İlyas
Tapdığı düşünərkən...
bitməmiş yazı
Mən,
Fəxrəddin Meydanlı(Əzizov) 10 aprel 1954-cü il
tarixində doğma Azərbaycanımızın özünəməxsus
təbiəti, əməksevər və etibarlı
insanları olan Ucar rayonunun Boyat kəndində müəllim
ailəsində doğulmuşam.
Lap uşaq vaxtlarımdan
aşıq havalarına, saza, şeirə, sənətə
böyük həvəsim olub. Hələ orta məktəb
illərində, növbə üzrə qoyun, mal nobatına
gedərkən, gün ərzində əvvəldən
seçib-hazırladığım və şeir
kitablarında qeyd etdiyim 5-10 səhifə şeiri əzbərləyəcəyimi
özümə "öhdəlik" götürərdim.
Səməd Vurgunun, Əliyağa
Vahidin, Süleyman Rüstəmin, Rasul Rzanın, Məmməd
Rahimin, Bəxtiyar Vahabzadənin və digər şairlərimizin
şeirlərini sevə-sevə oxuyar və əzbərləyərdim.
Uşaqlıqdan şeirlərinin
vurğunu olduğum ədiblərdən biri də hörmətli
şairmiz İlyas Tapdıq olmuşdur. İlyas
Tapdıqın təbiəti tərənnüm eləyən
şeirlərini oxuyanda elə bil insan özünü
şairin döğulub, boya-başa çatdığı əsrararəngiz
təbiəti və gözəlliyi olan Gədəbəyin
meşələrində, talalarında, dağlarında,
dağ gədiklərində, saysız-hesabsız şərbət
tamlı buz bulaqlarının əhatəsində hiss edirsən.
İlyas Tapdıqla
görüşmək üçün məqam, münbit bir
şərait axtarmışam həmişə. Deyirlər
Allah öz sevimli bəndələrinin istəyini gec də
olsa yerinə yetirir. İçimdə belə bir istəyin
çağlayan vaxtı, Tanrı özü bu böyük
şairi mənə tuş gətirdi.
Mən də bir çox sənət
adamları kimi, 2006-cı ilin payızında Kürdəmirdə
keçirilən Aşıq Şakirin 80 illik yubileyinə dəvət
almışdım.
Aşıq Şakirin şəxsiyyətinə
və sənətinə layiq bir məclis keçirildi.
Möhtəşəm bir məclis...
Taleyin qismətindən elə gətirdi
ki, İlyas Tapdıq da mənimlə, mənim
maşınımda Bakıya qayıdası oldu. Büruzə
verməməyə çalışsam da, hüdudsuz sevincimi
davranışım şəstlə yayımlayırdı.
Biz yol boyu şeirlə, sənətlə bağlı
geniş söhbət eləsək də, bir çox digər
həyati məqamlara da "əl gəzdirdik"...
Bayramdan bayrama, seçilmiş
günlərdə telefon bağlantılarımız olsa da,
görüşlərimiz kütləvi-mədəni tədbirlərin
keçirildiyi mərəyə təsadüf edərdi.
Mən 3-cü - "Sevənlər
qocalmır" kitabımı çapa hazırlayan zaman, həmkarlarımdan
bəziləri bu kitaba redaktorluq etmək niyyətlərini
ortaya qoysalar belə, kitabın redaktorunun İlyas Tapdıq
olması ürəyimdən qırmızı xətt ilə
keçirdi. Sözün düzü bu barədə usdad
şairimizə fikrimi bildirməyə uzun müddət cürət
etmədim. Bu barədə onunla söhbət edən zaman isə
onun bir neçə ay əvvəl ayağının
sındığı və indi-indi əsanın köməyi
ilə hərəkət etməyə
başladığından xəbərdar oldum və əlbətdə
ki, özümü qınadım. Özümü
qınadım ona görə ki, İlyas müəllimin bu vəziyyətindən
daha əvvəl xəbər tutmamışam və ona
lazımınca diqqət göstərə bilməmişəm
və həm də qınadım ona görə ki, onun fiziki
durumunun hələ də qənaətbəxş
olmadığı bir halda, ondan yardım da istəmişəm.
Ancaq İlyas müəllimin
dahiyana, əsl sənət fədaisinə məxsus bir
cavabı oldu. "Fiziki durumumun necə olmasından
asılı olmayaraq, kitabının ərsəyə gəlməsində
sənə hər cür kömək göstərəcəyəm,
çünki sən mənim qəlbimdə özünə
yer tuta bilmisən, mən səni çox istəyirəm!.."
İlyas müəllim soyuq havada,
ayağının ağrılı bir vaxtında, hətta
kürsüdə otura bilmədiyi vəziyyətdə, nəinki
kitabı redaktə elədi, hətta kitaba "Ana məhəbbətli,
Haqq sədaqətli - şeirlər" sərlövhəli səmimi
bir ön söz yazdı. Hələ bu azmış kimi, eyni ərəfədə
ərsəyə gələn "Həyatın yolları
keşməkeş - Fəxrəddin Meydanlı - 55"
kitabına da "Şirvanın şair oğlu Fəxrəddin
daqqında" adlı bir yazı da yazdı.
2009-cu ilin oktyabr ayının 14-də
saat 14-00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan
adına klubunda "Sevənlər qocalmır"
kitabımın təqdimat mərasimi idi. İlyas müəllimin
Rəyasət Heyətinin üzvü olduğu Azərbaycan
Aşıqlar Birliyinin "Atatürk mərkəzi"ndə
həmin gün, həmin saatda vacib bir tədbiri
keçirilirdi və İlyas müəllim mütləq orada
olmalı idi. İlyas Tapdıq əvvəlcə bizim tədbirə
qatıldı, dəyərli çıxışı ilə
məclisi rövnəqləndirdi, sonra isə ikinci məclisə
yol aldı. Onun bu münasibəti daxili intellektinin aliliyindən,
mənəviyyatının duruluğundan, ruhunun
paklığından, hələ o qədər də çox
tanınmamış bir şairə sevgiləri və
nüfuzu ilə verdiyi mənəvi və əvəzsiz dəstəyin
bariz nümunəsi deyilmi?!
İlyas müəllimlə
bağlı yazdığım bu yazıya niyə bu qədər
təfsilatla ilə giriş verdım? Elə məsələ
də burasındadır.
Mənim İlyas müəllimlə
olan son sıx təmaslarım zamanı onun bir
çoxlarının bilmədiyi keyfiyyətlərini kəşf
etməklə yanaşı, onun keçmiş əmək fəaliyyəti
ilə bağlı bəzi məqamlardan da hali ola bildum.
İnsan bir sənətin gözəl
bilicisi ola bilər, şəxsi keyfiyyətlərinə gəldikdə
isə tamamilə başqa bir mənzərənin şahidi
olmuş olarsan.
İlyas Tapdığın
yaradıcılığından və ya əmək fəaliyyətindən
söz açanda, onun şəxsi keyfiyyətlərini bu
göstəricilərdən kənarda görmək
mümkün deyil. O, kompleks adamdır. Onun hər şəraitdə
bütün məziyyətləri vahid bir mərkəzdən
idarə olunmaqla, bir mövqeyin, özü də obyektiv və
ədalətli bir mövqeyin haləsində inkişaf edir.
İlyas müəllimin istər Vətən,
istər təbiət, istər gözəllik, istər millətin
gələcəyi olan uşaqlar üçün və həm
də digər mövzularda yazmış olduğu şeir
nümunələrini oxuduqca, elə oxumaq istəyirsən. Çünki
İlyas Tapdığın şeir dili, elə nənələrimizin,
analarımızın layla dilidir, adamın ruhuna, canına
işləyir, adamı qidalandırır.
İlyas Tapdıq
yaradıcılığının ayrı-ayrı inciləri
Azərbaycan poeziyasının tacının bəzəklərindəndir
desək, heç də yanılmarıq.
Onun əsərləri ədəbi
tənqidçilər tərəfindən mütəmadi
olaraq təhlil edilərək müxtəlif mətbu
orqanları vaistəsilə ədəbi ictimaiyyətin diqqətinə
təqdim olunur. Onun əsərlərinin mükəmməl
elmi-tədqiqat mövzularına çevriləcəyi
heç bir qədirbilən mütəxəssis tərəfindən
təksib edilə bilməz.
Çoxlarına məlum olduğu
kimi, İlyas müəllim peşəkar nəşriyyat
işçisi olmuşdur. O, uzun müddət "Gənclik"
nəşriyyatında fəaliyyət göstərməklə,
gənc şairlərin şeirlərinin kitab şəklində
işıq üzü görməsində nəinki redaktor
qismində, həm də bu kitabların çap olunması
üçün dövlət planına salınmasında
müstəsna xidmətləri olmuş, indi
tanıdığımız bir çox şairlərə
sözün əsl mənasında ustadlıq etmişdir.
Bu baxımdan mən İlyas müəllimi
özümün də ustadım hesab edir, həmişə
ona "Ustadi mükəmməl" deyə müraciət edirəm.
İlyas müəllim doğurdan da usdad sənətkardır.
Mən İlyas müəllimgildə
olanda, hazırda Haqqın dərgahına qovuşmuş bir
neçə şairlərimizin ona ünvanlamış
olduğu qeyd-məktublarla tanış olmuşam.
Bu məktublarda
İlyas müıllimə onların
şeirlərini redaktə etməsinə görə minnətdarlıq,
İlyas müəllimin redaktorluğu
ilə yeni çapa
hazırlanan kitaba yeni
yazılmış şeirlərini əlavə etmək və
ya həmin kitabda yer almış hansısa zəif şeirin çıxarılması xahiş olunur.
İlyas müəllim nəinki
çağdaşı olmuş həmkarları, həm də
özündən xeyli əvvəl
yaşayıb-yaratmış şairlərin həyat və
yaradıcılığı barədə elə qatı
açılmamış söhbətlər eləyir ki, adam
döya bilmir
O, təkcə ayrı-ayrı həmkarlarının
deyil, geniş mənada Azərbaycan ədəbiyyatının,
xüsusilə poeziyamızın bilicisi, qayğıçəkəni,
təəssübkeşi, ən başlıcası isə
himayədarıdır. İlyas Tapdıq Azərbaycan ədəbiyyatının
yeriyən ensiklopediyasıdır.
İlyas Tapdığın
olduğu məclislərdə, onun ara-sıra, ancaq maraq
doğuran söhbətləri, arxa tarixə
"ekskursiyası" əhatədəkiləri təəccüübləndirməyə
bilmir. O, çox danışmağı sevməz, ancaq onun hər
söhbəti yaddaşlara əbədi həkk olunur. O,
uşaqla uşaq, böyüklə böyükdür, təkəbbür
onun təbiətinə yad olan bir ünsürdür. Nənələrin
nağılları nə qədər şirindirsə, onun
söhbətləri də bir o qədər tamlıdır.
İlyas müəllim söhbət edədə adam az
qalır nəlbəki tutsun onun dodaqlarına ki, bal dadlı
sözlər yerə "düşməsin".
Paxıllıqdan, xəbislikdən, yaltaqlıqdan,
riyakarlıqdan, sətiraltı məna daşıyan fikirlərdən
xəbəri yoxdur İlyas Tapdığın
İlyas müəllim xasiyyətcə
mülayim, çox mehriban bir adam olmaqla, elə bunun davamı
olaraq, həm də çox qayğıkeş bir insandır.
O, həm də çörəyini verən adamdır. Onun
evində olmaq və tamından dadmamış getmək
mümkünsüz bir şeydir.
Tanrının ovqatının
xoş çağında dünyaya təşəkkül
tapmış şəxsiyyətlərdəndir İlyas
Tapdıq. O, heç kimdən inciməz, heç kimi incitməz,
bacardığı qədər hər kəsə yarıyar,
kimsədən yararlanmağa can atmaz, heç kimdən ummaz.
Günahsız körpə məsumluğu var bu kişidə.
Salamı ikiəlli alınan kişilərdəndir İlyas
Tapdıq. Nurlu adamdır İlyas Tapdıq. Kim desə
ki, onun xoş aurasından müsbət enerji almıram, əhvalım xoşalmır,
beləsinin səmimiliyinə şübhə ilə baxmaq lazımdır. Yaşının
müdrük çağlarının
cığırına yol almış
tanınmış böyük türk şairi İlyas Tapdığın onu,
onun yaradıcılığını sevənlərə
hələ deyiləsi çox sözü, açılmamış söz boxçası qalıb, çünki bu
cığırın sonu görünmür,
ulu sözün sonu görünmədiyi kimi.
Allahın hər kəs
üçün ayırdığı ömür kəsiyi
hamı üçün yetərlidir. Ömür kəsiyini
mahiyyətləndirən, əbədiləşdirən, onun
saldığı iz, tarixləşən məqamlarıdır.
İlyas Tapdıq ömrünün bugünkü günə
qədər bizə təqdim olan hissəsi bu keyfiyyətləri
özündə ehtiva etdimi? Birmənalı şəkildə
HƏ!!! Şair üşün bundan böyük xöşbəxtlik
olarmı? Birmənalı şəkildə YOX!!!
İlyas müəllimə
sağlamlıq arzulasaq da, arzulamasaq da, Maşalah-Maşallah
canı bülöv daşı kimi safdır.
Mən ona bu gündən sonra da
güclü ruh, düşünən beyin, duyan qəlb,
döyünən ürək, yazan əl,
yaradıcılıq uğurları, "Xalqın
şairi" olduğu kimi, "Xalq şairi" titulunun da
daşıyıcısı olmasını qəlbən diləyirəm.
Ey böyük şair, həyat və
yaradıcılığınızın hesabatını 100-də
şəxsən öz dilinizdən eşitmək arzuları
ilə bu yazını "bitməmiş yazı" olaraq
yarımçıq saxlayıram.
100-də görüşənədək
şair! Amin!
Az qala unutmuşdum, 75-ə həsr
olunmuş şeirimi bu gün təqdim eləməsəm,
sonra köhnəlmiş hesab edilər.
İlyas Tapdığın
Şair pərvazlanar doğma elində,
Hər çiçək gözəldir
öz güllüyündə.
Söz mumtək əriyər
şair dilində-
Hopub təravəti
baxçanın, bağın,
Şeirinə-sözünə
İlyas Tapdığın.
Batırıb hər sözü
bala, yazıbdır,
Bürüyüb qumaşa,
şala, yazıbdır.
Yapıb qala üstən qala,
yazıbdır-
Yonubdur hər sözün tinin,
bucağın,
Bərq vurur kalamı İlyas
Tapdığın.
Bağlayar ünsiyyət hər
adi kəslə,
Səsləyər dostları ahəstə
səslə.
Oxuyar şeirini hamı həvəslə-
Verməyib hədərə
ömrün bir çağın,
Qızıldır hər anı
İlyas Tapdığın.
Onun könlü-gözü
dağda, meşədə,
Tutub qərarını çətin
peşədə.
Hələ deyilməmiş
sözü şişədə-
Pöhrələr bürüyüb
qolun-budağın,
Yetmişbeş baharlı İlyas
Tapdığın.
Ömür pay-pay olar, hamıya çatmaz,
Hamı pay istəyər, əl paya çatmaz.
Paylar da pay alar,
pay, paya çatmaz-
Əsrin dörddə üçü
şair, dayağın,
Bir payı hələ
var İlyas Tapdığın.
Şair doğma yurda, elə bağlıdı,
Şairin ömürü xoş
növrağlıdı.
Şair mərd doğulub, bir mərd oğludu-
Odur yetirməsi ana torpağın,
Gədəbəy vətənli İlyas
Tapdığın.
Güvənib əqlinə, işə, əməyə,
Kimsəni çağırmaz gəlsin köməyə.
Haqqın var Fəxrəddin, belə deməyə-
Zirvəsi qar olar vüqarlı
dağın,
Bəyaz saçları tək
İlyas Tapdığın.
Fəxrəddin Meydanlı
Ədalət.-2011.-
17 noyabr.-S.6.