünə
qarşı yönələ bilən ittifaq və hərəkətlərdə
iştirak etməyəcək, öz ərazisində digər
tərəfin müstəqilliyinə, suverenliyinə və ərazi
bütövlüyünə təhlükə yaradan təşkilatların
və qrupların yaradılmasını və fəaliyyətini
qadağan edəcəklər. Tərəflərdən hər
hansı biri öz ərazisindən digər tərəfə
qarşı təcavüz aktlarının və digər
zorakı hərəkətlərin həyata keçirilməsi
üçün istifadə edilməsinə yol verməməyi
öhdələrinə götürürlər.
Azərbaycanın əsas strateji tərəfdaşı
olan qardaş Türkiyə Dağlıq Qarabağ və onun ətrafında
olan rayonların işğaldan azad edilməyincə Ermənistanla
sərhədləri açmayacağını rəsmən bəyan
edib. Lakin bununla belə, Türkiyənin Azərbaycanı
müdafiə etməsindən qıcıqlanan Qərb dövlətləri
tərəfindən hələ də rəsmi Ankaraya müəyyən
təzyiqlər göstərilir. Ancaq indiyə kimi Türkiyə
belə təzyiqlərə davam gətirmək gücündə
olduğunu nümayiş etdirib. Türkiyə-Ermənistan sərhədlərinin
açılmasını nəzərdə tutan "Sürix
protokolları"nın isə yenidən Türkiyə
parlamentinin gündəliyinə daxil edilməsinə baxmayaraq,
sözügedən protokolların Türkiyə tərəfindən
təsdiqi dayandırılıb və qardaş Türkiyə
Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər
bu protokolların təsdiq edilməyəcəyini elan edib.
Türkiyənin baş naziri Rəcəb
Tayyib Ərdoğan dəfələrlə bəyanatlarında
vurğulayıb: "Nə zaman ki, Ermənistan Azərbaycanın
işğal etdiyi torpaqlarını qeyd-şərtsiz
boşaldacaq, biz də o zaman sərhədlərin
açılmasına şərait yaradacağıq. Dağlıq
Qarabağ münaqişəsinin həllində irəliləyiş
olmadan Ermənistanla sərhədlərin açılması
mümkünsüzdür. Türkiyə böyük dövlətdir
və belə təzyiqlərin heç bir nəticəsi
olmayacaq".
Bu ilin oktyabr ayında Türkyənin
24 əsgərinin PKK tərəfindən şəhid edilməsi
Azərbaycanın kədərinə çevrildi.
Türkiyənin Van bölgəsində
baş verən zəlzələ ilə bağlı
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığı əsasında oktyabrın 23-də
gecə saatlarında ilk olaraq 145 nəfərlik xilasedici heyət
Vana yola düşmüşdür. İlk heytin özü ilə
250 çadır və digər yardım avadanlıqları
aparmışdır. Daha sonra 2 xilasedici də Türkiyəyə
yollanmışdır. FHN tərəfindən ümumilikdə
Türiyəyə yardım olaraq 1250 çadır, 6050 adyal,
40 generator, 40 mətbəx dəsti, 850-dən çox isti
yataq dəsti yola salınmışdır. Azərbaycan
xilasediciləri dağıntılar altından 60 cəsəd
çıxarıb, 12 şəxsi xilas ediblər.
Türkiyə - Azərbaycan
dövlət rəsmilərin keçirdikləri
görüşlərdə bir çox uğurlu layihələrə
imza atılıb. İqtisadi, siyasi sahədə irəliləyiş
əldə edən iki ölkə qarşılıqlı əməkdaşlıq
şəraitində tibb, təhsil və digər böyük əhəmiyyət
kəsb edən layihələr çərçivəsində
də geniş üfüqlərə yol açacaqlar.
Azərbaycan-Türkiyə
münsibətləri ötən il yaradılan Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq Şurası vasitəsilə
daha mühüm zirvəyə yüksəldi. Türkiyə və
Azərbaycan arasındakı əməkdaşlıq real,
funksional hədəfləri bəlli olan, strukturlaşmaya
geniş yer verən bir modelə çevrilmişdir. Bu
müqavilə Türkiyə və Azərbaycan arasında digər
sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq,
silah yardımı, sənaye qurumlarının əməkdaşlığını
da şərtləndirir.
Yüksək Səviyyəli Əməkdaşlıq
Şurasının yaradılmas ilə bağlı müqavilə
buna hüquqi baza yaradır.
Türkiyə Silahlı Qüvvələri
ötən dövrdə hərbi sisteminin formalaşamsında
generalları, zabitləri ilə qardaşlıq köməyini
Azərbaycandan əsirgəməyib. Azərbaycanın
Türkiyənin təcrübəsini mənimsəməyə
ehtiyacı var və Azərbaycan da Türkiyənin
düşmənlərinə qarşı vuruşmağa
öz mövqelərini hər zaman təklif etməyə
hazırdır. Birgə hərbi təlimlər milli
maraqlarımıza və təhlükəsizliyimizə
geniş imkanlar yaradacaq.
Türkiyə Respublikasının
Cümhuriyyət bayramı günündə Naxçıvan
şəhərində Atatürk prosepektində ucaldılan
Atatürk abidəsi bu böyük şəxsiyyətin əbədi
xatirəsinə dərin etiramın ifadəsi, Azərbaycan-Türkiyə
dostluğuna layiqli töhfədir.
Heydər Əliyev adına Peşə
Təhsil Lisseyinin və "Petkim" şirkətinin
"Star" neft emalı zavodunun təməlqoyma mərasimində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
vurğulamışdır: " "Petkim" layihəsi Azərbaycanın
tarixində ən böyük sərmayə qoyuluşu layihəsidir.
Böyük maliyyə mənbəyi tələb edən layihə
Azərbaycan tərəfindən həyata keçirilməyib.
Bu layihə Türkiyədə həyata keçirilir,
çünki bu, bizim doğma vətənimizdir. Bu gün
dünya xəritəsində Türkiyə kimi böyük
bir güc var. Dünyada ikinci belə ölkələr yoxdur
ki, Azərbaycan və Türkiyə kimi bir-birinə bu qədər
bağlı olsunlar".
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev daha sonra xatırladıb
ki, bu yaxınlarda Azərbaycan müstəqilliyinin bərpasının
20-ci ildönümünü qeyd edib və bizi müstəqil
dövlət kimi tanıyan ilk ölkə Türkiyə olub.
Türkiyədə və Azərbaycanda
həyata keçirilən bütün layihələr Azərbaycanı
və Türkiyəni gücləndirəcək, bölgədə
və dünyadakı mövqelərimizi daha da möhkəmləndirəcəkdir.
Əsrlər boyu tarixi əsaslara
söykənən bu bağlılıq davam edir. Türkiyə
Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti
də iki ölkənin birgə hərbi təlimlərinin həyata
keçirilməsi zərurətini əks etdirir.
Sürətlə inkişaf edən
Azərbaycanın Türkiyənin də üzv olduğu
BMT-nin Ali Orqanına Təhlükəsizlik Şurasına
üzv seçilməsi hər iki dövlətin
dünyadakı nüfuzundan qaynaqlanır.
Tahirə
ALLAHVERDİYEVA,
Yazı
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi
və Təxris Olunmuş Hərbçilərin Gəncləri
Maarifləndirmə İctimai Birliyinin müstəqilliyimizin 20
illiyi münasibətilə keçirdiyi "Bir millət, iki
dövlət" adlı yazı müsabiqəsinə təqdim
edilir.
Ədalət.-2011.-16
noyabr.- S.5.