Gözəlliyin və modernləşmənin harmoniyası

 

  Dağların ovucunda bərq vuran inci

 

   Hər dəfə bu şahanə gözəlliklə baş-başa qalanda çaşıb qalırsan, sanki ilk dəfə görürmüş kimi heyrətə gəlirsən. Həm də düşünürsən: görən təbiət gözəlliyi ilə şəhər biçiminin, şəhər əzəmətinin bu dərəcədə bir-birini tamamlayan başqa yer olarmı? Mən gözəlliyin bu bitkin harmoniyasından , nağılvari gerçəkliklərindən cox söhbətlər açmışam, cox məqalələr yazmışam-doymamışam. Və bu gözəllik mistik bir afət deyil, Vətən torpağıdır, qızıl güllər diyarı Zaqataladır.

   Doğrudanda bu yerlərdən nəyə görə həmişə gül ətri gəlir?

   Zaqatala haqqında söhbətim bu dəfə bir qədər rəsmi xarakter alacaq. Çünki mövzunun tələbi belədir. . Ancaq bu şərhlərdən, bu məlumatlardan , bu gözəl rayonun bütün istiqamətlərdə sürətli inkişafını, müasirləşməsini də öyrənəcəksiniz. Və həmin gözəlliyə bir daha qovuşacaqsınız.

   Göstəricilərin payız sevinci

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetində keçirilən iclasdakı proqram xarakterli nitqində ölkəmizin dinamik və uğurlu inkişafının geniş və hərtərəfli təhlilini verərək 2011-ci il ərzində ölkə qarşısında duran əsas sosial və iqtisadi məsələlərin öz həllini tapmasını, bütün proqramların uğurla icra olunduğunu bildirmişdir.

   2011-ci ilin doqquz ayının yekunları sosial-iqtisadi inkişaf baxımından Zaqatala rayonu üçün də uğurlu olmuşdur. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf etmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət almışdır.

   2011-ci ilin doqquz ayında rayonda 111,3 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bunun da 74,5 faizi istehsal sahələrinin, 25,5 faizi isə xidmət sahələrinin payına düşür. Məhsul istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən sənayedə 40,8 faiz, kənd təsərrüfatında 3,9 faiz, ticarətdə 9,5 faiz artmışdır. Pullu xidmətlərin həcmi 9,2 faiz artaraq 21,7 milyon manata, pərakəndə əmtəə dövriyyəsi 20,0 faiz artaraq 89 milyon manata çatmışdır.

   Rayonda sahibkarlığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Sahibkarlara dəstək məqsədi ilə 29 sahibkarlıq obyektinin tikintisi üçün icazə verilmişdir. Iqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 18 layihə üzrə 421,0 min manat həcmində güzəştli kreditlər ayrılmışdır.

   2011-ci ilin doqquz ayı ərzində rayonda fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən əhaliyə və iş adamlarına 19,4 milyon manat məbləğində kredit verilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz çoxdur.    

   Ölkəmizin hər yerində olduğu kimi, Zaqatalada əhalinin rifah halının, onun maddi təminatının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, ünvanlı sosial yardımların, pensiyaların, əmək haqlarının vaxtında verilməsi, aztəminatlı ailələrə qayğının artırılması daim diqqət mərkəzində saxlanılmışdır.

   "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə əsasən 2006-cı il yanvar ayının 1-dək pensiyaya çıxmış vətəndaşların əmək pensiyaları orta hesabla 40,0 faiz artmış, rayonda adambaşına düşən orta aylıq pensiyanın məbləği 132 manata çatmış, orta aylıq əmək haqqı 13,7 faiz artaraq 211,0 manat olmuş, əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 2,0 milyon manat təşkil etmiş, bankomatların sayı 20-yə çatmışdır.

   Əhalinin bütün növ pensiya və müavinətlərinin ödənilməsinə 18,5 milyon manat vəsait yönəldilmiş, 01 oktyabr tarixinə 1183 ailənin 5108 üzvünə, hər ailəyə orta hesabla 100 manat olmaqla cəmi 1,6 milyon manat ünvanlı sosial yardım ödənilmişdir.

   Cari ilin doqquz ayı ərzində 249 nəfər vətəndaşa yeni pensiya təyin olunmuş və ümumilikdə 17032 nəfər əmək pensiyaçısına xidmət göstərilmiş, 3,4 milyon manat, keçən ilin müvafiq dövründəkindən 6,1 faiz çox məcburi dövlət sosial sığorta haqları yığılmışdır.

   Vergi daxilolmaları üzrə yerli büdcəyə 4,3 milyon manat vəsait daxil olmuş, proqnoz tapşırıqlar 97 faiz icra edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəkindən 238 min manat çoxdur. Qeyri-dövlət sektoru üzrə daxil olmalar 4 milyon manat təşkil etmişdir.

   Hesabat dövründə rayon büdcəsinin xərcləri 15,4 milyon manat və ya 96.3 faiz icra edilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15.4 faiz çoxdur. Mərkəzləşdirilmiş xərclərdən alınan dotasiya 11 milyon 350 min manat təşkil etmişdir.

   Büdcə vəsaitinin istifadəsi zamanı yerli xərclərin funksional və iqtisadi təsnifat üzrə nəzərdə tutulmuş təyinatından artıq xərclərə yol verilməmişdir.

   Dövlət Proqramının icrası uğurla davam edir

   "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası rayonda uğurla davam etdirilmiş, sosial infrastruktur layihələr həyata keçirilmişdir. Proqramın icrası rayonda sahibkarlığın inkişafına, təzə istehsal müəssisələrinin fəaliyyətə başlamasına, yeni iş yerlərinin açılmasına və işsizliyin səviyyəsinin aşağı düşməsinə öz müsbət təsirini göstərir.

   Regional inkişaf proqramının icrası nəticəsində bu ilin 9 ayında rayonda 519-u daimi olmaqla, 574 yeni iş yeri açılmış 2003-cü ildən sonra isə ümumilikdə 13410 yeni iş yeri, o cümlədən 8942-i daimi iş yeri açılmışdır.

   Aqrar sektorda son illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər rayonda kənd təsərrüfatının dinamik inkişafına imkan yaratmış, kənd təsərrüfatı bitkilərinin əkin strukturunda əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur.

   Bu ilin 9 ayı ərzində rayonun aqrar sahəsində məhsul istehsalının həcmi 64,1 milyon manat olmuşdur ki, bu da əvvəlki ildən 2,4 milyon manat çoxdur.

 

 

   (ardı gələn sayımızda)

 

  Məzahir ƏHMƏDOĞLU,

  Azərbaycan Respublikasının

  Prezidenti yanında kütləvi informasiya

  vasitələrinin inkişafına dövlət dəstəyi

  fondunun maliyyə yardımı ilə

 

  Ədalət.-2011.-17 noyabr.-S.7.