QURD
DƏRMANI
(Novella)
Dağ rayonunun ən ucqar kəndlərindən
birində 30 ildən artıq feldşerlik edən və
hamının "doxdur" deyə
çağırdığı Qasım Yelkənliyə yeni
həkimin gəlməsini pis qarşılamadı, əksinə
bir az ürəyində sevinən kimi oldu ki, daha
saçları ağardıb, əldən düşən tək
olub, daha əvvəlki kimi kəndin bu başından vurub o
başından çıxa bilmir. həm də
açığı biliyi o qədər deyil, camaatın tələbatını
ödəyə bilmir. Təzə gələn həkim deyilənə
görə, lap medininstitutun özünü qurtarıb,
adamın üzünə baxan kimi xəstəliklərini
bir-bir oxuyur.
Bu vaxt ərzində Qasım
neçə dəfə eşitmişdi ki, Yelkənli kəndinə
ali-savadlı həkim göndərirlər, o həkimlərdən
biri hətta kəndə gəlib çıxmış, ancaq
cəmi-cümlətanı az vaxtdan sonra əvvəlcə Yelkənlini,
sonra isə rayonu tərk etmişdi. İndi Qasıma o qəribə
gəlirdi ki, görəsən bu igid kimdi ki, kəndə gəlir
və nə yaxşı ki, gəlir!
Kəndin it oynadanları Qasıma
sataşmağa başladılar.
- Qasım, daha sənin eşşəyin
öldü!
- Bu gələn Qasımın
çörəyini əlindən alacaq!
- Qasım, özünü tox tut,
otuz ildi bu caamata baytar həkimliyi eləyirsən, axır bizim
də canımız sənin əlindən qurtarmalı idi, ya
yox?
Ancaq Qasım
bunları zarafat kimi qəbul edir, çox vaxt dillənmir, bəzən
də zarafata zarafatla cavab verirdi.
Sonra bu zarafat ciddiliklə
əvəz olunurdu.
- Qasım, o kimdisə burada
çox davam gətirə bilməz. Yelkənliyə
gəlmək asan, yaşamaq çətindi.
- Mən də inanmıram ki, o həkim
bir həftədən çox burada tab gətirsin.
- Kim gəlir gəlsin, bizim həkimimiz
Qasımdı, ona öyrəşmişik, o da bizi
tanıyır.
Bu söz-söhbətlərdən
heç iki gün keçməmiş "VAZ" kəndin
ortasında, çayçı Məhərin
çayxanasının yanında dayandı. Qabaq
qapıdan şişman, saçının ortası keçəlləşmiş,
qırmızı yanaq kişi, arxadan isə
alçaq boy, qarayanız, gur saçlarını arxaya
daramış oğlan düşdü. Kişi
camaatla salamlaşıb Kənd sovetinin sədrini soruşdu.
Çayxanadan 50 metr aralıda yerləşən
binadan sovet sədrini çağırdılar. O az qala qaça-qaça özünü
qonaqlara çatdırdı.
- Xoş gəlib, səfa gətirmisiniz,
ay yoldaş baş həkim. Siz hara, buralar hara?
- Görürsən də, gəlmişəm,
özü də gözəl bir həkim gətirmişəm.
Adı Gümrahdı. Həkimliyin baş
institutunu bitirib. Bu kəndə də
öz arzusu ilə gəlib. İnanıram
ki, o, hipokrata içdiyi and ilə sizə qulluq göstərəcək,
siz də onu əziz bir adamınız kimi göz üstündə
saxlayacaqsınız.
- Gözümüz üstündə
yeri var, həkim. Baş üstə, baş
üstə.
- Əsas məsələ
onun qalması üçün yerdi. O harda qala bilər?
- Heç bir problem yoxdu, yelkənlilərin
hər bir evi onun öz doğma evidi. Hələlik bizdə
qalar, sonrasına baxarıq - dedi sovet sədri və
qonaqları evinə apardı.
Səhərisi
gün tezdən təzə həkim dəyirmanın
üstündəki feldşer-mama məntəqəsinə gəldi.
Qasım işdə idi və indiyə qədər
adı süpürgəçi yazılan, ancaq bir dəfə
də olsun işə gəlməyən Səlminaz da əlinə
köhnəlmiş süpürgə alıb yalandan
qurdalanırdı. Qasım təzə həkimi təbrik
edib açarları ona verdi.
- Açarlar səndə qalacaq.
- Niyə həkim? - əslində
Qasım açarları təzə həkimə verməklə
canını sübh tezdən işə gəllməkdən
qurtarmaq istəyirdi.
- Ona görə ki, sən sübh
tezdən gəlib burada səliqə-səhman yaratmalısan.
- Mən yox, ay doxdur, təmizliyə
Səlminaz baxır.
- Onda açarları ona ver, o
buranın işçisidi, hökumətdən maaş
alır, bütün günü də işdə
olmalıdı - doqquzun yarısından altının
yarısınadək.
Səlminaz
yaylığının ucunu ağzına tutdu.
- Ay doxdur, ağrın mənə
gəlsin, mən o haçarları saxlayammıram, həm də
səhərdən-axşama mən burda neyniyəsiyəm? Külfət çox, mal-qaranın altını təmizləyib
qurtarmaq olmur. Haçarlar elə sizdə
qalsın.
Şofer Kitayın gəlişi
söhbəti yarımçıq qoydu. Hiss olunurdu ki,
tezdən yenə içib.
- Doxdur, əvvəla kəndimizə
xoş gəlmisiniz. Mən dəyirmana dən
üyütməyə gəlmişəm. Özüm
kimi qırıq maşınım sizə qurbandı. Həmişə qulluğunuzda hazıram. Düz sözümdü, sən belə hərtərəfli
qəhrəman adamsan ki, burda işləməyə gəlmisən.
Həkim
razılıq etdi, nə istədiyini soruşdu.
- Allaha şükür, bir tikə
çörəyimiz var, hələ ki, içki
canımızın düşməni olsa da içməyi
bacarırıq. Bilmək istəyirəm: adam
bir az içində göyə baxır, görür ki,
göy fırlanır. Mən orta məktəbdə
yaxşı oxumamışam, ancaq bilirəm ki, Yer öz oxu ətrafında
fırlanır. Yerə baxıram, yer
fırlanmır. Səncə göydü, yoxsa adamın
başı
Həkim stulda əyləşdi.
- Tibb elmi sübut edib ki, insan
içəndə araq mədəyə tökülür,
ancaq araq mədədə təsir gücünə malik olmur,
eləki, bağırsaqlara çatdı, başlayır təsir
etməyə. Deməli, fırlanan nə
göydü, nə də baş. Bağırsaqlarımdı.
- Nə bağırsaq?
- Bəli, bağırsaq
arağın təsiri ilə fırlanır.
- Həkim, mən üzr istəyirəm,
savadsız adamam, bağırsaq hara, baş hara?
- İnsanın
bütün orqanizmləri bir-biri ilə bilavasitə əlaqədardır.
Bax, ayağına bir şey dəysin,
gözündən yaş gəlirmi? Gəlir.
- Sağ ol, həkim, ananın
südü sənə halal olsun. Bunu eşitməmişdim.
Deməli, bizi fırladan bağırsaqlardı.
- Bəs nə bilmişdin? Bağırsaqı nə bilmişdin? Elevator kimi üyüdür. Həkim
otaqları gözdən keçirib ikisindən də
narazı qaldı.
- Bura xəstəxanaya yox, tövləyə
çox oxşayır. Çarpayıya illərdi
ki, əl vurulmur. Bunları apar yu,
ütülə gətir. Şkafların
şüşələri rəngini dəyişib. Bir dəsmalnan təmizləmək nə çətin
işdi? Bizim bir nömərli işimiz təmizlikdi.
Onu otaqda, evlərə, həm də adamlarda
yaratmalıyıq.
Telli oğlu ilə gəldi.
- Canım saa qurban, a doxdur, bir
üç-dörd il bundan qabaxlar buram
yaman sancılanırdı - əli ilə qarnının
sağ tərəfini göstərdi.
- Allah işini onarmış
Qasım doxdur dərman verdi içdim,
ağrım o saat xırp kəsdi. Həm də
üzr istəyirəm, məndən yamanca qurd
töküldü. İndi o ağrım təzədən
başlayıf. Bir də bu
uşağın qızdırması düşmür.
- Uzan! - həkim
Telliyə az qala qışqıracaqdı.
- Nəə?
- Uzan, qoy Səlminaz səni
soyundursun, mən ürəyini, ciyərlərini
yoxlamalıyam.
- Bıyy başına xeyir!
Səlminaz təəccübləndi.
Mən o qələti
eliyəmmərəm, doxdur. Heylə-belə
dərman verirsən ver, yoxsa Qasımnan alıb içəcəm.
Sən bu uşağa bax.
- Gəl görüm, otur, soyun. Tamam yox, köynəyini yuxarı qaldır. Qızdırman yüksəkdi? İndi
ölçərik. Ayağın işləyir?
- Hə.
- Qusursan?
- Yox.
-Ürəyin bulanır?
- Hə.
O, fenandoskopu qulaqlarına taxıb
ucluğu uşağın sinəsinə qoydu.
- Nəfəs al! Tez-tez! Yaxşı. İndi dərindən
nəfəs al, burax.
Xeyli müayinədən
sonra həkim stulda əyləşdi.
- Uşağın vəziyyəti
olduqca kritikdi. O, təcili rayon xəstəxanasına getməli,
qandan analiz verməlidi. Səhər tezdən bir az spiçka karopkasına qoy, bir də butulkada
sidik nümunəsi götür. Analizlərin
cavabını gətir, resept yazım, yoxsa uşaq əldən
gedir.
- Telli Qasımı yana
çəkdi.
- O dərmanından mənə də,
uşağa da yetlik ver. Bir saatdan bir atan, onnan da qurtarsın
getsin. Bu dediyinə qalsa bir təhər
olarıq.
- Nə dərmanıdı elə?
- həkim Qasımdan soruşdu.
- Qurd dərmanıdı.
- Onu həkimin təyinatından
sonra qəbul etməlisiniz. Analiz verilmədi,
cavabları bilinmədi.
Telli dərmanları
götürüb uşaqla getdi.
- Nə ürəklə bu dərmanları
analizsiz-zadsız camaat verirsən? Həkim Qasımı ittiham
etdi.- Qorxmursanmı bir fəsad verə?
- Neçə onillərdi ki,
doxdur, mən bu camaatı tanıyıram. Hələ
əlimdən xata çıxmayıb. Elə olub ki,
Bakıda müalicə olunmayanı mən burda müalicə
eləmişəm
***
İnişilki yay Semaşko adına xəstəxanada həkim işləyən
Qərənfil Yelkənliyə qayınatasıgilə gəlmişdi.
Qasımla görüşəndə dedi ki, oğlu bir dəridi,
bir sümük. Nə illah eləyirsə, bir əlacı
tapılmır... Bakıda göstərmədiyi
həkim, eləmədiyi müalicə qalmayıb.
Qasım
uşağın ora-burasına baxdı, köhnəlmiş
çamodanını açıb qurd dərmanından bir
ovuc götürdü.
- Bundan gündə üç dəfə
yeməkdən əvvəl içərsən, qurtarıb gedəcək.
Qərənfil dərmanlara
baxdı.
- Bun ə dərmanlardı, ay
Qasım?
- Qurd dərmanıdı. Dediyimi elə, beş-on günə qurtarmasa, onda nə
deyirsən de.
Qərənfil
çaş-baş qaldı. Anası Qasıma dəstək
oldu:
- Ziyanlı döy ha, qoy
içsin, bəlkə xeyri oldu. Burda hamını bu dərman
qurtarıb.
Az keçməmiş
Qasımın "müalicəsi" öz işini
gördü və bundan sonra Qasım Yelkənlidə daha da məşhurlaşdı.
Deyirdilər ki, Qasım Bakının
professorlarından çox bilir.
***
İki ay sonra
Gümrah həkim yoxa çıxdı.
Doxdur Qasım adəti
üzrə köhnəlmiş çamadanını
götürüb Yelkənlinin ayağından başına
dolanırdı.
- Doxdur, təzyiqim qalxıb, dərmanın
varmı?
- Başım ayğrıyır, o
dərmanından qalıbsa, mənə də ver.
-Qasım, ayaqlarım yer tutmur, o
qurd dərmanından qalıbmı?
Qasım ayda bir-iki dəfə
rayon mərkəzinə gedəndə çamadanını
qurd dərmanı ilə doldururdu.
Müzahim
İSMAYILZADƏ
Ədalət.-
2011.- 18 noyabr.- S.6.